Şəhidlik niyə müqəddəs sayılır? – Şərif Ağayar yazır...

Şəhidlik niyə müqəddəs sayılır? – Şərif Ağayar yazır...
20 yanvar 2020
# 12:00

Kulis.az Şərif Ağayarın 20 Yanvara həsr etdiyi “Mənəvi ucalığın fəlsəfi dərinliyi” essesini təqdim edir.

Hər sözün leksik mənası ilə yanaşı bizə çatdırmaq istədiyi anlayış da sözün özündə, onun yazılışında və deyilişində gizlənib. Söz sanki təklikdə trans vəziyyətindədir. Füzuli demiş, ona ehya verib cana gətirincə qarşında görünməmiş mənzərə açılır. Böyük sənətkarlar sözü cana gətirə bildikləri üçün o sözlər əbədi yaşayır. Yaradıcılıq, xüsusən şeir sözə ruh verməkdən başqa bir şey deyil. Bəzən, yüz dəfə rastlaşdığımız, məişətdə az qala hər gün işlətdiyimiz, bizə adi görünən bir söz elə yerdə, elə məqamda işlənir, başqa sözlərlə elə harmoniyaya girir, elə mənalar daşıyır ki, təəccübdən ağzımız açıla qalır.

Bir də var sözü yaradıcı müstəviyə çəkmədən onun özünə ayrıca yanaşırsan, haradan gəldiyini, başqa hansı yaxın mənalar daşıdığını öyrənirsən, araşdırırsan və bu barədə düşünüb bir çox hikmətlərdən halı olursan.

Bu mənada şəhidlik sözü də istisna deyil. Həm də o söz ki, bu gün Azərbaycan, ana, torpaq, bayraq, konstitusiya, müstəqillik kimi müqəddəs sözlərlə bir sırada dayanır və bu məfhumların mövcudluğunda müstəsna rolu var.

Şəhidlik ərəblərin məşhur şəhadət sözündən götürülüb. Bəzən bu ifadə bizdə də olduğu kimi işlənir. Şəhadət vermək, şəhadət zirvəsinə ucalmaq, şəhadətə yetişmək və s.

Şəhadət sözünün ilkin mənası nəyəsə şahidlik etməkdir. Amma nəyə? Diqqətlə düşünəndə, insanın yalnız və yalnız həqiqətə şahidlik etdiyini anlayırıq. Bütün situasiyalarda şahid həqiqətin ortaya çıxması üçün lazım olur. Təsadüfi deyil ki, əl barmaqlarının birinin adı şəhadət barmağıdır. Kimisə, nəyisə göstərəndə müvafiq istiqamətə uzatdığımız barmaq... Demək, təkcə insanların özləri deyil, bədən əzaları da şahidlik edə bilirlər. Şəhadət barmağı ifadəsinin Qurani-kərimdə Qiyamət günü bədən əzalarımızın pis əməllərimizə şahidlik edərək, üzümüzə duracağına dair xəbərdarlıqla sirli bir əlaqə vardır.

Şahidlik dinimizdə çox ciddi məsələdir. Yalandan şahidlik etmək bilavasitə həqiqəti gizləmək, Tanrıya qarşı çıxmaqdır və çox böyük günah sayılır. Bundan əlavə, müsəlmançılığı qəbul etmək heç də müqəddəs kitabın ilk ayəsini söyləməklə deyil "Kəlmeyi-şəhadət"lə müəyyən olunur.

"Kəlmeyi-şəhadət" dilimizə tərcüməsini xatırlayaq:

Mən şahidəm ki, Allah birdir...

Və bu tərz, bu intonasiya axıracan davam edir...

Mən şahidəm ki...

Buna dilimizdə şəhadət gətirmək deyirlər. Şəhadət gətirmək müsəlman olmağın ən vacib elementidir. Çünki biz bu zaman Allahın varlığını və Məhəmmədin onun rəsulu olduğunu təsdiq etmiş oluruq, buna şahidliyimizi bildiririk.

Şahidliyin müxtəlif mərtəbələri vardır.

Həqiqətin mövcudluğuna sadəcə sözlə ifadə etmək şəhadətin ən asanıdır.

Bundan daha çətini sözlə ifadə etdiyin həqiqət üçün malından-mülkündən keçmək, bu yolda nəsə xərcləyə bilməkdir.

Üçüncü mərhələ əməllə şəhadət verməkdir. Bu, şahidliyin ən çətinidir.

Tutaq ki, sən hamımız vətəni sevməliyik deyirsən. Bunu demək elə də müşkül deyil. Lakin sən vətən mənafeyi üçün hər hansı bir layihəyə pul-para xərcləyirsənsə, artıq söhbət ciddiləşir. Bütün əməllərinlə vətən sevgisinə bir nümunə olursansa, bu, Mövlana demiş, sözünlə əməlinin üst-üstə düşüb səni kamillik mərtəbəsinə qaldırmasıdır.

Şəhadətin sonuncu mərhələsini çətin adlandırmaq doğru olmaz. Çünki burda çətinlikdən çox bir müqəddəslikdən, mənəvi ucalıqdan söhbət gedir. Bu, inandığın həqiqətə canınla, bu yolda qurban gedərək şəhadət vermək, qısa desək şəhid olmaqdır.

Şəhid olmaq ifadəsi hansısa çalarda özünü fəda etdiyin dəyərlə eyni məqama yüksəltmək və əbədiyyət qazanmaq anlamına da gəlir. Uğrunda canını verdiyin dəyər ətrafdakılar üçün də məna kəsb etməyə başlayır. Əks halda onun uğrunda ölünməzdi!

Burada məşhur misra yada düşür:

Torpaq - əgər uğrunda ölən varsa vətəndir!

Doğrudan da belədir. Kanadanın hektarlarla əkin sahələri bir fermer üçün yalnız pul qazanmaq vasitəsidir. Lakin misal üçün, Milli qəhrəman Yusif Mirzəyev üçün Qarabağ torpağının hər qarışı vətəndir. Çünki uğrunda qan tökülüb, insanlar fəda olub.

20 Yanvar günü Bakıda şəhid olan qardaş-bacılarımız Azərbaycana, onun müstəqilliyinə, ərazi bütövlüyünə və xalqımızın varlığına öz canları ilə şəhadət verdilər, üstündə gəzdiyimiz bu torpaqları vətən məqamına yüksəltdilər. Vətənsə, onları özü bərabərindəki mənəvi ucalığa qaldırdı və hamımız üçün baqi qıldı.

Ruhları şad olsun.

"Vətən səsi" qəzeti

# 5108 dəfə oxunub

Oxşar xəbərlər

Qərb fəlsəfə tarixində “modern dövrün Aristotel"i  adlandırılan filosof

Qərb fəlsəfə tarixində “modern dövrün Aristotel"i adlandırılan filosof

18:07 27 avqust 2025
Kommunist Partiyasına üzv olan amerikalı yazıçı -  Drayzeri hansı  əsərinə görə əxlaqsızlıqda günahlandırmışdılar?

Kommunist Partiyasına üzv olan amerikalı yazıçı - Drayzeri hansı əsərinə görə əxlaqsızlıqda günahlandırmışdılar?

18:00 27 avqust 2025
"Ginnesin Rekordlar Kitabı" 70 yaşında

"Ginnesin Rekordlar Kitabı" 70 yaşında

17:50 27 avqust 2025
Heydər Əliyev Füzuli və Nəsiminin məzarlarını Azərbaycana gətirmək istəyirdi... - Tarixi müsahibə

Heydər Əliyev Füzuli və Nəsiminin məzarlarını Azərbaycana gətirmək istəyirdi... - Tarixi müsahibə

17:20 27 avqust 2025
Yeni “Harry Potter” serialından ilk kadr  yayımlandı

Yeni “Harry Potter” serialından ilk kadr yayımlandı

17:11 27 avqust 2025
"Dədə Qorqud" dastanının motivlərini kinoya gətirən ilk rejissor

"Dədə Qorqud" dastanının motivlərini kinoya gətirən ilk rejissor

17:10 27 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər