Asya Atakişiyeva: “Dedilər ərin başqa qadınla öpüşür, qucaqlaşır” - Müsahibə

Asya Atakişiyeva:  “Dedilər ərin başqa qadınla öpüşür, qucaqlaşır” - Müsahibə
1 aprel 2024
# 21:00

Kulis.az Gənc Tamaşaçılar Teatrının aktrisası, Prezident mükafatçısı Asya Atakişiyevanın Lent.az-a müsahibəsini təqdime dir.

- Asya, yaşınız 35-i keçsə də, sizə yaşınızı vermək olmur, bunun bir sirri var?

- Bəlkə də, Gənc Tamaşaçılar Teatrının aurasındandır, orada uşaq tamaşaçılarımız çox olur axı. Həm də uşaq rollarında da oynayırıq. Düzünü desəm, illərdir səhnədə olsam da, təbiətimdəki utancaqlığı dəf edə bilməmişəm.

- 16 yaşlı Cülyettanı oynamaq çətin olmadı?

- Cülyetta mənim ən böyük arzum olub. Həmişə bu əsəri oxuyub xəyallara dalırdım. Xəyalən Verona küçələrini gəzirdim. İtalyan mədəniyyəti ilə dərindən maraqlanırdım. Cənnət xanımın bu əsərə quruluş verəcəyini eşidəndə həyəcandan ölürdüm, deyirdim görəsən Cülyetta kim olacaq? Təsəvvür edin, mən bu rola təsdiq ediləndən düz bir il sonra tamaşa hazırlandı. Amma mən 1 il dayanmadan Şekspiri oxudum, İtaliyanın orta əsrlərinə dair materiallarla maraqlandım, “Romeo və Cülyetta” filmini izlədim. Özümü orta əsrlər havasına kökləmişdim. Hətta günəşə də çıxmırdım ki, rəngim qaralmasın. Cülyetta qara olmamalıdır. Dənizə getmədim, küçədə çətirlə gəzirdim.

-Dediniz çox utancaq olmusunuz. Bununla belə peşə olaraq aktrisalığı seçdiniz.

- Utancaqlıq, çəkincəklik səbəbi ilə orta məktəbi qurtardığım il ali məktəbə daxil olsam da, oxumağa getmədim.

- Necə yəni?

- Orta məktəbi qurtarandan sonra test imtahanı ilə hüquq fakültəsini qazandım İncəsənətə meylim olsa da, utanıb gedə bilməmişdim. Deyirdim, qabiliyyət imtahanı olmadan girmək olmazmı? Hüququ qazandığımı biləndə düşündüm ki, axı mən hüquq adamı deyiləm, oxuyub nə edəcəm bu sənətdə? Getmədim. İkinci il atamın israrı ilə İncəsənət Universitetinə hazırlaşdım. Amma utandığıma görə yenə aktyorluğa yox, rejissorluğa sənəd verdim. Dördüncü kursda oxuyanda atam əlimdən tutub məni apardı Gənclər Teatrına, baş rejissor Hüseynağa Atakişiyevin yanına. O, atamın qardaşı idi. Hüseynağa müəllim üzümə baxdı, gülümsədi, dedi niyə gec qalmısan? Ərizəmi yazanda dedi “yaz ki, aktyor ştatına qəbul olunmaq istəyirəm”. Mən də elə bildim bu sənəd üzərində qalacaq. Heç demə, işə həqiqətən aktrisa kimi başlayacağammış. İlk rolum da “Yatmış gözəl” tamaşasında baş rol oldu. Beləcə səhnəni sevdim, onunla nəfəs almağa başladım.

- Əminiz Hüseynağa müəllim sizə tərəfkeşlik edirdi?

- Yox. Teatrda hələ də çoxları onun mənim əmim olduğunu bilmirlər. Hüseynağa müəllim mənə qarşı hamıdan daha tələbkar idi, güzəşt etmirdi.

- 2021-ci ildə həmkarınız Əmrah Dadaşovla ailə qurdunuz. Teatrda tanış oldunuz?

- Yox. O, Akademik Musiqili Teatrında işləyirdi. Onunla ilk dəfə bir televiziya proqramına qoşa dəvət almışdıq. Əmrah şeir deyirdi. Diqqətimi çəkməmişdi onda. Sonra bir neçə dəfə də müxtəlif tədbirlərdə qarşılaşdıq. Amma tamamən yad kimi. Bir dəfə teatrın qarşısında ortaq tanışımız Zaurla qarşılaşdıq, ikisi bir yerdə idilər. Zaur bizi tanış elədi. Sonralar özü etiraf etdi ki, Zaurla qarşılaşmağımızı o planlayıbmış. Yəni əslində, mənimlə tanış olmaq üçün planlar qurub dəfələrlə.

Elə ikinci görüşdə mənə evlilik təklifi elədi. Bu nəsə mənə ciddi gəlmədi. İnanmırdım. Hətta qapımıza elçiləri gəlib məni istəyənə qədər onun ciddi olmadığını düşünmüşəm. Dedi, elçilər gəlir, yenə inanmırdım.

- Çox zarafatcıl idi, yoxsa ona inanmırdınız?

- Yəqin, hər şeyin belə asanlıqla tez olacağına inanmırdım. Onu çox sevmişdim. Problemsiz, rahatlıqla arzuya çatmaq inandırıcı gəlməmişdi.

- Bəs Asya necə bir gəlindir?

- Bunu qayınanamdan soruşmaq lazımdır. Məncə, pis deyiləm. Yoldaşımın ata-anasından ayrı yaşayırıq. Görüşəndə hər şey gözəldir. Bir-birimizin işlərinə çox qarışmırıq.

- Sənət adamının ömür yoldaşı olmaq asan iş deyil. Aranızda qısqanclıq olur?

- O, bir az qısqanır. Əslində, qısqanclıq da deməzdim, hər addımımı, hər işimi onunla məsləhətləşirəm, yol göstərir. Mən bir az safam, hər sözə çox inanıram. Evdə bacım, qardaşım da bəzən zarafat edib aldada bilirlər məni. Nə desələr deyirəm, a doğrudan? Mən Əmraha çox güvənirəm deyə qısqanmıram. Bu yaxınlarda “Muzkomediya”da “Bir qadın” tamaşası hazırlanıb təqdim olundu. Əmrah Musiqili Komediya Teatrının aparıcı aktyorlarındandır və bu tamaşada baş rolda oynayır. Tamaşada kifayət qədər açıq-saçıq səhnələr var. Hətta buna görə bir-az mediada hay-küy də yaranmışdı. Çox gözəl əsərdir. Mənə deyirlər “ərin o qadınla öpüşür, qucaqlaşır qısqanmırsan?” Deyirəm yox, əla oynayıb, zövq alıram. 3 dəfə gedib baxmışam. Utanmasam, yenə gedərəm. Amma qorxuram deyəcəklər bu nədir, gündə gəlir ərinə baxmağa.

- Bəs o sizin tamaşalara gəlir?

- Yox. İstəmirəm ki gələ. Onun mənə tamaşa etdiyini bilsəm, asan olmaz. Səhvlərimi tez görər. Ümumiyyətlə, doğmalarımın, yaxınlarımın tamaşaçı zalında olmasını biləndə utanıram. Bircə anamdan çəkinmirəm. O da mənə baxmır. Heç çəkildiyim serialları da izləmir.

- Seriallarda görünmürsünüz son zamanlar.

- Bilirsinizmi, ya əsər yaxşı olmalıdır, ya qonorar. O yoxdursa, zaman itirməyə dəyməz. Teatrda həddən çox işimiz olur. Mən vaxtilə böyük qonorarlar almışam, indi az təklif edirlər, getmirəm. Getsəm, aşağı salacaqlar qiymətləri, belə də davam edəcək. Bahalı aktrisa olduğuma görə serialın birində məni tez öldürdülər. Bir var elə aktyorlarla çəkilirsən, ora heç pul olmasa da gedərsən. Qurban İsmayılov, Həmidə Ömərova kimi sənətkarlarla çəkilmək bir məktəbdir, prestijdir. Bir də var, nə ssenari ssenaridir, nə verilən pul o zəhmətə dəyir.

- Hansı rejissorla işləmək daha xoş gəlir?

- Hər rejissorla iş ayrı məktəbdir. Məsələn, Mehriban Ələkbərova ilə işləmək çox çətindir, dincəlmədən, nəfəs almadan işləyirik, çox tələbkardır. Amma ortaya möhtəşəm nəticələr çıxara bilir. Nicat Kazımovla iş insana çox şey öyrədir. Elşad Rəhimzadə ilə işləmək də maraqlıdır. Bir-bir ad çəkmək istəməzdim, amma hamısı ilə işləmək gözəldir.

- Küsdüyünüz, incidiyiniz həmkarınızla səhnəyə çıxmısınız?

- Olub. Bir aktrisa ilə küsülü idim. Elə rolda da bir-biri ilə incik olan, atmaca atan iki qızı oynayırdıq. O qədər təbii alınmışdı ki. Küsülü olsaq da, səhnədə qucaqlaşıb, görüşməli idik. Bunu da çox rahatlıqla edirdik. İndi aramız düzəlib. Onunla oynamaq zövq verirdi. Küsən, inciyən, adam incidən deyiləm, kimsə məndən küsürsə, demək problem onun özündədir. Eyni qrim otağını bölüşdüyüm aktrisamız Nuriyyə Əliyeva var. Çox sevirəm onu. “Kod adı VXA” tamaşasında birgə oynayırdıq, Nuriyyə xanımı güllələməyə aparırlar və mən onun arxasınca ağlamalıyam. İnanın elə bilirdim, doğrudan da anamdı və onu aparırlar. Elə ürəkdən kövrəlir, elə ağlayırdım. Görünür, sevgi duyğularını çox dərindən yaşayıram.

- Deyirlər məşhurluğun mütləq bədəli olur. Məşhurluq problem yaradıb?

- Yox, mən bədəl ödəməmişəm. Sadəcə sosial şəbəkədə min dəfə yaxşı söz yazıb, bir dənə pis söz deyəndə o bütün əhvalımı korlayır. Anlayıram ki, hamının zövqünü oxşamaq olmaz. Yenə də insanın könlü qırılır. Əslində, elə çox pis fikir yazan da olmayıb. İnsanı bir kəlmə ilə xoşbəxt edib, yaşamağa, yaratmağa həvəsləndirmək varkən, qırıb-tökənləri, dünyasını qaraldanları mən anlamıram.

Foto: İlkin Nəbiyev

# 2164 dəfə oxunub

Oxşar xəbərlər

Avropa milli geyimləri nümayiş olunub

Avropa milli geyimləri nümayiş olunub

12:24 27 noyabr 2024
Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib - Sərəncam

Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib - Sərəncam

12:20 27 noyabr 2024
Amerikalı rejissor vəfat etdi

Amerikalı rejissor vəfat etdi

11:47 27 noyabr 2024
“Həyatı sevirsənsə, vaxt itirmə” - Brüs Linin qeydləri

“Həyatı sevirsənsə, vaxt itirmə” - Brüs Linin qeydləri

10:30 27 noyabr 2024
Gələcəkdə dövlətin yerini çoxmillətli şirkətlər tutacaq - Aqşin Yenisey

Gələcəkdə dövlətin yerini çoxmillətli şirkətlər tutacaq - Aqşin Yenisey

10:15 27 noyabr 2024
Moskvada Beynəlxalq Ədəbiyyat Forumu

Moskvada Beynəlxalq Ədəbiyyat Forumu

09:38 27 noyabr 2024
# # #