Zümrüd Yağmur: “Kişilər üstümüzə siqaret kötüyü atırdı” – Müsahibə

Zümrüd Yağmur: “Kişilər üstümüzə siqaret kötüyü atırdı” – Müsahibə
8 yanvar 2020
# 08:55

Kulis.az Şərif Ağayarın yazıçı Zümrüd Yağmurla müsahibəsini təqdim edir.

- Bir insanın, bir xanımın arzulamadığı mövzuda gündəm olması necə hissdir və sizcə bu nədən baş verir?

- Sosial şəbəkələr nifrət, kin püşkürür, hətta elə bir həddə çatıb ki, bəzən ora girmək çox çətin olur. İnsanımızım əhvalı həddə artıq depressivdir və bunun nəticəsi olaraq bu gün sanki biri digərinin az yıxılmasını gözləyir ki, içindəki kini ona püskürsün. Arzulamadığım mövzuda gündəmdə olmaqsa, mənim seçimim və ya etdiklərimin ucbatından deyildi. Bu haqda çox danışmaq istəmirəm. Amma təəssüf ki, bəzən biz yıxılanda ən güvəndiklərimiz belə sınaqdan çıxa bilmir.

- Qadın mövzusu olduğu üçün yadıma düşdü. Məşhur TED layihəsində məlum telefon danışığı ilə bağlı Monika Levinskinin bir çıxışı vardı. Deyirdi, insanlar, yaxın ətrafım məni sosial linç edərək intihara qədər aparıb-çıxardılar. Qəribədir, bu məsələyə heç bir adiyyatı olmayan, məni şəxsən tanımayan, heç bir pisliyim keçməyən adamlar da sanki məni intihara vadar edirdi...

- Mən də bu yaxınlarda bir videoya baxdım. Çində bir uşağı maşın vurur, hamı gəlib yanından keçir, heç kim fikir vermir. Məncə, biz məsələni o məqama gətirməyə çalışmayaq ki, müasir insan daha bəsitdir, daha laqeyddir, daha yaramazdır. Mən bu tendensiyanı qəbul etmirəm. Mənə elə gəlir ki, insanlıq, əslində, çox da dəyişməyib. İndi baş verənlər başqa formada hər zaman olub. Misal üçün, on səkkizinci əsrdə kütləvi edam səhnələri vardı, ata uşağını boynuna mindirib o səhnələrə baxmağa gedirdi. Həmin “edam səhnələri” bugünkü sosial şəbəkələrə daşınıb.

- Hüqonun “Paris Notrdam kilsəsi” yadıma düşdü...

- Bəli. Görürsünüz, qozbeli şallaqla vuranda insanlar ləzzətlə baxır, hətta linçdə iştirak edir. Sadəcə olaraq, onlar o zaman dar meydanda idilər, indi əhatə genişlənib və müdaxilə asanlaşıb. Hər şey bir kompüter düyməsinin altındadır.

- Yəni, bu şeytani ehtiras həmişə olub, sadəcə sosial şəbəkələr bu ehtirası daha asan üzə çıxarır...

- Eynən. İnsanın nə sevgisindən, nə də nifrətindən heç nə azalmayıb. Biz indi övladımızın hansısa sənədli filmdə şirin dovşanı parçalamasına baxmağına icazə vermirik, amma o dövrlərdə, bayaq dediyim kimi, atalar uşaqları ilə edam səhnələrini izləməyə gedirdilər. Yaxud, qladiator döyüşlərində biri mütləq digərini öldürməli idi. Deməli, “insanlıq bu gün ölüb, hər şeyini itirib, nifrət çoxalıb” deyə bir şey yoxdur. Yaxud, biz elə hesab edirik ki, indi sevgilər əvvəlki kimi deyil. Mən o hissin də azalmadığını düşünürəm. Biz bu gün də dünyada sevgisi üçün hər şeyini fəda edən insanlar görürük. İnsan dəyişməyib. Ümumiyyətlə, mənə görə, zalımlıq insanın təbiəti, mərhəmət isə seçimidir. Hər ikisi də həmişə olub.

- Və ədəbiyyat da mərhəməti artırmaq üçündür...

- Ədəbiyyat da, incəsənət də, bütün fədakarlıqlar da insanlıq üçündür. Amma bütün bunlar nə qədər gerçək insanlığı əks etdirir, ya da onu özünə tabe edə bilir, bunlar mübahisəlidir. Xüsusən ədəbiyyat, ən qatı zülmətdə bir işıq ucu göstərmək istəyir insanlığa, bu nə qədər realdır, həyatidir? Bu bilirsiz nəyə bənzəyir, pənbə dizilərin sonunda intriqalar aparan obraz məğlubiyyətə uğrayır, sentimental, dürüst obraz hər zaman qalib gəlir. Bu, müəyyən mənada aldanışdır. Həyatda belə bir qayda yoxdu. Sadəcə, insan hər zaman özünü nələrləsə ovutmağa, aldatmağa çalışır. Ədəbiyyat bunda nə qədər rol alıb, bunu da düşünmək lazımdır. Məsələn, fəlsəfə, insana qarşı daha acımasızdır, ya da bəlkə daha real olanı insanlığın üzünə çırpır? Ayrı-ayrı fərdlərə gəlincə, oyunun qaydalarına uyğun oynamayanda nə qədər haqlı olursan ol, haqsız çıxacaqsan. Gerçək həyat haqlı olmaqla, haqlı çıxmaq arasındakı mübarizədir. Haqlı olmaq başqadır, haqlı çıxmaq başqa... Və haqlı çıxan həmişə haqlı olan deyil. Çox zaman haqlı çıxan haqsız olur.

Dünya amansız yerdir. Nə insanlar var ki, baş üstündə olmalıykən ayaq altında qalmış, nə insanlar var, ayaq altda olmalıykən baş tacı edilmiş... Dünyanın bu gerçəyini anlayıb ondan ədalət gözləmək çox çətindir, amma bizim gedəcək başqa bir yerimiz də yoxdur.

- Belə düşünürsünüz ki, haqlı olmaq azdır, bunu sübut etməyi bacarmaq lazımdır?

- Elədi. Çünki həyatın öz oyun qaydaları var. Biz buna əməl etmədikdə çox zaman haqlı ola-ola haqsız çıxırıq.

Gallery

- Səmimiyyət bəzən insanı hədəfə çevirir.

- Bəzən yox, çox vaxt!

- “Anna Karenina” romanındakı kimi. Rus elitasında əksər qadınların həyat yoldaşından kənarda sevgilisi var. Anna sadəcə olaraq həqiqətən sevir və ifşa olunur, bu səmimiyyət onu ölüməcən aparır. Səmimiyyət Annanın faciəsidir...

- Səmimi olmağın ən böyük faciəsi budur ki, səmimi olanlar bunu davamlı edir və beləcə acını uzadır, ya da bütün ömrü boyu bununla yaşamağa məhkum olur. Belə adamları ətraf az qala dar ağacına çəkir. Amma hər kəsin, o dar ağacına çəkənlərin belə, içində lənətlədiyinin etdiyini etmək, onun kimi azad, hətta bəzən səmimi davrana bilmək ehtirası olur həm də...

- Ürəyindən keçirib edə bilməyənlər, ürəyindən keçirib, edə bilənlərə qarşı aqressiv olur.

- Mən niyə bu qədər cəsarətli deyiləm?! Mən niyə bu qədər azad deyiləm?! Niyə onun etdiyini edə bilmədim?! Bütün bunun heyfini edə biləndən alırlar. İnsan hər zaman etdiyinə bəhanə tapıb özünü ovuda bilir, az sayda insan olur ki, özü ilə səmimi olur. Əvvəllər düşünürdüm ki, insan özü içində kimliyini bilir, ən azından özü ilə səmimi olmağa gücü yetir. Sonra anladım ki, bu da mənim aldanışımdır. İnsanlar çox zaman təkcə kənar üçün deyil, özünə belə yaratdığı obrazı oynayır. Məsələn, birinə baxırsan, heç tənha, yalnız deyil, amma özünü inandırıb ki, tənhalığı sevir və buna uyğun da ətraf üçün obraz yaradır. Ya da başqa, zalım olub məzluma oynayanlar, riyakar olub səmimiyyətə oynayanlar var. “Olmaz” deyə-deyə bütün “olmaz”ları olana çevirənlər var. Kimsə də pis obraz yazmır, hər kəs “yaxşı” dediyimiz anlayışın içində şəkilləndirmək istəyir özünü... Bu, daha çox insanların bir-birinin həyatına müdaxilənin çox olduğu, hamının bir-birinə oynamağa, bir-birindən asılı olan cəmiyyətlərdə olur. Həm də o toplumlar da kı, orda insanların çox “olmaz”ları var və bu “olmaz” larda səmimi deyillər. Hətta bu “olmaz”lara nifrət edirlər, amma kimsə də cəsarət edib onları dağıtmır. Əvəzində daha sinsi “mübarizə” metodu seçir, qısacası, riyakarlığı... Məsələn, Qərb cəmiyyətində biri digərinə yaxşı obrazı yaratmağa çalışmır, çünki yaxşı adamın sərhədlərini kimsə zorlamır, ya da kimsə qarşısındakına daha yaxşı adam olduğunu sübut etmək üçün İncildən sitatlar gətirib ibadət etdiyini ünsiyyətdə olduğunun gözünə soxmur. Bizdəsə, məsələn, özünü dindar sayan biri hər kəlmə başı “bismillah” deyib sonra da ardında mən namaz əhliyəm deməklə sanki özünü qarantiyaya alır. Obraza girməyə çalışır. Halbuki cəmiyyət sağlam olsa, insanların “bismillah” demədən də bir-birinə güvəni olsa, buna ehtiyac qalmaz. “Niyə belədir?” soruşsaq, yenə eyni yerə gəlib çıxırıq. Biz özümüzü bütün bunlara məcbur buraxmışıq. Ətrafımızda, yaddaşımızda və yanaşmalarımızda nə varsa, bizi buna məcbur edir. Biz bizi yaşamağa, rahat nəfəs almağa mane olan yanaşmalarımızdan xilas etmək istəmirik.

Qatilinə vurğun qurbanlar kimi bizi məhv edən bu riyakar yanaşmaları bəsləyirik.

Ya da, məsələn, Qərb siyasətçisi heç vaxt “vətən, xalq” qışqırmır, amma bizdə siyasətlə məşğul olan mütləq bunu deməlidir. Sanki, sosial sifariş riyakarlığadır.

Ümumiyyətlə, bizim kimi cəmiyyətlərdə, kimsə yaxşı olmağa deyil, yaxşı görünməyə çalışır.

Gallery

- Sizin məlum ailə məsələnizlə bağlı söhbətlərdə də bəzən mən görürdüm ki, ən gözlənilməz adam ən amansız münasibəti göstərir.

- Açığı, mən çox istəyirəm ki, bu mövzu keçmiş olsun, keçmişdə qalsın. Çox uzun zamandır, on ilə yaxındır, bu söhbət davam edir. Mən insanların bir-birini incitməsini, linç etməsini istəmirəm. Cəmiyyətimizə ilk olaraq bu mesajı vermək istərdim ki, insanlar hər hansı bir problemi yaşayanda mədəni şəkildə hərəsi öz yoluna davam etməyi öyrənsin. Bu, çox vacib məsələdir. Çünki övladların aldığı zədəni sonradan heç nə ilə kompensasiya etmək olmur. Bir gün o zədə alan övladlar çıxıb üsyan edəndə, lənətə də onlar tuş gəlir. Hansı ki, o lənətləyənlər o ailənin, uşaqların hansı əzablar çəkdiyini bilirlər.

O hadisələr zamanı məni ən çox incidən, bayaq dediyim kimi, haqlı ola-ola haqsız çıxmağımdır. Haqlı olduğumu sübut edə bilərdim, amma müəyyən oyun qaydalarını əməl etməliydim. Mənim haqlı olduğumu ortaya qoymaq üçün kifayət qədər şansım vardı, amma mən onların çoxunu əlimin ardı ilə kənara itələməli oldum. O zaman düşündüm və başa düşdüm ki, seçim və sınaq qarşısındayam. Ətrafımda olanlar və bütün həqiqəti bilənlərin doxsan faizi sınaqdan çıxmadı. Onlar hər şeyi bilirdilər, buna rəğmən məni lənətləmək mövqeyi tutdular. İkinci sınaq özümün özümlə sınağım idi. Mən bəzi keyfiyyətlərimdən vaz keçsəydim, haqlı olduğumu hər kəsə asanlıqla sübut edə bilərdim. Amma etmədim. Çünki ya haqlı olduğumu sübut etməliydim, ya da bəzi keyfiyyətlərimi qoruyub saxlamalıydım. İkincini seçdim və haqlı ola-ola haqsız duruma düşməyin bütün əzabını yaşadım. Mənim ətrafımın, dost bildiklərimin, həqiqəti bilənlərin bu gerçəyi danması, əslində, mənim katarsisim oldu.

Gözlənilməz adamdan gözlənilməz reaksiyaya gəlincə, mən belə bir şok yaşamadım. Bir-iki nəfərin xəyal qırıqlığını yaşadım, bu qədər...

Biz insanıq, hamımızın xətaları, yanlışları və yaxşı keyfiyyətləri var. Hamımızın içində qaranlığımız, işığımız var. Kim içindəki nəyi seçirsə, ona uyğun da yol alır. Bunun fərqindəyəm və çalışıram ki, işığı seçim. Amma buna hər zaman nail ola bilirəmmi, bax bu, çətindir. Çünki nifrətimizə, qəzəbimizə yenildiyimiz də olur.

- Bəlkə bu, təkcə sizinlə bağlı məsələ deyil. Bizdə belə bir ictimai rəy var ki, qadın güzəşt eləməlidir, qadın dözməlidir, başını aşağı salmalıdır...

- Nə yazıq ki, ən demokratından ən liberalına qədər hər kəs belə düşünür. Bizdə çox zaman özünü liberal hesab edənlər “mən filan şeyi qəbul edirəm, amma filan-filandır” deyir. Bax o “amma” deyiləndə artıq liberallıq bitir.” Ən yaxşımızda belə bitir. Bunun fərqindəydim. Bu cəmiyyətdə yaşayıram, ona görə çox şey gözlənilən idi. Dediyim kimi, bir-iki nəfərin xəyal qırıqlığını yaşadım. Çox şeylər var, amma bu müsahibənin mövzusu deyil. Sadəcə, bir maraqlı məqamı deyim. Məlum hadisə zamanı bizi linç edənlər, “bu ailə məsələsidir, şiddətə dözməlisən” deyənlər, “atamın məni döydüyü oxlova qurban olaram, kaş atam mənim kürəyimdə bir oxlov da qıraydı” deyənlər yaxında başqa bir ailədə ögey ana ilə atanın uşaqlara qarşı göstərdiyi şiddətə qarşı çıxırdılar. Bizi linç edənlərin hətta həmin yazını paylaşıb “necə ola bilər, insan öz ailəsinə qarşı bu şiddəti göstərsin? Lənətə gəlsinlər” deyib nifrət püskürdüyünü gördüm. Demək, insanlar kimlərinsə acısına, yaşadıqları əzaba münasibəti də qrup maraqları, korporativ maraqlar üzərində qurur. Bu məsələ təkcə mənim və ya bizim yaşadıqlarımızla bağlı deyil və mən ümumən, şəxsi hadisələr üzərindən də yürümək istəmirəm. Bütövlükdə cəmiyyətdə həqiqət və insanların taleyi mənafelərin altında qalır.

Gallery

- Bəlkə də bu məqsədli deyil, şüuraltı tənzimlənir.

- Məncə, yox. Bizim xalqımız öz məqsədini, şəxsi, cari olsa da mənafeyini ayırd edə bilən, çox ağıllı xalqdır. Elə biz çox ağıllı olduğumuz üçün idealist ola bilmirik. Biz savaşları da çox zaman ona görə uduzmuşuq ki, idealist olmamışıq. Savaşları idealistlər qazanır.

- Zümrüd xanım, sizin ailə dramında mən bir şeyi də müşahidə elədim. Adətən, analoji situasiyalarda övlad keçilməyən bir körpü olur. Ancaq bu məsələdə siz çıxılmaz vəziyyətdə qalmışdınız. Hər iki tərəfin arasında.

- Bilirsiniz, bu, bir seçim deyildi. Mən ilk gündən dedim ki, birmənalı olaraq övladımın arxasındayam. Və Fuad bəyə də (keçmiş həyat yoldaşı – red.) dedim ki, ən yaxşısı məsələni ailə daxilində həll etməyimizdir. Heç kimə icazə vermə ki, bu məsələyə qarışsın. Biz birlikdə bu məsələni həll edib krizi adlada bilərik. Amma o, situasiyanı başqa cür dəyərləndirib, başqa yol tutdu.

- Mən bilən, siz istəmirdiniz ki, qızınızın ifadəsi o dərəcədə sərt olsun.

- Bu məsələni ictimailəşdirmək mənim seçimim deyildi. Mən uzun illərdi başqa yol seçmişdim.

- Qızınızla ayrılan məqam nə idi? Nəsillərin düşüncə fərqi?

- Qızımla bizi ayıran məqam yoxdur, əslində, amma o, mənim kimi də düşünmür və bu, təbiidir. Nəsillərin fərqi var. Onlar fərqli generasiyadır, məsələlər haqda fərqli düşünür, ona fərqli yanaşırlar. Bizim nəsil nə qədər cəsarətlidirsə, hardasa yenə də qorxağıq. Amma zamanında, onların yaşında olanda biz də cəsarətli idik. Mən Xocalı hadisəsi baş verəndə hər şeyi, bütün ailəmi qarşıma alaraq Qarabağa getmişdim. Daha doğrusu, qaçmışdım. Mən də bu qədər cəsarətli idim. Zaman keçdikcə, müdriklik dediyimiz, öyündüyümüz şeylər cəsarətimizi əlimizdən alır.

Təcrübələr bizi rəndələyir, bu baxımdan, yeni nəslin gənc olması onları daha cəsarətli edir. Mən bütövlükdə keçmək istəyirəm nəsillərarası savaşa. Şərti olaraq atalar və oğullar məsələsinə... Bizdə son dövrlər bu, daha da kəskinləşib. Mənə görə, bunun səbəbi yeni və fərqli dəyərlərlə gələn nəsildədir. Fərqli dəyərlərlə gələn gənclik demokratına, mühafizəkarına, dindarına baxmır, tamamilə başqa dəyər istəyir və köhnə nəslə qarşı çox amansız davranır. Baxmayaraq ki, bu nəslin fədakarı da, yaxşısı da, pisi də ola bilər və var. Artıq gənclik o yaxşı və pis anlayışları geri itələyir. Çünki onun dəyərlərini paylaşmır. Yaxşısını da paylaşmır, pisini də. Onun görmək istədiyi dəyərlər müasir, inkişaf etmiş dünyanın yaşadığı dəyərlərdir. Biz onların tələbini anlamaq istəmirik və damğalar vururuq. Halbuki bizdən əvvəlkilər də bizi qəbul etmirdi, başını bulayıb ”bizim zamanımızda belə deyildi” deyib deyinirdi. Yadımdadır, hərəkat dönəmində BDU-nun akt zalından tələbələr müəllimlərin bir çoxunu qovub çıxarmışdı və o “tərbiyəsiz” tələbələr sonralar cəmiyyətin ən öndə gedən insanları oldu. Amma bu gün o öndə gedənlərin özü başqa və daha yeni dəyərləri gətirmək istəyənləri tərbiyəsiz elan edib linç etdirir. Unudulur ki, biz də zamanında gətirmək istədiyimiz dəyərlər uğrunda eyni şəkildə “tərbiyəsizlik” etmişik. Dünən sovetlərin dağılmasını istəmək, insan haqlarından danışmaq “günah” idi, bizim nəsil o “günahı” işlədi. İndi o “günahı” işləyənlər qadın haqlarından danışanlara əxlaqsız deyir. Cinsi azlıqların da insan olduğunu dilə gətirənləri lənətləyir.

- Stereotiplər var... Beyin qırışları qalınlaşır... Dəyişmək mümkün olmur... Yenilik yanlış kimi görünür...

- Bəli. Biz eqomuzdan keçə bilmirik. Əslində, qadına, övlada, dövlətə münasibəti də min illik yaddaşımızla tənzimləyirik. Amma dünya artıq həmin dünya deyil. Bizim atalarımız bizi tənzimləyə bilirdi, çünki internet yox idi, dünya ilə bu qədər açıq ünsiyyətdə deyildik. Biz on səkkiz yaşlı bir gəncin Avropada azad, rahat yaşamasından xəbərsiz idik. Bizim üçün belə nümunələr yox idi.

Gallery

- O vaxtı filmləri belə izləyə bilmirdik.

- Bəli, qapalı bir cəmiyyətdə yaşayırdıq. Bu gün dünya əlimizin içindədir. Bu gün bizim yetişdirdiyimiz gənclər təkcə bizim yetişdirdiyimiz gənclər deyil, həm də dünyanın yetişdirdiyi gənclərdir. Onlarla savaşmaq yerinə, ünsiyyət qurmağa çalışmalıyıq.

- Siz onları tamamilə haqlı sayırsınız?

- Bilirsiniz, məslə haqlı və haqsız olmaqda deyil. Gələcək onlarındır. Biz müəyyən bir prosesin içərisində doğru nədir, yanlış nədir deyə müzakirəyə başlasaq, ən yaxşı halda yerimizdə sayacağıq. Ən pis haldasa bu gün yaranmış durum yaranacaq, hansı ki, biz illərdir bu sorğulamanın, bəyənməzliyin ucbatından artıq heç nəyə nail ola bilmirik. Savaşda əsgər generalı sorğulamır, sorğulasa məğlubiyyət qaçılmazdır. Bu günün gəncliyini də sorğulamaq, lənətləmək yerinə onları olduğu kimi qəbul edib birgə davam etməyi bacarmaq lazımdır. Yaxşı və pis nisbi anlayışdır. Bu, insanına, zamanına, stereotipinə, adət-ənənəsinə, ölkəsinə görə dəyişir. Adi bir misal deyim. Amerikada 13 rəqəmi nəhsdir və hətta binalarda 13-cü qat yoxdur. Amma bizdə 13-ü qatda yüzlərlə adam yaşayır və kimsəyə də heç nə olmur. Yanaşmaların dayanıqlığı bu qədərdir. Və biz toplum olaraq bu qədər dayanıqsız şeylərdən yapışmışıq.

- Məsələ budur ki, ədəbiyyatda da analoji vəziyyət var. Ədəbiyyatın tənzimlənməsində, idarə olunmasında və yaxud da təşkilatlanmasında da yaşlılar birmənalı şəkildə yeni düşüncəli gənci qəbul eləmir.

- Haqlısız. Tutaq ki, Anar gənclərdən birinə bir həcv yazdı, zəif bir şey idi, amma yazdı. Anarın o yazısında gəncliyə kin vardı. Amma məhz Anar Üzeyir Hacıbəyov haqqında “Uzun ömrün akkordları”nı yazıb. Şövkət Məmmədovanın səhnəyə üzü açıq çıxmasını yazıb. Ərəblinskinin qadın paltarını geyindiyi üçün öldürülməsini yazıb...

- Bütün stereotiplərin qarşısına Təhminə obrazını çıxarıb. Zauru sətiraltı qınayıb ki, beşmərtəbənin altıncı mərtəbəsini görə bilmirsən...

- Təhminə Azərbaycan ədəbiyyatında çox orijinal qadın obrazıdır. Amma Anar həyatda elə bir orijinallığı qəbul etmir.

- Modern düşüncəli qələm adamları bu baryeri aşa bilmirsə, “tarix-nadiri oxumayan”lara nə deyək?

- Razıyam. Bir yerə qədər gəlirik, sonra nədirsə, bizim qolumuza qandal vurur, bilmirəm, bunun adına abır, dəyər, mentalitet, nə deyiriksə, deyək, bir şey bizim önümüzə divar hörür. Beləcə, “atalar” hakimi mütləq olaraq qalır. “Övladlar” yenə də arxa plana sıxışdırılır. O nə deyirsə, o olacaq! Amma mən ona inanıram ki, cəmiyyəti irəli aparan o asi övladlardı. Biz bu gün yeni ruhlu gəncliyi lənətləyib, onu necə əxlaqsız adlandırırıqsa, Şövkət Məmmədova üzü açıq səhnəyə çıxanda da eyni şeyi deyirdik. Təsəvvür edin, qadınlarımız vaxtıyla dirəniş göstərməsəydi, əxlaqsız damğasını yeməsəydi, öldürülüb linç olunmasaydı bu gün Azərbaycan qadını yenə də qara çadrada gəzirdi. Vaxtilə azadlığına görə lənətlənənlər zaman keçdikcə bizim qürur yerimizə çevriliblər. “Qadın məktəbə getməz” deyib əlini silaha atanların övladları “Şərqdə ilk qız məktəbi bizdə olub” deyə hava atırdılar. İndi o əlisilahlı ataların qız məktəbi ilə öyünən övladları azadlığın daha irəli formasını istəyən, “ataların” kölgəsindən çıxmaq istəyən övladları eyni şəkildə linç edirlər. Dəyişən silahlardı; o zaman tapançaydı, bu gün klaviyatura....

Özümüzdən bir pillə yuxarı obraz görən kimi onu lənətləməyə başlayırıq: aman, dəyərlərimiz əldən getdi. Əslində, dəyər dediyimiz şey bizim eqomuzu bəsləyən, hakimlik institutumuzu əsaslandıran şeylərdir. Biz öz mənafeyimizə görə onlara sahib çıxırıq.

Gallery

- Bunu məqsədli eləməyən də var. Bəzən bu şüuraltı gedir.

- Çünki onun şüuru artıq min illik yaddaşa bağlıdır. Azərbaycanda ən böyük faciə nəsillərin yenilənməməsidir. Öz nəslimin qadınlarından danışsam, görəcəksiniz ki, haqlıyam. Qadınlar müəyyən bir dönəmdə üsyan edirdi amma bu yarıda qalır, qırılır. Ailə quran kimi biz o ailənin çərçivəsinə uyğunlaşıb otururuq. Və o üsyanı etməyən ənənəvi Azərbaycan qadınından fərqlənməyən həyat tərzi yaşayırıq. Hətta ondan da artıq lənətləmə yolunu tuturuq. Və beləcə nəsillərin yenilənməsi baş vermir.

- Burda alternativ bir fikir də var. Azadlıq bütün komponentləri ilə cəmiyyətdə oturuşmalıdır. Əks halda yeniliyə can atan təklənir və asanlıqla qurban gedir.

- Əlbəttə, bütün yanları və çalarları ilə. Təbii, azadlığın da sınırları var, insan zatən heç bir dəyərə mütləq azadlıq verəcək gücdə deyil, hər şeyi mütləq özünün mənafeyinə uyğunlaşdırıb şikəst edir. Azadlıq da belədir və bu haqda son romanımda, “Qaranlığa şərqi söyləmək” adlı əsərdə geniş bəhs etmişəm. Kütləviliyə gəlincə... Yenə öz nəslimdən nümunəylə başlayım. Doxsanıncı ildə qadınlar şalvar geyinməyə başlayanda, biz küçədə linç olunurduq. Başqa bir məsələ də vardı. Biz susuzluqdan, acından ölsəydik belə kafeyə, restorana gedə bilməzdik. Orda oturan kişilər üstümüzə siqaret kötüyü atırdılar, bizə əxlaqsız kimi baxırdılar. Amma biz dirəndik, şalvar da geyindik, kafeyə də getdik. Mən sual edirəm, bu gün şalvar geyinən və kafeyə gedən qadınlar əxlaqsızdırmı?

- Əlbəttə, yox.

- Amma bizə o vaxtlar əxlaqsız deyirdilər. Biz o zaman cəmiyyəti buna alışdırdıq. O zaman Azərbaycanda qadınları birdən-birə toplaşmadı ki, sabah hamı şalvar geyinsin. Biz onda da tək idik. O qədər tək idik ki, metroda, avtobusda getmək bizim üçün işgəncə idi. Amma biz dirəndik və kütləvilik alındı. Çünki bunu çox istədik. Sonra qadınların maşın sürməsi mərhələsi gəldi. Mən o məsələləri deyirəm ki, bunları özüm də yaşamışam.

- Sürücülük məsələsi indi də həll olunmayıb. Diskriminasiya güclüdür.

- Mən bu gün özümü yaxşı sürücü sayıram, amma əvvəl deyildim. Ənənəni qoyanlardan biri idim. Bilirdilər ki, mən naşıyam, qadın sürücüyəm, qorxaq davranacam, yoluma girirdilər, sağ zolaqda yer olmadığı halda arxadan davamlı işıqları yandırıb yol istəyirdilər. Çaşırdım, həyəcanlanırdım. Bugünsə onlara əhəmiyyət vermirəm. Çünki əminəm ki, yol mənimdir və maşını kifayət qədər yaxşı idarə edirəm. Qarşıdakı əks cinsin nümayəndəsi sükan arxasında əminliklə oturduğumu görəndə münasibət dəyişir. Məni əzə bilməyəcəyini dərk edir. İnsanlararası və toplumsal münasibətlərdə də belədir. Təbii, hər şeydə istisnalar var, amma bu gün onlardan deyil, xarakterik olanlardan danışırıq.

- Bir müşahidəmi də bölüşüm sizinlə. Bizdə ailədaxili zorakılıqlarla məşğul olan müvafiq qurumlar sanki ailənin daxilinə nüfuz eləmək istəmir. Bax bu da bayaq qeyd etdiyimiz ciddi bir stereotipdir.

- Qadın təşkilatına qadın göndərmişəm ki, ona yardım göstərsinlər, sonra izləmişəm, görmüşəm, orda işləyən qadınlar ona məsləhət verirlər: əşi nə olsun, hamımızın belində ağac qırılıb, biz necə yaşamışıqsa, sən də elə yaşa!

- Bəlkə bu məsələlərdə qanunlar sərtləşməlidir?

- Dünyanı ən pis qanunla da yaxşı idarə etmək mümkündür. Qanunlarımız kifayət qədər yaxşıdır, baxır biz onunla necə işləyirik.

- Bəlkə bir az da kitablarınızdan danışaq? Elə bil, digər fəaliyyətlərinizlə müqayisədə bir az kölgədə qalırlar.

- Bilirsiniz, bizdə kitab bazarı həddən artıq zəifdir. Üstəlik, hər şey dostluqlarla, şəxsi tanışlıqlarla baş tutur. Daha doğrusu, bütün dünyada bu var. Yəqin, siz müşahidə eləmisiniz, mənim nə sayt rəhbərləri ilə, nə nəşriyyatlarla şəxsi tanışlığım yoxdur.

Gallery

- Siz həm də siyasətlə məşğulsunuz. Siyasət doğurdanmı mane olur yazıçılığa?

- Açığı, mən siyasətlə məşğul olduğumu heç vaxt düşünməmişəm. İctimai-siyasi proseslərə münasibətdə aktivəm sadəcə. Kitablarımın da satışı həmişə yaxşı olub. Bununla bağlı problem yoxdur. Sonuncu kitabımın təqdimatı da yaxında oldu. “Qaranlığa şərqi söyləmək” adlanır və müəllif kimi, əsərə güvənirəm.

- Mən də qələm adamıyam, sair işlər ən azı vaxt baxımından yazıçıya mane olur.

- İnsanın sevdiyi iş ona mane olmur, əksinə, mövzu verir.

- Sizcə, uğurluyuqmu ədəbiyyatda?

- Bizdə dünyaya çıxan yazar yoxdur, amma bunun səbəbi o deyil ki, biz istedadsızıq.

- Bəs nədir səbəb?

- Dünya üçün məsələn, bir Əfqanıstan modeli var, orda bir vəhşət var. Dünya üçün bir İran modeli var. Hansı ki, dini dövlətdir, insanlar əzilir. Qadınlar azad deyil. Amma dünya üçün bir Azərbaycan modeli yoxdur. Bizi az tanıyırlar. Biz dünyanın sanki alatoranlığındayıq. Nə dünya üçün tamamən zülmət olan mühafizəkar, dindar Şərq ölkəsiyik, nə də tam demokratik Qərb ölkəsi... Dünyanın diqqətini nəylə çəkəcəyik?! Biz dərdimizi dünyaya eşitdirə bilmirik. Müasir dünya bizimlə maraqlanmır. Bu baxımdan, o dünyanın bizimlə tanışlığının olmaması istedadsızlığımızdan deyil, tanınmamağımızdandır. Bəlkə, dünyaya bu ölkədən də bir nümunə lazımdır. Məsələn, Orxan Pamuk dünya üçün Türkiyə ədəbiyyatı adına bir maraq nöqtəsi oldu. Yazar kimi mən də özümü cəsarətli hesab edirəm. Əminəm, mənim yerimə iranlı bir qadın yazar olsaydı və ölkəsinin problemlərindən bu şəkildə yazsaydı, dünyaya asanlıqla çıxacaqdı.

- Məncə, tək səbəb bu deyil. Dünyada “Fars mədəniyyəti”, “İran kinosu”, “İran ədəbiyyatı” anlayışı əvvəldən var. Ənənə ciddi şeydir. Biz də bunu yaratmağa çalışmalıyıq.

- Bir az əvvəl dedim, nümunələr verməliyik, göstərməliyik ki, burda da bir ölkə, onun problemlərini dilə gətirən yazarlar var. Bunu kim etməlidir? Sualın cavabı məncə bəllidir.

- Sizcə, ədəbiyyatda cəsarət nə dərəcədə əhəmiyyətlidir? Bəlkə, peşəkarlıq daha vacibdir?

- İkisi birlikdə ola bilməzmi?

- Məsələn, “Şəhər meri” romanını yazan yazıçı AzTV-də vəzifədə işləyirdi, amma gözəl bir roman yazdı.

- Roman gözəl ola bilər. Vacib deyil bütün romanlar sosial-siyasi olsun. Mən düşünürəm ki, problemli cəmiyyətlərdə yazar özü apolitik olmamalıdır.

- Yaşadığınız son hadisələrdə sizcə nə qədər ədəbiyyat var? Sizə yazıçı kimi nə verdi?

- Mənim üçün maraqlı suallar doğurub. Qadının kimliyi, əlindən alınanlar, olmaq istəyi ilə, olduğu arasındakı fərqlər. Qadın ömür boyu aldadılır və bu, sıradan, gündəlik aldanış deyil, cari yox, qlobaldır. Bütün arzuları əlindən alınmış qadın susanda nə deyirlər, bilirsinizmi?! “Filankəs ağıllı qadın idi, ailəsini qorudu”. Amma ortada ailə yoxdur, xəstəlik yuvası var. Biz uşağın əlinə konfet verib aldatdığımız kimi, “o ağıllı qadının” da əlinə konfet veririk. Mən o qadının aldanışını təqdim etmək istəyirəm.

Qəribə budur ki, kişilərin heç biri “ağıllı qadın” kəlməsi ilə aldatdığı qadın kimi “ağıllı” olmaq istəmir. Və burdan o nəticə çıxmasın ki, mən insanları cinsinə görə mələk və şeytana bölürəm. Qadınlar mələkdir, kişilər şeytandır kimi bəsit bir düşüncəni müdafiə etmirəm. İnsan nə mələkdir, nə şeytandır, sadəcə, insandır. Haqqı əlindən alınmış qadın mələk olmadığı kimi, haqqı alan kişi də şeytan deyil. Ortada başqa bir gerçək var. Bizim yanaşmalarımız. Biz o yanaşmaların içindəki şeytanı zərərsizləşdirməyə çalışmalıyıq.

- Konfet məsələsi öz həyatınızda da olub?

- Cəhdlər olub, mən almamışam, əks halda, burda olmazdım.

# 12037 dəfə oxunub

Oxşar xəbərlər

51 yaşlı Əməkdar artist Azərbaycanı gözəllik yarışmasında təmsil edəcək

51 yaşlı Əməkdar artist Azərbaycanı gözəllik yarışmasında təmsil edəcək

10:30 9 noyabr 2024
Azərbaycanda  Dövlət Bayrağı Günüdür

Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:00 9 noyabr 2024
“Səttar Bəhlulzadə – təbiətin ecazkar nağılı” adlı sərgi açıldı

“Səttar Bəhlulzadə – təbiətin ecazkar nağılı” adlı sərgi açıldı

15:40 8 noyabr 2024
“Köhnə çamadanlar”ın Ankara premyerası oldu

“Köhnə çamadanlar”ın Ankara premyerası oldu

14:14 8 noyabr 2024
Zəfər Günü münasibətilə Vyanada “270-ci səhifə“ sənədli filminin təqdimatı keçirildi

Zəfər Günü münasibətilə Vyanada “270-ci səhifə“ sənədli filminin təqdimatı keçirildi

14:03 8 noyabr 2024
“Meşənin pıçıltısı - səsin sehri” adlı sərgi açıldı

“Meşənin pıçıltısı - səsin sehri” adlı sərgi açıldı

12:49 8 noyabr 2024
# # #