Çən güclüdür, yoxsa Qurğuşun? - Rahid Ulusel

Çən güclüdür, yoxsa Qurğuşun? - Rahid Ulusel
22 mart 2025
# 15:00

Kulis.az Rahid Uluselin "Çən və qurğuşun" adlı yeni essesini təqdim edir.

Mələk insanların mübarək üzünə



Dünyanın çən həyatını qurğuşun kimi yaşayır bəşəriyyət.

Dünya müharibələrində, çarpışmalarında işlədilmiş silahları, qurşun-güllələri əridib bir yerə yığsan, nəhəng, bədheybət, kələkötür bir Heykəl yapılar.

Adı da, təxminən, belə: “Bəşəriyyətin Qırğın Tarixinə Qəhqəhə”. Özü də tiran-fatehlərin mumiya-postamenti üzərində...

Çən gəlir... və bütün metalların, qan və sümüklərin, tel və iliklərin, dil və bəbəklərin, əl və hörüklərin, tabut və bələklərin ... qarışığından yoğurulub qurğuşunlaşmış bu Heykəli yalayıban sığallayır, tumarlayıban yumşaldır...

Heykəldən çən damcılanır, qan kimi, göz yaşı kimi. Qançır-Heykəlin ora-burası yumşalsa da, o yerindən qımıldanmır.

Çən dalğa-dalğa Titan-Heykəli bələyib ötür. Ötüb keçəndə saralıb zəhərlənir. Min kilometrlərlə sürünüb tövşüyəndən, özünü dağa-daşa çırpandan sonra arınır, büllurlaşır.

Dolanıb yenə gəlir... Heykəlin üzərinə daşarlanır... Qurğuşun-Heykəl yenə qımıldanmır...

Çən bütün Dünya Okeanını yerindən çalxamaq, özünə çevirmək qüdrətində olsa da, canına insan iniltilərini çəkmiş Heykəli yenə narın-narın, sərin-sərin qucaraq yumşaltmaq amacında...

Bu mehrdən Heykəl yenə yumşalmır, gərildikcə gərilir... Qarı-Heykəlin postamentindəki fateh sümükləri artıq dözmür, çilik-çilik olub şaqqıltıyla çökür...

Heykəl yenə çatlamır. Altındakı uçurumdan qarsına-qarsına dipdiri Yerə sancılır – Qılınc-Toxum kimi.

Bu Heykəl-Toxum Yeri lərzəyə gətirir. Yer ağrı çəkir. Hərgah o, bu bicbalanı bir daha doğsa, el içində – yəni Kainatda rüsvay olacaq.

Yer mələk əllərini qaldırıb Bu Heykəl-Bicbalanı canından qurşun-güllə çıxarırmış kimi zingildədə-zingildədə dartıb çıxarır. Fəzaya tullayır...

Çən yenə gəlir... Ayaqları postamentindən – artıq ovulub toza çevrilmiş fateh sümüklərindən üzülən Heykəl-Toxum fəzada gur Çən axınlarının qabağında diyirlənib ovalana-ovalana gedir... Görünməz olur...

O bir daha Yerüzünə əkiləcəkmi, bitəcəkmi?! Bunu Çən sığalından dalğalanan yamacdakı otlar – zaman-zaman Heykəlin qartımış zindan ayaqları altında yaprıxan, Yerin gücü, Çənin ruhu ilə azad olan otlar deyir.

İynələnmiş tər-körpə nazəndə otlar bir-birinə titrək-titrək söykənib, ürkək-ürkək pıçıldaşır: “...Əkməsələr, bitməz... Əkməsələr bitməz...”

...İnsanoğlunun Yerüzündəki təbii gözəlliklərlə nəfəs-nəfəsə yaratdığı mübarək gözəlliklərdə bir Çən yüngüllüyü, Çən mehri, Çən sərini, Çən yumşaqlığı var...

Çən – Yerüzünün mehlənə-mehlənə, şehlənə-şehlənə gəzən ruhudu – fəlsəfi düşüncənin dolanıb da çağ-çağ üzərinə gəldiyi “Dünya Ruhu”...

...Dünyanın Qurğuşun tarixindən Çən həyatına dönəcək yolunu, bəlkə, elə öz canı ilə tikir bəşəriyyət?!

Çən güclüdür, yoxsa Qurğuşun?!

Axı, Napoleon da başı daşdan-daşa dəyəndən sonra ... axır etiraf eləmişdi ki, Ruh – Qılıncdan güclüdür...

Qılınc-Qurğuşunu doğrayan Ruh-Çən!

Biz sənin narın zərrələrinik!..

# 1687 dəfə oxunub

Oxşar xəbərlər

"Mən gözəl şeylər öyrətməyə, doğru yolu göstərməyə çalışdım..."  -  "Hababam sinfi" nin Mahmut hocası

"Mən gözəl şeylər öyrətməyə, doğru yolu göstərməyə çalışdım..." - "Hababam sinfi" nin Mahmut hocası

14:10 15 avqust 2025
Hacı Bektaş Vəlinin əlyazma kolleksiyası rəqəmsallaşdırılıb

Hacı Bektaş Vəlinin əlyazma kolleksiyası rəqəmsallaşdırılıb

13:55 15 avqust 2025
Elə yaşamaq lazımdır ki, əclaflar da səni xatırlasın... - "İkinci plan kraliçası"ndan aforizmlər

Elə yaşamaq lazımdır ki, əclaflar da səni xatırlasın... - "İkinci plan kraliçası"ndan aforizmlər

13:22 15 avqust 2025
İğdırda Azərbaycan-Türkiyə Gənclər Teatrı  yaradıldı

İğdırda Azərbaycan-Türkiyə Gənclər Teatrı yaradıldı

12:55 15 avqust 2025
Dünyada sadəcə 1 ədəd olan maşın hərraca çıxarıldı

Dünyada sadəcə 1 ədəd olan maşın hərraca çıxarıldı

12:05 15 avqust 2025
"Türk Edebiyatı" jurnalından Bəxtiyar Vahabzadənin 100 illiyinə töhfə

"Türk Edebiyatı" jurnalından Bəxtiyar Vahabzadənin 100 illiyinə töhfə

11:39 15 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər