Azərbaycanda qlobal təhsil vergi islahatlarından başlayır

Azərbaycanda qlobal təhsil  vergi islahatlarından başlayır
3 mart 2025
# 16:57

Vergi güzəştləri: Təhsil sektoruna sərmayənin artırılması üçün effektiv alət


Əvvəlki məqalələrimdən birində Azərbaycanın iqtisadi çiçəklənməsi və inkişafına rəvac verən təhsil sektoruna qoyulan sərmayələrin həlledici rolunu araşdırmışdım. Təhsil çiçəklənən, mütərəqqi cəmiyyətin özülünü təşkil edir və Azərbaycanın daha parlaq gələcəyini təmin etməkdən ötrü biz bu gün tədbirlər görməli, bu vacib sahəyə məqsədyönlü, səmərəli investisiya qoyuluşunu təmin etməliyik. Güclü təhsil sistemi təkcə elm sahəsində üstünlük deyil, həm də iqtisadi artım, işçi qüvvəsinin inkişafı, dünya miqyasında rəqabətə davamlılıq deməkdir.


Bu məqaləmlə bu yöndəki dəlillərimi davam etdirərək təhsil sistemimizin potensial imkanlarının tam açılmasından ötrü böyük islahatlar, cəsarətli addımların mühüm əhəmiyyət kəsb etdiyini vurğulamaq istəyirəm. Bu islahatlara vergi sistemində struktur dəyişikliklər edilməsi, həmçinin, aparıcı qlobal təsisatların, brendlərin diqqətini ölkəyə cəlb etməyə hesablanan təşəbbüslərin gerçəkləşdirilməsi kimi tədbirlər daxildir. Bütün bunlar innovasiyalara, Azərbaycanda təhsillə bağlı standartların yüksəldilməsinə rəvac verəcək.


Təhsilə sərmayə qoyuluşunun artırılmasının səmərəli üsullarından biri də vergi güzəştləridir. Bu, sərmayədarlara vergiyə cəlb edilən qazanclarını azaltmaq, təhsil layihələrinə qoyduqları sərmayəni qismən kompensasiya etmək imkanı verir.


Qlobal təcrübə: Səudiyyə Ərəbistanı, ABŞ və Çinin uğurlu yanaşmaları


Vergi güzəştlərinin bütün dünyada prioritet sahələrə maliyyə axınının təmin olunmasında çox güclü vasitələrdən biri olması artıq çoxdan sübuta yetirilib. Məsələn, Səudiyyə Ərəbistanı təhsil sahəsinə cəlb edilmiş əcnəbi investorlar üçün daha az vergi norması təyin etmək və böyük vergi güzəştləri tətbiq etməklə Vision 2030 proqramında qarşıya qoyduğu hədəflərə daha da yaxınlaşıb. Bu siyasətin nəticəsidir ki, 2024-cü ilin ikinci rübündə ölkənin təhsil sektorunda investisiyaların həcmində 86 faizlik artım müşahidə olunub. Bu da həmin sahənin biznes cazibəsinin artmasından xəbər verir.


Azərbaycan da ölkənin təhsil sektoruna sərmayə qoyan şirkət və investrorlar üçün vergi güzəştləri tətbiq etmək perspektivlərini araşdırmaqla oxşar yanaşmadan yararlanmaq imkanlarını nəzərdən keçirə bilər. Bura yeni məktəblərin, universitetlərin, tədqiqat institutlarının maliyyələşdirilməsinin stimullaşdırılmasını da daxil etmək olar. Oxşar addımlar təhsilin keyfiyyətini yaxşılaşdırmaqla bərabər, həm də özəl sektorda uzunmüddətli layihələrə təkan verərdi.

Təhsil sahəsinin maliyyələşdirilməsinə vergi güzəştlərindən başqa ianələrin cəlb olunmasını da stimullaşdırmaq lazımdır. Birləşmiş Ştatlarda universitet və orta məktəblərə yardım edən, ianə verən qurumlar üçün böyük vergi güzəştləri nəzərdə tutulub, bunun nəticəsində hər il özəl sahələrdən təhsil sektoruna milyardlarla dollar vəsait yönəldilir. Heç təsadüfi deyil ki, 2023-cü ildə ABŞ-də təhsil ocaqlarına 88 milyard dollara yaxın vəsait ianə edilib, bu da 2022-ci illə müqayisədə 11,1 faiz çoxdur. Çin də oxşar siyasi xətt yürüdərək təhsil müəssisələrinə ianələr verən ayrı-ayrı şəxslərə, korporasiyalara gəlirlərinin vergiyə cəlb edilən hissəsini azaltmaq imkanı yaradıb.


Xeyriyyə ianələrinin stimullaşdırılması və vergi güzəştləri


Azərbaycanda da xeyriyyəçiliklə məşğul olan qurumların, xüsusən də orta məktəblərə, universitetlərə, elmi-tədqiqat mərkəzlərinə ianələr ayıran şirkətlərin vergilərinin azaldılması təhsilin maliyyələşdirilməsinə faydalı olar. Hökumət fiziki şəxslərə, özəl müəssisələrə, biznes qurumlarına bu ianələri vergiyə cəlb olunan gəlirlərdən çıxmaq imkanı yaratmaqla ianəçilik mədəniyyətinin formalaşmasına, korporativ ictimai məsuliyyət mühitinin yaranmasına böyük töhfə verər. Bu, özəl sahənin təhsillə bağlı təşəbbüsləri, təqaüd proqramlarını, infrastruktur inkişafını davamlı şəkildə dəstəkləməsini stimullaşdırar.


Bunu da qeyd etmək vacibdir ki, təhsilə dəstək verən şəxslərə və şirkətlərə vergi güzəştlərinin tətbiq edilməsi son nəticədə hökumətə maliyyə baxımından yük olmayacaq. Əslində həmin siyasət dövlətin gəlirlərini artıracaq, yeni iş yerlərinin yaradılmasına rəvac verəcək. Bu güzəştlər, həvəsləndirici tədbirlər sərmayədarlara pullarına qənaət etmək fürsəti verəcək, həmin vəsait isə iqtisadi fəallığı artırmağa yönəldiləcək, tikinti, təhsil, idarəçilik sahələrində yeni iş yerləri yaradılacaq, onların da hər biri dövlətin vergi büdcəsinə öz töhfəsini verəcək.

Dünya şöhrətli təhsil brendlərinin cəlb edilməsi


Vergi güzəştləri nə qədər həlledici rol oynasa da, davamlı, etibarlı təhsil sistemi heç də təkcə maliyyə, sərmayə qoyuluşları tələb etmir. Məsələn, təhsil infrastrukturu, tədris proqramlarına yeniliklərin tətbiqi, istedadların qorunub saxlanması ilə bağlı tədbirlər də çox vacib amillərdir. Avropa Peşə Təhsilinin İnkişafı Mərkəzinin (Cedefop) qənaətincə, vergi güzəştləri daha geniş addımlar siyasəti ilə birlikdə tətbiq edildikdə daha səmərəli olur.

Ən etibarlı, ağlabatan yollardan biri dünya şöhrətli təhsil brendlərinin Azərbaycana cəlb edilməsidir. Bunu Bakıdakı ADA Universitetinin təcrübəsində müşahidə etmək olar. Universitet bu cür innovasiyalarının, xüsusilə də İtaliya – Azərbaycan Universiteti layihəsi sayəsində həm yerli, həm də əcnəbi tələbələr arasında populyarlığını getdikcə artırır.


Yerli kampusların təşkilində, birgə layihələrin gerçəkləşdirilməsində, bilik mübadiləsinin genişləndirilıməsində, təhsil sahəsinin inkişaf etdirilməsində hökumətin dünya səviyyəli universitetlərlə, təhsil texnologiyaları üzrə ixtisaslaşmış şirkətlərlə, peşə hazırlığı müəssisələri ilə fəal əməkdaşlığı, güman edirəm, çox faydalı ola bilər. Sinqapur, Qətər kimi ölkələr Massaçusets Texnologiya İnstitutu, Corctaun Universiteti, Texas Kənd Təsərrüfatı və Mexanika Universiteti, Karnegi Mellon Universiteti kimi nüfuzlu, dünya şöhrətli ali təhsil müəssisələrini öz ölkələrinin təhsil sisteminə cəlb etməklə güclü bilik ocaqları yaradıblar.


Azərbaycan da öz təhsil sistemində dünyanın aparıcı təhsil ocaqlarından, onların təcrübəsindən faydalanmaqla bu cür yanaşma tərzini əxz edə bilər, xüsusən də təcrübə kasadlığı hiss edilən sahələrdə, yaxud da ölkənin uzunmüddətli iqtisadi hədəflərinə uyğun olan sahələrdə. Bu, ölkədə təhsilin keyfiyyətini artırmaqla yanaşı, həm də regionda bir təhsil ölkəsi kimi Azərbaycanın nüfuzunu gücləndirər.


Azad təhsil zonaları: İnnovativ inkişaf üçün yeni model


Sərmayələrin cəlb edilməsində daha bir sınanmış metod azad təhsil zonalarının yaradılmasıdır. Bu zonalar əcnəbi təhsil ocaqlarına, dünyanın müxtəlif universitetlərinə vergi güzəştləri, tədris proqramının seçilməsində müəyyən azadlıqlar təklif etməklə onları ölkədə kampuslar yaratmağa, yerli təhsil ocaqları ilə birgə akademik araşdırmalar aparmağa təşviq edər.


Birləşmiş Ərəb Əmirlikləri bu modeldən istifadənin bariz nümunəsini göstərir. Ölkə müasir, çevik nizamlama sisteminə malik azad iqtisadi təhsil zonaları yaratmaqla, investoryönlü siyasətlə dünya səviyyəli ali təhsil ocaqlarını böyük uğurla əmirliklərə cəlb edib, həmin institutlar artıq o ölkənin təhsil sisteminə inteqrasiya olunublar, orada özlərinə yer ediblər. Bu siyasət nəticəsində Şarcə Amerika Universiteti, Kembric Beynəlxalq Məktəbi, Avstraliya Beynəlxalq Məktəbi kimi təhsil ocaqları yaradılıb.


Bundan başqa, Dubay Beynəlxalq Akademiya Şəhərciyi və Dubay Bilik Parkı dövlət sektoru ilə özəl sektor arasında əməkdaşlığa gözəl nümunə sayıla bilər. Bu zonalarda investorlar universitetləri özləri tikib, özləri də idarə edirlər, yaxud da hökumət müəyyən infrastrukturlar yaradır, binalar tikir və onları özəl sahənin sərmayəçilərinə kirayəyə verir. Bununla da ümumi təhsil infrastrukturu gücləndirilir.


Bu cür siyasət ölkədə təhsil standartlarını yüksəltməklə bərabər BƏƏ-ni həmin sahədə dünyanın ən nümunəvi ölkələrindən birinə çevirib. Proqnozlara görə, ölkədə ali təhsil sahəsinin gəlirləri 2030-cu ilədək azı 24 milyard ABŞ dolları təşkil edəcək. Heç şübhəsiz, bu model Azərbaycan üçün ilhamverici nümunə ola bilər və ondan ölkənin gələcək planları ilə səsləşən dəyərli nəticələr çıxarmaq mümkündür.


Azərbaycan da Bakıda, yaxud da ölkənin digər strateji bölgəsində xüsusi olaraq təhsil sahəsi üçün nəzərdə tutulmuş azad iqtisadi zonalar yaratmaqla dünya səviyyəli universitetlərin, təhsil texnologiyaları sahəsində ixtisaslaşmış şirkətlərin, elmi-tədqiqat institutlarının diqqətini bura cəlb edə bilər. Bundan başqa, Azərbaycan əcnəbi müəllimlərə viza verilməsi prosedurlarını sadələşdirmək, elmi-tədqiqat qrantları kimi xüsusi həvəsləndirici tədbirlər vasitəsilə bir təhsil məkanı kimi öz cazibəsini artıra bilər.


Azərbaycanın yeni təhsil təşəbbüsləri və gələcək perspektivlər


Tədricən bu cür addımlar atılır. 2023-cü ildə qəbul edilən Bakı Şəhərinin Baş Planı layihəsi buna əyani sübutdur. Plan şəhərin ictimai nəqliyyat probleminin həllində mühüm addım olmaqla yanaşı, yeni universitet kampusunun yaradılmasını da nəzərdə tutur. Onu təqdirəlayiq layihə saymaq olar, çünki təhsil imkanlarını genişləndirməklə yanaşı, həm də getdikcə artan tıxac probleminin aradan qaldırılması ilə iqtisadi əngəlləri azaltmağa xidmət edir. Bununla belə, hələlik kampusun yeri müəyyən edilməyib. Güman edirəm, operativ addımlar həmin vacib layihənin uğurla gerçəkləşdirilməsində əhəmiyyətli rol oynayacaq.


Sevindirici haldır ki, ölkə artıq bu istiqamətdə mühüm bir addım atıb. Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə edilən son dəyişiklik indi təhsil təşəbbüslərinə ianə edilən vəsaitlərin gəlir vergisindən azad edilməsini nəzərdə tutur. Bu isə investorlara müəyyən təhsil müəssisələrinə ianə edərkən gəlirlərinin 15 faizə qədərinə qənaət etmək, gəlirlərinin vergiyə cəlb olunan hissəsini və ümumi vergi yükünü azaltmaq imkanı verir.


Bu, çox perspektivli başlanğıcdır və ümid edirəm, hökumət bu cür stimullaşdırıcı tədbirləri genişləndirməklə təhsilə qoyulan xeyriyyə sərmayələrinin həcmini artırmağa nail ola və işgüzar dairələrin, təhsil sektorunun sürəkli, davamlı dəstəyini qazana bilər.


Vergi islahatlarının təhsil sektoruna strateji təsiri


Bir daha qeyd etmək istəyirəm ki, oxşar təşəbbüslər istisadiyyatda tükənmə yaratmır, hökumətin maliyyə yükünü artırmır. Əksinə, onlar iqtisadi artıma, yeni iş yerlərinin yaradılmasına və təhsilin inkişafına xidmət edir. Lakin belə məsələlərdə vaxtında atılan addımlar həlledici rol oynayır, çünki qonşularımız bizi gözləmirlər. Süni Zəkanın sürətli inkişafı fonunda bizim gələcəkdə itirə biləcəklərimiz indi təsəvvür etdiyimizdən xeyli çox ola bilər.


Azərbaycan bilik və tədqiqat mərkəzi olmaq istəyirsə, bu cür təşəbbüsləri genişləndirməli, elə bir şərait yaratmalıdır ki, ən yüksək səviyyəli təhsil müəssisələri və investorlar burada rahat işləsinlər, dövlətin dəstəyini hiss etsinlər, təhsil sahəsinə töhfə vermək üçün motivasiyaları olsun.


Bu səylər dünyanın aparıcı təhsil müəssisələrinin reytinq cədvəlində Azərbaycan universitetlərinin mövqelərinin güclənməsinə xidmət edir. Diqqətəlayiq haldır ki, Bakı Dövlət Universiteti və Azərbaycan Universiteti ilk dəfə olaraq ShanghaiRanking reytinqində 500 ən yaxşı ali təhsil ocağı siyahısına düşüb.


Ölkəmiz vergi islahatları sahəsində kompleks tədbirlər həyata keçirməklə, təhsil sektoruna dünyanın nüfuzlu təhsil brendlərini cəlb etməklə, güclü hüquqi baza yaratmaqla davamlı, mütərəqqi təhsil sektorunun əsasını qoya bilər.

Tale Heydərov,

Avropa Azərbaycan Məktəbi, “TEAS PRESS” Nəşriyyat Evi və “Libraff” kitab mağazalarının təsisçisi

# 159 dəfə oxunub

Oxşar xəbərlər

Orucumu pozaram, and içərəm doyunca... - Ruslan Dost Əlinin şeirləri

Orucumu pozaram, and içərəm doyunca... - Ruslan Dost Əlinin şeirləri

21:17 3 mart 2025
"Sevdiyin qızı vermirlər? Qaçırt!" - Kəramət Böyükçöl

"Sevdiyin qızı vermirlər? Qaçırt!" - Kəramət Böyükçöl

21:00 3 mart 2025
“Ailəm nümunəvi idi” – Müşviq boşanmağından danışdı

“Ailəm nümunəvi idi” – Müşviq boşanmağından danışdı

18:45 3 mart 2025
Yorğan-döşəyi yanmış yük, ağacdan asılmış boş beşik...  - Soyqırımın ən məsum qurbanı

Yorğan-döşəyi yanmış yük, ağacdan asılmış boş beşik... - Soyqırımın ən məsum qurbanı

17:55 3 mart 2025
Tanınmış aktyor iflic oldu:  Qızı həkimləri ittiham etdi

Tanınmış aktyor iflic oldu: Qızı həkimləri ittiham etdi

17:00 3 mart 2025
Məşhur Yuri Nikulin Sirki Bakıya gəlir

Məşhur Yuri Nikulin Sirki Bakıya gəlir

16:35 3 mart 2025
# # #