Bakıda divarlara yazılan şifrələrin mənası nədir?

Bakıda divarlara yazılan şifrələrin mənası nədir?
25 oktyabr 2023
# 12:00

Kulis.az Ömər Xəyyamın “Sintetik ölüm” adlı yeni yazısını təqdim edir.


Tələsik yazmışam. Olsun ki, yazının üslubu primitivdir, dadı/duzu yerində deyil.
Fəqət düşündüm ki, bu barədə təcili yazmalı, doğma şəhərin əziz sakinlərini xəbərdar etməliyəm.
Həm də belənçi vacib məsələ haqqında elə məhz bu intonasiya ilə, bu üslubda, ədəbi fəndlər işlətmədən yazmaq lazım.


Xırdalanda, Yasamalda, Biləcəridə, Qaraçuxurda, - indi xatırlamadığım bir çox divarlarda, fasadlarda bu cür qeydlər görmüşəm: “СК.МЕФ”, “24ks.cc”.

Yəqin ki, siz də görmüsünüz.

Əvvəl elə bilirdim, bu qeydlər qəzalı, yaxud plana düşmüş binalara dövlət qurumları tərəfindən yazılır. Xüsusi nişandır.



Fəqət gecə təsadüfən “24ks.cc” yazıb quqlladım.

Budur, “sintetik ölüm” cəngəlliyi!

Bəs, demə, “МЕФ” “СК” psixoaktiv/narkotik maddə mefedronun, yaxud mefedron tərkibli dərmanların “ləqəbi”ymiş.

“24ks.cc” isə narkoşəbəkənin saytıdır. Teleqram botuna bağlıdır.

Əlbəttə, daxil oldum, üstəlik, haman botla şirin-şirin söhbətləşdik.

Mənə mefedron menyusu təklif etdi. Mən də gözümü yumub birini seçdim.



Sonra kod göndərdi, yazdı ki, bu kodu filan bota göndər, hesablasın.

Nəhayət, məlum oldu ki, mənim seçdiyim “mal”ın qiyməti 150 manatmış.



Dedim, bəs, pulu necə ödəyəcəm, onu da izah elədi. Üstəlik, yazdı ki, mənə güvənə bilərsən.

Eləmədim tənbəllik, dedim, sübut elə ki, sən fırıldaqçı deyilsən.

Məni başqa teleqram kanalına yönləndirdi.

Kanal nə kanal! Təxminən, üç dəqiqəyə xumarlandım.

Deyərsən, cənnətdir, haman rəngarəng bağlamalar da, cənnət meyvələrdir.


Hamı razıdır, hamı təşəkkür edir.

Biri yazıb, çox sağ olun, dediyiniz yerdən götürdüm, biri yazıb, təşəkkür edirəm, “mal” danışdığımız kimi filan yerdə, filan daşın altında idi.

Yazışmamızı da, şəkilləri də görürsünüz.



Bu ənənə bizə Belarusdan, Rusiyadan gəlib. Bir neçə xəbər oxudum, öyrəndim ki, Belarusda narkokuryerlərin əksəriyyəti qızlardır.

Özü də narkoşəbəkə divarlara elənçi "şüar"lar yazanlara ya havayı narkotik vasitə verir, ya da maaş.



Bir az da araşdırdım, məlum oldu ki, keçən ay Bakıda binaların fasadına, məktəb divarlarına narkotik satışını təbliğ edən şüarlar yazan 3 nəfər həbs edilib.

Məlum olub ki, naməlum şəxslər “СК.МЕФ”, “ГИКС CC” kimi narkotiki təbliğ edən şüarlar yazmaqla ərazidə narkotik vasitələrin, psixotrop maddələrin satışı, təbliği ilə məşğul imiş.

Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin şəxslər saxlanılıb.

Əlbəttə, etiraf ediblər. Boyunlarına alıblar ki, binaların fasadına, məktəblərin divarlarına haman “işarələr”i məhz onlar çəkiblər.

Müştərilərə teleqram sosial tətbiqi vasitəsilə narkotik vasitələr, psixotrop maddələr satıblar, üstəlik, qurbanlara pul müqabilində “kuryerlik” xidməti təklif ediblər.

Bir günə, təxminən, 150 divar yazıblar və 75 manat qazanıblar. Sonra da pulu ata malı kimi üç yerə bölüblər.

Əfsus, bu məsələdən çoxu xəbərdar deyil, çoxu hadisənin mahiyyətini ötürüb, xəbər üç ənənəvi narkokuryerin həbsi kimi oxunub.

Fəqət bu ayrı mərhələdir. Diqqətli olmalıyıq.

Bu tip qraffiti nümunələri bir növ, neyro linqvistik proqramlaşma metodudur.

Mahiyyəti ağırlığında, təfəkkürü boyda telefon işlədən, sevgiyə, qayğıya möhtac, sözün hər iki mənasında dəfələrlə sındırılmış, dəfələrlə təhqir edilmiş travmalı gəncdən ötrü, əlbət, belənçi “işarələr” xoşbəxtliyin elçisidir. Özümüzü, uşaqlarımızı, məhəlləmizi, şəhərimizi, ölkəmizi, gələcəyi qorumalıyıq!

# 18182 dəfə oxunub

Oxşar xəbərlər

Ankarada Əhməd Cavadın xatirəsi yad edildi

Ankarada Əhməd Cavadın xatirəsi yad edildi

10:30 14 oktyabr 2025
Məşhur müğənni serialının yayım tarixini açıqladı

Məşhur müğənni serialının yayım tarixini açıqladı

10:21 14 oktyabr 2025
Məmməd Arazın unudulan Fransa səfəri - O, Topçubaşovun oğluna hansı misraları yazmışdı?

Məmməd Arazın unudulan Fransa səfəri - O, Topçubaşovun oğluna hansı misraları yazmışdı?

10:16 14 oktyabr 2025
Nazirlik Ənvər Həsənovun ailəsinin şikayətinə aydınlıq gətirdi

Nazirlik Ənvər Həsənovun ailəsinin şikayətinə aydınlıq gətirdi

17:30 13 oktyabr 2025
“Xəzər TV”nin adından dələduzluq

“Xəzər TV”nin adından dələduzluq

16:55 13 oktyabr 2025
"Hətta təlaşlı günlərimdə sevinirəm..." - Luiza Qlükün poetik sədaqəti

"Hətta təlaşlı günlərimdə sevinirəm..." - Luiza Qlükün poetik sədaqəti

16:50 13 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər