Lütfəli Abdullayevin qızı: "Oğrunun əlindən tutub evə gətirdi" - Müsahibə

Lütfəli Abdullayevin qızı: "Oğrunun əlindən tutub evə gətirdi" - Müsahibə
22 mart 2022
# 14:00

Bu gün böyük aktyor, Xalq artisti Lütfəli Abdullayevin doğum günüdür. Kulis.az “Atamın xatirəsi” layihəsində aktyorun qızı Gülnarə Abdullayeva ilə müsahibəni təqdim edir.

- Gülnarə xanım, layihəyə dəvən olunarkən atanızla bağlı ən çox nəyi xatırladınız?

- Əlbəttə, xatirələr çoxdur. Atam rəhmətə gedəndə mənim on bir, bacım Xurşidin on üç yaşı vardı. Buna baxmayaraq, bizim ən xoşbəxt, sevinc dolu illərimiz atamla olan illər idi. Atamın məşqləri, tamaşaları, işləri çox olurdu, amma o, bizə çox vaxt ayırırdı. İşdən imkan tapan kimi məni, bacımı gəzməyə də aparardı, qastrollara da gedirdik.

- Atanız gec ailə həyatı qurub. On beş il ananızdan cavab gözləyib.

- Elədir. Atam anamdan “hə” cavabı almaq üçün on beş il gözləyib. O, hər dəfə elçilərini göndərsə də, ona yox cavabı verirmişlər. Atam isə öz fikrində qalıb, deyib, mən ancaq Sevda ilə evlənəcəm. Nəhayət 1957-ci ildə atamın 46, anamın 32 yaşı olanda onlara ailə qurublar. Mən anadan olanda atamın 48 yaşı olub. O, həmişə deyirdi ki, mən bilmirəm uşaqlarımın böyüməsini, toylarını görə biləcəm, ya yox. Ona görə də çalışırdı ki, bizimlə çox vaxt keçirtsin. Anam çox ciddi və bizim üzərimizdə nəzarəti güclü olan adam idi. Amma atam bizə heç vaxt yox deməyib. O, bizim bütün ərköyünlüyümüzə dözürdü və nə deyirdik, əməl etməyə çalışırdı.

- Lütfəli müəllimi insan və ata kimi necə xarakterizə edərsiniz?

- Atam komik aktyor olsa da ciddi adam idi. Atamın səsli gülüşünü eşitdiyimi xatırlamıram. Nəsə gülməli əhvalat danışırdı, onun ətrafındakı adamlar qəhqəhə ilə gülürdülər, ancaq o, gülümsünürdü. Onun özünü nə zamansa yüngül apardığının şahidi olmamışam. Ümumiyyətlə, bizim ailədə çox ciddi atmosfer vardı.

- Mühafizəkar kişi olub. Hətta sizin aktrisa olmaq istəyinizə də yox deyib?

- Mən uşaqlıqdan istəyirdim baletə gedim. Rəhmətlik Qəmər Almaszadə bizim evə gəlib-gedən adam idi. Bir gün o, məni yoxladı və atama dedi ki, mən bu qızı ulduz edəcəm. Atam dedi, nə, elə bircə bu qalıb ki, mənim qızımı səhnədə kimsə qucağında ora-bura aparsın. Bu cür söhbətlər bizim evdə qadağan idi. Atam bizə demişdi ki, siz səhnəyə çıxsanız, ancaq pianoçu kimi çıxa bilərsiniz. Mən də, bacım Xurşid də Bülbül adına musiqi məktəbində oxumuşuq. Ancaq səhnəyə çıxmamışıq. Bilirəm ki, atam heç bizim rejissor olmağımıza da icazə verməzdi.

- Ananıza qarşı münasibəti necə idi, onu qısqanırdı?

- Axırıncı günə qədər anam onun üçün hər şey idi. Atam hər gün evə gül-çiçəklə gəlirdi. Mənə elə gəlir ki, onlar bir yerdə ola bilmədikləri on beş ilin əvəzini çıxırdılar. Bir də onun anama sevgisindən başqa həm də çox böyük hörməti vardı. Bununla yanaşı, əlbəttə anamı qısqanırdı. Anam alman dili mütəxəssisi idi. Atamla ailə quranda atam ona demişdi ki, mən istəmirəm, sən işləyəsən, əgər işləmək istəyirsənsə, onda professor olacaqsan. Anam isə işləmək istəyirdi. Ona görə razılaşdı. Yadıma gəlir, onun işləməsi, yüksəlməsi üçün atam hər cür şərait yaratmışdı. Bəzən anam elmi işlə bağlı üç, dörd ay Moskvada qalırdı. Atam evin bütün işlərini qaydasına salırdı. Bizim evə üç, dörd qadın gəlirdi. Biri təmizlik işlərini edir, o biri təsərrüfata baxırdı. Anam ancaq xörək bişirirdi. Atam da anam bişirən xörəkləri yeyərdi. Bizə isə dayələr baxıb, qulluq edirdi. Atam anamı bütün ev işlərindən azad etmişdi. Anam 35 il Dillər Universitetində kafedra müdiri işlədi, çoxlu kitab yazdı. Anamın Ömər Faiq Nemanzadə ilə qohumluğu var. Ömər Faiq Nemanzadənin bacısı Şahzadə Nemanzadə anamın ata nənəsidir.

- Lütfəli müəllim məişətdə necə idi: bazara-dükana gedirdi?

- Biz heç vaxt Bakıdan heç nə almamışıq. Səhər açılan kimi rayondan bizə paylar, bağlamalar gəlirdi. Atam əti çox sevirdi. Ətdən tutmuş, yağa, çörəyə qədər hər şeyi rayondan göndərirdilər.

- Kimlər göndərirdi?

- Dostları. Bəzən, elə olurdu, heç bilmirdik kimlər yollayır. İri zənbilləri gətirib qapıya qoyurdular, deyirdilər, misalçün Əhməd müəllim göndərib. Qalırdıq məəttəl ki, görəsən Əhməd müəllim kimdir?

- Atanız həm də çox qohumcanlı adam olub...

- Atam rəhmətə gedəndən sonra bizim “Jek” müdiri gəlib anama demişdi ki, ay Sevda xanım, sizin evdə iyirmi nəfərə yaxın adam qeydiyyatdadır. Kim Şəkidən gəlirdi, evi yox idisə, onun üçün ev tuturdu, pulunu verirdi. Buna imkan olmayanda da bizim evə qeydiyyata saldırırdı. Biz çox hadisələri atam öləndən sonra bildik. O, elə məsələlər haqqında gəlib evdə danışmağı xoşlamırdı. Bizdə, qonşuda Ağəli adlı kişi vardı. Maşın yuyurdu, gətir-götür işlərinə baxırdı. İçən adam olduğuna görə papa onun ləqəbini “Ley-pey” qoymuşdu. Bir dəfə o, kiminsə maşınını yuyanda maşından nə isə itir, Ağəli əmini həbs edirlər. Üç-dörd il həbsxanada yatdığı müddətdə atam onların ailəsinə köməklik edib. Bunu da biz papa öləndən sonra bildik. Ağəli əminin arvadı Gülsüm xala bizə gələndə demişdi ki, onların ailəsini, beş uşağı, demək olar, atam saxlayıb. Onları instituta qoyub, hər gün bazarlıq edib həm evlərinə, həm də həbsxanaya yollayıb.

- Özü içən adam idi?

- Bilirsiniz, mən heç vaxt atamı içkili görməmişəm. Bizdə qonaqlıqlar olanda bir az içirdi. Amma içib sərxoş olduğunu görməmişik. Onu da bilirdik ki, atam bir rumka içki içsə, olurdu ürək. Nə istəyirdinsə istə, dərhal yerinə yetirərdi. Əgər həmin vaxt mama desəydi ki, indi Moskvada gəzmək istərdim. Bir saatın içində bilet alırdı, anamı da qoltuğuna vurub Moskvaya uçurdu. Beş-altı saatdan sonra da qayıdırdılar Bakıya. Anamın sözü onun üçün qanun idi.

- Yəqin, atanızın da sözü ananız üçün o qədər keçərli olub.

- Əlbəttə. Atam içəri girəndə, anam iş görsə də, yazı yazsa da mütləq ayağa qalxırdı. Biz də həmçinin. Hərəmiz bir tərəfə qaçırdıq, onun əşyalarını gətirirdik. Bacımla mən onun “tapıçka”larını gətirmək üstündə bir-birimizi öldürürdük. Evdə atamın hörməti çox böyük idi.

- Şəmsi müəllimlə də, həm yaxın qonşu, iş yoldaşı və çox yaxın dost olublar.

Gallery
- Atamın elçiliyini Şəmsi müəllim edib. O, nənəmin yanına ilk dəfə gedəndə nənəm ona deyib ki, ayıb olsun sənə. Sən Bədəl bəyin nəvəsi gör, kimin üçün mənim qapıma elçiliyə gəlmisən. Lütfəli heç olmasa dram aktyoru olsaydı, sənə acığım tutmazdı. Şəmsi müəllim təbii ki, pərt olub. Ömrünün axırına qədər deyirdi ki, Lütfəli məni Xədicə xanımın yanında pərt elədi. Biz Şəmsi əmigilin ailəsi ilə çox yaxın olmuşuq. Demək olar ki, hər gün bir-birimizin evinə get-gəlimiz olub. Bizim qapımız Şəmsi əmigilin eyvanından görsənirdi. O, hər səhər binokl ilə baxırdı bizə tərəf. Görürdü ki, bizə rayondan, kənddən paylar gəlir. Tez zəng vurub deyirdi, Lütfəli, ətdən, lavaşdan, pendirdən bizə də göndər. Atam da gülürdü, deyirdi, ay Şəmsi, imkan ver, yaşayaq də. Şəmsi müəllimin həyat yoldaşı Leyla xanım, oğlu Fərhad atam üçün çox əziz insanlar idi. Amma bir şeyi də deyim ki, bacım da, mən də uşaq olanda Fərhaddan zəhləmiz gedirdi. O, bizdən yaşda çox böyük idi. Mənimlə on beş il yaş fərqi vardı. Fərhad bizim evə gələndə, biz ağlayırdıq, bizi başqa otağa aparırdılar. Onu atama çox qısqanırdıq. Ona görə ki, atam indi istəməsin, Fərhadı çox istəyirdi. Fərhad onun üçün hər şey idi.

- Bu istək özünün oğlu olmamasından qaynaqlana bilərdi?

- Bəlkə də. Bizə evdə cehiz kimi nə alınırdısa, ondan mütləq üç dəst olurdu. Yadımdadı Fərhad bir dəfə xarici müsabiqədə birinci yer tutub qayıdanda vağzalda onu qarşılayırdıq. Atamın onda həyəcandan ürəyi tutdu, onun üçün təcili yardım gəldi. Atam rəhmətə gedəndən sonra onun dostları Süleyman Ələsgərov, Vasif Adıgözəlov və başqaları gəlirdilər. Ancaq Şəmsi əmi kimi sadiq dost olmadı. Qırx gündən sonra bizim ev boşaldı. Ancaq Şəmsi müəllim bizi unutmadı. O, bizim evimizin böyüyü idi. Bizim evimizin bütün problemlərini, işlərini Şəmsi müəllim həll edirdi. Şəxsən mən kinoya getmək üçün anamdan icazə istəyəndə deyirdi, zəng vur, Şəmsiyə, ondan soruş. O, icazə versə, gedərsən.

Lütfəli Abdullayevin yadigarı: "Dedi, mən də olsaydım, qızımı verməzdim" -  FOTO


- Lütfəli müəllimin ən uğurlu tandemlərindən biri Nəsibə Zeynalova ilə alınmışdı. Onunla münasibəti necə idi?

- Çox gözəl. Biz bu günə qədər də Cahangirlə bacı-qardaş kimiyik. Nəsibə xanımın ailəsi ilə çox yaxınıq.

- Amma bildiyimə görə, Nəsibə xanım sizdə heç vaxt qonaq olmayıb

- Olub, olub. Mütəllim müəllimlə onlar həmişə bizə qonaq gəlirdilər. Hətta mənim yadımdadır ki, yayda biz onlarla Kislavodskiyə istirahətə birgə gedirdik.

- Lütfəli müəllim Dusya adlı bir malakan qızını da övladlığa götürüb. Bunun tarixçəsi barədə nə deyə bilərsiniz?

- O vaxtlar Malakan bağına malakan kəndindən qadınlar gəlirdi. Onların çoxunu dayə kimi evlərə işə götürürdülər. Ona görə ki, həm çox təmizkar, həm də düz olurdular. Atam da bir gün gecə on ikidə tamaşadan qayıdanda görüb bir qız tək oturub, yanında heç kim yoxdu. Yaxınlaşıb soruşub ki, sən burda nə edirsən, o da deyib, məni burda heç kim işə götürmür. Atam onu evə gətirib anama tapşırmışdı. Demişdi, yazıqdı, uşaqdı, başına hər iş gələ bilər. O, 1957-ci ildə bizim evə gəldi. 2001-ci ildə də elə bizim evdə rəhmətə getdi. O bizə ikinci ana kimi idi. Və Dusyanın sözü bizim evdə birinci idi. Atam ona böyük qızı kimi baxırdı. Onun ailəsi yaşayan Hilmili kəndinə getdi, ailəsini tapdı. Bundan sonra həmin kənd atamın üstündə idi. Hamısına köməklik edirdi. Ərzaqdan tutmuş, traktora qədər hər şeyi danışıb ora göndərtdirirdi. Təzə bazarın müdiri atamın yaxın dostu idi. Atam o kənddən gəlib orda kələm tutması satan adamlar üçün yer də ayırtdırmışdı və bunun üçün malakanlar pul ödəmirdilər. Hamı da deyirdi ki, o yer Lütfəlinin yeridi.

- Lütfəli müəllim teatr aktyoru idi. Teatr isə özünəməxsus intriqaları olan məkandır. İş həyatında belə intriqalar olurdumu?

- Atam teatrda ağsaqqal idi. Bunu bütün aktyorlar bilir. İndi sağ qalanlar da təsdiq edər. Baxmayaraq ki, Şəmsi müəllim və ondan da yaşlı adamlar teatrda var idi. Şəmsi müəllimin teatrda direktor kimi də, müdir kimi də böyük avtoriteti olub. Ancaq teatrdakı bütün səliqə-səhmana atam baxırdı. Orada heç kimin intriqa aparmağa ixtiyarı yox idi. Mən atamın nə kişi, nə də qadın haqqında pis söz dediyini eşitməmişəm. 73-cü ildə atam rəhmətə gedəndən sonra Şəmsi müəllim də teatrdan çıxdı. O, anama demişdi ki, mən Lütfəlisiz bunlarla bacarmaram. Halbuki, yenə deyirəm, o, teatrda çox hörmətli adam idi, Hamı "dayı" deyirdi ona. Inanın ki, maaş günü atam heç vaxt pulunu evə gətirmirdi. Anam gülürdü, deyirdi, ay Lütfəli, maaş hanı? Atam deyirdi, maaşı işdə ehtiyacı olan adamlara verdim.

Gallery

- Bəs özünün qazancı hardan olurdu?

- Bilirsiniz, onlar qastrollarda yaxşı pul qazanırdılar. Tutaq ki, bir gündə iki tamaşa olmalı idisə, atamgil altı tamaşa verirdilər. Həmin əlavə tamaşaların pulu aktyorlara qalırdı. Atam qastrollardan gələndə bir neçə gün yataqdan qalxa bilmirdi. Bizim üçün isə ən böyük bayram teatra və atamın tamaşalarına getmək idi. Anam gündəliklərimizə baxırdı, əgər yaxşı qiymətlər vardısa, bizə icazə verirdi ki, teatra gedək.

- Atanızı səhnədə görəndə nə hiss keçirirdiniz?

- Atam çox istəyirdi ki, biz onun tamaşalarına gedək. Şəmsi müəllim nə atama, nə də Nəsibə xanıma tamaşa zamanı icazə vermirdi improvizələr etməyə. Onlara irad tuturdu ki, tekstdən kənar danışmayın. Sonralar Şəmsi müəllim mənə deyirdi, onların improvizələri mənim çox xoşuma gəlirdi, ancaq mətndən kənara çıxın, nə istəyirsiniz edin deyə bilmirdim.

- Lütfəli müəllim də, Nəsibə xanım da improvizə aktyorları idilər.

- Bəli. Onların tamaşaları bir-birinə bənzəmirdi. Atam bizə deyirdi ki, siz lojada əyləşin və baxın. Şəmsi gələn kimi mənə işarə verin. Şəmsi müəllim gələn kimi biz dirijora işarə verirdik, o da atama əl ilə başa salırdı. Bunu bir gün Şəmsi müəllim başa düşdü və növbəti tamaşalarda başqa lojadan gəldi. Atamla da Nəsibə xanım özlərini səhnədə öldürürdülər. Tamaşadan sonra o, atamgili çağırıb sorğu-sual edirdi. Hər ikisi məəttəl qalırdı ki, axı teatrda olmaya-olmaya bunu necə bilib (gülür). Mənim yadımdadır ki, “Hicran” tamaşasında ilk dəfə atam iştirak edib, ondan sonra rəhmətə gedib. Atamdan sonra onun rolunu Siyavuş Aslan ifa edib. Atam, Hacıbaba və Nəsibə xanım o tamaşada elə improvizələr etmişdi, tamaşadan sonra əsərin müəllifi Sabit Rəhman atamı çağırıb demişdi ki, ay Lütfəli, o sözləri mənə de, mən dəyişdirim. Atam da demişdi ki, mən onu təkrar edə bilmərəm axı, dedim getdi. Cazmenlər kimi idi onların tamaşada iştirakı. Ona görə də atam həmişə deyirdi ki, mən tamaşada ancaq Nəsibə ilə oynaya bilirəm. Atamın o teatrda sevimliləri Bəşir Səfəroğlu, Siyavuş, Nəsibə xanım və Mobil idi.

- Özünün ən çox sevdiyi rolu hansı idi?

- Mənə elə gəlir ki, özünün ən çox sevdiyi rolu “Əhməd Haradadır” filmindəki Zülümov idi. Bilirsiniz, atam kinonu xoşlamırdı. Ona görə də onun iştirakı ilə olan filmlər azdır. Həmişə deyirdi ki, mən insanları görməsəm, onları hiss etməsəm, oynaya bilmirəm. Mənim yadımdadır, Yuri Qusman atamı “Mozalan”a çəkmək istəyirdi. Atam isə yox demişdi. Qusman səhər bizə gəlib atamı yataqdan qucağında götürüb aparmışdı.

- Evdə heç məşq edirdi?

- Atam rollarının hamısını ərəb əlifbası ilə yazırdı. O, nə rus dilini, nə də kiril əlifbasını bilirdi. Onun mətnlərinin üzünü anam köçürürdü çox vaxt. Rolların hamısını da anam onun üçün oxuyurdu. Atamın balaca kitabçası vardı, orda özü üçün qeydlər edirdi. Amma evdə heç vaxt məşq etmirdi. Şəmsi müəllim də buna görə əsəbləşirdi, deyirdi, bu, rolu bilmir. Atam hər şeyi səhnədə edirdi.

- Ölümünü necə xatırlayırsınız?

- Atamla Nəsibə xanım bir yerdə tamaşada olublar. Atam ordan gələndən sonra telefon kitabçasını açıb bütün dostlarına zəng etməyə başlayıb. Saat on birdə düz dörd dəfə Şəmsi müəllimə zəng vurdu. Axırda Şəmsi müəllim hirslənib demişdi ki, mən konsertə baxıram, nə istəyirsən məndən? Sonra Bəxtiyar müəllimə (Bəxtiyar Vahabzadə - red) zəng vurdu. Ona dedi ki, gedirəm, bu gün Mahmudu görəcəm, bir sözüm var? Bəxtiyar müəllimlə atam bir sinifdə oxuyublar, ikisi də şəkilidilər. Elə bilib onunla nə isə zarafatlaşır. Deyib Mahmudu görsən denən əmanəti hara qoyub, yerini desin, tapa bilmirik. Beləcə gülüşüb, zarafatlaşıb sağollaşıblar. Dəstəyi qoyandan sonra anam dedi, Lütfəli başa düşmədim, sən hansı Mahmuddan danışırdın? Atam deyib, Bəxtiyarın atasından, bu gün onu görəcəm. Vəssalam. Bunu deyəndən sonra gedib yatmağa. On beş dəqiqədən sonra huşunu itirib.

Gallery

- Vəsiyyət etmədi?

- Hardasa ölümündən on gün əvvəl Ağadadaş Qurbanov rəhmətə getmişdi. Onun dəfnində mərhumun üzü açıq qalsın, qalmasın deyə məsələ müzakirə olunmuşdu. Onda atam anama demişdi ki, bax, mən öləndə heç kimlə heç bir mübahisə etmə. Necə desələr, elə də basdırarsan. O, çox istəyirdi ki, anasının yanında dəfn olunsun, amma bilirdi ki, icazə verməyəcəklər. Ona görə onu da anama tapşırmışdı, demişdi, harda desələr, məni orda da basdırarsan.

Atamın şəkəri vardı. Həkim ona demişdi ki, pəhriz saxla. Atam demişdi, pəhriz saxlasam da öləcəm, saxlamasam da. Heç olmasa, tox ölüm. Heç vaxt dieta saxlamırdı. Ümumiyyətlə, mən heç vaxt atamı xəstə yatan görməmişəm. O, hərdən özünü xəstəliyə vururdu. Ancaq bunu məqsədli şəkildə edirdi ki, tamaşada özünün yerinə Siyavuşu səhnəyə çıxartsın.

- Istəyirdi ki, o, çox görsənsin?

- Bəli. Siyavuş atamın dublyoru idi. O zamanlar teatra rəsmi dövlət adamları gəlirdi. Atam da istəyirdi ki, onun yerinə Siyavuş səhnəyə çıxsın və onu görsünlər. O adamlar atama görə gəlirdilər, ancaq atam Siyavuşun görsənməyini istəyirdi. Mən onun yatağa uzanıb özünü xəstəliyə vurmasını öz gözlərimlə görmüşəm.

- Ananız nə deyirdi?

- Anam demişdi ki, məni bu işə qatma, mən Şəmsiyə yalan deməyəcəm. Onda atam mənə dedi ki, Şəmsi zəng vursa, sən cavab ver. Tamaşanın başlanmasına az qalmış Şəmsi əmi bizə zəng vurdu, mən dəstəyi götürən kimi mənə dedi ki, qde tvoy niqaday otets? Mən də ona cavab verdim ki, niqaday tı sam. Dedim və dəstəyi asdım, atama da dedim ki, o, sənə belə dedi, bir də bura gəlməsin. Şəmsi müəllim hardasa bir ay mənə görə bizə gəlmədi. Sonra atama deyirdi ki, Lütfəli, uşaqla danış, gəlim, söhbətim var. Atam da deyirdi, yox, Gülya deyir gəlməsin.

- Sizi çox istəyirdi?

- Hə... Atam həmişə mənə anam deyirdi. Mənə anasının adını qoymuşdu. Həm də atam bizim ona ən ehtiyacımız olan bir zamanda bizi tərk etdi. Mənə elə gəlir ki, atam allahın vergisi idi. O, sevgi ilə olan hər şeyi sevirdi. Ən zəhləsi gedən xüsusiyyət isə xəsislik idi. Həyatı, insanları çox sevirdi. Mənim yadımdadır ki, biz "AZİ" ilə üz-üzə yaşayırdıq, orda oxuyan, tanımadığımız adamlar gəlirdilər bizim qapımıza ki, Lütfəli müəllim, bizə qiymət yazdırın. Atam onların qiymət kitabçalarını götürüb girirdi dekanın yanına, hamısına qiymət yazdırıb çıxırdı. Anam bunu biləndə dəhşətə gəlmişdi. O, əsl müəllim və ciddi adam idi. Deyirdi, sən bunu necə edirsən, ayıb deyil sənə, axı sən bu tələbələri korlayırsan? Anama deyirdi, sənin işin yoxdur, mən beləyəm.

Gallery

Bir dəfə də atam toydan evə gələndə bir oğlan onun başından bahalı papağını oğurlayıb qaçır. Atam isə tövrünü pozmadan yoluna davam edib. Papağı oğurlayan atamı tanıyıb geri qayıdır, papağı ona vermək istəyəndə atam əlindən tutub evimizə gətirmişdi. Anamla biz məəttəl qaldıq, fikirləşdik ki, Yəqin atam içib, nə baş verdiyini başa düşmür, ona görə, oğrunu evə gətirir. Atam oğru ilə evə gələn kimi anama deyib ki, tez ol süfrəni aç. Anam süfrəni açıb. Atam o oğlanla bir süfrədə əyləşib, yeyib içiblər. Oğlan bizdən gedəndə atam onun cibinə pul qoyub, elə yanında anama deyib ki, bax, Sevda, mən olmasam evdə, bu oğlan nə vaxt gəlsə, pula ehtiyacı olsa verin. Aradan neçə illər keçəndən sonra o oğlan atamın ölüm xəbərini eşidib bizə gəlmişdi. Bizim evdə qırx gün fəhləlik elədi. Hər gün səhər açılandan gəlirdi, düz axşama qədər... Qırx gündən sonra isə biz onu görmədik.

- Özü üçün nə isə xahiş edirdi?

- Ona heç nə lazım deyildi. Ev bağışlamışdırlar. Həmin ev indiyə qədər qalır. Bundan başqa, bağı, maşını, pulu var idi. Anamgilin ailəsi 37-ci ilin repressiyasından keçmişdilər. Bir dəfə atam anam üçün beş-cür şuba alıb gətirdi. Dedi, götür, hamısını sənə almışam. Anam isə onların içərisindən ən ucuz olanını seçdi. Dedi, qalanlarını qaytar, mənə beş şuba lazım deyil.

- Qorxu idi, ya gözütoxluq?

- Anam çox gözütox qadın idi. Amma qorxu da vardı. Xoşlamırdı elə şeyləri. Deyirdi, mən dərs deyirəm, müəlliməyəm. Onun barmağında bircə nişan üzüyü vardı.

- Böyüyəndən sonra atanızı ekrandan, şüşə arxasından görmək necə hiss idi?

- Mən “Arşın mal alan”a baxıram, heç nə hiss etmirəm. Çünki onun cavanlıq vaxtını yadıma sala bilmirəm. Ancaq uzun illər atama ekrandan baxa bilmirdim. İndi baxıram, kövrəlirəm.

- Zaman nələrisə dəyişir?

- Yox, ağrı da necə var elə qalır. Sadəcə olaraq, adam yanında olmayan insanın yoxluğuna öyrəşməyə məcburdur.

- Atanızla olan sonuncu gün yadınızdadır?

- Yadımdadır. Atam huşun itirən kimi anam həkiminə zəng vurdu. O, komaya düşmüşdü. On beş dəqiqənin içərisində bizim evimiz adamlarla doldu. Bacımla məni dərhal Vasif müəllimgilə (Vasif Adögözəlov - red) göndərdilər. Mənim yadıma gəlir ki, biz həmin gecəni Vasif müəllimgildə qaldıq. Səhəri gün bizi anamın bibisi gəlib apardı. Atam gecə və ertəsi gün huşsuz vəziyyətdə qalıb. O, günorta saat ikidə keçinib. Atamın həkimi əvvəl elə bilib ki, şəkər komasına düşüb. Ancaq sonra bizim başqa Saşa adlı ailə həkimimiz dedi ki, atamda qansızma baş verib. Biz risk edib venaları aça bilərik, bəlkə tromb hardansa çıxar. Ancaq atama baxan həkimlər buna razı olmamışdılar. Sonradan məlum oldu ki, Saşa düz deyirmiş. Şəmsi müəllim Moskva ilə danışmışdı, xüsusi reyslə atamı aparacaqdılar. Təəssüf ki, vəfat etdi, çatdıra bilmədilər. Mən onda uşaq idim. Amma hiss edirdim ki, bir də papanı görə bilməyəcəm.

- Yuxuda görürsünüz?

- Çox tez-tez görürəm. Bəzən elə olur ki, bir həftədə iki, üç dəfə görürəm. Artıq bilirəm ki, atamı görəndə nə isə yaxşı iş baş verəcək. Mamanı görəndə isə xəbər gələcək. Atamla mənim aramda çox böyük bağlılıq olub. Biz bir-birimiz olmadan yaşaya bilmirdik.

- Bəs yoxluğuna necə alışdınız?

- Çox çətin. Atamın bir şkafı vardı. Orda onun paltarları, kostyumları vardı. Anam onları iki aydan sonra başqa adamlara bağışladı. Mən anlamırdım ki, atamın paltarları niyə kiməsə bağışlanmalıdır? Anamla birinci konfliktim yəqin ki, onda olub. Ancaq anamıza cavab qaytara bilməzdik, nə də mən ona deyə bilməzdim, atamın paltarlarını vermə. Atamın evdə bircə ev paltarı qalmışdı. Yadıma gəlir, ona bürünüb saatlarla şkafda otururdum. Atam “Krasnıy Moskva” ətrini vurmağı və cibində qızılgül ləçəkləri gəzdirməyi çox sevirdi. Həmin paltarlardan atamın iyi, birdə o ətrin qoxusu gəlirdi. Indiyə qədər o qoxu mənim yadımda qalıb (ağlayır). Atam eyvanımızda dibçəklərdə qızılgül əkmişdi. O, öləndən qırx gün sonra həmin güllər də qurudu.

- Atanızın adı bu gün də sizə kömək edir?

- Əlbəttə. Bir dəfə bacımın portmanatı bazarda itmişdi. Onu tapan adam orda atamın şəklini görüb özü geri qaytarmışdı. Pullar necə var elə qalmışdı. Bu yaxınlarda mən özüm yol hərəkəti qaydasını pozmuşdum. Bilirdim ki, cərimə düşür. Ancaq polis şəxsiyyət vəsiqəmə baxan kimi mənə dedi ki, allah Lütfəli müəllimə rəhmət etsin, gedin. Atamın adı gələn hər yerdə qapılar həmişə bizim üzümüzə açıq olub.

- Ən çox nə zaman ehtiyac hiss edirsiniz ona?

- Həmişə. İndi də mən onu axtarıram. Atdığım hər addımda düşünürəm ki, bu, onun xoşuna gələrdi, ya yox. Uşaqlarıma da tapşırmışam ki, elə addım atın, babanızın adına heç bir xələl gəlməsin. O rəhmətə gedəndə də anam bizə demişdi eyni sözləri. Demişdi, nə edirsiniz, edin atanızın adını uca tutun.

P.S. Müsahibənin baş tutmasına görə Dövlət Film Fondunun Kino arxiv şöbəsinin müdiri Rəşad Qasımova təşəkkür edirik.

# 45432 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #