Bibiheybətdə dəfn olunan kor polyak kimdir?

Bibiheybətdə dəfn olunan kor polyak kimdir?
31 mart 2022
# 21:00

Kulis.az polşalı mühəndis Pavel Pototskinin həyat hekayəsini təqdim edir.

Balaxanıda, Binəqədidə, Suraxanıda, elə Bakının girəcəyində, Bibiheybətdəki neft buruqlarından ibarət "meşələri" görmüsünüz yəqin. Başını aşağı-yuxarı salıb-qaldıran mancanaqlar on illərdir ki, ara vermədən elə beləcə hərəkətdədir. Elə beləcə yerin dərinliyindən qara qızılı aram-aram üzə çıxarırlar.

Bakı dünya neft sənayesinin öncüllərindən olub. Dünya neft tarixində ilklərə imza atıb. Şıxovu keçdikdən sonra Salyan şossesi ilə irəlilədikcə yolun sağ tərəfindəki ucsuz-bucaqsız buruqlar sanki sıx bir ormanı xatırladır. Və həmin ormanın dənizə tərəf qurtarcağında, düz sahildə, ləpələrin qayalara çırpıldığı yerdə bir qəbir var. Bu qəbirdə isə bir qərib uyuyur...

Tale onu uzaq Peterburqdan gətirib çıxarmışdı bura. Zadəgan nəslindən idi. Atası Nikolay çar Rusiyasını ən böyük hərbi məktəblərindən birində dərs deyirdi. Elə oğlunu da hərbçi görmək istəyirdi. Amma oğlu başqa yolu seçdi. Mühəndis oldu. Və taleyin qismətinə bax ki, illər keçəcək, uzaq Peterburqdan min kilometrlərlə uzaqda, Bakıda adını dünya tarixinə yazdıracaqdı.

Pavel Pototski 1879-cu ildə Peterburqda anadan olmuşdu. Atasının iradəsinə boy əymədi, mühəndis olmağa qərar verdi, Yollar və Rabitə İnstitutunda təhsil aldı. Buranı fərqlənmə ilə bitirdikdən sonra Hollandiyaya gedərək yer-qazma işlərinin incəliklərini öyrəndi.

Hollandiyadan qayıtdıqdan sonra Pototski Xersonda kanal tikintisində işləməyə başlayır. Burada elə yeniliklər tətbiq edir ki, tikintinin müddətini iki dəfə azalmasına nail olur. Yeri gəlmişkən, indi də suyun çəkilməsi zamanı bəndin divarlarının üzərində Pototskinin adını oxumaq mümkündür.
Və günlərin bir günü Bakı neftxudaları onu Bibiheybətə dəvət edirlər. Burada isə o, 31 yaşlı bu polyak balası adını tarixə yazdıracaqdı...

Hə, 1910-cu ildə Pototskini Bibiheybət buxtasının doldurulması işlərinə rəhbərlik etməyə dəvət edilir. O, vaxtsız dünyasını dəyişən və Bakıdakı neft yataqlarını tədqiq edən digər polşalı mühəndis Vitold Zqlenitskinin işini davam etdirəcəkdi. O vaxta qədər isə dünyanın heç bir yerində sulu ərazinin torpaqla doldurulması işləri aparılmamışdı. Əslində, bu da təsadüfi deyildi. Çünki 20 il əvvəl Bakı neft sənayeçiləri çar hökumətindən xahiş edirdilər ki, onlara Bibiheybət körfəzinin su ərazisinin istismarına icazə versinlər.

Bu işlərin əsas mahiyyəti yaradılacaq süni qruntlarda neft mədənlərinin qurulması və dənizə doğru qazma işlərinin həyata keçirilməsindən ibarət idi. Körfəzin doldurulması üçün qruntlar dənizin dibindən çıxarılırdı. Sahillərin bərkidilməsi və bəndlərin tikintisi üçün Şıxovdan və Nargin adasından gətirilən daşlardan istifadə olunurdu. Təsəvvür edin, 1918-ci ilə qədər 193 hektar ərziı torpaqla doldurulur.

1919-cu ilin avqustunda Pototski bir gözünü itirir. Sonralar tədricən digər gözü də görmə qabiliyyətini itirməyə başlayır. O, müalicə üçün Moskvaya getməli olur. Amma müalicə heç bir nəticə vermir. Bir il sonra 41 yaşında hər iki gözünün görmə qabiliyyətini itirir.

Gözlərinin görməməsinə baxmayaraq o, iki il sonra 27 hektar dəniz ərazisinin də torpaqla doldurulması layihəsini işləyir. Tezliklə Pototski körfəzin doldurulması üçün yeni layihə hazırlayır. Bu layihəyə əsasən 79 hektar əraziyə torpaq tökülməli idi. Bu iş uğurla davam etdirilir. Yeni ərazidən - torpaqla örtülmüş sahədən vuran ilk neft fontanı bütün dünyanı heyrətə gətirir, beynəlxalq neft konfranslarında böyük marağa səbəb olur.
Ümumilikdə, Bibiheybət körfəzinin tam örtülmüş sahəsi 300 hektara çatdırıldı. Pototski ömrünün son 10 ilini gözləri görmədiyi halda layihəyə rəhbərlik etmişdi. Sonradan “Lenin” ordeni ilə təltif olunmuşdu.

Bibiheybət buxtası - FOTOLAR

1922-ci ilin payızında geoloq Qolubyatnikov Pototski haqqında yazırdı: “Bibiheybət körfəzinin doldurulmasında göstərdiyi fədakar xidmətlərinə görə, borclu olduğumuz bu istedadlı mühəndis hal-hazırda əqli fəaliyyətinin çiçəklənən bir çağında görmə qabiliyyətini itirib. Ümid edirik ki, Azneft imkan tapıb bu əməksevər insanı mükafatlandıracaq. Xüsusən Pavelin həyata keçirdiyi bu böyük işlərə görə neft maqnatları vaxtında onun haqqını ödəməyiblər”.

O vaxt Azneftin rəisi vəzifəsində işləyən Serebrovskiyə belə bir məktub da ünvanlanmışdı: ”Xahiş edirik, körfəzin torpaqla doldurulmasında baş mühəndis vəzifəsində çalışan P.N. Pototskiyə gördüyü misilsiz xidmətlərinə görə, 300 rublla mükafatlandırılmasına icazə verəsiniz”.
Yaddan çıxmamış, məşhur rus yazıçısı Maksim Qorki də Pototski şəxsiyyətinə pərəstişini gizlədə bilməmiş, Bakıda olarkən öz qeydlərində yazırdı: “Eşitmişəm Pototski bir əfsanədir. Kor ola-ola Bibiheybəti yaxşı tanıyır, xəritədə görülən və görüləcək torpaqla doldurulma işlərinin yerini düzgün göstərir”.

Həqiqətən də Pototskinin ətrafında dayanan adamlara elə gəlirdi ki, onun ikinci görmə orqanı var. Ömrünün axırıncı 20 ilini Pototski Bibiheybət körfəzində yeni neft mədənlərinin axtarışına həsr etmişdi. Hətta ölümünə bir neçə gün qalmış belə, o, körfəzin işlərinin başa çatdırılmasına rəhbərlik etmişdi.

Vəfat edəndə 53 yaşı vardı. 1932-ci ilin 15 martında dünyasını dəyişir.
Pototski öz vəsiyyəti ilə, Bibiheybətdə, özü yaratdığı dənizin sahilində, neft nasosları və qazma platformalarının əhatəsində dəfn edilir.

Onu isə son mənzilə İçərişəhərdən yola salırlar.
Pototski və onun həyat yoldaşı Nadejda Anatolyevna o zaman Bakıdakı Böyük Minarə küçəsindəki 23 nömrəli evdə (indiki Asəf Zeynallı küçəsi, İçərişəhər) yaşayırdılar. Həmin vaxt evlə üzbəüz fəhlə kooperativi yaradılmışdı. Gözlərini itirən Pototski bir müddət burada hesabdarlıq da etmişdi.

Tarixin gərdişinə bax, Pototski vəfat edəndən 59 il sonra Azərbaycan müstəqil dövlət olacaqdı. Və... Və Polşanın Azərbaycandakı səfirliyi də onun evinin qonşuluğunda yerləşəcəkdi...

/lent.az/

# 4148 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #