Peyvənd qorxusu, toy dərdi və öldürülən yeganə azərbaycanlı

Peyvənd qorxusu, toy dərdi və öldürülən yeganə azərbaycanlı
25 yanvar 2021
# 11:14

Kulis.az Ayxan Ayvazın “Peyvənd qorxusu, toy dərdi və öldürülən yeganə azərbaycanlı” yazısını təqdim edir.

Adamlar Covid-19 əleyhinə peyvənddən narahatdır. Biri deyir, öləcəksən, sonra pulunu verəcəklər. O biri qayıdır, bunlar Amerikanın oyunlarıdır. Başqa biri də deyir, onsuz Allah alnımıza nə yazıbsa o olacaq.

Halbuki korona təzə-təzə öz iti caynağını göstərəndə həmyerlilərimiz tez-tez bir-birilərindən soruşurdular: "A kişi, bir peyvənd nə olan şeydir, bu boyda dünyada mütəxəssis tapılmadı vaksini çıxarsın ortaya, bizim də canımız bu bəladan qurtarsın?"

İndi peyvənd tapıldı, səhiyyə nazirimiz də, həkimlər də vurdurdu. Xeyri yoxdur, camaat qorxmaqda davam edir. Bəlkə də bu qorxunun səbəbi peyvənddə deyil, peyvəndin arxasındakı görünməyən səhnələrdədir. Bizim insan həkimə sağlam gedib, şikəst qayıdıb. Yaxın tarixdə buna yüzlərlə misal göstərmək olar.

Hər halda, insanlara ürəkləndirəcək bir xəbər verim, bəlkə peyvəndləmə qorxusundan tamam-kamal əl çəkərlər: “Microsoft” şirkətinin yaradıcısı, iş adamı və xeyriyyəçi Bill Qeyts Covid-19 əleyhinə peyvənd olunub. O, birinci dozanı aldığını qeyd edib və peyvəndin yaradıcılarına təşəkkür edib.

İndi siz dağdan ağır Bill Qeystə də inanmırsınız?

Nə bilim vallah, daha buna da inanmırsınızsa, sizinlə işimiz çətindir.

Mən peyvənd olacam, nə olur-olsun. Qorxum yoxdur. Öləcəyiksə, ölərik, ölməriksə, yaşayarıq. Bu qədər sadə. Uşaq vaxtı da bizə peyvənd vurublar. Şükür, yaxşıyıq, yaşayırıq. İndi də mənə vursalar, əminəm, ölən deyiləm.

Peyvənd söhbətindən sonra həyatımızın əvvəlki qaydasına düşməsi haqda yavaş-yavaş düşünməyə başlamışıq.

Hətta bu il hamılıqla qucaqlaşacağımızı, sıx-sıx oturub təzədən köhnə günlərin acığını çıxaracağımızı da xəyalımda canlandırıram.

İlk açılacaq yerlər də təhsil ocaqları oldu. Düzü, bu barədə keçirilən brifinqdə heç kim dəqiq bir şey anlamadı. Hamı dedi ki, ayə, o nə deyir, indi məktəblər açılırmı, açılmırmı? Gəlin, mən sizə düzünü deyim: fevralın 1-dən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada, təhsil pillələri və səviyyələri üzrə mərhələli şəkildə təmin ediləcək.

Görürəm, yenə gözünü döyənlər var. Deyim də bu necə olacaq? Əvvəl məktəblər açılacaq, ibtidai siniflər dərsə gedəcək, iki növbəli oxuyacaq. Aydındır? Sonra görsələr ki, vəziyyət yaxşıdır, universitetlər də açılacaq. Ondan sonra görsələr ki, yox e, vəziyyət lap əladır, deyəcəklər, yığışın, uşaqlar, gedin qucaqlaşın, öpüşün və koronanın başını əzin.

Həyatın yavaş-yavaş qaydasına düşməsi sevinci azərbaycanlılarda daha bir sualın meydana çıxmasına şərait yaratdı: "Bəs toylar olacaqmı?"

Düzü, bu barədə hələ ki ürəkaçan bir irəliləyiş yoxdur. Bir adam çıxıb demir ki, toy olsun, bayram olsun, həyat firavan olsun. Azərbaycanlıları toysuz qoymaq olar? Onlar özlərini ən yaxşı toylarda ifadə edirlər.

Toy söhbəti haqda dərin düşüncələrə qərq olmuşkən maraqlı bir faktla yerimdən dik atıldım: sən demə, toylar qadağan olunsa da, 2020-ci ildə 32 437 nikah qeydə alınıb. Biz yenə də "həyat firavan olsun" fəlsəfəsinə söykənmişik. Bu arada keçən il boşanmaların da sayı az deyil: 13 439. Hardasa yarı-yarıya.

Bir tərəfdən evlənirik, bir tərəfdən də boşanırıq. Nə var ki burda? Həyat belədir onsuz. Boşananlar haqda da çox fikirləşməyə dəyməz. Nəyimizə lazım? Hərənin öz həyatı var. Bizim başqasının həyatına burun soxmağa haqqımız yoxdur.

Üstəlik korona da bizə bu həqiqəti bir daha xatırlatdı.

O günləri dostum qaçaraq şad xəbər də gətirdi. Dedi, işğaldan azad edilmiş bəzi bölgələrə avtobus reysləri açılacaq. Dalınca da soruşdu: "Gedəcəksənmi?" Cavabı sonraya saxlayıb xəbərlə maraqlandım. Dedi, birinci mərhələdə, Şuşa, Horadiz, Suqovuşan, Talış kəndi, Cəbrayıl və Zəngilana, ikinci mərhələdə isə işğaldan azad edilmiş digər bölgələrimizə sərnişindaşımanın həyata keçirilməsi planlaşdırılır. Həyəcanla yenə soruşdu:

"Qaqa, gedəcəksənmi?"

Dedim, ay qıvlasız, bu nə sualdır, niyə getməyim axı? Gülümsündü və mənimlə fəxr edirmiş kimi kürəyimə vurdu. Sonra da məni politoloq zənn edib Rusiyadakı aksiyalar haqda fikrimi öyrənmək istədi. Mən də əlimi yellədim ki, bunu boşla getsin.

Elə bu günlərdə qanqaraldıcı xəbərlə də rastlaşdım: Türkiyəyə məxsus gəmi Qvineya körfəzində Nigeriyalı piratlar tərəfindən ələ keçirilib. Piratlar gəmidəki yeganə azərbaycanlını - Fərman İsmayılovu öldürüb, 15 Türkiyə vətəndaşını isə əsir götürüblər. Öldürülən azərbaycanlıya təəssüfləndim. O boyda gəmidə bircə onu öldürüblər. Nə hikmətdirsə, baş aça bilmədim. Bir də onda ayıldım ki, televizordan da piratlarla bağlı film verirlər. Oturub baxdım və başımdakı pis fikirləri xeyrə yozdum. Yaşadıqlarımızı da bir film hesab edib rahatladım. Sizə də məsləhət bilirəm. İnanın çox yaxşı təsir edir.

# 3002 dəfə oxunub

Oxşar xəbərlər

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
Bu sənətçilərin fəxri adları əllərindən alındı

Bu sənətçilərin fəxri adları əllərindən alındı

10:38 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

10:29 23 noyabr 2024
Xankəndi şəhərində ilk solo konsert keçirilib

Xankəndi şəhərində ilk solo konsert keçirilib

10:25 23 noyabr 2024
Bəstəkarlar İttifaqının 90 illiyi münasibətilə konsert proqramı

Bəstəkarlar İttifaqının 90 illiyi münasibətilə konsert proqramı

10:19 23 noyabr 2024
#
#
# # #