Kulis.az Sevinc Mürvətqızının yazıçı, kolleksiyaçı, Azərbaycan mühacirət tarixinin tədqiqatçısı Dilqəm Əhmədlə müsahibə-reportajını təqdim edir.
Payızın yüyəni qışa təhvil verəcəyi bu ərəfələrdə - çiskinli-yağışlı, soyuq günlərin birində bu yaxınlarda yubiley yaşını qeyd edən Dilqəm Əhmədlə söhbətləşmək, həm də uzun illərin əməyinin bəhrəsi olan mühacirət arxivi ilə küll halında tanış olmaq üçün fotoqrafla birgə yola düzəldik.
Leysanın göz açmağa imkan vermədiyi bir gündə palçıqlı, kələ-kötür, dolanbac yollarla gethaget məqamında yolboyu Dilqəm Əhmədin illərlə hər çıxışında, hər müsahibəsində dilə gətirdiyi, hətta sosial şəbəkədə həştəq açaraq kənd Binəqədiyə metro çəkilməsi arzusunun səbəbini də anlamış olduq.
Və birazdan söhbətimizdə həm də araşdırmaçının illər ərzində sevgi, fəxarət hissi ilə topladığı və evinin az qala hər yerini “zəbt etmiş” yüzlərlə nadir sənəd, fotoşəkil, kitab, eksponat topluları üçün muzey yaradılmasına niyə ciddi- cəhdlə çalışdığını da başa düşəcəkdik...
- Bu günlərdə yubiley yaşınızı qeyd etdiniz. Deyirlər, 40 yaş mistik məna daşıyır, bir dönüş nöqtəsidir. Siz necə düşünürsünüz? Yubileyinizi necə keçirdiniz, sizin üçün bu yaş daha çox nə idi – hesabat dönəmi, minnətdarlıq, yoxsa yeni başlanğıcların astanası?
- Qırx rəqəminə dini-mistik məna verilir. Nağıllarımızda da var. Mən rəqəmlərin sehrinə, bir məna daşıdığına inanıram. Amma xüsusi heç vaxt maraqlanmamışam. Mənim köhnə dostum astroloq Səbuhi Rəhimli bu məsələləri çox dərindən bilir. Səbuhi bəyin adını çəkmişkən, deməliyəm ki, mənim ilk məqaləmi mətbuatda çap edən də məhz o olub. Yubileyimin bir hissəsini səmada, qalanını yerdə qeyd etdim. Həmin gün İstanbuldan Bakıya qayıtdım, axşamı ailəmlə birgə keçirtdik. Ən yaxşı hədiyyəni isə özüm özümə verdim. Mən 2019-cu ildən etibarən İstanbul Universitetinin doktorantı idim. 2022-ci ildən də elmi işimi yazmağa başlamışdım. Nəhayət, dekabrın ayının 2-də müdafiəm oldu. Hətta elmi rəhbərimdən xahiş etmişdim ki, qaydalar icazə verirsə, doktor ünvanı almağımı 39-cu yaşıma salmaq istəyirəm. O da sağ olsun, 2 dekabr tarixinə – 40 yaşıma cəmi bir gün qalmışa saldı və beləcə, özümə hədiyyə vermiş oldum.
Mən hər il özümə hesabat verən insanam, amma, təbii ki, qırx yaş məsuliyyətli bir dövrdür. Etiraf edək ki, hər yeni onilliyin ilk ili insanda bir az qorxu yaradır ki, əcəba, gənclik geridəmi qalır? Düzdür, mən də insanın hiss etdiyi yaşda olduğuna inananlardanam. Amma bu yaşa qədər insan sağlam təməllərlə gəlməsə, indən belə böyük işlər görə bilməsi mümkün olmur. Ömrümün qarşısında üzüm ağdır ki, indiyə qədər olan hissəsini boşa xərcləməmişəm, az da olsa qalıcı işlər görmüşəm.
_1765879784.jpeg)
- Uşaqlığınız İrəvanda başlayıb, Sumqayıtda davam edib. O illəri necə xatırlayırsınız?
- 1985-ci ildə İrəvanın Zəngibasar mahalının Zəngilər kəndində doğulmuşam. Doğulduğum yeri, təəssüf ki, xatırlamıram. Sadəcə evimizin qapısı xəyal kimi gözümün önünə gəlir. Hərdən fikirləşirəm ki, bu, nə zamansa qayıtmağa işarədir. İndi çox şükür ki, Zəfərdən sonra bu imkanların reallaşması çərçivəsində işlər görülür. İrəvandan köçümüzü xatırlayıram. Öncə Naxçıvana gəlmişdik. Daha sonra Sumqayıta köçdük. Sumqayıt şəhəri həyatımda heç vaxt unuda bilməyəcəyim bir yerdir. Çünki uşaqlıq harada keçibsə, orası əbədiyyən insana doğma olur. Məktəbə 1992-ci ildə getmişəm. Latın qrafikası ilə təhsilə ilk dəfə həmin il başlamışdıq. Ağır günlər idi. İmperiya dağılmışdı, ardınca müharibə başlamışdı. Qıtlıq idi, ərzaq, çörək növbələri vardı. Ağ-qara televizorda siyasi çəkişmələri izlədiyimi xatırlayıram. 20 Yanvar qırğını ilə bağlı küçədə eşitdiyim bir söz hələ də yadımdadır: “Bakıda hamını qırıblar”. Məhəlləyə gələn şəhid cənazələrini unutmuram. İlk dəfə ağlayaraq üzünü cıran qadın görmüşdüm. Ağrılı günlərdi. O günlərin hamısını xatırlayıram, düşünürəm ki, nə zamansa bir hekayə formasında yazım. İctimai-siyasi vəziyyət çətin olsa da, biz xoşbəxt idik. Xeyli məhəllə oyunlarımız vardı, qonşu uşaqlar arasında mehribanlıq vardı. Çilingağac, aşıq oyunları indi sanki neolit dövrünü xatırlatsa da, biz bunların hamısını yaşamışıq. Həyətdə ocaq qalayıb, qurğuşun əridib aşığın içinə tökən nəsli müasir tablet nəsli, əlbəttə ki, anlamaz. Şübhəsiz ki, indiki uşaqların şansları bizdən yüz qat çoxdur, amma fikrimcə, biz daha xoşbəxt, daha sosial idik. Sumqayıtı bu baxımdan hər zaman böyük hisslərlə xatırlayıram. Amma təəssüf ki, uşaqlıq dostumu, qardaşımı Sumqayıtda itirdim. Ona görə də həmişə bu şəhərin adı gələndə qardaşımla olan xatirələrim də yadıma düşür və bu yaşımda da onun həsrətini çəkirəm.
_1765879896.jpeg)
- Deportasiya, köç kimi ağır təcrübələr sonrakı həyatınıza və yaradıcılığınıza necə təsir edib?
- Mühacirət mövzularına olan sevgimin qaynağında, güman ki, məhz bu deportasiya dayanır. Manisa şəhərində İrəvan xanlığı ilə bağlı bir konfransda çıxış edəndə tələbələrə dedim ki, insanın doğulduğu yeri görə bilməməsi necə bir faciədir, onu ancaq yaşayanlar bilər. Biz oradan köçəndə atamın 28 yaşı vardı, indi 65 yaşındadır. İndi düşünün ki, oradan çıxanda 65 yaşı olan nə qədər insan indi haqq dünyasındadır. Babam cəmi iki il yaşaya bildi. Qohum-əqrəbadakı bütün yaşlı nəsil bu müddətdə vəfat etdilər. Onların hər birinin İrəvanla bağlı xatirələri vardı. Heyifslənirəm ki, mən o zamanlar uşaq idim, kaş həmin nəslin xatirələrini toplaya biləydim. Hazırda Qərbi Azərbaycandan köçlərlə bağlı bir kitab üzərində çalışıram. Mən İstanbul, Qars, İğdırda məzarlıqları gəzərək üzərində İrəvan, Erivan, Rəvan yazılmış, eləcə də kəndlərin adları yazılmış məzarların şəkillərini çəkmişəm, ötən əsrin birinci rübündə İrəvandan didərgin düşmüş ailələrin varisləri ilə görüşmüşəm, ailə arxivlərini, xatirələri toplamışam. Maraqlı bir kitab olacaq. Köç yaşamaq məndə mühacirət irsinə maraq yaradan bir amildir.
- Ailəniz sizdə milli düşüncə və araşdırmaçı dünyagörüşünün formalaşmasında necə rol oynayıb?
- Birmənalı şəkildə deyim ki, mənim tarixə olan marağımın qaynağı atamın kitabxanasıdır. Atam Naxçıvanda qiyabi olaraq tarix müəllimliyini oxuyub, kənddə bir il işləyib. Onun zəngin kitabxanası vardı, köç zamanı Sumqayıta gətirmişdik. O kitabxanada məni sehrləyən ilk kitabı da xatırlayıram. Əlisa Nicatın “Tarixin sübh çağı” kitabı idi. Sovet dövründə çıxan tarixi romanların əksəriyyəti evimizdə vardı. Beləcə, əlifbanı öyrənəndən etibarən tarix kitabları oxumuşam. Sonrakı illərdə Əlisa Nicatın bütün əsərlərini oxudum, özü ilə dost oldum. Bu baxımdan araşdırmaçı kimi yetişməyimdə ilk qaynaq atamın kitabxanası olub. Ədəbiyyata olan sevgim də oradan yaranmışdı. Hərdən mənə elə gəlirdi ki, uşaq vaxtı heç kim mənim qədər “Kapitan Qrantın uşaqları”nı sevməyib. Onu da deməliyəm ki, ermənilərlə bir mühitdə yaşadığımız üçün bizim bölgədən olan insanlarda milli hisslər daha qüvvətli olub. İrəvanda atamgil Sovet dövründə “TRT 1” televiziyasını izləyə bilirdilər.
_1765879827.jpeg)
Müsahibəmizin elə ilk dəqiqələrindən həmsöhbətimin müəllifi olduğu “Son mənzili İstanbul olan azərbaycanlılar” adlı son kitabını dogma övladı kimi bağrına basıb danışdığının fərqinə varıram. Növbəti sualım elə bu çəkidə də, vəzndə də ağır kitab haqqındadır…
- “Son mənzili İstanbul olan azərbaycanlılar” kitabının ideyası “Əbədi ezamiyyət” adlı filmi izləyəndən sonra doğuldu. Həmin filmin nümayişində Müsəllim Həsənovun müəllifi olduğu “Qərib məzarlar” kitab-albomu da təqdim olunmuşdu. Həm film, həm də kitab Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ilin yanvarında parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin, eləcə də ötən əsrin 20-ci illərində bolşevik təqibindən yaxa qurtarmaq üçün Fransaya üz tutan soydaşlarımızın bu ölkədəki taleyi və məzarları barədədir. Bu kitabı da oxuyandan sonra məndə belə bir ideya yarandı ki, neçə ildir İstanbuldayam, son mənzili bu şəhər olan azərbaycanlılar haqqında da belə bir toplu yazmaq olar. 2016-cı ildən 2024-cü ilədək İstanbulda məzarlıqlarda araşdırmalar apardım, o insanların tək-tək həyat hekayələrini öyrəndim. Və “Son mənzili İstanbul olan azərbaycanlılar” kitabı ərsəyə gəldi. Bu topluda İstanbulun Feriköy, Zincirlikuyu, Edirnekapı, Karacaahmet və digər tarixi məzarlıqlarında dəfn edilmiş 60-dan çox görkəmli dövlət, ictimai-siyasi və elm xadimlərimiz, ziyalılarımız ilə bağlı məlumatlara yer verilib. Onların həyat hekayələri ilə yanaşı nadir fotoşəkillər və sənədlər də burada öz əksini tapıb. Kitabda Türkiyə Dövlət Arxivindəki sənədlərdən, Azərbaycan mühacirət mətbuatındakı materiallardan, müxtəlif dillərdə çap olunmuş əsərlərdən, eləcə də şəxsi kolleksiyamdan istifadə etmişəm. Cümhuriyyətin millət vəkillərinin çoxu İstanbuldakı Feriköy məzarlığında uyuyur. İstanbulda dəfn olunan azərbaycanlılar arasında ölkəmizi ilk dəfə istiqlaliyyətə qovuşduran insanlar var. Onlardan Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri Xosrov bəy Sultanzadə, maliyyə naziri Əbdüləli bəy Əmircan, eləcə də Azərbaycanı Parisdə tanıdan heyətin üzvlərindən Mir Yaqub Mehdizadə, Əks-inqilabla Mübarizə Təşkilatının rəisi Nağı bəy Şeyxzamanlı, ilk ədliyyə və daxili işlər naziri Xəlil bəy Xasməmmədov kimi şəxsiyyətlərin adlarını çəkmək olar. İstanbulda məzarı olanlar arasında Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə kimi ictimai-siyasi şəxsiyyətlər də var. Mən oranı “Azərbaycanın İstanbuldakı Fəxri Xiyabanımız” adlandırıram. “Son mənzili İstanbul olan azərbaycanlılar” kitabımın ərsəyə gəlməsində Azərbaycanın İstanbuldakı Baş Konsulluğu və Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) dəstək olub. Bu nəşrdə 500-ə yaxın fotoşəkil və sənəddən istifadə edilib. Bu kitabda təkcə İstanbulda dəfn edilən azərbaycanlılar haqqında məlumat verilir. Nəşrin davamı olaraq Ankarada və Türkiyənin digər bölgələrində də dəfn edilən azərbaycanlılar haqqında araşdırma aparıb kitab hazırlamağı planlaşdırıram. Əsas məqsədim Azərbaycanın görkəmli şəxsiyyətlərinin məzar yerlərinin unudulmaması üçün bir iş görməkdir. Hazırda bu kitabın Ankara hissəsi üzərində işləyirəm. “Son mənzili Ankara olan azərbaycanlılar” üçün müxtəlif məzarlıqlarda 25-dən artıq foto çəkmişəm…

- Publisistikadan tarixə, ədəbiyyatdan araşdırmaya keçid etmisiniz. Özünüzü hazırda daha çox hansı rolda görürsünüz - jurnalist, yazıçı, kolleksiyaçı, yoxsa tədqiqatçı?
- Özümü daha çox tədqiqatçı və kolleksiyaçı olaraq görürəm. Bu ikisi bir-biri ilə bağlıdır. Mən kolleksiyaçılığa başlayandan bəri həmişə çalışmışam ki, orijinal material təqdim edim. İlk dəfə olsun. Ona görə də bu iki yol məndə paralel gedir. Mənim müxbirlik fəaliyyətim heç olmadı. Jurnalistikada da ancaq tarixi, ədəbi mövzularla çıxış etdim. “Gündəlik teleqraf” qəzetində siyasət şöbəsinin redaktoru olsam da, siyasi mövzulara marağım heç olmadı. Bu baxımdan həm jurnalistika təhsilim olmadığı, həm də ki, müxbirlikdən başlayan fəaliyyətim olmadığı üçün özümü heç zaman jurnalist kimi təqdim etmədim. Baş redaktoru olduğum “Çapar” dərgisi də tarixi mövzuda bir dərgidir. “İmtina” adlı romanım, “Muza” adlı şeir kitabım da var. Bəzən onları “gənclik səhvi” də adlandırıram. Amma “İmtina” müəllifi olaraq heç bir yazımdan, cümləmdən imtina etmirəm. Hər yazıya, kitaba dövrün ab-havası ilə baxmaq lazımdır. “Fərqlilər” kitabım mənim ilk təcrübəm idi, bu il on yaşı oldu, hələ də gündəmdədir, satışdadır. Amma on ildən sonra qazandığım təcrübə qarşısında o kitab mənə çox zəif gəlir. Bu, təbii prosesdir, on il sonra da indi yazdıqlarım zəif gələcək.
- Uzun illərdir mühacirət tarixini araşdırmaqla məşğulsunuz. Bu sahəyə sizi gətirən səbəblər nələr idi?
- Dövlət və millət kimi başda Məhəmməd Əmin Rəsulzadə olmaqla Cümhuriyyətimizi quran insanların qarşısında məsuliyyətimiz, öhdəliyimiz var. Mən əvvəla sırf bu baxımdan onların irsini araşdırıram. Biz mövcudluğumuz üçün onlara borcluyuq. Mən bir vətəndaş kimi üzərimdəki bu öhdəliyi az da olsa, yerinə yetirməyə çalışıram. İkincisi, Cümhuriyyət qısa davam etsə də, qoyduğu irs həddindən artıq böyükdür. Yetmiş il bu irsi tədqiq etmək qadağan edilib və ya böhtan yazılıb. Ona görə də müstəqilliyimizin bərpasından etibarən qiymətli tarixçilərimiz bu mövzuya maraq göstərməyə başlayıb. Mən də hazırda həmin yolda davam edərək əlimdən gəldiyi qədər yeni məlumatlar verməyə çalışıram. Professor Ədalət Tahirzadə ilə tanışlığımı həyatımın ən böyük şansı hesab edirəm. Məhz onun bu yolda göstərdiyi fədakarlığı gördükdən sonra daha da həvəsləndim, ondan öyrənməyə çalışdım, davamlı şəkildə şagirdi olmaq yolunu seçdim.
- Türkiyə arxivlərində apardığınız araşdırmalarda sizi ən çox təsirləndirən sənəd, hadisə və ya xatirə hansıdır?
- Türkiyə arxivlərində məni ən çox təsirləndirən mövzular mühacirlərin Bakıda qalan ailə üzvlərini yanlarına gətirmələri üçün Türkiyə hökumətinə müraciətləridir. Məhəmmədəmin Rəsulzadə və Əziz Alpautun bununla bağlı ərizələri məni çox kədərləndirmişdi. Təəssüf ki, heç biri ailəsini Türkiyəyə gətirə bilməyib. Türkiyə tərəfi Rəsulzadəyə bildirib ki, əgər ailən Bakıdan Tehrana gedə bilərsə, biz onu oradan gətirə bilərik. Amma bolşeviklər ailənin çıxmasına heç bir şəkildə icazə verməyiblər. Bəzi ailələrin Azərbaycandan çıxmasına türk səfir Məmduh Şövkət Esendal və o vaxtlar Bakıda işləyən bəzi türk müəllimlər kömək ediblər. Amma Rəsulzadənin ailəsini hamı tanıdığı üçün onların şəhərdən çıxmaları mümkün olmayıb.
- “Mühacirlərin dönüşü”, “Mühacirlərin mirası”, “Bir ildən yüz ilə”, “Milli hekayələr” kitablarınız tarixi-emosional aspektdən yazılıb. Sizcə, bu mövzuları dərindən araşdırmaq, haqqında kitab yazmaq tariximizə nə qazandırır?
- Mən kitablarımda daha çox ailə arxivlərindən, auksionlardan qazandığım materiallardan istifadə edirəm. Burada isə rəsmi arxivlərdə olmayan məktublar, əlyazmalar olur. Məktublarda isə adətən daha məhrəm bilgilər olur və bir sıra hallarda mühacirlərin yaşadıqları əzab-əziyyətləri görürük. Məsələn, Almas İldırım bir məktubunda acınacaqlı vəziyyətdə yaşadığını, Azərbaycan radiosunu dinləyə bildiyini yazır. Təsəvvür edin ki, Anadolunun fərqli yerlərində işləyən şairimiz müxtəlif vasitələrlə Bakı radiosunu dinləyə bilirmiş. Necə ağrılı bir haldır... Vətəndən ancaq radio dalğaları vasitəsilə xəbər ala bilirsən. Ailə arxivləri oxucularda maraq yaratdığı üçün adını çəkdiyiniz və digər kitablarıma maraq genişdir. Bir də publisistik üslubda qələmə aldığım üçün geniş oxucu kütləsinə yönəlikdir.
- “Azərbaycan Cümhuriyyəti” kitabınızın İsveç dilində nəşri ideyası necə yaranmışdı və sizcə, dünya azərbaycanlıları üçün bu kitab hansı mənanı daşıyırdı?
- Cümhuriyyətimizin 100-cü ildönümü ərəfəsində Ədalət bəy dedi ki, İsveçdəki bir cəmiyyətimiz Cümhuriyyətin qısa tarixini əks etdirən bir kitab istəyir. Bunu həm İsveç, həm Danimarka, həm də ingilis dilinə çevirəcəklər. Kitabı birlikdə yazmağımızı istədi. Əlbəttə, bu, mənim üçün böyük lütf idi və kitabı yazmağa başladıq. Daha sonra kitab həmin dillərə çevrildi və biz 2018-ci ilin may ayında İsveçə dəvət olunduq. Yöteburq və Stokholm şəhərlərindəki icmamızla görüşdük, kitabların təqdimatı oldu, yüz illiyimiz qeyd olundu. Xoş təsadüfdən mərhum professor Nəsiman Yaqublu və Rais Rəsulzadə Amerikadan birbaşa oraya gəlmişdilər. Mərhum Arif Rəhimoğlunun, Səadət Kəriminin və digər diaspora təmsilçilərimizin bu işdə böyük əməyi oldu. Biz kitabları həmin dillərdə Bakıda çap edib aparmışdıq. Amma daha sonra kitabın tərcüməçisi Səadət xanım təklif etdi ki, geniş yayılması üçün kitabın həcmini genişləndirək, eləcə də İsveç nəşriyyatlarının birində çap etdirək. Yenidən işə başladıq və Səadət xanımın, oradakı cəmiyyətimizin sayəsində İsveç nəşriyyatında işıq üzü gördü, kitabxanalara paylanıldı, satışa da verildi. Bu hadisə mənim üçün unudulmaz bir xatirədir. Cümhuriyyətimizin Avropa oxucularına çatması üçün az da olsa, əməyimiz varsa, buna ancaq sevinə bilərik.
- Həmtəsisçisi və baş redaktoru olduğunuz “Çapar” jurnalı hansı missiyanı yerinə yetirir?
- 2018-ci ildə dostum Yusif İlhamoğlu ilə düşündük ki, yüzilliyə nə töhfə verə bilərik? Qərara gəldik ki, bir tarix dərgisi çıxaraq. Beləcə, qollarımızı çirmələdik. Nəticədə həmin ilin dekabr ayında ilk sayımız çıxdı. İlk sayımızı da parlamentimizin yüz illiyinə həsr etdik. Dərgimizin adını da Ədalət bəy tövsiyə etdi. Sonra eyni adda nəşriyyat qurduq. Həm jurnalda, həm nəşriyyatda əsas missiyamız tariximizi vətəndaşlarımıza sevdirməkdir. İndiyədək 16 sayımız işıq üzü görüb. Son sayımız bu yaxınlarda çıxdı, mətbuatımızın 150-ci ildönümünə həsr edilib. Nəşriyyatda isə yüzə yaxın kitab çıxıb. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, ölkədə tarix sahəsində ixtisaslaşan tək nəşriyyatıq.
_1765879991.jpeg)
- 2023-cü ildə keçirilən I Turan Kitab Festivalı məqsədinə nail oldumu və davamı gələcəkmi? O festivaldan sonra hansı qənaətə gəldiniz?
- Son illərdə baş tutmuş ən önəmli kitab festivallarından biri idi. Dəstəkçilərimiz də vardı. Türkiyədən müəlliflər də gətirmişdik. Mühazirələr oldu, imza günləri keçirildi. Cənab Prezidentin bir sözü var ki, bizim ailəmiz Türk Dünyasıdır. Ona görə də “Çapar”ın əsas məqsədlərindən biri Türk Dünyası ilə əlaqələrimizi gücləndirməkdir. Bu festivalın ilki Bakıda baş tutdu, ikincisini Türk dövlətlərindəki nəşriyyatlardan biri üzərinə götürərsə, məmnuniyyətlə əməkdaşlıq edərik. Buna çox ehtiyac var. Türk Dövlətləri Təşkilatında yer alan ölkələrin nəşriyyatlarının ayrıca bir festivalına ehtiyac var. Biz bu gün Qazaxıstanda, Qırğızıstanda çıxan kitabları Azərbaycana gətirə bilmirik. Qəribə bir haldır.
- İllərdir Cümhuriyyətə və mühacirət dövrünə aid sənədlər, məktublar, fotoşəkillər kolleksiyası toplayırsınız. Bu işə necə və hansı zərurətdən başladınız?
- İlk dəfə orijinal bir fotoşəkli mənə dostum Ruslan Rəhimov hədiyyə etmişdi. Əhməd bəy Ağaoğluya aid bir şəkildi. Ondan sonra bu işə marağım yarandı və 10 ildən çoxdur ki, bu işlə məşğulam. O gündən bu günə baxdığımda olduqca geniş bir arxiv toplamışam. Buraya həm Cümhuriyyət, həm də mühacirət dövrünə aid çoxsaylı şəkillər, məktublar, sənədlər, imzalı kitablar və sair daxildir. Hazırda da bu prosesi davam etdirirəm. Dünyada və Azərbaycanda bu işlə məşğul olan çox insan var. İmkanımız yetdiyi qədər toplamağa çalışıram. Bəzi arxivləri isə mənə görüşdüyüm ailələr bağışlayıb. Məsələn, Əhməd bəy Ağaoğlunun nəvəsi Tektaş bəy babasına, atasına aid geniş bir arxiv hədiyyə etdi. Arzularımdan biri Şuşada Əhməd bəyin ev-muzeyini təsis etməkdir. Əgər Şuşa rəhbərliyi yer ayırarsa, orada yaxşı bir muzey yarada bilərəm. Əslində Ağaoğlu ilə bağlı Şuşada muzey düşünən bir neçə qrup var, ancaq material yalnız məndədir. Ağaoğlunun bəxti gətirməyib – sovet dönəmində qadağan edilmiş şəxs idi. Azərbaycan müstəqillik qazandıqdan bir müddət sonra Şuşa işğal edildi deyə o dövrdə də onun adını əbədiləşdirmək mümkün olmadı. Üç dövrün deputatı olub. Ermənilərin 1905–1906-cı illərdə fitnələrinin qarşısını alan əsas şəxsiyyətlərdən biri idi. Əgər onun Şuşada muzeyi qurularsa, mən təmənnasız şəkildə materialla təmin edə bilərəm. Əhməd bəy Ağaoğlunun adının əbədiləşdirilməsinə ehtiyac var.
_1765880028.jpeg)
Müsahibim Əhməd bəy Ağaoğlu ilə bağlı arzularını dilə gətirdikcə eyni zamanda onun arxivini də göstərir. Burada Əhməd bəy Ağaoğlunun nadir ailə fotoları da var, eləcə də onun İstanbulda olduğu dövrdə çəkilmiş xeyli fotoları, Malta adasında sürgündə yazdığı orijinal gündəlik yer alır… (nəvəsi Dilqəm Əhmədə hədiyyə edib)
- Evinizdə yüz illik eksponatları qoruyursunuz. O arxiv sizin üçün tam mənası ilə nə ifadə edir?
- Mən onlarla yaşayıram. Gördüyünüz kimi otağım kitab və arxivlə doludur. Yatanda da onları görürəm, oyananda da. Mənə böyük yaradıcılıq enerjisi verir. Həm də qəribə hisslər bəxş edir. Düşünün ki, illərlə Rəsulzadənin və digərlərinin evində olan bir material hazırda sənin evindədir. Adını qoya bilmədiyim bir mənadır. Bir məktubu oxuyursan, səni xəyal aparır o ana. Bu, çox qəribə, sehrli bir hissdir. Mənimlə birgə burada Məhəmməd Əmin Rəsulzadə, Əhməd Ağaoğlu, Almas İldırım qalır. Bəlkə də, bu evdə mənimlə bərabər 20–30 mühacir "yaşayır". Onların irsi məni mənəvi qidalandırır. Hələ əvvəllər bəzi eksponatları divardan asmışdım, yuxudan durub gözümü açan kimi birinci onları görürdüm. Kolleksiya yığmaq artıq məndə bir xəstəliyə çevrilib. Bundan narazı deyiləm, amma bu vəziyyətimdən narahatam (gülür).”
_1765880086.jpeg)
Dilqəm Əhməd Rəsulzadənin Finlandiyada, eləcə də 1927-ci ildə İstanbulda çəkilən, həmçinin bütün mühacirlərin bir arada olduğu fotoları da fürsət düşdükcə göstərir...
_1765880898.jpeg)
Cümhuriyyətin qurulmasının bir illiyinə aid, 28 may 1919-cu ildə “İstiqlaliyyət” küçəsində çəkilən fotoşəkilə qarışıq duyğular içində baxıram - keçmişlə bu günün qovşağında məni yaxalayan tarixi nostalgiya hissindən həm qürurlanıram, həm kədərlənirəm…
Azərbaycan və türk mətbuat tarixinə aid fotolar da var. Həmsöhbətim böyük bir şəkili həvəslə təqdim edir: “Məhəmmədəmin Rəsulzadə “Azərbaycan” qəzetinin redaksiya heyəti ilə - baxın, mərkəzdə əyləşib. Yanında Üzeyir Hacıbəyli də var. İkisinin bir arada olduğu daha bir bir unikal fotodur. Məhəmməd Hadi də var şəkildə, Şəfiqə xanım Əfəndizadə də, qəzetin rus dilində versiyasının redaktoru Şəfi bəy də... Məhəmməd Hadinin həmin vaxt qəzetdə şeirləri çıxırdı. Sovet dövründə isə haqqında deyirdilər ki, o, küçədə şeir satırdı, amma bu fotoda görürük ki, gözəl, ziyalı geyimində dayanıb…”
_1765880945.jpeg)
Əhməd Cavadın Cümhuriyyət dövründə çap olunan “Dalğa” şeir kitabı, Məhəmməd ağa Şahtaxtinskinin 1903-cü ilə aid “Şərqi-Rus” qəzetinə məktubu da masanın üzərindəki fotolara “yoldaşlıq edir”.
- Uzun müddətdir muzey yaratmaq arzusundasınız. Sizcə, niyə bu ideya hələ də gerçəkləşməyib? Əgər muzey bir gün yaradılsa, onu necə görürsünüz, necə təsəvvür edirsiniz?
- Sadəcə yer problemi var. Muzey yeri kirayə bir məkanda olmaz. Əgər dövlətimiz və ya hər hansı iş adamı mənə muzey yeri verərsə, orijinal bir muzey qura bilərəm. Təəssüf, hələ ki, dəstək yoxdur. Nəzərdə tutduğum muzeyi Milli İrs Muzeyi adlandırmaq istərdim. Bunu klassik muzey kimi yox, həm də bir təhsil mərkəzi kimi düşünürəm. Bir bölümü muzey, bir bölümü kitabxana, bir bölümü mühazirə salonu, bir bölümü müzakirə yeri… Gənclərə yönəlik bir mərkəz kimi. Milli İrs Muzeyini həm də divarlarda canlandırma, maketlər, eksponatlar, interaktiv səhnələrlə təsəvvür edirəm. Mənim muzeyimdə insanlar Cümhuriyyət və mühacirət arxivi ilə də tanış olacaq, birbaşa tarixin içində yaşayacaqlar.
Söhbətləşdikcə müsahibim gah kitab şkaflarından, gah müxtəlif rəflərdən fotolar, sənədlər, xəritələr, imzalı kitablar tapıb çıxarır, hər biri haqqında şövqlə danışır… Evdəki geniş masanın üzərində də tarixi baxımdan nadir, mənəvi dəyəri cəhətdən unikal eksponatlar düzülüb… Sənədlər və məktublarla dolu cild-cild qovluqlar, yüzilliyin yaşıdı olan cildi saralmış kitablar…
_1765880385.jpeg)
Diqqətlə gözdən keçirirəm: Kolleksiyanın “ən yaşlı sakini” Bodenştedtin 1881-ci ildə Mirzə Şəfi Vazehin Berlində çap etdirdiyi əl boyda şeirlər kitabıdır - ovuca sığacaq qədər yığcam, amma qiymətli tarixi nümunə…
_1765880421.jpeg)
Rəsulzadənin “Azərbaycan şairi Nizami” kitabını götürüb vərəqləyirəm. 1951-ci ilin noyabr ayında Ənvər adlı bir şəxsə imzalayıb. Başqa bir imzalı kitab da masanın üzərindədir – bu daha əvvəlki tarixə aiddir: 1923-cü ildə İstanbulda çıxan “Azərbaycan Cümhuriyyəti” kitabı Rəsulzadənin imzası ilə…
_1765880471.jpeg)
Eksponatların içərisində Azərbaycan Cümhuriyyətinin parlamenti açıldığı zaman – 7 dekabr 1918-ci ildə millət vəkillərinin yaxasına taxdığı döş nişanı da var.
Bundan yalnız bir neçə kolleksiyaçıda və Azərbaycan Tarixi Muzeyində nüsxə mövcuddur. Bu, çox nadir və unikal bir eksponatdır.
_1765880532.jpeg)
Cümhuriyyət tələbələrindən olan Məhəmməd Zəki Dursunzadənin içərisində Cümhuriyyətin möhürü olan xarici pasportu da var. O, İstanbul Universitetində təhsil alıb. Təəssüf ki, o, geri qayıtdıqdan sonra repressiyaya məruz qalıb. Daha bir pasport diqqətimi çəkir - Həsən bəy Zərdabinin oğlu Səfvət bəy Məlik-Zərdabinin İstanbulda aldığı türk vətəndaşı olduğunu təsdiqləyən qiymətli şəxsiyyət vəsiqəsi… Xeyli qiymətli nümunələr var, bu eksponatların hamısı əslində onların qorunması və təhlükəsizlik baxımından şüşə altında olmalıdır…
_1765880557.jpeg)
Knyaz Aleksandr Şervaşidzenin müəllifi olduğu orijinal gerbimizin rəsminə baxıram, həmsöhbətim onu İstanbuldan aldığını xatırladır.
_1765880594.jpeg)
Kolleksiyanın təkcə mənəvi sanbalı baxımından deyil, elə məbləğcə də ən bahalı eksponatı Məhəmmədəmin Rəsulzadənin dəfn albomudur, Dilqəm Əhməd onu 1200 dollara alıb.
Burada Rəsulzadənin cənazə mərasimi əks olunub, 30-dan artıq fotoşəkil toplanıb. Albomu tarixi filmi izləyirmiş kimi maraqla vərəqləyirəm, o məqamda həmsöhbətim qeyd edir: “Əslində Rəsulzadə adı qoyulmamış bir dövlət törəni ilə dəfn edilib – şəhərin valisi oradadır, polis korteji onu müşayiət edib...”
Dövlət təqaüdçüsü olan Dilqəm Əhməd təqaüdünü sərf edərək Rəsulzadənin imzası olan digər bir jurnal dəsti üçün də 850 dollar ödədiyini də qeyd edir.
- Cümhuriyyət qurucularının çoxu gənc idi, siz bu gün onların bəziləri ilə yaşıdsınız. Əgər Cümhuriyyət dövründə yaşasaydınız, o ideala necə xidmət edərdiniz?
- Həmin dövrdə mənim bir həmyerlim vardı. Məhəmməd Ağaoğlu adında. O, Hüseyn bəy Mirzəcamalovla birlikdə İstiqlal Muzeyinin əsasını qoymuşdu. Yəqin ki, onun etdiyi işi mən edərdim. Ayrıca, “Azərbaycan” qəzetində ideoloji məqalələr qələmə alardım. Ehtimal ki, parlamentdə də yer tutardım…
- Sizcə, Cümhuriyyət idealı bütövlükdə bugünkü gənclik üçün nədir və bundan sonra nə olmalıdır?
- Bugünkü gənclik artıq dünyanın istənilən yerinə gedə bilir. O hara getsə, müqayisə aparsa, görəcək ki, bizim Cümhuriyyətimiz və idealları hələ də gənc və yenidir. Bu gün də dünyanın demokratik dəyərlərlə idarə olunmasına ehtiyac var. Bu gün də millətlərin istiqlalına, insanların hürriyyətinə ehtiyac var. Hər bir azərbaycanlı gənc sinəsini gərərək, Cümhuriyyəti ilə fəxr edə bilər. Bugünkü varlığımız onlara görədir.
Söhbət əsnasında masanın üzərindəki saralmış bir foto nəzərimi cəlb edir. Osmanlı zabitinin 1918-ci ildə Şuşada xəstəxanada əməliyyat edilməsi fotosu... Həkim və digər tibb işçiləri elə əməliyyat masası ətrafında o anı əbədiləşdiriblər… Cümhuriyyət dönəminə aid qatar bileti də simvolik olaraq eksponatların arasında gözə dəyir – xəyalımızı yüz il əvvəlki şərəfli keçmişə aparan yolun icazə kağızı kimi…
- Uzun illərdir tarixlə iç-içə yaşayırsınız. Bu qədər keçmişlə ünsiyyətdə olmaq sizi indiki zamandan uzaqlaşdırmır ki? Bu günün içində Dilqəm Əhməd necə yaşayır?
- Tam haqlısınız. İnsanın məşğul olduğu sahəni həyatına daşıması professional bir hərəkət deyil. Amma bizdən asılı olmayan səbəblər var. Mən günlük həyatımda da mühacirlərin hekayələri ilə yaşayıram. Demək olar ki, hər gün onlarla bağlı nəsə oxuyur, nəsə axtarır, nəsə yazıram. Layihələrim bitdikdə yenisi başlayır. Bu dövrdə İstanbul, Ankara kimi gözəl şəhərlərdə məzarlıqda tədqiqat aparan neçə adam tapmaq olar? İstanbulda bir mühacirin məzarını çəkməmişəm, inanın ki, məni çox narahat edir. 2024-cü ildə mənim ən önəmli kitabım işıq üzü gördü: “Son mənzili İstanbul olan azərbaycanlılar”. İstanbul Konsulluğumuzun dəstəyilə çıxdı və orada möhtəşəm təqdimatı da keçirildi. O kitab mənim 8 illik zəhmətim idi. Hazırda onun Ankara qismini hazırlayıram. Ötənlərdə Ankarada bir gündə 25 məzar daşının şəklini çəkdim. Bunları anlatmaq məqsədim odur ki, mən bu işləri sevdiyim üçün edirəm. Cümhuriyyət və mühacirət tarixi ilə yaşayıram, ömür boyu davam edəcəyinə inanıram. Amma təbii ki, mənim də gündəlik həyatım, hobbilərim, zövqlərim var. Mən də hər kəs kimi serial izləyirəm, gəzirəm və s.
- Hər bir arxiv sənədinin arxasında bir insan taleyi dayanır. O talelərin içərisində “ağırlığı baxımından qaldıra bilmədiyiniz sənəd” hansı olub?
- Auksiondan bir məktub almışdım. Həmin məktubu İtaliyanın Perucia şəhərində oxuyan Məcid Hacızadə Neapolda oxuyan qardaşı Mirzə Hacızadəyə göndərib. Həmin məktubun mətnini sizə oxuyum: “24 mart Zəngəzur və Qarabağ erməniləri üsyan etmişlər. Azərbaycan əsgərlərini qovub kəndilərini boyunduruqdan qurtarmışlar. Şuşada ceneral-qubernator Sultanofu əsir etmişlər”. Bu xəbəri okuduqdan sonra başımı itirmişəm. Bilməyirəm nə edəm. Bütün günü fikir ediyoram. Görəsən, nə olmuş? Yenə qanlar saçılır? Nələr olur? Vətənimizdən, yurdumuzdan uzaq olduğumuz halda böylə yürəgi dağlayan bir xəbəri okuduqda insan nə etsin!”. Düşünün ki, vətəndən uzaqda təhsil alan iki gənc Qarabağla bağlı məlumat oxuyurlar və doğru olub-olmadığını bilmirlər. Bu məktub mənə çox təsir etmişdi. Çünki Qarabağ məsələsinin həssaslığını bizim nəsil də iliyinə qədər hiss etmişdi. Şükür ki, artıq keçmişdə qaldı…
_1765880220.jpeg)
Yubilyar suallarımı cavablandırarkən qəfildən həyəcanla bu yaxınlarda aldığı qiymətli bir xəritəni xatırlayır və yüzlərlə sənəd, kitab arasından onu tapıb çıxarır. 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətini təmsil etmək üçün Paris Sülh Konfransına gedən nümayəndə heyətinin özü ilə apardığı orijinal xəritəni açırıq. Bütöv, bölünməmiş, Zəngəzurlu Azərbaycanın xəritəsi… Sərhəd Göyçə gölünün yuxarısından keçir. Dilqəm Əhməd şərh edir: “Burada Qars, Batum, İğdır da var. Həmin vaxt bu ərazilər çar Rusiyasına aid idi və Rusiya dağılanda ortada qaldığına görə biz o ərazilərə haqq tələbi irəli sürmüşdük, amma sonra Atatürk onları geri aldı. Bu, çox qiymətli xəritədir…”
_1765880259.jpeg)
Eyni həyəcan və həvəslə daha bir dəstə fotoşəkili şkafın arxa rəflərindən çıxarıb məlumat verir: “Bu fotoları da auksiondan yeni əldə etmişəm. Muğam ustadı Məşədi Məhəmməd Fərzəliyev İstanbula qastrola gedir və bir daha geri qayıtmır. İstanbulda “Azərbaycan Türk Musiqi Heyəti”ni yaradır. Hətta orada 1929-cu ildə keçirilən bir bayram tədbirində Rəsulzadənin önündə muğam da ifa edib. Həmin türk musiqi heyətinə aid, sıralarına xanım ifaçıların da daxil olduğu 1930-cu illərə aid qiymətli fotolardır. Ta ki, 1960-cı illərə qədər bu heyət mövcud olub. Üzeyir bəyin müxtəlif əsərlərini də ifa ediblər, hətta Misirə qastrola da gediblər. Məşədi Məhəmməd Fərzəliyevin “Çırpınırdın Qara dəniz” mahnısını oxuduğu 1930-cu illərə aid səs yazısı da İstanbuldadır…”
_1765880291.jpeg)
Bu əsnada təbii olaraq təkcə enerji, həvəs və mütəmadi diqqətlə kifayətlənməyən kolleksionerlik işinin maddi tərəfi ilə də maraqlanıram:
- 2016-cı ildən əvvəl, yəni devalvasiyadan öncə “Facebook”da kampaniyalar keçirirdim. Vətəndaşlardan pul toplayırdım. Sağ olsunlar, xeyli kömək edirdilər. Həmin vaxt bu kimi eksponatlar da ucuz idi. Sonralar satanlar mahiyyətini anlamağa başladılar deyə, indi daha baha satırlar.. Mənim eksponat aldığım qaynaqlarda Cümhuriyyət və mühacirətlə bağlı hələ də saysız-hesabsız materiallar var ki, onları ala bilmirəm. Deyirlər ki, 9 min dollar ver, hamısını verək. Eksponatlarla bağlı hər səhər gündəlik auksionları izləyirəm. Belə hərraclar da az qalır, insanı infarkt eləsin...(gülür) Bəzən bir eksponatın qiyməti arta-arta uzanır və sən bir nöqtədə məcburi dayanmalı olursan. Gündə üç dəfə dərman qəbul edən kimi gündəlik auksionları izləyirəm. Bəzən auksion gecə saat 3–4-ə qədər çəkir. Məsələn, fotodan bir neçə nüsxə ola bilər, bir neçə nəfər ala bilər, amma məktub bir nüsxə olur, onda işim daha da çətin olur. Bankdan kredit götürürəm, qazandığım pulu, təqaüdümü eksponat almağa sərf edirəm. İndiyədək təxminən 10 min dollardan çox məbləğ xərcləmişəm. Özümə heç nə almıram, əlimə pul düşən kimi eksponat alıram…
- Özünüzü “milli irs mühafizi” hesab edirsiniz?
- Yox, bu, böyük məsuliyyət olar. Mən sadəcə əlimdən gəldiyi qədər öyrənir, tədqiq və təbliğ edirəm. Mən daha çox təbliğatçıyam.
_1765880680.jpeg)
- 40 yaşınıza qədər həyatınızda ən çox minnətdar olduğunuz insan kim olub və niyə?
- Əgər bu gün bu mövzuda məndən müsahibə alırsınızsa, bunda mütləq ki, professor Ədalət Tahirzadəyə minnətdaram. Onunla tanış olana qədər sadəcə həvəskar bir araşdırmaçı idim. Ondan sonra qərar verdim ki, bu işə professional yanaşım. Təəssüf ki, Ədalət bəyin arzuladığı səviyyədə ola bilmirəm. Amma mükəmməlliyyətçi olmadığım üçün etdiklərimlə yetinə bilirəm.
- Geriyə baxanda “bunu etməsəydim, bu gün Dilqəm Əhməd olmazdı” dediyiniz hansı hadisə və ya qərar var?
- Yaxşı ki, 2016-cı ildə Türkiyəyə getdim. Əgər oraya getməsə idim, mən mühacirət tarixini bu qədər dərindən bilməzdim. Məkan önəmlidir. Mən onlarla mühacir varisiylə görüşdüm, oradakı arxivlərdə çalışdım. Bunları Bakıdan etmək mümkünsüzdü. Mən nə qazandımsa, Türkiyədə olduğum müddətdə əldə etdim.
- Və sonda – növbəti 40 ili necə görürsünüz?
- Bol kitab yazmaq, muzeyimdə vaxt keçirmək, sevdiyim insanla bir ömrü bölüşmək və qismət olarsa, Cümhuriyyətin 150-ci ildönümündə ağlım, şüurum yerində olmaqla gənclərə xatirələrimi danışmaq…