Azərbaycan Milli QHT Forumunda “İpək irsimiz - kəlağayı” adlı tədbir keçirildi

Azərbaycan Milli QHT Forumunda “İpək irsimiz - kəlağayı”  adlı tədbir keçirildi
26 noyabr 2026
# 16:07

Azərbaycan Milli QHT Forumunda Mirzə Ələkbər Sabir Fondunun təşəbbüsü ilə milli-mənəvi irsimizin nadir incilərindən olan kəlağayı sənətinin təbliğinə həsr olunmuş maarifləndirici və mədəni tədbir təşkil edilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, tədbirdə vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, BDU-nun Biologiya fakültəsinin tələbələrdən ibarət “Xarıbülbül” klubunun üzvləri iştirak edib.

Tədbirdə çıxış edən Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli deyib ki, kəlağayı Azərbaycanın milli irsinin nümunəsidir: “2014-cü ildə kəlağayı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib və o gündən biz 26 noyabr tarixini Azərbaycan Kəlağayısı Günü kimi böyük fəxrlə qeyd edirik. Kəlağayı sadəcə bir qadın örtüyü deyil. Əslində bu, keçmişdən bu günə gələn bir əmanətdir. Bu, babalarımızın, nənələrimizin dövründən bizə ötürülmüş bir irsdir. Bu gün bizim borcumuz həmin əmanəti gənc nəslə, xüsusilə də gələcək nəslə etibarla ötürmək, onu sevərək qorumaq və gənclərə sevdirməkdir. Bu sevgi məcburiyyətlə yaranmır. O, insanın ürəyindən gəlməli, qəlbində iz salmalıdır ki, insan həmin dəyəri mənimsəsin. Otuz, qırx il bundan əvvəl, 1960-cı illərdə nənələrimizin, analarımızın boynunda kəlağayı görə bilərdik. Amma 1990-cı, 2000-ci illərdə gənclərimizin boynunda bunu görməyə adət etməmişdik. Bu gün isə əksinə, tələbələrimizdə, gənclərimizdə, eləcə də yaşlı insanlarda kəlağayıya qarşı daxili tələbat yaranıb. İnsanlar bu kəlağayı ilə zərifliyini, incəliyini, bizə əmanət edilmiş irsi bir dəyər kimi üzərlərində daşıyır və bununla fəxr edirlər”.

Görüşün proqramı çərçivəsində iştirakçılara ənənəvi kəlağayı sənətinin incəliklərini və qədim hazırlanma texnologiyasını əks etdirən film nümayiş edilib. Eyni zamanda, tədbir iştirakçıları üçün qədim kəlağayı nümunələri , kəlağayının ərsəyə gəlməsində istifadə olunan tarixi taxta qəliblər (möhürlər) və təbii xam ipək saplardan ibarət əyani sərgi təqdim olunub. Bu ekspozisiya gənclərə əsrlər boyu formalaşmış basmanaxış texnikasını yaxından görmək və sənətkarlıq prosesini əyani şəkildə öyrənmək imkanı yaradır.

Tədbirdə kəlağayının Azərbaycan xalqının mədəni yaddaşındakı yeri, onun daşıdığı dərin fəlsəfi və mənəvi dəyərlər barədə çıxışlar edilib. Kəlağayının sadəcə baş örtüyü deyil, həm də qadın ləyaqətinin, saflığın, ailə dəyərlərinin və milli kimliyimizin rəmzi olduğu vurğulanıb. Həmçinin gənclər və tələbələr öz təəssüratlarını bölüşüb, milli irsin müasir dövrdə yaşadılması ilə bağlı fikirlərini səsləndiriblər.

Xatırladaq ki, tədbirin keçirilməsində əsas məqsəd UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan kəlağayı sənətini gənc nəslə daha yaxından tanıtmaq, bu qədim ənənənin unudulmasının qarşısını almaq və gənclərdə milli-mənəvi dəyərlərə bağlılıq hissini gücləndirməkdir. Kəlağayının hazırlanma texnologiyasının və mənəvi mahiyyətinin öyrənilməsi gənclərin öz mədəni köklərinə sahib çıxmasına, milli brendlərimizin beynəlxalq müstəvidə düzgün təbliğinə və mədəni irsin gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verir.

# 51 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur model vəfat etdi

Məşhur model vəfat etdi

15:42 26 noyabr 2026
Türkiyəli məşhurlar azadlığa buraxıldı

Türkiyəli məşhurlar azadlığa buraxıldı

14:46 26 noyabr 2026
Kəlbəcər Şəhəri Günü qeyd edildi

Kəlbəcər Şəhəri Günü qeyd edildi

14:42 26 noyabr 2026
Ancelina Coli və Bred Pittdən birgə açıqlama - 10 il sonra

Ancelina Coli və Bred Pittdən birgə açıqlama - 10 il sonra

13:44 26 noyabr 2026
Xalq artisti Elmira Şabanova dəfn edildi

Xalq artisti Elmira Şabanova dəfn edildi

13:24 26 noyabr 2026
Buker ailəsi böyüyür - Uşaq ədəbiyyatı üçün ilk qısa siyahı açıqlandı

Buker ailəsi böyüyür - Uşaq ədəbiyyatı üçün ilk qısa siyahı açıqlandı

13:12 26 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər