Kulis.az Azər Turanın "Buna Ayvazovski, yaxud azərbaycanlılar neyləsin?!." yazısını təqdim edir.
Nədənsə, 4 il əvvəl, Xankəndidə rus rəssamı Ayvazovskinin heykəlini quranda rusların yadına düşməyib ki, Qarabağda heykəli ucaldılmağa layiq yalnız bir böyük rus rəssamı var: Vereşagin. Vereşagindən sərf-nəzər edənlər Ayvazovskini nə üçün önəmsədiklərini özləri yaxşı bilir. Ona görə ki, rus rəssamı Ayvazovski mənşəcə ermənidir. Bir də Ayvazovski Rusiya Hərbi Dəniz qüvvələri baş qərargahında admiral rütbəsinə bərabər tutulan şəxsi müşavir olub.
İndi Ayvazovskinin heykəlinin Xankəndidən götürülməsindən təlaşa düşənlər, bunu vandalizm əlaməti hesab edənlər Azərbaycana sayqı duyurdularsa, Azərbaycana hörmət edirdilərsə və ən başlıcası, səmimiydilərsə, 4 il əvvəl öz "sülhməramlı" missiyalarından belə məkrli şəkildə istifadə edib sənəti öz kirli, bölücü siyasətlərinin alətinə çevirməməli, Azərbaycanın tarixi zəfərindən sonra Ayvazovskinin heykəlini Qarabağ torpağına nə vaxtsa partlayacaq mina əvəzi olaraq yerləşdirməməliydilər.
Bakıda Puşkinin heykəlinə qucaq açan Azərbaycan Xankəndidə haqlı olaraq, Ayvazovskinin heykəlini ləğv etdi, qanunsuz qoyulmuş abidənin bu şəhərdə olmasını lazım bilmədi. Təbiri-caizsə, ardıyca Rusiya sülhməramlılarının basdırdığı mina "partladı" və partlayış rus ideoloqları tərəfindən rus mədəniyyətinə qarşı hörmətsizlik və vandalizm aktı kimi əks-səda verdi. Hadisə "Heykəllərə qarşı müharibə" başlığıyla tirajlandı.
Halbuki 30 il əvvəl Şuşada onların gözü qarşısında Azərbaycana məxsus heykəllər güllələnirdi. Ayvazovskinin heykəli ilə bağlı hadisə isə əslində, Rusiya dövlətinin xarici siyasəti ilə məşğul olanlara Azərbaycanın verdiyi mükəmməl bir mədəniyyət və tarix dərsiydi. Heç olmasa, Xankəndidə Qarabağa heç dəxli olmayan erməni əsilli rus rəssamı Ayvazovskinin yerinə, Qarabağa birbaşa dəxli olan rus rəssamı Vereşaginin heykəlini ucaldaydılar.
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Zaxarova da, Azərbaycana qarşı hər mövzuda, o cümlədən, Ayvazovskinin heykəli məsələsində qaraqışqırıq salan Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin sədri Zatulin də bilməmiş deyil ki, "Müharibə apofeozu" tablosunun müəllifi, rus rəssamlığında batalist janrın dahisi Vereşagin 25 yaşı olanda, yəni 1865-ci ildə Şuşaya gəlib.
Özü də necə gəlib: "Qarabağın mərkəzi olan Şuşaya axşam gec saatlarında çatdım. Qaranlıqda yalnız hündür, sıldırım dağın zirvəsində tikilmiş şəhər divarının qaranlıq silueti görünürdü. Şuşa əvvəllər Qarabağ xanlarının iqamətgahı olub. Şəhər kifayət qədər yaxşı möhkəmləndirilmişdir, iki tərəfdən sıldırım qayalarla, digər tərəfdən isə, çox möhkəm tikililər və qüllələri olan divarla qorunur...
Bu şəhərin evləri düzgün formalı, qəşəng və hündür olub, çoxsaylı və gözəl pəncərələrlə işıqlandırılır. Qayalıqlar qoynunda yerləşən bu şəhər elə həmin qayalıqlardan götürülmüş daşlardan tikilmişdir. Şəhərin bütün küçələrinə enli daş plitələr döşənmiş, evlərin damları tirlərdən düzəldilmişdir".
Vereşaginin bu sözlərlə başlayan məqaləsi ilk dəfə Parisdə "Le Tour du monde" jurnalında dərc olunub. Şuşa şəhəri avropalıların maraq dairəsinə elə bu məqalə ilə də daxil olub, Avropada Şuşaya maraq rus rəssamı Vereşaginin bu yazısından sonra başlanıb...
Vereşagin Şuşada məhərrəmlik ayinini təsvir edib. Gəlişinin əsas məqsədi də bu idi; həm rəssam kimi, həm də sənətşünas kimi. Məhərrəmlik ayinini - misteriya tamaşasını təfərrüatına qədər yazıb. Hətta sanki tamaşanın sinopsisini qələmə alıb. Aktyor işini, teatrallaşdırılmış ayinin psixoloji-tarixi qatlarını, tamaşaçıların eyforik halını həm rəsm olaraq kağıza, həm də mətn olaraq yazıya köçürüb.
Vereşagin Şuşada Gövhər ağa məscidini və Azərbaycan evlərini, məhəllələrini rəsm edib. Dərvişləri, şəbih tamaşasının epizodlarını, azərbaycanlıların qəlyan çəkdiyi çayxananı, təhsil aldıqları mədrəsəni, Şuşa məhəllələrini təsvir edib. Şuşada multikultural bir mühit canlandırıb.
Şuşada çəkdiyi rəsmlərdə azərbaycanlılar çoxluq təşkil edir. Amma buna rəğmən, ermənilər epizodikdir. Zaxarova, yaxud Zatulin bu sualın "niyə"sinə cavab verə bilərmi? Yaxud Rusiyanın "Azərbaycan tərəfini ehtiyatlılıq nümayiş etdirməyə, "abidələrlə müharibəyə", rus mədəniyyətinin "ləğv edilməsi" tədbirlərinə son qoymağa" çağırış edən təxribatçı ideoloqlar düşünüblərmi, necə oldu ki, Vereşagin Gövhər ağa məscidini, həm içəridən, həm çöldən gördü və təsvirini çəkdi, amma Şuşada rəssamın özünə daha doğma ola biləcək hansısa xristian məbədini, tutaq ki, ermənilərin təbirincə, o dövrdə Şuşa mədəni mühitində dominantlıq edən Qazançı kilsəsini görmədi?
Qarabağ yeparxiyasının mərkəzi kimi təqdim olunan Ğazançetsots kilsəsi o zaman hələ tikilməmişdi və kilsənin inşası Vereşagin Şuşadan gedəndən 4 il sonra başlamışdı...
Bu isə həmin illərdə Şuşada erməni deyil, Azərbaycan icmasının dominantlığından soraq verirdi... Belə olan halda (və hansısa rus rəssamının heykəlini yaratmaq onlar üçün bu qədər vacib idisə), Qarabağda heykəli qoyulmalı olan yeganə rus rəssamı Vereşagin deyildimi? Yoxsa yenidən millətlər arasında tufan yaratmaq məqsədilə məşhur "Tufan" müəllifini yaratmaq nəyə lazım idi?
Ayvazovskinin ən məşhur əsərləri dənizlə bağlıdır. "Doqquzuncu dalğa", "Dənizdə fırtına", "Alatoran", "Dənizdə Qafqaz mənzərəsi"... demək olar ki, bütün əsərləri dənizlə bağlıdır... Qarabağda dəniz varmı? Ayvazovskinin heykəli Xankəndidə deyil, İrəvanda, yaxud işğal altında olan Krımda qoyulmalıdır... Ən azı, ona görə ki, Ayvazovski ermənidir, erməni kilsəsinin arxiyepiskopu Qabriel Ayvazovskinin qardaşıdır. Ən azı ona görə ki, Ayvazovski Krımda doğulmuşdu... Ruslar kimi, ukraynalılar da ona iddialıdır. Hətta Nyu-Yorkdakı Metropoliten muzeydə o, erməni mənşəli Ukrayna rəssamı kimi təqdim olunur.
Görəsən, Azərbaycanı Ukrayna üslubunda, yəni ruslara aid heykəlləri dağıtmaqda şərləyən Zatulin buna görə Metropoliten muzeyinə etirazını bildiribmi?
Ayvazovski, heç vaxt Qarabağa səfər etməyib, Vereşagin isə Qarabağda konkret insanları, daha çox Azərbaycan türklərini, onların məişətini, məscidini, dini ayinlərini, evlərini, çayxanalarını, məhəllələrini, gənc bəylərini rəsm edib.
Şuşada Vereşaginin diqqət mərkəzində ermənilər deyil, daha çox müsəlman icması, daha çox azərbaycanlılardır. Şuşaya səfəri də məxsusi olaraq, 1865-ci ilin may ayına təsadüf etməsi Məhərrəmlik ayinlərini şəxsən izləyib təsvir etmək üçün idi. Elə ona görə də, iki ay Şuşada yaşayan Vereşaginin rəsmləri xatirə qeydlərində "Qarabağ xanlarının iqamətgahı" adlandırdığı bu şəhərin tarixi, əhalisi, etnoqrafik özəllikləri barədə əlimizdə mövcud olan ciddi rus mənbələrindən biridir.
O ki qaldı Ayvazovskiyə... Zaxarovanın bizə sənət və zövq dərsi keçməsi yersizdir. Azərbaycanda sənət zövqü olan hər kəs Ayvazovskinin fırçasına ən azı 100 ildir ki, sayqı ilə yanaşır.
Həm də elə bu mənada bir məsələni xatırladım. Ayvazovski Qafqazda, çağdaş rus ideoloqlarının yanaşdığı bağlamda yeni hadisə deyil, o, 120 il əvvəl də bu kontekstdə var idi, amma bir az fərqli. 120 il bundan əvvəl Qarabağda bizi pantürkizmdə, panislamizmdə suçlayan ermənilərin və rus generalı Qoloşapovun hərbi birləşmələrinin törətdikləri qanlı qırğınlardan bəhs edərkən Əli bəy Hüseynzadə Ayvazovskinin rəsmlərini xatırladır və bildirirdi ki, "Görülüyor, erməni rəssamlarından dəryanı, dalğaları təsvirdə məharətilə şöhrət qazanmış olan Ayvazovskinin "Tufan" adlı məşhur lövhəsi dəxi bu qədər fəci və əzəmətli bir mənzərəyə irayə edəməz..." Yəni bu qədər faciəli və qanlı mənzərəni göstərə bilməz.
Buna Ayvazovski, yaxud azərbaycanlılar neyləsin?!.
***
Ayvazovskinin marinist rəsmləri barədə danışanda, Vereşaginin "Şuşa eskizləri"ni də unutmasınlar...
6 avqust 2025