Cümşüd Zeynalov: "10 arvadım olub, heç birindən yarımamışam" - Müsahibə

Cümşüd Zeynalov:  "10 arvadım olub, heç birindən yarımamışam" - Müsahibə
29 avqust 2024
# 17:00

Kulis.az Akademik Milli Dram Teatrının aktyoru, müxtəlif maraqlı obrazlarla tamaşaçı sevgisi qazanmış Cümşüd Zeynalovun Lent.az-a müsahibəsini təqdim edir.

Qeyd: 1982-ci il oktyabrın 2-də Ağstafa rayonunun Həsənsu kəndində doğulub. 1994-1999 illərdə Hüseyn Arif adına musiqi məktəbində qarmon sinfində, 2003-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino aktyorluğu fakültəsində təhsil alıb.
2007-2008-ci illərdə Bakı Bələdiyyə teatrı, 2012-2014-cü illərdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərkibində Vahid Satira Teatrında işləyib. 2012-ci ildən Azərbaycan Akademik Milli Dram Teatrında çalışır.

- Cümşüd bəy, bildiyimə görə, hazırda Rusiya istehsalı olan tarixi bir serialda çəkilirsiniz. Sizi bu ekran işinə kim dəvət edib?

- Şəklimi Aktyor Agentliyindən görüb, bəyənib seçiblər. Əslində bu serial barədə çox danışmağıma icazə verilmir. Bir onu deyə bilərəm ki, tarixi serialdır və mən türk qəssab rolunda oynayıram. Çəkilişlər Sankt-Peterburqda oldu, oktyabrda çəkilişlərin bir hissəsi Bakıda, İçəri Şəhərdə davam edəcək.

- 20 ildən çoxdur səhnədəsiniz. Özünüzü şanslı aktyor hesab edirsiniz?

- Aktyorun əsas arzusu tanınmaq, tamaşaçı tərəfindən qəbul olunmaqdır. Tanınmaqla bağlı problemim olmayıb. Elə birinci kursda oxuyandan rollara çəkilirəm. Öncə onu deyim ki, mən İncəsənət Universitetindən qabaq iqtisadiyyat üzrə təhsil alırdım. Əsgər getdim, yarımçıq qaldı. Hərbi xidmətdən gələndən sonra fikrimi dəyişdim, yönəldim incəsənətə. Aktyor yox, rejissor olmaq istəyirdim. İncəsənət Universitetinə heç kimdən kömək almadan, elə öz başıma hazırlanmışdım. Xalq artisti Tariyel Qasımov anamın dayısıdır, getdim onun yanına hazırladığım nömrələri, etüdləri göstərdim, dedi bu hazırlıq aktyorluğa yarayacaq, rejissorluğa yox. İmtahanın vaxtına az qalmışdı, dedim eybi yox, aktyorluğa girim, sonra ixtisasımı dəyişərəm. Qəbul oldum. Elə birinci kursdan AzTV-də gedən “Məzəli əhvəlatlar” verilişində rollara dəvət edirdilər. Hər şənbə efirə gedirdi, bazar günü təkrar verilirdi. Bir telekanal var idi deyə, tez tanınırdı hamı. Universitetimizin yaxındakı Sabir texnikumunun qızları yaxınlaşıb avtoqraf alanda dedim bu nə yaxşı şeymiş, elə aktyor olacam. Xalq artisti Ağakişi Kazımov, Ənvər Vəliyevdən dərs aldım. Üstümdə əməkləri olub.

- Qızlar sizi yönəltdi aktyorluğa?

- Hə qızlara görə (gülür). Beləcə daha rejissorluğa getmədim.

- Bu sənətə gəlməkdən peşman deyilsiniz?

- Yox. Hərənin bir alın yazısı, missiyası, qədəri-qisməti var. Bəlkə görünüşümə görə baş rollar almadım, həmişə ikinci dərəcəli, xarakterik obrazlarda oynamışam. Amma bu kiçik rollarla yadda qalmaq da hünərdir. Elə aktyor var, görünüşü, səsinə görə daim baş rollara dəvət alır, amma içi bomboş…

- Əvvəllər sənətinə heyran olub, yaxından tanıdıqdan sonra məyusluq keçirdiyiniz məşhurlar var?

- Olub. Baxmışam ki, sənəti böyük, amma insanlığı axsayır. Amma onların hamısının sənətinə görə qüsurlarından keçmək olar deyə düşünmüşəm. Ümumiyyətlə, xətasız kim olur ki? Gərək iş yerindəki problemləri o qədər də ürəyinə salmayasan. Yoxsa işləmək olmaz.

- Sizin “İmtahan” serialındakı rolunuz unudulmazdır. Əlindən əl yaylığı düşməyən, fərsiz, ikiüzlü oğul və ər rolu. Amma filmdə arvadınız rolunu oynayan 2 xanımın ikisi də çox sönük oyunçuluq sərgiləyirdilər.

- Onların heç biri aktrisa deyildi. Filmlərə bəzən aktyor olmayan adamları dəvət edilə bilirlər.

- Aktyor olmayan tərəf müqabilləri ilə oyun çətin olmur?

- Çox çətin olur. Film və tamaşalarda ondan çox arvadım olub, heç birindən yarımamışam. Əsas odur həyatda arvad sarıdan bəxtim gətirib.

- Elə söz açılmışkən ailəniz barədə də bilmək istərdik. Xanımınız da incəsənət adamıdır?

- Yox, xanımın incəsənət adamı deyil. 3 balam var. Biri İqtisad, o biri Xəzər universitetində oxuyur, o biri hələ balacadır.

- Aktyorlara verilən qiymətdən razısınız?

- Hər şey zamana və yerinə görə dəyişir. Bəzən özümüz özümüzə qiymət vermirik. Bir epizod yadıma düşdü, onu qeyd eləmək istəyirəm. “Əli və Nino” filmində Xacə rolunda çəkilmişdim. Bu filmdə montajdan sonra ən böyük rol məndədir (gülür). Azərbaycanlı aktyorları çəkmişdilər, amma sonradan kəsib-doğrayıblar. Çəkilib heç göstərilməyən aktyorlar da oldu. Filmin təqdimatı ilə bağlı mətbuat konfransı keçirildi, xaricdən gələn qonaqlara suallar verildi, bizə heç kim diqqət etmədi, bir kəlmə danışdırmadı. Bizim özümüzünkülərə dəyər verməməyimiz bir az incidici vəziyyətdir.

- Bəs teatrda necə?

- Yaşlı aktyorların təqaüdə göndərilməsi də məni qane edən vəziyyət deyil. Onların hərəsi bir məktəb, bir təcrübədir.

- Eşitdiyimə görə, “Azdrama” ən çox qalmaqallar olan teatrdır.

- Deməzdim. Pərdə arxasında qalmaqal olmayan yer yoxdur axı. Bir ailədə qardaş-bacıların da arasında söz-söhbət olur. “Azdrama” böyük bir məktəbdir.

- Heç könlünüz qırılmayıb bu teatrda? Heç problem yaşamamısınız?

- Bir dəfə uşaq tamaşası olasıydı. Gəldim tamaşaya, girdim ki, otaqda kostyumum yoxdur. Heç demə tamaşa ləğv olunub, onun yerinə məşq salıblar, xəbərim olmayıb. Bu mənim səhvim idi. Məşqə çatdım, rejissorla eyni zamanda qapıya yanaşdıq, yol verdim, o keçdi, soruşdu, niyə gec gəlmisən? Dedim gecikməmişəm, teatrda idim. Məndən sonra iki aktyor gəldi, hərəsi 10-15 dəqiqə gecikmişdilər. Rejissor əsəbiləşdi. Nə başınızı ağrıdım, onlara heç nə demədilər, mənə töhmət verdilər. Biri yaşlı idi, biri də rejissorun dostu, məni cavan görüb verdilər qabağa (gülür).
Bir də rəhmətlik, Xalq artisti Azər Paşa Nemətovdan incimişdim. Məni teatrdan küsdürmüşdü.

- Niyə?

- Azərpaşa Nemətovu mənim həyatımdan 7 ilimi alıb. Onun rəhbərik etdiyi dönəmdə teatrda 7 il heç bir rolda oynamadım, imkan vermədi. Çünki onun zövqündə olan aktyor ola bilmədim. Allah rəhmət eləsin, gözəl işlər yaradan rejissor idi. Amma belə bir haqsızlıq da eləmişdi. Həm də tək mənə qarşı yox.

- Bildiyimə görə, 2 gənc rejissor bütün tamaşaların yükünü çəkirmiş, amma ad olaraq onun adı gedirmiş.

- İki gənc rejissorla gəlmişdi, onlardan biri indi Lənkəran Teatrında işləyir. Biri köçüb gedib xaricə. Teatra gəlib bir il sonra da Prezident mükafatı aldılar.

Belə olmur axı. 20 ilin aktyoruyam, mükafat nədir bilmirəm. Amma yox, haqqını yeməyim, bir dəfə teatrın yubileyi ilə bağlı medal verilmişdi, mən ona taxta medal deyirəm. Elə bildim aktyorlara verilib, heç demə qapıçıdan tutmuş süpürgəçiyə qədər hamıya paylayıbmışlar. Rejissor öz komandasını yığanda, tanışlığa görə rol veriləndə problem başlayır. İndi şəxsi münasibətlər üstündə çox şey qurulub. Belə rejissorlar sənətə xəyanət edən adamlardırlar. “Mənim aktyorum” deyə bir şey olmamalıdır. Mən hələ istədiyim rolu oynamamışam.

- Fəxri ada da namizəd verilməmisiniz?

- Yox. Nə vaxtsa verərlər də yəqin. Daha verməyə adam qalmayanda. Kriteriyalara layiq deyiləm də yəqin. Adam tanıyıram, kostyum, qalstuk geyinib gəlir tədbirə, adı çəkiləndə də deyir, aaa, xəbərim yox idi. Necə yox idi? Hazırlanıb gəlmisən də. Cəfər Namiq Kamal kimi böyük aktyor 52 yaşında Əməkdar artist adını alıb. Mən də 10 il gözləyim. Əslində mənə bu saat fəxri addan çox mükafat lazımdır. Prezident mükafatı aktyorlara maddi dəstək kimi verilir. 3 övladım var, ikisi tələbədir. Onları bir tərəfə çıxartmaq lazımdır, bu maddi vəsait tələb edir. Qarabağ müharibəsi zamanı həmkarlarımla o qədər ön cəbhəyə getmişəm. 130 kiloluq adamam, dizimi yerə qoyub baş əyirdim o cavan əsgərlərimizə. Allah şəhidlərimizə rəhmət eləsin. Əlimdən gələn hər cür yardımı mən də etdim. Amma qələbəmizdən sonra Qarabağda bu qədər tədbirlər olur, heç birinə dəvət almıram, bu məni incidir. Xarakterik aktyoram, istənilən rolu verə bilərlər. Nə qədər vətənpərvər adam olduğumu ətrafımdakı hər kəs bilir.

- Rollarınızdan sonra tamaşaçılardan hansısa emosional rəylər nifrət və ya sevgi görmüsünüz?

- “Bir qadın” serialında heç vaxt pulu olmayan avara rolunu oynayırdım. Daim pul istəyirdim bacımdan. O serialdan sonra başıma məzəli bir hadisə gəldi. Küçədə gedirdim. 60-65 yaşlı bir xanım qabağımı kəsdi, dedi, “sənə pul vermək istəyirəm”. Soruşdum niyə? Dedi, sənin heç vaxt pulun olmur, ondan bundan pul istəyirsən, yazığım gəlir, kömək eləmək istəyirəm sənə. Başa saldım ki, bu sadəcə roldur, Allaha şükür öz başımı dolandıracaq qədər qazana bilirəm. Bir dəfə də bankda idim, bir oğlan yaxınlaşdı ki, sənin o rolunu görəndə elə bilirəm o mənəm. Sən o rolda sərxoş olub qəribə səs çıxarırsan, xoşuma gəlir. Başqa bir qadın da hündürdən dedi ki, “kül başına, gör sən nə gündəsən də. O rola bax, özünü düzəlt”.

- Son olaraq ürəyinizdən nə keçir, nə demək istəyərdiniz?

- Daha çox fayda verə bilərəm, bunu bilirəm. Qalan hər şey düzələr.

# 4066 dəfə oxunub

Oxşar xəbərlər

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

13:00 23 noyabr 2024
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

12:23 23 noyabr 2024
Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
#
#
# # #