Əməkdar artist Nəcibə Behbudovanın doğum günüdür

Əməkdar artist Nəcibə Behbudovanın doğum günüdür
6 yanvar 2024
# 10:30

Bu gün Əməkdar artist Nəcibə Behbudovanın doğum günüdür.

Kulis.az-ın məlumatına görə, Nəcibə Məcid qızı Behbudova 6 yanvar 1914-cü ildə Tiflisdə anadan olub. Əslən qarabağlıdır. Atası Məcid Behbudov el xanəndəsi kimi tanınıb. Anası Firuzə Vəkilova isə müəllimə işləyib. Ailədə 3 uşaq olublar. Ən böyük övlad Ənvər Behbudov, ortancıl Nəcibə Behbudova , evin kiçiyi isə Rəşid Behbudov olub. Nəcibə altı yaşında olanda Tiflisdəki əmək məktəbinə gedib. Doqquz yaşı olanda məktəbdə oxumaqla yanaşı, Nəriman Nərimanov adına klubun dram və rəqs dərnəklərinə üzv olub. Məktəbi 1930-cu ildə bitirib.

“Bəyin oğurlanması”nda Bibixanım, “Ulduz”da Tamam xala, “Fəryad” filmində erməni axçısı kimi obrazlarla yadda qalan aktrisa dünya şöhrətli müğənni Rəşid Behbudovun bacısıdır.

Aktrisa 1931-ci ildə Bakıya gəlib və burda Hidrologiya Texnikumuna daxil olub. Dinləyici kimi Bülbülün Konservatoriyadakı sinifinə gedib və vokal ifaçılığının müəyyən peşəkarlıq xüsusiyyətlərinə yiyələnib. Hətta konsertlərdə müğənni kimi çıxış edib.

1933-cü ildə anası rəhmətə getdiyi üçün Tiflisə qayıdıb. Bir müddətdən sonra Mirzə Fətəli Axundzadə adına Tiflis Azərbaycan Teatrının truppasına daxil olub. Əvvəlcə tamaşalara dəvətli aktrisa kimi çıxış edib. 1 noyabr 1937-ci ildən 9 may 1939-cu ilə kimi isə teatrın aktyor ştatında olub. Bir müddət osmanlı türklərinin və azərbaycanlıların məskunlaşdıqları Gürcüstanın Adıgün rayonunda Kolxoz Teatrında çalışıb. Sadə bir insanla ailə həyatı qurub. İkinci dünya müharibəsi başlananda onun həyat yoldaşı müharibəyə gedib. Bir müddət sonra isə aktrisa ərinin qara kağızını alıb. Nəcibə xanımın bu evlilikdən heç bir övladı olmayıb.

Aktrisa yenidən Tiflis teatrına dəvət edilib. 1941-1945-ci illərdəki Böyük Vətən müharibəsi dövründə həm teatrda aktrisalıq edib, həm də bir sıra mədəni-maarif müəssisəslərində yeniyetmələrin incəsənətə yiyələnmələri sahəsində səmərəli işlər görüb. Nəcibə Behbudova Tiflis teatrının repertuarındakı əsas və sanballı tamaşalarda çıxış edib.

1947-ci ildə Tiflis Dövlət Azərbaycan Teatrı bağlanıb. Nəcibə Behbudova Bakıya gəlib və Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına qəbul edilib. Dram teatrının səhnələrində kifayət qədər sənət təcrübəsi toplamış aktrisa truppanın yaradıcı heyətinə tez və uğurla daxil olub. Ömrünün sonuna kimi bu teatrda çalışıb.

Teatr sənətdəki xidmətlərinə görə 1 iyun 1974-cü ildə Azərbaycan SSR Əməkdar artisti fəxri adı ilə təltif olunub. Rus Dram Teatrında işləyən teatr rejissoru Ağaəli Məstanovla ailə həyatı qurub. Bu evlilikdən oğlu Cəfər və qızı Firuzə dünyaya gəlib.

Oğlu Cəfər Behbudov vaxtilə Azərbaycan estrada sənətində parlayan ifaçılardan olsa da, sonradan Ukraynaya köçüb və orada yaşayıb. Müsahibələrinin birində o, Azərbaycandan küsdüyünü və ona görə də vətəni tərk etdiyini açıqlayıb. Cəfər Behbudov iki dəfə evli olub, Viktoriya və Səidə adlı qızları var. Müğənni 2019-cu il sentyabrın 26-da səhər saatlarında Ukraynada dünyasını dəyişib.

Aktrisanın qız nəvəsi Ülviyyə Ələkbərova Nəcibə Behbudovanın son anlarına kimi yanında qalan yeganə şəxs olub. Nəcibə Behbudovanın övladları ilə münasibətləri yaxşı olsa, mərhum aktrisa nəvəsi Ülviyyə xanımı daha çox sevirmiş:

“Mən Nəcibə Behbudovanın yanında qalan yeganə nəvəsi idim. Təəssüf ki, bacı-qardaşım nənəmi görməyiblər. Əvvəlcə anam, mən və nənəm birlikdə eyni evdə qalırdıq. Anam ikinci dəfə ailə həyatı qurandan sonra evdə yalnız ikimiz yaşamağa başladıq – nənəm və mən. O, mənim anam, atam, hər şeyim idi. Nənəm həm qızını, həm də oğlunu sevirdi. Amma adətən analar oğul övladlarına daha çox düşkün olurlar. Nənəm də tez-tez Cəfərin adını çəkirdi. Anamla isə normal münasibətləri var idi”.

Aktrisa iki dəfə insult keçirib. Birinci dəfə öhdəsindən gələ bilsə də, ikincidə xəstəliyə məğlub olub. Nəvəsi Ülviyyə Ələkbərova həmin günləri belə xatırlayır:

“O qədər güclü insan idi ki, ilk dəfə insultdan sonra özünü tez toplaya bildi. İkinci insultdan sonra isə cəmi 5 gün yaşadı. O hətta ayıla bilmirdi. Bilirsiniz, mənə təsir edən həkimlərin insanlar üçün mübarizə aparmaqdan imtina etməsidir. Nəcibə Behbudova insult keçirəndən sonra “o artıq ayılmayacaq” deyirdilər. Mən bunu qəbul edə bilmirdim. 5 gün uzandığı müddətdə mən də onun yanında uzanırdım, ayrılmırdım ondan. 5-ci gündə anamgil molla ilə bir yerdə gəlmişdilər. “Onu burax, o artıq can verir” deyirdilər. Düzdür, hər şey Allahın əlindədir. Onu məndən ayırıb aparanda 5 gündən sonra ilk dəfə gözünü açıb son nəfəsini verib öldü. Yəni əziyyət çəkmədən rahat ölüb. O öləndə elə bilirdim ki, mən də öləcəm. Amma yaşayıram. Hərdən qəbiristanlığa gedəndə deyirəm ki, “nənəm, yaşayıram”. Həmişə ən çətin zamanlarımda nənəmin yanımda olmasını arzulamışam. Sadəcə qucaqlayıb öpsəydi, kifayət edərdi...”.

# 678 dəfə oxunub

Oxşar xəbərlər

Canlı yayımda halı pisləşən müğənni verilişi tərk etdi

Canlı yayımda halı pisləşən müğənni verilişi tərk etdi

17:22 29 noyabr 2024
Şair Cəlil Cavanşir Sivva ilə klipə çəkildi

Şair Cəlil Cavanşir Sivva ilə klipə çəkildi

16:28 29 noyabr 2024
Rusiyada Yeni ildə ən çox onları səhnədə görmək istəyirlər

Rusiyada Yeni ildə ən çox onları səhnədə görmək istəyirlər

16:20 29 noyabr 2024
6.2 milyon dollarlıq "Divara yapışdırılmış banan" mətbuat konfransında yeyildi

6.2 milyon dollarlıq "Divara yapışdırılmış banan" mətbuat konfransında yeyildi

15:30 29 noyabr 2024
"Bizi telefon pozmayıb, əvvəldən belə olmuşuq" - Ulucay Akif

"Bizi telefon pozmayıb, əvvəldən belə olmuşuq" - Ulucay Akif

15:00 29 noyabr 2024
Bi­zi sonsuz xəyallara qərq edən qüvvə - Sərgərdan və məzəli həyatın sonu

Bi­zi sonsuz xəyallara qərq edən qüvvə - Sərgərdan və məzəli həyatın sonu

13:30 29 noyabr 2024
# # #