Ağ kəpənəklər - Faiq Xudanlı

Faiq Xudanlı, Fəlsəfə üzrə fəlsəfə doktoru

Faiq Xudanlı, Fəlsəfə üzrə fəlsəfə doktoru

28 iyun 2024
# 18:42

Kulis.az Faiq Xudanlının "Ağ kəpənəklər yazısını təqdim edir.

Üz-üzə, sakit dayanmışıq. Lal-dinməz izləyirik bir-birimizi. Nəsə danışmaq istəyirik. Danışmağa isə ehtiyac yoxdur. Hiss edirəm ki, məndən nəsə gözləyir, nəsə deməliyəm. Nə deyə bilərəm? Nə deməliyəm? Uzun sükutun içində bir gurultu qopardığını, özü ilə qarşısıalınmaz təlaş və həyəcan gətirdiyini hiss edirəm. Bilinməz bir boşluğun içinə düşürəm. Bu ahıl çağında da - açığı, ahıl deməyə dilim gəlmir - ata elə atadır. Nə qocadır, nə də ahıl. Yəqin başqa biri olsaydı, elə qoca, ahıl kişi deyərdi. Olsun, amma heç bir bəndə bu ahıl kişinin sakit üzünün cizgilərində film kimi əks olunan ötən illərin yaşantılarını mənim kimi görə bilməz. Alnının, üzünün, əllərinin qırışları və bu qırışların ahəngi daxili iztirabla mənəvi məmnunluğu birlikdə əks elətdirir, sanki. Olub keçənlər, keçməyənlər onun simasından mənəvi müstəvidə proyeksiya kimi mənim daxilimə ötürülür. Bu məqamda kiməsə çevrilir, bilinməyən bir dünyaya köç edir, bilmədiyimiz dildə danışırıq. Əslində, nə dil var, nə də danışmaq. Burada dil də, danışmaq da nələrisə ifadə etmək üçün yetərsizdir. Danışmasaq da, danışa bilməsək də, ünsiyyət qura bilirik. Sözsüz, səssiz-səmirsiz...

Real həyatda bu yazılanlar gülünc və qəribə görünə bilər. İnsan bu hissləri danışa bilmir, yazmaq isə elə də asan deyil. Hisslərin, duyğuların və fərqli bir dünyadan gələn nəsnələrin ifadəsi xüsusi sənətdir: incə sənətdir. İncəsənət adamlarının bizə qəribə görünən hərəkətlərinin kökündə elə bu yatır və onlar bu dünyada heç cür xoşbəxt ola bilmirlər. Hərdən, deyəsən, mən də belə bir dünyaya köç edir, bir müddət burada yaşayıram. Özlüyümdə bir çoxlarını anlamıram, anlaya bilmirəm və bilirəm ki, heç məni də anlamırlar. Düzü, anlaşılmağı ummuram da heç. Adam iki dünya arasındakı birini niyə və necə anlamalıdır ki?! Yaxşı ki, həmişə belə deyil. Razılaşmışam özümlə. Bəzən razılaşma pozulsa da, ümumən məni haçalayan tərəflər arasında ümumi prinsiplərə tam əməl olunur. Hardan gəlib, hara gedirəm?! Nədən yazmaq istəyirəm, nə yazıram?!

Bu rayonda doğulub, böyüyüb bu ahıl kişi. Sovet İttifaqını gəzib-dolaşsa da, yenə ünvanı bura olub. Dostu-qonşusu, səhvləri-düzləri, ailəsi-uşağı bu rayonla bağlıdır. Başqa şəhərləri-kəndləri, dağı-dərəni bu yerlərlə, insanları, dostları, pisi-yaxşını buranın insanı ilə müqayisə edib. Elə hamı kimi. Uşaqlıqdan mal-qara otarıb, daş daşıyıb, iki qardaş ataları ilə kənd-kənd gəzərək dülgərlik edib və sair. Bir sözlə, nə iş olsa, görüblər, zəhmətləri ilə cavanlıq da ediblər, dolanışıq da qurublar. Heç vaxt heç kimə möhtac olmayıblar. Əllərindən gələn köməkliyi digərlərindən əsirgəməyiblər. Qucaqlarında daş daşıyaraq şəhərin ən mənzərəli yerində gözəl bir ev tikiblər, bağ salıblar, bu dünyada özləri üçün kiçik bir cənnət qurublar. Mənə görə, zəhmətlə qurduğun ev, ailə - bütün çətinliklərə baxmayaraq - hər kəsin kiçik cənnətidir. Bax belə. Elə ki ailə, güzəran qurdular, oğul-qız sahibi oldular, evdə böyük-kiçik oldu, əsrin əvvələrində bu nəslə dəyən zərbə yenidən, ən sarsıdıcı şəkildə təkrar vuruldu.

Bir vaxtlar Şura hökuməti bu nəsli didərgin salmışdı, oğlu-qızı atadan-anadan ayrı qoparmış, Mərkəzi Asiyanın çöllərinə səpələmişdi. Elə həmin əsrin sonunda hər kadrı üzlərə iztirablı bir qırış saldığı filmin ikinci hissəsi çəkilirdi, deyəsən. Bu dəfə də ağbirçəyi, ağsaqqalı yollarda qaldı, sığınmağa yer aradı, ancaq kiməsə sığınmağı özlərinə ar bildi. Beləcə, 1993-cü ildən sonra çərxi-fələk tərsinə fırlandı. Ölənlər fərqli yerlərdə dəfn olundu, körpə olan uşaqlar yollarda böyüdü, qohum-qonşu pərən-pərən düşdü. Ölənindən, itənindən, böyüyənindən xəbərsiz qaldılar. Hərə başına bir çarə axtardı. Ev-eşik bir tərəfə, itirilən insanlar, dəyərlər onları hər gün biraz daha öldürdü. Hamı bilir bunları, hamı xəbərdardır olanlardan, amma hər kəs bunu öz içindən keçirə bilmir. Bu həmdərdlər bir-birini görəndə həsrətlərini ovutmaq üçün ağlayaraq həmin günlərin geri qayıdacağına inanır, arzu edir, xəyal qurardılar. Beləcə, həsrətin sonu gəlməyən ağrısı ilə dünyalarını dəyişənlər az olmadı. Qərib məkanlarda, yad qəbirlər arasında dəfn olundular, torpağa tapşırıldılar. Bircə bilmirəm, özgə qəbiristanlıqda yanlarına köçən doğmalarını onlar necə qarşılayıbılar. Bu dəfə yad qəbiristanlıqda qəbir qonşusu oldular. Niyə yazıram bunları, onsuz da bilirsiniz. Yəqin mətləbə keçmək üçün qeyd edirəm. Mətləbə keçmək isə uzanır yaman. Çətindir...

Qəfil səs məni ayıldır:

- Qalacaqsan?

- Yox qayıdıram, elə istədim, sizi görüm.

- Qal, kəndə gedək. Gör nə yerlərdir ee... Sabah tezdən gedərsən.

Bir az fikrə getdikdən sonra: "Yaxşı, mən hazır", - deyirəm.

Şəhərdən, daha doğrusu, xaraba qalan şəhər yerindən çıxanda yolun kənarında evimizin yerini göstərərək dedi:

- İndi ora getmək olmur, hasara alıblar. İnşallah oralar hamısı park olacaq. Bax buranı görürsən, bura da göl olacaq. Çox gözəl şəhər tikiləcək buralarda. Əvvəlkindən daha yaxşı. Bircə kəndimizdən də yer versələr, özüm tikəcəm evi, gəl kef elə eee. Uşaqları da özüm gəzdirəcəm, qoy tanısınlar. Görəcəksən, burdan getmək istəməyəcəklər. Hələ bir buranın tutunu yesinlər, onda bax.

Kəndə çatırıq.

- Yadına gəlir, tez-tez kəndə gəlirdik?

- Yox, heç yadıma gəlmir, xatırlamıram.

- Necə yəni xatırlamıram?! Burdan qaçmağın, ordan yıxılmağın, dee bax o ağacın altında güləşirdiniz. Necə xatırlamaya bilərsən?!

- Unutmuşam, yəqin.

- Sən elə uşaq olanda da heç nə yadında qalmırdı. Kağıza yazıb verirdik ki, verəsən satıcıya. Amma qardaşın... (bu sözləri deyəndə məlahətli səsin içində qəribə əsəb də vardı).

İçimdə deyinirdim: axı burda xatırlanası heç nə qalmayıb, olsa-olsa ağaclar var da. Nə ev var, nə hasar, nə həmin o mağaza... Nəyə baxım xatırlayım ki?!

Kişi məndən xeyli uzaqlaşmışdı. Bir anın içində necə oldusa, ayağım yerdən üzüldü. Hava qanıma işlədikcə dəyişirdim. Quşların səsi nəfəs aldıqca damarlarıma axırdı. Bədənimdə axan qanı hiss edirdim. İlahi hiss burulğanının içində idim. Tanımadığım insanlar məni qucaqlayırdılar.

- Bax, o tut ağacını görürsən?

- Hə, görürəm

- Yadında saxla, onu mənim nənəm əkib. Üç tut ağacı əkmişdi, qalan təkcə odur.

Sevinirdim, içimə xoşbəxtlik dolmuşdu. Xeyli ağaca baxdım, gözlərimi hərlədim. Atam mənə tərəf gəlirdi, bu məqamda onu "Qladiator" filmindəki Maksimus kimi görürdüm. Əgər baxmamısınızsa, o filmə mütləq baxın. Deyəsən, öldürülən oğlunun qisasını alıb, filmdən fərqli olaraq, o dünyadan bu dünyaya gəlir. Uşaqtək ona doğru qaçmaq duyğusu ilə hərəkət edərkən, saysız ağ kəpənəklər hər tərəfi sarmağa başladı. Ağ kəpənəklər elə uçurdular, elə bil uşaq kimi tullanıb düşürlər. Çaya doğru kəpənək addımlarla kənddən çıxdıqca böyüyürdüm. Yol uzunu kişi gələcəklə bağlı arzularından danışır, nə etməli olduğumu izah edirdi.

Axşamüstü köhnə şəhərin xarabalıqları üzərində ucalan yeni şəhərdəki evimizə gəldik.

- Ata, burda darıxmırsınız bəs?

- Yox eee darıxmaq nədir, hamını tanıyıram. Köhnə qonşularımız burdadır, niyə darıxım ki?! Bütün rayonu onlarla birlikdə gəzirəm. O gün, bir kəndin girəcəyi var, orda yeddi şəhid vermişik, başa düşürsən, yeddi şəhid, hə, bax həmin yeri təmizlədik, səliqəyə saldıq. Elə oğullarımız gedib ki, adamın yaşamağı gəlmir. Çalışırıq, biz də onlara borcumuzu belə ödəyək, uşaqlar kəndləri səliqəyə salır, mən də hərdən kömək edirəm. Darıxmağa vaxt olmur. Bircə anan evdə qalır, o, hərdən deyinir ki, məni də apar. Mən də, kişilərdi yanımda, onu necə aparım axı.

Bu an anam səslənir:

- Hə, bala, məni ev dustağı edib, xəbərin yoxdu, elə bil təzə gəlinəm.

- Nə danışırsan hər gün tezdən Xanlar küçəsini gəzmirik? Göyərtini hardan yığmısan? Hələ sənə dedim ki, camaatın həyətinə girmə...

- Elə danışırsan, guya orda ev var, həyət var. Belədi də, atan özündən uydurur həmişə.

- Göyərtini evimizin yanındakı həyətdən yığmadın? Evin, həyətin yiyəsi yoxdu, yiyəsiz qalıb deyə caamatın haqqına girməliyik? Dünən halallığın aldım, şükür. Onsuz da düzələn deyilsən... Hə, keçən dəfə də anan şəhərin girəcəyindəki bulaqdan yıxıldı. O bulağı heç kim xatırlamırdı, getdim tapdım, ananı da aparmışdım. İndi həmin bulağın enişinə pilləkən də düzəltmişik ki, bir də heç kim yıxılmasın, camaat bulağa rahat gələ bilsin.

Təəccüblənirəm:

- Necə yəni, olmayan küçədə gəzirsiniz? Az qala oranı şumlayıblar axı.

- O sənə elə gəlir. Sən başa düşməzsən. Anan səni o küçə ilə bağçadan o qədər döyə-döyə gətirib. Uşaq bağçasından evə gəlmək istəmirdin. Hər bir daş, qalan ağac nəyisə xatırladır, bilə bilməzsən. Necə gözəl günlər idi. Qədrin bilməmişik, bala. Hərdən deyirəm ki, bütün bunlar olmalı idi. Çox haqsızlıq, ədalətsizlik olmuşdu o şəhərdə, vicdansızlıq baş alıb gedirdi. Bəziləri yolunu azmışdı, camaat təngə gəlmişdi. Bir Allah, o gözəgörünməz qüvvə hər şeyi görür və bilir. Olsun, bu da bizim cəzamız idi. Yəqin ki, şəhidlərimizin qanı ilə təmizləndik, paklandıq. İndi bu paklığı, təmizliyi qorumalıyıq. Haqqı-ədaləti qorumalıyıq, vicdansızlıq etməməliyik, bunu bacarmasaq, cəzamız daha ağır ola bilər. Unutma, haqq-ədalət olmayan yer mütləq bir gün xaraba qalır. Bu yerlər bir də xaraba qalmamalıdır.

Çalış haqsızlıq, vicdansızlıq eləmə. Ədalətsiz davranan, vicdansızlıq edən biri, bəlkə də nəsə qazanar, amma bir gün haqq öz yerini tapar, cəzası ağır olar. Etdiyin və sənə edilən yaxşılığın mükafatı olduğu kimi, etdiyin və sənə olunan haqsızlığın da cəzası var, unutma, bilməsən, görməsən də, var.

Bunları dedikdən sonra köks ötürüb susdu, daha dillənmədi. Elə mən də...

Aşağı düşdüm, zil qaranlıq düşənə kimi xaraba şəhəri gəzdim. Kiçicik ağcaqanadlar məni yesə də, danışmadan, bu həşəratlara etina etmədən addımladım.

Bu qədər.

Səhər yuxudan ayılanda ağlıma gələn ilk fikir "yoluma davam etməliyəm" oldu.

"525-ci qəzet"

# 1097 dəfə oxunub

Oxşar xəbərlər

Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ

Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ

17:05 25 noyabr 2024
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

16:13 25 noyabr 2024
Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

15:55 25 noyabr 2024
İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

15:22 25 noyabr 2024
Boşanmaların səbəbi evlilikdir! - Övladlarını bədbəxt edən valideynlər

Boşanmaların səbəbi evlilikdir! - Övladlarını bədbəxt edən valideynlər

15:00 25 noyabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

14:38 25 noyabr 2024
#
#
# # #