Kulis.az Ələddin Əzimlinin şeirlərini təqdim edir.
Nöqtələr qitələr
Bu gün sevdiyim adamları
yığmaq istəyirəm ürəyimin dairəsinə
saat əqrəbləri tək...
Dostlarım
saatın əqrəbləri kimi çox az
ancaq olduqca etibarlı, dürüst...
Ümid çırağıdır ürəyim
dilim-dilim əqrəbləri
dəqiqliyi səssizliyilə...
Zaman
mikroanlardan başlayır
elə həyatımız da...
Tutaq ki, durmuşam daş saatın altinda
deyək axşamüstü altıda
kimisə gözləyirəm
an-an, dəqiqə-dəqiqə, saat-saat
başdan ayağa düşünsək
bax budur həyat...
Əvvəli kimi
sonu da bəlli deyil həyatın,
kainatın...
Necə gəliriksə, dünyaya
eləcə də gedirik
gedib gedib də
heçliyə çevrilirik...
Nə bilim
Damımızı taqqıldadan yağışdı,
Bu küləkdə tütək çalan qamışdı,
Şair adı hardan mənə yaraşdı?
Bu sevdadan mənə baxar,
Nə bilim?
Ağlayanı kiridəsən, susasan,
Sonra gedib qapısını pusasan,
Bu dəm həzin sözə qulaq asasan,
Gözlərindən sellər axar,
Nə bilim?
Bu otaqda ürəyimi oynadan,
Kimdi elə baxır mənə aynadan?
Hər nə desən gözlə " fağır" dünyadan,
Min-bir dona girib-çıxar,
Nə bilim?!.
Sadə şeir
Bu sən,
bu da mən.
İndi bizdə-vətənimizdə payızdır,
amma elə bil Günəşli yazdır.
Sizin payız isə
bizim qışa bənzəyir
qar qoxuyan havasıyla.
İqlimimiz, dilimiz, dinimiz,
yollarımız ayrı.
Gözləyirik
sən Şimala,
mən Cənuba
gedəcək qatarı.
Sadə bir insan kimi
gəl dərindən düşünək,
reallıqdan yan ötüb unutmayaq
yaşadığımız dünya bir,
bəs onďa
bu sərhədlər, qovğalar,
ayrılıqlar nədəndir?!.
Bir kənd gecəsi
Bağlanar dəmir qapılar
axşam olunca.
Körpə balıqlar ölər gözü açıq
gölməçələr quruyunca.
Aramsız yağar yağışlar
Təzədən dolar gölməçələr.
Ağarar ölü balıqlar
su üzündə gecələr.
Kəndin yolları
qaranlıqdan keçər.
Dolanar evlərin arasıyla
əyri-üyrü küçələr.
Küçələr ağrıyar
ayaqlar, təkərlər altında.
Səksənər taqqıltıdan
yolun üstü, altı da.
Geçə dincələr yollar,
sakitcə qovuşar səhərə.
Toplaşar beş-beş, on-on
susamış adamlar təzə xəbərə...
Bu şeir
İstiydi durmuşdum ağacın altda,
Qəfildən qəlbimə doldu bu şeir.
Çətin işlər varmış demə həyatda,
Ağlımı başımdan aldı bu şeir.
Yazdım, yazdığımı oxuyammadım,
Hərfini, sözünü yoxlayammadım,
Çalışdım ki yatam, yuxlayammadım,
Anam tək laylamı çaldı bu şeir.
Gözəl sözlərinin dalınca düşdüm,
Ona çatmaq üçün çox qapı açdım,
Gözümün önündə göylərə uçdu,
Məni də dalınca saldı bu şeir.
Bir an dayanmadı, nə mən dayandım,
Özümü bir şirin röyada sandım,
Çox şeyi anladım, çox şeyi andım,
Gördüm ki, bir sonsuz yoldu bu şeir.
Məndən uzaq imiş bu sevgi anı,
Qəlbimi titrədən duyğular hanı?
Ələddin, bu imiş əzabın sonu,
İndi yad yanaqda xaldı bu şeir.