Kulis.az dünən vəfat etmiş teleaparıcı Natavan Babayeva haqqında maraqlı faktları təqdim edir.
Telejurnalist, aparıcı Natəvan Babayeva 12 oktyabr 1977-ci ildə Bakı şəhərində anadan olub.
1984–1994-cü illərdə Xətai rayonundakı 204 saylı orta məktəbdə təhsil alıb. 1994–1998-ci illərdə Bakı Dövlət Universitetinin bakalavr, 2001-ci ildə magistratura pilləsini bitirib.
O, qısa müddət "Sara Xəbər"də, 24 avqust 2000-ci ildən 18 iyul 2016-cı ilə kimi ANS TV-də çalışıb.
Aparıcı ANS-ə gəlişi belə xatırlayır:
“Yaxşı yadımdadır, Əbülfəz Elçibəyin ölümündən iki gün sonra, dəfn mərasiminin səhəri günü, 2000-ci il avqustun 24-ü...
Əslində, mən əvvəlcədən ANS-də işləmək istəyirdim. Hətta bizim ailəvi tanışlarımızdan biri mənim bu arzumdan xəbər tutanda atamla məni Seyfulla Mustafayevin (ANS Şirkətlər Qrupunun vitse prezidenti) evinə aparmışdı. Ola bilsin, Seyfulla müəllimin xatirində qalmayıb, bəlkə də, eşitsə, xatırlayar. Tanışımız məni Seyfulla müəllimə göstərib: “Bu qız çox istəyir ki, ANS-də işləsin” – demişdi.
O vaxt ANS necə önəmli telekanal idi, bu barədə danışmaq artıqdır. İndi də elədir, amma o vaxt yeganə özəl telekanal idi. Seyfulla müəllim dedi ki, “Sabah gəlsin, yoxlayaq”.
Mən onda Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində, - birinci kursda oxuyurdum. Nə isə, özümü hazır hiss etmədim. Düşündüm ki, gedərəm, birdən alınmaz. Utandım, cəsarətim çatmadı.
Bir neçə il keçdi, jurnalistika fakultəsini bitirdim və 5-6 ay o vaxtkı “Sara Xəbər” də işlədim. Daha sonra agentliklərin birində işə düzəldim. Bizim Cahangir müəllim (BDU-nun müəllimi-red.) eyni zamanda ANS-lə əməşdaşlıq edirdi. Mənə dedi ki, ANS-ə jurnalist lazımdır. Onda artıq özümü hazır hiss edirdim və nəhayət, gəldim”.
ANS Tv bağlandıqdan sonra Azərbaycan Dövlət Televiziyasının (AzTV) aparıcısı kimi fəaliyyətini davam etdirib.
Natavan Babayeva ən peşəkar aparıcılardan idi:
“Efirə çıxmaq məcburiyyətində olduğum vaxtlar olub. Əziz nənəm rəhmətə gedən günün axşamı efirə çıxdım. Çox ağır idi. Həmin gün proqramı birtəhər yola verdim. Amma daha sonra mənimlə yaşıd, çox sevdiyim bibim oğlu rəhmətə getdi. Onun gənc ikən vəfat etməsi hamı kimi məni də sarsıtmışdı. Təsəvvür eləyin ki, dəfn gününün səhəri gözləri şişmiş halda efirə çıxdım. Mart ayının ikisi, insanların bayram əhval-ruhiyyəsində olduğu bir gündə. Kədərli olsam da, tamaşaçıya gülümsəməli idim. Çətinliklə özümü toplayıb xəbərləri oxudum, hətta gülümsədim. Cəhdlərimə baxmayaraq, yenə də kədərli olduğum hiss olunmuşdu. Reklam fasiləsində Mirşahin müəllim zəng vurub dedi ki, tamaşaçıların xəbəri var kədərli olduğundan. Onun bu sözləri az da olsa, kefimi açdı.”
İyunun yeddisi müalicə almaq məqsədilə Türkiyəyə gedərkən hava limanında halı pisləşib. Birbaşa xəstəxanaya yerləşdirib.
Aparıcının bacısı onun vəziyyətinin normal olduğunu bildirib.
“Natəvan artıq reanimasiyadan çıxıb, palataya yerləşdirilib. Hazırda vəziyyəti normaldır. Bacım onkoloji xəstəliklə mübarizə aparır. Süd vəzisində başlanan xəstəlik artıq ağırlaşıb, digər orqanlara yayılıb.
Hələ dəqiq proqnoz verilmir. Türkiyəyə gedəcəyimizlə bağlı bir söz deyə bilmərəm. Çünki müayinə, məsləhətləşmə olacaq. Bundan sonra dəqiq bir söz deyə bilərik”.
Həmkarı Qənirə Ataşova öz feysbuk profilində aparıcının müalicəsi ilə bağlı şübhəli məqamlara diqqət çəkib:
“Natavan çox abırlı və qürurlu adam idi. Dərdini özü çəkirdi. Problemini şoulaşdırmadı. Amma köməyə ehtiyacı var idi. AZTV-dən aldığı 1000 manatı səhhətinə xərcləyirdi. Amma hamı bilir ki, bu məbləğ xərcəng xəstəliyinin müalicəsi üçün yetərsizdir. Onu Bakıda Toma adlı bir həkim əməliyyat etmişdi. Əməliyyatdan təxminən iki il sonra bədənində səpkilər yaranmışdı. Ancaq həmin həkim səpkilərin allerjik olduğuna qərar vermişdi. Onun getdiyi allergoloq üç dəfə dəfə “Səndəki problem onkolojidir” – demişdi.
Beləcə Natavan Türkiyəyə - dünyaca tanınmış onkoloq Gül Başaranın yanına getdi. Professor ona “Bu səpkilər metastazdır” – dedi.
“Acıbadem” xəstəxanasında müalicə olunsun deyə, ölkədə müraciət etmədiyimiz instansiya qalmadı. Amma onun səsinə səs verən olmadı. Bu barədə Mübariz Məsimov xəbər tutdu. Həmişə olduğu kimi, yenə sadə azərbaycanlının köməyinə gəldi. Natavanın müalicə xərclərini ödədi”.
Natavan Babayeva 20 iyul 2023-cü ildə dünyasını dəyişib.
Həmkarı Azər Qismət sosial şəbəkə hesabında aparıcı ilə bağlı xatirələrini bölüşüb:
“ (Vəfatından 6 ay əvvəl)
– Azər, biz niyə ANS-də tez-tez mübahisə edirdik.
– Nə bilim, - güldüm.
– Nə qədər boş zaman itirmişik.
– Hə, - yenə gülümsədim.
– Sən ölsəydin, mən sənə başsağlığı verəcəkdim. Yəqin, sən mənə başsağlığı verəcəksən.
– Əşi, Allah eləməsin.
Pilləkənlərlə yuxarı qalxırdı. Yuxarı qalxdı. Həmişəlik.
Tale cavan canına qıydı. Nə yaşadın ki.
Etdiyimiz mübahisələrə görə halallıq ver. Əgər orda güc tapsan, bunu et.
Nur içində yat.
Həmkarı Ləman Ələşrəfqızı o anları belə xatırlayır:
“– Salam Natış. Necəsən?
Təəccüblə üzümə baxdı. Səsim tanış gəldi ya üzüm, bilmədim. Heç nə demədi. Ona qulluq edən başıörtülü xanıma narazı səslə dedi: - Çağırın da tibb bacısını...
Qadın məni işarə edərək soruşdu:
¬ Xanımı çölə çıxardım?
Əli ilə etiraz etdi.
– Tibb bacısını çağırın, axı mən gecə heç nəfəs ala bilməyəcəm.
– Natış....
Sıfır reaksiya...
Amma danışır, qıvrılır, nəfəsi gedir, can çəkişir.
Hönkürə-hönkürə palatadan çıxdım. Kimsə mənə əl dəsmalını verib “alın, təmizdir”, - dedi.
Göz yaşlarımı silə-silə dəsmalın ayrılıq olduğunu xatırladım.
Əlvida, Natavan. Tanrı dağında görüşənədək”.