Ata-anası ona cehiz seçirdi, o isə taksiyə əyləşib... – Zorla evləndirilən 17 yaşlı qız necə xilas edildi?

Ata-anası ona cehiz seçirdi, o isə taksiyə əyləşib... – Zorla evləndirilən 17 yaşlı qız necə xilas edildi?
31 avqust 2026
# 15:00

Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.

Sədərək yarmarkasını hamımız tanıyırıq. Bakının kənarında yerləşən, hər kəsin yolunun ən azı bir dəfə düşdüyü, qaynayan həyatı, bitməyən alveri və aramsız siqnalları ilə tanınan o böyük labirint. Sədərək sadəcə bazar deyil, həm də cəmiyyətimizin kiçik modelidir. Xüsusən də "cehiz" deyilən o təlaşlı və ənənəvi prosesin əsas mərkəzidir.

Həmin gün də yəqin ki, bir ata və ana həyəcanla qızları üçün cehiz axtarışına çıxmışdılar. Bəlkə, qab-qacaq sırasındaydılar, bəlkə də mebel sexlərinin qabağında. Qazan dəstinin rəngini seçirdilər, paltaryuyan maşının qiymətində satıcı ilə beş-on manatın üstündə çənə-boğaz olurdular. Beyinlərində hər şey mükəmməl plana uyğun gedirdi. Qızın 17 yaşı var, toyuna cəmi bir neçə həftə qalıb, sentyabrın 20-də "Vağzalı" çalınacaq. Ən əsası, cehiz elə olmalıdır ki, qonşular baxıb onalrı dilə-dişə salmasınlar. "Çətinliklə də olsa, hər şeyin ən yaxşısını elədik, qızımızı köçürdük" fəxri ilə evə qayıdacaqdılar. Onlar üçün bu, valideynlik borcunun layiqincə yerinə yetirilməsi, bir növ övladlarının həyatının uğurla növbəti mərhələyə təhvil verilməsi demək idi.

Amma onlar o qazanların, o stəkanların, o xalça-palazın içində qızlarının gələcəyini necə "paketlədiklərini" düşünmürdülər. Fikirləşmirdilər ki, o cehiz əslində, qızın qəfəsidir. Və ən əsası, evdə qoyub gəldikləri 17 yaşlı yeniyetmənin artıq bu ssenaridə oynamaqdan imtina etdiyini bilmirdilər.

Məsələnin ən kəskin tərəfi qızın qaçış formasıdır. Bu, kinolardakı kimi deyil. Orada atlar, ağ atlı şahzadələr, fon musiqisi və ya dramatik qaçış səhnələri yoxdur. Reallıq çox sadədir. Qız evdən çıxır, təsadüfi bir taksiyə əyləşir və sürücüyə deyir ki, pulum yoxdur, Kəmalə xanımın sığınacağına apar, orada verəcəklər.

Birincisi, 17 yaşlı bir insanın cibində gediş haqqını ödəyəcək üç-beş manat belə yoxdur. O qədər maddi asılılıq içindədir. İkincisi, o gənc yaşında dövlət qurumlarının uzun-uzadı, bəzən adamı yoran bürokratik yollarını deyil, konkret bir ünvanı, xilaskarı kimi gördüyü yeri tanıyır. Deməli, qız bəlkə də aylardır araşdırır, sosial şəbəkələrdən izləyir, beynində bu planı cızır. Toy günü yaxınlaşdıqca içindəki qorxu da, yaşamaq instinkti də böyüyüb və onu bu addımı atmağa məcbur edib.

Biz həmişə taksi sürücülərindən şikayətlənməyə öyrəşmişik. "Yolu uzatdı", "giley-güzar elədi", "kondisioneri yandırmadı". Amma bu dəfə gün ərzində tıxaclarda əsəbləri tarıma çəkilmiş, bəlkə də banka krediti olan o sıravi sürücü tərəddüd etmir. Pulu olmayan sərnişini maşından düşürtmür. Şübhəsiz ki, vəziyyətin nə yerdə olduğunu səssizcə anlayıb. Anlayıb ki, bu, sadəcə bir sifariş deyil, bu, bir insanın yaşamaq cəhdidir. Sükanı sığınacağa tərəf fırlatmaqla, əslində, bir cinayətin qarşısını alan adsız iştirakçıya çevrilir.

Kəmalə Ağazadənin məsələ ilə bağlı paylaşımındakı cümlə hər şeyi yekunlaşdırır: "17 yaşlı qızın 20 sentyabrda toyu olacaqdı. Olmayacaq."

"Olmayacaq." Nöqtə. Bu, təkcə bir toyun ləğvi deyil. Bu, bir ənənənin, məcburiyyətin, "qızdır, ərə getməlidir", "bizdən soruşurdular bəyəm?" kimi çürük və nəsildən-nəslə ötürülən stereotiplərin üzərinə çəkilmiş qalın bir xətdir.

Cəmiyyət olaraq bəzən unuduruq ki, 17 yaş evlənmək, ailə yükü çəkmək üçün yox, oxumaq, ixtisas seçmək, ən əsası, kim olduğunu kəşf etmək üçündür.

Bizim bəzi valideynlər üçün qız övladı hələ də "gələcəyin gəlini"ndən başqa bir status daşımır. Onlar Sədərəkdə o əşyaları alanda əslində, qızlarına yaxşılıq etdiklərini düşünürlər. Özlərini qəddar adam, övlad həyatı məhv edən kimi görmürlər. Bəlkə də qızın qaçdığını eşidəndə şoka düşüblər, "biz canımızı, varımızı qoyub sənə cehiz alırdıq, sən bizi rüsvay etdin" deyə özlərini haqlı da sayıblar. Problem də elə bu bəsitləşmiş düşüncə tərzindədir: insana zorla xoşbəxtlik sırımaq olmur. Qab-qacaqla insanın azadlığını, seçmək haqqını satın almaq mümkün deyil.

İndi qız təhlükəsiz yerdədir. Bəs sonra? Bu məsələ sadəcə bir toyun ləğv edilməsi ilə bitirmi? Bəlkə də indi o alınmış "cehizlər" Sədərəkdəki mağazalara geri qaytarılır, ya da evin bir küncündə açılmamış qutularda qalacaq. Amma əsl məsələ cəmiyyətin o qutuların içindəkilərlə üzləşməsidir.

Bu gün nə qədər 16-17 yaşlı qız onların adına cehiz alınarkən evdə səssizcə taleyi ilə barışır? Nə qədəri o taksini çağırmağa, o "pulum yoxdur, məni xilas edin" cümləsini deməyə cəsarət tapmır? Nə qədəri elə o yorğan-döşəyin arasında öz gəncliyini, xəyallarını basdırır? Biz hələ də erkən nikahların kökünü kəsə bilməmişik. Qanunlar sərtləşir, müzakirələr gedir, amma qapalı qapılar arxasında hələ də "gözü açılmamış ər evinə köçürək" məntiqi fəaliyyətdədir.

Bu hadisə bizə çox vacib bir reallığı göstərir, yeni nəsil artıq köhnə qaydalarla oynamaq istəmir. Onlar kimsə əvəzlərinə qərar verdiyi üçün bədbəxt olmağı qəbul etmirlər. Ehtiyac yarananda bir taksi çağırıb xilaslarına doğru getməyi bacarırlar.

Sentyabrın 20-si isə artıq o qız üçün toy, son və ya kədər günü deyil. O gün qızın təqviminə, yəqin ki, öz həyatının sükanını əlinə aldığı ilk gün kimi yazılacaq. Sədərəkdən alınan o cehizlər isə qoy elə bağlamalarında da qalsın. Çünki bu qızın o karton qutulara sığacaq, oradan idarə olunacaq bir həyatı yoxdur.

Bəs görəsən, bu yazını oxuyan valideynlər öz övladlarının üzünə baxanda onların baxışlarında səssizcə çağırılmış o taksini görə bilirlərmi?..

# 97 dəfə oxunub

Oxşar xəbərlər

“Hörümçək adam” "Titanik"i geridə qoydu - Tarixi uğur

“Hörümçək adam” "Titanik"i geridə qoydu - Tarixi uğur

15:30 31 avqust 2026
"Avroviziya Asiya 2026"nın ilk iştirakçıları

"Avroviziya Asiya 2026"nın ilk iştirakçıları

14:00 31 avqust 2026
Azərbaycanın milli-mədəni irsi Norveç festivallarında

Azərbaycanın milli-mədəni irsi Norveç festivallarında

13:40 31 avqust 2026
Troya sərgisi rekord qırdı – Türkiyə və İtaliya əməkdaşlığı

Troya sərgisi rekord qırdı – Türkiyə və İtaliya əməkdaşlığı

13:05 31 avqust 2026
Zemfira Qafarova:  "Atam Sibirdə olanda anam boşandı, “Kirpi”nin rəssamına ərə getdi" - Müsahibə

Zemfira Qafarova: "Atam Sibirdə olanda anam boşandı, “Kirpi”nin rəssamına ərə getdi" - Müsahibə

12:54 31 avqust 2026
Əfsanəvi qrup haqqında serial çəkilir

Əfsanəvi qrup haqqında serial çəkilir

12:12 31 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər