Zəng səsini eşidirsinizmi? - Aydın Talıbzadə öldürülən zəncidən yazır...

Zəng səsini eşidirsinizmi? - Aydın Talıbzadə öldürülən zəncidən yazır...
7 iyun 2020
# 14:58

Kulis.az Aydın Talıbzadənin “Zənci və zəng” essesini təqdim edir.

Bütün zənglər mütləq şəkildə nəyinsə dəyişdiyini eyhamlaşdırır. Bu, bir işarədir: kontekstindən asılı olaraq ya təhlükə, ya da xilas kimi mənalandırılır.

Qapı zəngi kiminsə gəldiyini bildirir.

Kilsə zəngi ibadət zəngidir, çağırışdır, haraydır: ideyanı aktuallaşdırır.

Gəmi zəngi fəlakət zəngidir: dirənişə, qurtuluşa səsləyir.

Saat zəngi müddət zəngidir, vaxtın bitdiyini xatırladır.

Telefon zəngi məsafəli intim ünsiyyətə dəvətdir.

Anam deyərdi ki, qutabın “zəngi” var: bişirildiyi gün evə mütləq qonaq gələr.

Zəng metaforadır.

E.Heminquey və A.Tarkovski onu ikonaya çevirdilər, mədəniyyət üçün fetişləşdirdilər.

Zəng çalınmayıbsa əgər, heç bir səbəb səni öldürə bilməz.

Ölüm tanrı zəngidir, ömrün son zəngidir; əcəl məqamının yetdiyini müjdələyir.

Tanrı bu zənglə insanları qaytarır dərgahına.

Amerika zəncisi Corc Floydun da zəngi çalınmışdı: heç kəs onu xilas edə bilməzdi. Bu, birmənalıdır: onun ömrü bu qədərmiş... 46 yaşında ölməliymiş Təpəgöz bədənli bu adam… Oğurluq, çapqınlıq, güman ki, içki, uyuşdurucular, lotusayaq davranış tərzi, əsəbi xırda küçə toqquşmaları, 5 dəfə həbs qətiimkan tədbiri, beş illik türmə, Texasdan Minnesota ştatına köç bu qaya boyda zəncinin ürəyinin içini oyubmuş...

Bir gün gələn, bir gün gedir: dünya qapıdır, pəncərədir: bir gün açılır, bir gün bağlanır və insan bu fikirlə barışıb yaşayır, hər an ölə-ölə gözləyir, gözləyə-gözləyə ölür.

Təbiətin hökmü budur.

Bəs cəmiyyətin?

Xalqımıza məəttələm, heyranam: “su qabı suda sınar”. Hər vəziyyətlə bağlı ataların unikal bir zərb-məsəli var bizdə.

Mən “zənci” sözündən də ehtiyatlanmıram, “qara” sözündən də. Bunları təhqir də saymıram: “qara” coğrafi mövqeyin, iqlimin afrikalılara bağışladığı dəri rəngidir, “zənci” zamanın afrikalılar üçün müəyyənləşdirdiyi tarixi Taleyin, sosial Qismətin adı.

Bir də Səməd Vurğunun “Zəncinin arzuları” poeması, Nazim Hikmətin zənci “Taranta Babuya məktubları” mənə bəşəri bir bəraət qazandırır ki, bu sözdən kompleksə düşmədən geninə-boluna faydalanım.

Bundan əlavə azərbaycanlı “zənci” kəlməsini tələffüz edəndə ona toplumun sovet ədəbiyyatından qalma sevgisini də yükləyir.

Günün günorta çağı zənci Corc Floydu öldürdüdlər: ağ irqə mənsub polis Derek Şovin üzüqoylu yerə uzadılmış biçarənin boğazına 8 dəqiqə 46 saniyə müddətində dizini dirəyib saxladı və onun canını aldı, vəhşicəsinə, soyuqqanlılıqla, “uf” demədən öldürdü zavallını... Gördü ki, zənci xırıldayır, dizini boğazından götürmədi, XXI əsrin 20-ci ilində Linç məhkəməsini tətbiq etdi və Martin Lüter Kinqin qəbir sakitliyini pozdu.

Bu sadizm, postpostfaşizm, zorakılıq nəyin təzahürüdür və bunun günahı kimdədir? Niyə insanın xisləti yaxşılaşmır? Yəni bu Amerika polisi bu qədər savadsız və mənəviyyatsızdır ki, amerikalıların özlərinin çəkdikləri “Yaşıl vahə” (“The Green Mile”) filminə baxıb da adamlığın nə olduğunu mənimsəməyib?

Mən həmişə dərslərimdə tələbələrimə bir həqiqəti anlatmağa çalışıram: ədəbiyyat və incəsənət insanlara insan olmağı, insaniyyəti öyrədir.

Bax, biz bunu unutmuşuq və ona görə toplum ədəbiyyata, teatra, kinoya lazımsız nəsnələr kimi baxır, əyləncə kimi baxır, vaxt itkisi və vaxtı öldürmək vasitəsi kimi baxır, bekar adamların məşğuliyyəti kimi baxır; öz bədii informasiya tələbatını isə internet sitələrində tapdığı heyvərə videolarla, lağlağı kliplərlə doldurur. Təsadüfi deyil ki, bu gün internet sitələri çoxluğu, kütləni permanent “horror”da saxlayıb horralaşdıran meyxana tipidir, eşitmək üçün yox, görmək üçün meyxanadır.

“Gözlər üçün internet-meyxana” insanın ruhsal dünyasını kiçildib çəltik dənəsi boyda eləyib. İnsanın ruhsal-mənəvi ehtiyatı gün-gündən sıfıra daha çox yaxınlaşır. Bu ehtiyat tükəndikcə insaniyyət azalır. İnsaniyyət azaldıqca xoşbəxtlik defisiti əmələ gəlir, fərdlər cəmiyyətin tənhalıq adalarına çevrilirlər.

İnsaniyyət insanla bərabər doğulmur, tərbiyə edilir, aşılanır. Yoxsa insan heç vaxt “xəstə vəhşi məxluq” (F.Nitşe, K.Q.Yunq) olmaqdan usanmayacaq.

İnsaniyyət vəhşi məxluqun sipəridir.

Bütün qərinələrin ədəbiyyatı, incəsənəti insanı bu vəhşidən xilas etmək üzərində qurulmuşdu.

Z.Froyd “vəhşi məxluq”u küçələrə buraxıb təpəsinə də bir qırmanc ilişdirdi. Bu bədheybətdən küçələrə dağılan qoxunun ardınca müxtəlif “izm” nümayəndələri sünək itlər kimi düşüb fırlandılar; elə bildilər ki, bu vəhşini insana hər gün göstərməklə, onu bilincaltının sirlərilə baş-başa buraxmaqla insanı arındıracaqlar.

Əksinə oldu, insanlar öz iç dünyalarında “vəhşini” sevib ona bənzəməyə, onun istəklərini tam ödəməyə çalışdılar.

Ədəbiyyatın, incəsənətin missiyası heyrətləndirmək, maarifləndirmək, öyrətmək deyil, nurlandırmaqdır, insanın bəsirət gözünü açmaqdır və burada mən reverslə qayıdıram nağıl diskursuna, harada kı müəyyən bir əyləmdən, əməldən sonra həmişə əmr formasında “bil və agah ol” cümləsi işlədilirdi, yəni ayıltmaq, oyatmaq, xəbərdar etmək, gələcək bəlalardan qorumaq niyyəti, məramı önə çəkilirdi.

Heyrət gərçi nurlanmaya gətirmirsə, deməli, əsl möcüzə yoxdur.

Heyrət gərçi agahlıq bəxş etmirsə, deməli, əsl möcüzə yoxdur.

Heyrət gərçi insana inam hissi aşılamırsa, deməli, əsl möcüzə yoxdur.

Allah insandan, insan Allahdan heç vaxt ayrılmayacaq.

İnsanda gözəl nə varsa, onun adı Allahdır.

Allah öləndə insan ölür, insan öləndə Allah.

Sən əgər gül əkirsənsə, kəpənəkləri rəqsə dəvət eləyirsən.

Sən əgər ağac əkirsənsə, küləyi bağa dəvət eləyirsən.

Sən əgər çarmıxda bihal olmuş İsa peyğəmbər heykəlciyini (rəssam və fotoqraf Andres Serrano) hermetik dördkünc şüşə akvariumda öz sidiyin içinə salırsansa, nəcislə şəkil çəkirsənsə, onda şəhərə koronavirus epidemiyasını dəvət eləyirsən; icazə verirsən ki, Allah ölsün və ağ dərili Derek Şovin vəhşi məxluq xislətini göstərsin, dizini zənci Corc Floydun xirtdəyinə dirəyib onu boğsun və bir daha təsdiqləsin ki, Amerika hələ də “Madbaund ferması”ndan uzağa getməyib.

Sən nəcislə şəkil çəkəndə öz ruhi xəstəliyin barədə və varlığın mahiyyətilə əlaqəli mesaj göndərirsən topluma ki, murdar dünyada insan donuzdan fərqlənmir. Di gəl ki, mesaj yeni deyil.

Nədən ki, İmadəddin Nəsimi lap çoxdan dünyanı zatında murdar adlandırmışdı. Amma buna rəğmən insanı dünyadan uca tutmuşdu, onu kamilliyə səsləmişdi, Allahı bir ideya kimi kosmosdan alıb insanın içinə yerləşdirmişdi.

Postmodernizm Moris Dyüşan, Endi Uorholdan üzü bəri insanın insan qalmaq, insaniyyəti qorumaq şansına təcavüzdə bulundu: Mişel Uelbek kimi insanda daima donuzu görükdürməyə cəhd elədi.

Bu, siyasi sifariş idimi?

Başqa cür olsaydı, reklam təhlili üstələməzdi ki?

Postmodernizm dönəmində ədəbiyyat, incəsənət “intellektuallıq qəsri”ndə camaatdan, kütlədən gizləndi. Çünki postmodernçilərin insanlara deyəsi sözləri qalmamışdı: özləri, zatən, oyuncaq idilər.

Əgər sən oyuncaqsansa, qəhrəman yarada bilərsənmi? Əlbəttə ki, yox. Ona görə sən qəhrəmanı öldürməlisən. Sən qəhrəmanı öldürəndə, missiya sona yetir. Missiya sona yetəndə heç nə maraqlı olmur.

Məhz buradan qaynaqlanır “müəlliifin ölümü” fikri...

Məhz buradan cücərir “depressiv diskurs”: Atanı (qəhrəmanı) öldürmək mümkündür, vəhşi məxluq isə ölmür və insanı azad olmağa qoymur. Azadlığı azadlıq haqqında cəfəng danışa-danışa öldürdülər və vəhşinin ağzından cilovu götürdülər. Azadlıq içində azadlıq yox oldu.

Postmodernizm bədii təfəkkürdə bütün humanist ideyaları “güllələyib” ədəbiyyatı Don Kixotun xəlbir papağına döndərdi. İfşaçılıq tendensiyası, fasiləsiz ironiya, lağ, şəbədə, ənənələrə qarşı səlib yürüşü niyyət alicənablığını və bütün qutsal dəyərləri çamurluğa soxub çıxartdı, insanın insaniyyətinə inamını tükətdi.

Gülüş həmişə aqressivdir: empatini azaldır.

Muhamməd peyğəmbərə istinadən bir hədisdə deyilir ki, gülüş ürəyi qəddar eləyir, qəlbi daşlaşdırır, üzün nurunu aparır.

Heç kim heç kimə artıq etibar eləmir, hamı hamıdan şübhələnir. Koronavirus şübhələr, gümanlar, ictimai-sosial ilğımlar epidemiyasıdır.

Diqqət eləyin, koronavirus pandemiyası, onun toplumda modelləşdirilməsi necə də postmodern romana, postmodern filmə oxşayır!!!

Postmodernizm ədəbiyyatı və sənəti Atakama səhrasına çevirdi, elə bir səhraya ki, orada əldə çıraq tutub insan axtarışına çıxmaq lazımdır. Postmodernizmin radikallığı insanı güdaza verdi; nədən ki, fikir insandan qoparılıb mətndə, tekstdə, dildə, işarələrdə, simvollarlarda, dekonstruksiyada, simulyakrlarda, diskurslarda fokuslaşdırıldı.

Ona görə təəcüblənməyinə dəyməz: bugünki gerçəkliyi biz özümüz sifariş eləmişik.

“Əskər atası” filmini xatırlayın: müharibə, zorakılıq, ağrı, ideologiya: amma sonu nurlanma. İnsan özü möcüzədir öz insaniyyətilə. O, xilas etməyə gəlir dünyaya, öldürməyə, məhv etməyə yox; o, sevmək üçün gəlir dünyaya, doğub-törətmək üçün yox.

Ədəbiyyat, incəsənət insanın varlığına bir himndir. Bu himn işıq salmalıdır hər bir insanın içinə. “Vəhşi məxluq” yalnız nurun köməyilə insaniyyətə qovuşur.

Mövlanə deyirdi ki, əgər Kəbəni yer üzündən götürsək, bütün insanlar bir-birinin ürəyinə səcdə edəcək.

Allah insanda, insan Allahda gözəldir. Zatən, o bunda, bu onda əbədi yaşayır. Sən yer üzündən Kəbəni götürə bilərsən, Allahı isə ürəklərdən – yox. Allahı ürəklərdən götürəndə Derek Şovinin qarşısında heç bir mənəvi sədd, ruhsal qadağa olmur ki, o, yerə uzanmış zənci Gorc Floydun boğazından dizini götürüb ayağa qalxsın və hamıya sübut eləsin ki, hələ də insaniyyətini itirməyib.

Əfsus, tanrını Derek Şovinin ürəyindən “oğurlamışdılar”.

Zəncinin qətli, koronavirus pandemiyasının sonsuzluğu, dünya həkimlərinin, yazarlarının, sənətçilərinin acizliyi, siyasətçilərin susqunluğu, iblisanə feyklər, informativ vakuumda dolaşan qatmaqarışıq xəbərlər dünyada bir xaos mənzərəsi görükdürür.

Bu ara iyun ayının 6-sından 7-sinə keçən gecə Forbes siyahısında sıralanmış 10 milyarderin varidatı daha 19,4 milyard dollar artıb. Koronavirus isə ölkələri iflic edir.

Siz zəng səsini eşidirsinizmi?

# 6917 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #