Kulis.az Şahanə Müşfiqin "Ölünün ardınca daş atmaq" yazısını təqdim edir.
17 yaşlı bir qız dünyasını dəyişib.
Əslində, bu cümlədən sonra deyiləcək çox söz qalmamalıdır. Çünki ölüm özü insanı susdurmalı, düşündürməli, bir anlıq da olsa həyatın nə qədər kövrək olduğunu xatırlatmalıdır. Xüsusilə də söhbət həyatının ən gözəl çağında olan, arzuları, planları, sabahları qarşıda duran bir gəncdən, hətta bir uşaqdan gedirsə.
Bir evin işığı sönüb. Bir ailə övladını itirib. Bir ana övladının otağına baxıb göz yaşı tökür. Bir ata bəlkə də ömrünün sonuna qədər özünü bu itki ilə barışdıra bilməyəcək, zamanında yol verdiyi, indi özünün də etdiyi müəyyən yalnışlar üçün ömrünün sonuna kimi özünü günahlandıracaq. Bir ailənin təqvimində artıq iki tarix olacaq: qızlarının doğulduğu gün və onu itirdikləri gün…
Amma görünür, bəzilərimiz üçün bu qədər ağrı da yetərli deyil. Çox acınacaqlı haldır ki, bu ağrının içində belə bəzi insanlar hökm verməyə tələsdi.
Sosial şəbəkələrdə yazılan bəzi şərhləri oxuduqca adamın ürəyi sıxılır. Elə bil, qarşımızda faciə yox, mühakimə masası qurulub. Sanki insanlar bir insanın ölümünü yox, öz haqlılıqlarını, özlərinin hamıdan daha ağıllı, daha günahsız, daha qüsursuz, daha uzaqgörən, daha dərin düşünən olduqlarını sübut etmək yarışını önəmli görürlər.
Heç kim həmin hadisənin bütün təfərrüatlarını bilmir. Heç kim o ailənin yaşadığı dəhşəti tam anlaya bilməz. Amma buna baxmayaraq, insanlar bir neçə sətirlik xəbər əsasında hökm çıxarmağa, günahkar axtarmağa, hətta həyatını itirmiş bir yeniyetməni, onun yaralı ailəsini belə ittiham etməyə tələsirlər.
Bəzən düşünürəm ki, biz nə vaxt bu qədər asan qınayan, bu qədər çətin anlayan olduq?
Nə vaxt başqasının dərdini hiss etmək yerinə ona dərs verməyi seçdik?
Nə vaxt bir ailənin göz yaşını dindirmək əvəzinə, o göz yaşlarının üstünə sözlərlə, tənələrlə, qınaqlarla yeni yaralar açmağa başladıq?
Ən ağrılı məqam isə odur ki, həmin şərhləri yazanlar çox vaxt özlərini qarşı tərəfin yerinə qoymurlar. Heç düşünmürlər ki, yazdıqları bir cümlə yas içində olan bir ananın qarşısına çıxa bilər. O ana artıq övladını itirib. Bəs biz onun əlindən daha nə almağa çalışırıq? Təsəllisini? Səbrini? İnsanlara olan inamını? Övladı ilə keçirdiyi xoş xatirələri, uşaq yaşda itirdiyi övladının məsumluğunu?
Empatiya əslində çox mürəkkəb bir anlayış deyil. Sadəcə bir neçə saniyəlik dayanmaq və özünə bir sual vermək kifayətdir: "Əgər bu qız mənim övladım olsaydı, bu sözləri oxumaq istəyərdimmi?"
Əgər cavab "yox"dursa, onda həmin sözləri yazmağa, hətta düşünməyə belə ehtiyac yoxdur.
Təəssüf ki, sosial şəbəkələr insanlara görünməz bir maska verir. O maskanın arxasında isə bəzən real həyatda deməyə cəsarət etməyəcəkləri sözləri yazırlar. Qarşı tərəfin hisslərini, ağrılarını, insan olduğunu unudurlar. Halbuki ekranın o biri tərəfində də yaşayan, hiss edən, ağlayan insanlar var.
Bir insanın davranışını bəyənməmək olar. Hadisə haqqında fərqli düşünmək olar. Mübahisə etmək, fikir bildirmək də normaldır. Amma bütün bunlar insanlıq sərhədləri daxilində qalmalıdır. Xüsusilə də söhbət artıq həyatda olmayan bir gəncdən və yas içində olan bir ailədən gedirsə.
Çünki hər hadisənin bir görünən, bir də görünməyən tərəfi var. Biz xəbərləri oxuyuruq, amma o insanların yaşadıqlarını yaşamırıq. Bir insanın ölümü bizim üçün yalnız informasiyadır artıq. Şəkilləri görürük, amma o şəkillərin arxasında qalan həyat hekayəsini bilmirik. Heç öyrənməyə də çalışmırıq. Bununla maraqlanmırıq. Amma yenə də özümüzü hökm verməyə ən layiqli şəxs hesab edirik.
Halbuki həyatın ən böyük dərslərindən biri budur ki, heç kim sabahın onun üçün nə hazırladığını bilmir. Bu gün haqqında danışdığımız faciə başqasının evidir. Sabah isə həyat eyni ağrını bizim qapımıza gətirə bilər. O zaman biz insanlar tərəfindən mühakimə olunmaq yox, anlaşılmaq istəyəcəyik. Qınanmaq yox, təsəlli görmək istəyəcəyik.
Unutmaq olmaz ki, ölüm qarşısında hamımız bərabərik. O nə yaş, nə status soruşur, nə də kimin haqlı, kimin haqsız olduğunu araşdırır. Ölüm gələndə sadəcə bir insanı alıb aparır və geridə qalanlara böyük bir boşluq buraxır.
Bəlkə də buna görə qədimdən bir fikir yaşayır: ölünün arxasınca danışmazlar. Bu fikir təkcə mərhumun hörmətini qorumaq üçün deyil. Əslində, yaşayanların vicdanını qorumaq üçündür. Ölüm hər şeydən əvvəl susmağı öyrətməlidir. Bəzən ən doğru söz heç nə deməməkdir. Çünki insanlıq bəzən böyük qəhrəmanlıqlarda yox, ən ağır məqamlarda susmağı bacarmaqda gizlənir.
Bir ailə övladını torpağa tapşırdığı gün bizim sözlərimiz onların yükünü azaltmırsa, heç olmasa ağırlaşdırmasın. Çünki mərhəmət insanı ucaltdığı kimi, mərhəmətsizlik də cəmiyyəti kiçildir.