3 dekabr tanınmış avstriyalı psixoanalitik Anna Freydin doğum günüdür.
Kulis.az bu münasibətlə onun həyatı və fəaliyyəti haqqında olan diqqətçəkən faktları təqdim edir.
Anna Freyd 3 dekabr 1895-ci ildə psixoanalizin banisi Ziqmund Freyd və Marta Bernays cütlüyünün altıncı və son övladı olaraq Vyanada dünyaya gəlib.
Anna bacı-qardaşları arasında atasına emosional və intellektual baxımdan ən yaxın uşaq idi.
Bu yaxınlığa baxmayaraq, digər bacı-qardaşları və anası ilə münasibətləri gərgin idi.

O, özünü bacısından fərqli olaraq çirkin bir qız kimi görürdü, özünü gizlətmək üçün uzun donlar geyinər və donqar durarmış.
Əslində çox gözəl bir qız olan Anna Freyd bacısına baxaraq hər zaman özünü çirkin hiss edib.
Ancaq psixoanaliz qeydlərində özünü çox gözəl bir qız kimi təsvir etdiyini də görürük.
Xüsusi bir məktəbdə oxumasına baxmayaraq, məktəbdən heç bir bilik qazanmadığını düşünürdü.
14 yaşlarında psixoanaliz nəzəriyyəsinə həqiqətən maraq göstərməyə başlayanda atasının tam şəkildə rəğbətini qazanmışdı.

22 yaşlarında ibtidai sinif müəllimliyi edirdi və işini çox sevirdi.
Lakin vərəm xəstəliyinə tutulduğuna görə çox sevdiyi işini tərk etmək məcburiyyətində qaldı.
Müalicəsi zamanı atası Freyd və onun həmkarlarının psixoanaliz haqqında yazdığı məqalələri oxuyub və bəzi əsərlərin almanca tərcümələrini edib. (Ziqmund Freyd tərcüməçilərə hörmət etməzdi və tərcümə etməyi əmək itkisi hesab edirdi.)
Ziqmund Freyd psixoanalizin ali təhsil almış şəxslər tərəfindən də edilə biləcəyini dəstəkləyirdi və onların mütləq həkim olmasının lazım olmadığını deyirdi.

Hətta Annanın ən böyük rəqibi və Ziqmund Freydin bəzi fikirlərini bəyənmədiyi Melani Klayn da həkim deyildi.
Atasının işlərindən təsirlənən Anna Freyd bu şəkildə psixoanalitik olmağa qərar verdi.
Deyilənə görə, atası Ziqmund Freyd öz araşdırmalarında Annanı bir növ təcrübə obyekti kimi istifadə edirdi və hətta onun masturbasiya zamanı yaşadıqlarına qədər detallı şəkildə analiz etməyə çalışırmış.

Annanın bəzi psixoanaliz qeydlərindən atasına qarşı gizlədilmiş bir düşmənçiliyinin olduğu irəli sürülür. Bundan əlavə, Annanın yuxularını Ziqmund Freydə danışması flört kimi şərh edilib.
Bundan başqa, çox qısqanc bir ata olan Ziqmund hətta 19 yaşında Annaya elçi düşən bir kişiyə “qızımız belə işlər üçün çox kiçikdir” deyərək ona rədd cavabı verib.
Bir yazısında Anna həmyaşıdları ilə sevgi bağı qura bilmədiyinə görə kədərləndiyini, evdən çıxmalı olduğunu bildirdiyini, lakin getsə, elə bil siqaretdən ayrılırmış kimi hiss edəcəyini deyib; ardınca belə əlavə edib: “Kim siqaret olmaq istəyər?”
1923-cü ildə atasına xərçəng diaqnozu qoyuldu və bu hadisə Anna Freydin yeni yaradılan Vyana Psixoanaliz İnstitutunda öhdəsinə gözlənilməz məsuliyyətlər götürməsinə səbəb oldu.
Anna atasından sonra psixoanalizə çox mühüm töhfələr verib.
Hələ də psixoanalitiklərə yol göstərən “Eqo və müdafiə mexanizmləri” adlı əsərində “eqo”nun əhəmiyyətini izah etdi və müdafiə mexanizmlərini ətraflı şəkildə təsvir etdi.
İnsanların eqonu – yəni daxili “mən”i qorumaq üçün müdafiə mexanizmlərindən istifadə etdiyini, lakin bu mexanizmlərin insanı reallıqla üzləşməkdən saxladığını və buna görə şəxsi inkişafı və yetkinləşməni zədələdiyini iddia edirdi.
Bu iş və nəzəriyyələri həmin dövrdə “Eqo psixologiyası” sahəsini genişləndirməyə çalışan Erik Eriksonu da təsirləndirdi.
1925-ci ildə “Beynəlxalq Psixoanaliz Assosiasiyası”nın (IPA) katibi oldu və daha sonra 1973-dən ölümünə qədər (9 oktyabr 1982) fəxri sədr olaraq qaldı.
Eyni zamanda atasının fərqli mövqeyinə baxmayaraq (Ziqmund Freyd uşaqların analiz edilə bilməyəcəyini düşünürdü), “uşaq psixoanalizi”nin qurucusu olan Anna Freyd, 1927-ci ildə dəvət olunduğu Londonda “Uşaq analizi texnikasına giriş” adlı əsərini nəşr etdirdi.
Uşaq psixologiyasına maraq göstərməsinin əsas səbəblərindən biri anası Marta Bernaysla yaşadığı problemlər və bundan əlavə bacısı Sofi ilə olan çəkişmələri idi.

Özünü ateist kimi tanıdan Anna Freyd həyat boyu heç vaxt evlənməməsinə baxmayaraq, yaxın dostu və uzun illər Londonda birlikdə yaşadığı Doroti Birlinqamla sevgili olduğu (yəni lezbiyan olması) iddia edilirdi. Anna Freyd bu iddialara cavab verməmişdi.
Atası ilə keçirdiyi seanslar nəticəsində cinsi münasibəti həyatından tamamilə çıxardığı və stoaçılığı qəbul etdiyi deyilir. (Atası da 40 yaşından sonra belə etmişdi)
9 oktyabr 1982-ci ildə (86 yaşında) Londonda vəfat etdi.

Anna Freyddən sitatlar
Bəzən ən gözəl şey, gözlənilmədən və tam da layiq olunmadığı halda, yəni həqiqətən bir hədiyyə kimi əldə edilən şeydir.
***
Özüm üçün istədiyim şey daha ibtidai bir şey idi. Yəqin ki, sadəcə təmasda olduğum insanların sevgisi və haqqımda yaxşı düşünmələri idi.
***
Əgər bir şey sizi qane etmirsə, təəccüblənməyin. Onsuz da həyat elə belə bir şeydir.
***
Valideynlərin duyğuları təsirsiz və ya çox qərarsız olduqda, yaxud ananın fikri başqa yerdə olanda, uşaqlar özlərini itirmiş hiss edirlər.
***
Bir səhv, cəmiyyət tərəfindən edildikdə, həqiqətin gücünü qazanmış olur.