Azərbaycan hekayələri çex dilində çap olundu

Azərbaycan hekayələri çex dilində çap olundu
2 iyun 2022
# 10:40

Dövlət Tərcümə Mərkəzi ilə Çex Respublikasının “Karolinum” nəşriyyatının birgə əməkdaşlığı çərçivəsində Praqada işıq üzü görmüş “Sarı gəlin – Azərbaycan hekayələri antologiyası” kitabının təqdimat mərasimi keçirilib.

Tərcümə Mərkəzindən bildirilib ki, tədbiri giriş sözü ilə Karlov Universitetinin professoru İvana Bozdexova açaraq kitaba daxil edilmiş əsərlərin bədii məziyyətindən, çex dilinə tərcümə və tərtib prosesindən danışıb: “Azərbaycan ədəbiyyatının ümumi mənzərəsini əks etdirən bu nəfis tərtibatlı kitab Çexiyanın ədəbi mühiti tərəfindən böyük maraqla qarşılanıb, müxtəlif ədəbi üslublu əsərlərin tərcüməsi yüksək dəyərləndirilib. Azərbaycan Dövlət Tərcümə Mərkəzinin ədəbiyyatlararası mübadilələr istiqamətində ərsəyə gətirdiyi bu layihə qurumun növbəti uğuru, iki dost ölkə arasında mədəniyyətlərarası dialoqun inkişafına verilən əlamətdar töhfədir”.

Karlov Universitetinin prorektoru Yan Kuklik kitabın hər iki ölkənin ədəbi-mədəni həyatı üçün yeni hadisə olduğunu, xalqlararası anlaşmaya zəmin yaradan bu səpkili layihələrin davamlı şəkildə həyata keçirilməsinə böyük ehtiyac duyulduğunu bildirib

Daha sonra Karlov Universitetinin professoru Zuzana Krjihova, Klara Xoulikova, “Karolinum” nəşriyyatının direktoru Petr Valo, tədbirdə iştirak edən Çexiya şair və yazıçıları çıxış edərək nəşrin Azərbaycan ədəbiyyatının özünəməxsusluğunu, fəlsəfi çalarlarını əks etdirməsindən söz açıblar, layihənin Çex və Azərbaycan xalqlarının bir-birini yaxından tanıması, mədəniyyətlərarası dialoqun qurulması işinə böyük töhfə olacağını bildiriblər.

Azərbaycanın Çex Respublikasında səfiri Adış Məmmədov nəşrin hər iki ölkənin ədəbiyyatı üçün əhəmiyyətindən, Azərbaycan xalqı və mədəniyyətinin Çex oxucularına yaxından tanıdılmasında mühüm rolundan söz açıb: “Bu vaxta qədər ayrı-ayrı yazıçı və şairlərin əsərlərindən bəzi nümunələr müxtəlif dövrlərdə Praqada çap olunsa da, milli ədəbiyyatın Çex oxucusuna bu cür küll halında təqdim edilməsi ilk və əlamətdar hadisədir”.

Mərasimin bədii hissəsində kitaba daxil edilmiş əsərlərdən – Əzizə Cəfərzadənin “Gözlənilməyən gəliş”, Anarın “Gürcü familiyası”, Elçinin “Sarı gəlin” hekayələrindən parçalar səsləndirilib, Azərbaycan xalq mahnısı “Sarı gəlin” ifa olunub.

Qeyd edək ki, bu ilin mart ayında Praqada işıq üzü görmüş kitaba Əbdürrəhimbəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Süleyman Rəhimov, Əli Vəliyev, Mir Cəlal, Ənvər Məmmədxanlı, Anar, Əzizə Cəfərzadə, Maqsud İbrahimbəyov, Yusif Səmədoğlu, Elçin, İsi Məlikzadə, Mövlud Süleymanlı, Kamal Abdulla, Şahmar, Sara Nəzirova, Rafiq Tağı, Saday Budaqlı, Etimad Başkeçid kimi tanınmış Azərbaycan ədiblərinin əsərləri daxil edilib.

# 2318 dəfə oxunub

Oxşar xəbərlər

Kimsəsiz adada 28 il... - Orijinal adı 25 sözdən ibarət olan "Robinzon Kruzo" haqqında maraqlı faktlar

Kimsəsiz adada 28 il... - Orijinal adı 25 sözdən ibarət olan "Robinzon Kruzo" haqqında maraqlı faktlar

16:00 25 aprel 2026
Azad Qaradərəlinin əsərlərinin 13-cü cildi çap ediləcək

Azad Qaradərəlinin əsərlərinin 13-cü cildi çap ediləcək

14:00 25 aprel 2026
“Naxışların dili – ortaq mirasın səsi” silsilə tədbirləri keçirilir

“Naxışların dili – ortaq mirasın səsi” silsilə tədbirləri keçirilir

12:00 25 aprel 2026
“İlin fotosu”  seçildi

“İlin fotosu” seçildi

11:00 25 aprel 2026
Xocalı həqiqətləri Malta İncəsənət Biennalesində

Xocalı həqiqətləri Malta İncəsənət Biennalesində

10:45 25 aprel 2026
Nuhun gəmisinə aid olduğu iddia edilən yeni tapıntılar aşkarlandı

Nuhun gəmisinə aid olduğu iddia edilən yeni tapıntılar aşkarlandı

10:30 25 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər