Bu gün Azərbaycanın ilk qadın rəssamı Reyhan Topçubaşovanın doğum günüdür.
Kulis.az Flora Xəlilzadənin "Saralmış dəftərin yaşıl işığı" yazısını təqdim edir.
Bu günlərdə dünya şöhrətli cərrah İbrahim Topçubaşov haqqında televiziya verilişi çəkirdik. Onun bir bəstəkar kimi də çox sevildiyi bəllidir. Amma çəkilişə hazırlıq zamanı elə maraqlı faktlarla rastlaşdım ki… Bu yazını qələmə almaya bilməzdim. Topçubaşovlar nəslinin Azərbaycanın taleyüklü məsələlərində, tarixində, dövlətçiliyində, müxtəlif elm sahələrində əhəmiyyətli yeri var. Bu şərəfli nəslin kökü XV-XVI əsrlərdə qədim türk torpağı olan İrəvanda təşəkkül tapıb. Sonralar bu nəslin bir qolu İrəvandan Gəncəyə, bir qolu da Tiflisə yayılıb. Tədqiqatçı Əsgər Zeynalov yazır: " Peterburq universitetinin professoru Mirzə Cəfər Topçubaşov (1784-1869) və Azərbaycan Demokratik respublikası Parlamentinin sədri Əlimərdan bəy Topçubaşov ( 1860-1934) da həmin kökə mənsubdur”.
Vaxtı ilə "SSRİ-nin bir nömrəli cərrahı” adlandırılan Mustafa Ağabəy oğlu Topçubaşov ( İbrahimin atası) 1895-ci ilin avqust ayında İrəvan şəhərinin yaxınlığındakı Göyküm kəndində anadan olub. Onların İrəvan şəhərində də böyük mülkləri olub. Atası Ağabəy dövrünün tanınmış, maarifpərvər, xeyirxah və olduqca alicənab kişilərindən-bəyzadələrindən olub. Həyat yoldaşı Fatimə xanım da incə duyumlu, dünyagörüşlü, elmə, sənətə marağı olan bir ana kimi üç oğlunun təhsilə, məktəbə bağlılığında böyük fədakarlıq göstərib. Mustafa bəy İrəvanda gimnaziyanı bitirdikdən sonra Kiyevdə universitetin tibb fakültəsinə qəbul olunub. Gənc ali təhsilini çox qarışıq bir zamanda başa vurub. Ölkədə Oktyabr inqilabı baş verib. Erməni daşnaklarının törətdiyi iğtişaşlar nəticəsində Topçubaşovlar İrəvandan Naxçıvana üz tutmaq məcburiyyətində qalıb.
Ali təhsilini başa vurduqdan sonra Mustafa bəy Topçubaşov bir müddət Naxçıvanın və Bakının xəstəxanalarında cərrah kimi çalışıb. Sonrakı ömür yolu da ancaq zirvələr fəth etməkdə keçib. Elmi dərəcələri də, yüksək vəzifələri də bir-birinə silsilə dağlar kimi bağlanıb. Dünya tibb elmində bir sıra yeniliklər, kəşflər də məhz Mustafa bəy Topçubaşovun adı ilə bağlıdır. Doğrudur, Əlimərdan bəy Topçubaşova görə, Mustafa bəy 30-40-cı illərdə az incidilməmişdi. Xoşbəxtlikdən bu bəladan qurtula bilmişdi. Hətta belə bir fakt da var ki, Stalinin yaxın bir adamını ölümdən məhz Mustafa bəy xilas edib. Bütün həkimlərin aciz qaldığı xəstəni əcəlin əlindən öz skalneli ilə qopara bilib. Rus həkimləri heyrət içində bir neçə söz deyə biliblər: " Da, eto Mustafa bek…” Sosialist Əməyi Qəhrəmanı olan, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Mustafa Topçubaşov indiki Milli Elmlər Akademiyasının yaradılmasında fədakarlıq göstərmiş 15 məşhur şəxsiyyətdən biri idi. Mustafa bəy Topçubaşov keçmiş SSRİ-nin bütün orden və medalları ilə təltif olunmuşdu. Hətta sənədləri hazırlanıb dünyanın ən yüksək mükafatına – Nobel mükafatına təqdim edilmişdi, amma nəticəsi olmadı. Uzun illər pedaqoji fəaliyyətlə məşğul olan akademik Mustafa bəy Topçubaşov tibbi kadrların, alimlərin yetişməsində də böyük əmək sərf etmişdir. 1995-ci ildə milli liderimiz Heydər Əliyevin sərəncamı ilə görkəmli alimin 100 illik yubileyi dövlət səviyyəsində qeyd edildi. Yubiley tədbirində iştirak və çıxış edən Heydər Əliyevin parlaq nitqi indi də yaddaşımdadır: "… Azərbaycanda hakimiyyətə gələndən mənim Mustafa bəylə görüşlərim çox olub. Mustafa bəy Topçubaşov anadan ziyalı doğulmuşdu…”
Mustafa bəyin həyat yoldaşı Reyhan Topçubaşova Azərbaycanın ilk qadın rəssamlarından biridir. Əməkdar incəsənət xadimi olan Reyhan xanım portret, məişət, mənzərə janrlarında işləmiş, eləcə də süjetli kompozisiyalar və natürmortlar çəkmişdir. Mənzərələrində Abşeron təbiətinin təsviri əsas yer tutur. Hətta mahnı və rəqs ansamblları üçün də geyim eskizləri hazırlamışdır. Unudulmaz Əzim Əzimzadənin tələbəsi olmuş Reyhan Topçubaşovanın əsərləri ötən əsrin 30- cu illərindən müxtəlif sərgilərdə nümayiş etdirilib.
Bu xoşbəxt cütlüyün üç övladı olub: İbrahim, Zemfira, Elmira. Valideynlərinin sənətlərini davam etdirən qardaş-bacılar da öz sahələrinin öncülləri və məşhur simaları kimi adlarını tarixə yazıblar. Zemfira Topçubaşova Azərbaycan Tibb Universitetinin Müalicə profilaktika fakültəsinin I mamalıq-ginekologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru, əməkdar müəllim və prezident təqaüdçüsü idi. Elmira Topçubaşova isə ömrünü incəsənətə bağlamışdı, Azərbaycanın görkəmli musiqiçilərindən biri idi. Ailənin yeganə oğlu İbrahim Topçubaşov isə görkəmli alim, tibb elmləri doktoru, cərrah, bəstəkar və qeyri-adi istedada malik alicənab və mötəbər bir şəxsiyyət olub. Cəmi 45 il ömür sürmüş bu unudulmaz insanın daxili aləmi zəngin, həyata baxışı çox orijinal və maraqlı olub. Onun həyatı, fəaliyyəti, yaradıcılığı , şeirləri, eləcə də maraq dünyası, hobbisi, xatirələri və həmkarlarının dedikləri ilə tanış olduqca, heyrət içində qalırsan. Qısa bir ömrə bu nəhəng işlər necə sığıb?
Həkim-jurnalist Məmməd Məmmədovun 1979-cu ildə çapdan çıxmış "Ömürlər uğrunda ömür” kitabını maraqla vərəqlədim. Əl boyda kitabda nəhəng cildləri əhatə edəcək faktlarla rastlaşdım. Az sözlə böyük mətləblər ifadə etmək həqiqətən məharətdir. Müəllif yazır ki, professor İbrahim Topçubaşova 96 vərəqlik bir dəftər bağışlamışdım. Alim-bəstəkara yüz sual yazmışdım. Cavabları yazmaq üçün yer də buraxmışdım. İki dəfə infarkt keçirmişdi. Özü tez-tez "Allah üçüncüsündən saxlasın” deyərdi. İbrahimin qəfil ölümü hamını sarsıdır. Məmməd Məmmədov da dəftəri unudur. Beş il sonra İbrahim Topçubaşovun 50 illik yubiley ilə əlaqədar vaxtı ilə çalışdığı ali məktəbin elmi şurası konfrans keçirməyi planlaşdırır. Bu səbəbdən arxivində müəyyən sənədləri sahmana salarkən həmin saralmış dəftər tapılır. Demək olar ki, sualların çoxu cavablandırılıb. Bu "müsahibə”də İbrahim Topçubaşovun daxili aləmi elə gözəl açılıb ki… Cavablardan bəzisini olduğu kimi oxuculara təqdim edirəm.
" …Daha çox mavi və yaşıl rənglərdən xoşum gəlir. Onlar həyat simvoludur. Alimlər yaşıl rəngə görə güman edirlər ki, Marsda həyat vardır. Yaşıl rəng loğman təbiətin xalatının rəngidir. İstərdim ki, biz həkimlərin də xalatı yaşıl (açıq), yaxud da mavi rəngdə olaydı…” Demək olar ki, alimin bu arzusu indi müəyyən klinikalarda həyata keçib. Ondan soruşulub ki, özünüzü cərrah, yoxsa bəstəkar kimi təsəvvür edirsiniz? Cavab o qədər mükəmməldir ki… " Mən həvəskar bəstəkaram, ancaq cərrahın həvəskarı olmur. Cərrah bıçağı tar, yaxud qaval deyildir ki, kefin durandan-durana götürüb dınqıldadasan. Bir şey çıxsa da, çıxmasa da. Başqa sözlə, həqiqi həkim də incəsənət işçisidir, fəqət, həvəskarından deyildir.”
Bir hadisəni də xatırlayıram, 1981-ci ildə Mustafa bəy Topçubaşov vəfat etdi. Onun haqq dünyasına qovuşması hamıya ağır təsir etmişdi. Mən bu xəbəri "Azərbaycan təbiəti” jurnalında eşitdim. Məmməd Arazın yanında idim. Necə sarsıldığını ifadə edə bilmirəm. Sonra dərin bir hüznlə çox böyük cərrahı itirdiyimizi bildirərək dedi: "Oğlu - cərrah, bəstəkar İbrahim Topçubaşov da məşhur həkim, həm də dilimizin fədaisi idi.” Məmməd Araz mənə bu hadisəni də danışdı. 60-cı illərdə Praqada beynəlxalq elmi konfransda İbrahim Topçubaşov Azərbaycan dilində məruzə edib. Ondan soruşublar ki, məclisdə sizdən başqa azərbaycanlı olmayıb. Tibb elminin müəyyən problemi ilə bağlı məruzəni nədən öz dilinizdə oxudunuz. Cavaba fikir verin: " Məruzənin mətni əvvəlcədən rus, alman, fransız, ingilis dillərinə tərcümə edilib dinləyicilərin stollarına qoyulmuşdu. Məqsədim o idi ki, Azərbaycan dilinin tələffüzü ilə dünya alimlərini tanış edim. Bizim necə zərif və gözəl dilimizin var olduğunu anlasınlar.”
İstər sağlığında, istərsə də indi İbrahim Topçubaşovun musiqi libası biçdiyi mahnılarını dövrümüzün tanınmış korifey müğənniləri ifa ediblər. 1968-ci ildə İbrahim Topçubaşovun "Mahnılar” adlı kitabı işıq üzü görüb. Hüseyn Razinin sözlərinə yazdığı "Anacan” mahnısı varlığımı dara çəkdi:
Ana-daima qaynar eşqin ifadəsidir,
O, alovlu qəlbimin odlu döyünməsidir.
Ana - baharın özü, bahar təranəsidir.
O, bir şeir deyildir, şeir ilahəsidir.
1968-ci ildə İbrahim Topçubaşov 45 gün Türkiyədə ezamiyyətdə olub. Həm cərrahi əməliyyatlar aparıb, həm də elmi toplantılarda iştirak edib. Bir dəfə tədbirin sonunda konsert verilib. Türk müğənnisi Nəsrin Sibahi "Dağlarda duman gözəldir” adlı mahnını oxuyub. Konsertin sonunda İbrahim bəy müğənnidən bu nəğməni haradan öyrəndiyini soruşduqda, müğənni "İran şərqisidir” deyib. İbrahim Topçubaşov bildirib ki, bu nəğmənin müəllifi özüdür. Müğənni İbrahimdən üzr istəyərək, həmin mahnı yazılmış valı ona bağışlayıb.
Musiqi ilə təbabət arasındakı vəhdəti İbrahim Topçubaşov belə səciyyələndirirdi: " İlk təbib musiqidir. O Hippokratın da, Loğmanın da sələfidir.” İbrahim Topçubaşov dünyada ilk həkimdir ki , cərrahi əməliyyatları musiqi sədaları altında aparıb. Özünün bir xatirəsi məni riqqətə gətirdi. "Mən ilk əməliyyatımı 6 yaşımda etmişəm. Akvariumdan balığı çıxardaraq qarnını yardım. Anam bunu biləndə mənə bərk hirsləndi. Anamın kədərlənməyinə pis oldum. Tez pianoda onun sevdiyi musiqini çalmağa başladım, bununla könlün aldım…”
"Ayağımı təyyarənin pilləkənindən torpağa qoyanda, musiqi əsərlərimdən birinin son notunu yazanda, cərrahiyyə əməliyyatı zamanı şəfqət bacısı gözümə tökülən təri siləndə… ani də olsa istirahət edirəm” deyən İbrahim Topçubaşov sanki az yaşayacağını bilirmiş…