Məni şərləyib qardaşımın gözündən salmaq istəyirdi - Bircənin romanı

Məni şərləyib qardaşımın gözündən salmaq istəyirdi - Bircənin romanı
14 avqust 2020
# 08:59

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Səhəri Elgünə zəng vurub azarladığıma görə bir müddət işə gələ bilməyəcəyimi dedim. İstədim yenə məzuniyyət götürüm kəndə gedim, yadıma düşdü ki, Cavidin gəlməyinə sanılı günlər qalıb.

Taylan geyinib evdən çıxan kimi yaxınlıqdakı polis bölməsinə getdim. İlk dəfəydi belə yerə yönüm düşürdü. Qapıda durmuş iki cavan polisi görəndə kövrəldim, ağlamaqdan özümü güclə saxladım. Oğlanlardan arıq uzunu irəli gəlib soruşdu:

- Xanım, nə lazımdı?

Duruxdum: nə deyim, necə deyim, nədən başlayım? Mandıxmış onların üzünə baxıb kəkələdim:

- Bir nəfərdən şikayət eləmək istəyirəm.

Arıq uzun polis məni iki qapıdan keçirib adamlar qaynaşan bir otağa gətirdi:

- Burda gözləyin, növbəniz çatanda sizi dinləyib ərizənizi alacaqlar.

Üst-başı qır-qızıllı göyçək bir gəlin dolu oğlanla yanındakı yaşlı qadına allı-güllü söyüşlər yağdırırdı:

- Ana-bala ikinizə də butulka çaldıracam, mənim pulumu-qızılımı yeyə bilməyəcəksiz!

Gəlin söydükcə mən titrəyirdim, elə bilirdim onun hay-küyünə görə indicə məni qandallayacaqlar. Otağa başını salan bütün polislər qadına salam verir, ona çay, su təklif eləyirdilər.

Bir neçə dəqiqə sonra artıq xeyli məlumat toplamışdım. Gəlinin hədələdiyi yekəqarın oğlan öz arvadını evində qoyub onunla yaşayırmış, günün birində bunun olan-olmazını yığışdırıb əkilib deyə gəlin ana-bala ikisini də polisə verib. Şikayətçi qadın bölmədə özünü elə ərklə aparırdı, elə biləsən dədəsi evinə gəlib, polislərlə uşaqlıqdan beşdaş oynayıb.

Paqonlunun biri ana-balanı başqa otağa apardı, biz oturan yerə açılan qapıdan bir ayrı polis girib göyçək gəlinə dedi:

- Az, kəpənək, nolub səsin götürüb buraları, barıtını az qoyublar?

Gəlin dolu əndamını əsdirəndə boyun-boğazındakı qızıllardan zəhmli cingilti qopdu:

- Az qala üç aydı qapımızı açmırsan, barıt hardan olsun?

Qalın bığlı, yoğun gövdəli polis qolunu göyçək gəlinin boynuna salıb çıxdığı otağa çəkdi, qapı möhkəm çırpılanda içəriyə səssizlik çökdü.

Məndən savayı künc-bucaqda bir neçə dərdli adam da büzüşmüşdü. Özünü növbətçi kimi təqdim eləyən bir nəfər hamının problemiylə ayrıca maraqlanıb əlindəki kağızları bizə payladı:

- Kimin nə şikayəti var bu blanka yazsın.

Bir qadın aliment ala bilmədiyi ərindən, bir başqası hər gün içib səs-küy salan qonşusundan, bir kişi də borcunu qaytarmayan dostundan şikayətçiydi. Əlimdəki blanka diqqətlə baxdım – ordakı hər qrafaya bütün məlumatları doğru-dürüst yazmalıydım, ünvanımı, telefon nömrəmi, iş yerimi, barəsində şikayətçi olduğum adam haqqında bildiklərimi qeyd eləməliydim.

Vərəqə baxa-baxa qaldım, yazmağa əlim qalxmadı; elə bildim ora bircə sətir yazsam sabah kənddə hamı məndən danışacaq, el-oba cəmdəyimə tüpürəcək, qardaşlarım xəcalətdən camaat içinə çıxa bilməyəcək, özüm də türmə küncündə çürüyəcəm.

Gözümü vərəqdən ayırıb şikayətçilərlə üzbəüz oturmuş polislərə baxdıqca tavan yerə enirdi, mən göyə qalxırdım, ayaqlarım havada yellənirdi. Üzünü ilk dəfə gördüyüm paqonlular halımı duyub altdan-altdan qımışırdılar. Doneşin sifəti gözümün qabağına gəlirdi, onun burda necə yaxa yırtıb şivən salacağını, hansı böhtanlar çağırıb hansı şeytan fəndləri işlədəcəyini xəyalıma gətirdikcə əsirdim, saçlarımı yoluqlayıb havaya sovurmaq istəyirdim.

Qələm-kağızla xeyli güləşdim. Durub aradan çıxmağa da qorxurdum, elə bilirdim üzümə irişən polislər arxamca düşüb məni geri qaytaracaqlar, onları aldatdığıma görə üzümə iş oxuyacaqlar. Ürəyim şiddətlə döyünməyə başlayanda burnumdan beş-altı damcı qan damdı. Sevincək əlimdəki vərəqi övkələyib burnuma tutdum, qondarma həyəcanla növbətçi polisdən soruşdum:

- Mənim burnum qanadı, üzümü harda yuya bilərəm?

Polis ovcumdakı kağıza hopan qana baxıb çimçəşdi, məni dəhlizdən ötürüb həyətdəki su kranını göstərdi.

Sərin suyu ovuclayıb üzümə vura-vura gözümün qulağıyla qaçmağa qapı axtarırdım. Özümü unutdurmaq üçün suyla xeyli oynadım. Gəlib-gedən maşınların səsindən çöl qapının səmtini tutdum, sağa-sola baxmadan yeyin-yeyin çıxışa doğru addımlayanda göyçək gəlinin darvazanın ağzında bir ayrı polislə söhbətinə şahid oldum:

- Pul vermirsiz, ona görə qızlarım sizdən qaçır.

Polis əlini gəlinin qoftasının yaxasında oynada-oynada:

- Şalvarımın cibindən oğurladıqlarını hesaba almırsan, - dedi. - Ölürəm ey o Mətanət üçün, nolar bu dəfə onu göndər yanıma.

- Mətişin xərci ağırdı.

- Qaynananla oğlunu gördün də neylədim, daha nə istəyirsən?

- Eləməliydin də, sizə çörək verirəm axı.

Çantamdan güzgü çıxarıb üz-gözümə baxmaq bəhanəsiylə ayaq saxladım.

- Sən Allah o ər dediyini bir də bizim üstümüzə göndərmə, - polis yalvardı. - Get, axşama pulun-qızılın özünə qayıdacaq.

Gəlin şaqqanaq çəkdi:

- Hünəriniz var qaytarmayın, yoxsa sizi də Hidayətin gününə salaram.

- Hidayətə neyləmişdin ki?

- Qızımın birinə pul verməmişdi, bir də gələndə tapançasını oğurlatdım. Kefdən ayılıb silahını tapmayanda qaçıb bir qucaq pul gətirdi mənə, tapançanı alıb o gedən getdi.

Ağız-ağıza verib hırıldaşdılar, polis göyçək xanımın sinəsini sığallayıb yaltaq-yaltaq irişdi:

- Səndən qorxmayan kafirdi.

Ayrıldılar. Gəlin darvazaya yönələndə qıraqdan baxanın gözünə girməmək üçün özümü onun quyruğuna calayıb kölgəsinə verdim. Hasarın çöl üzündə addımımı yeyinlədib onun yanından ötmək istəyəndə əl atıb biləyimdən tutdu, yüz ilin tanışı kimi dilləndi:

- Gözəl, nolub halın özündə deyil, kim xətrinə dəyib?

Qolumu gəlinin əlindən qoparıb ondan bir az aralandım, baxışımı turşudub gözlərinə diqqətlə baxdım. Bayaqkı söhbətini eşitməsəydim dərdimi ona həvəslə danışardım. Gözlərindəki nəvaziş, dilindəki şirinlik məni çaş-baş salmışdı.

- Gəl otur maşına, hara deyirsən aparım. Hansı oğraş xətrinə dəyib, göstər onun anasını ağladım.

- Evim yaxındı, zəhmət çəkməyin.

- Ay sənə qurban olum, mən elə də qorxulu adam deyiləm e, bunlarla belə danışmaq lazımdı. Çəkinmə, gəl otur gedək bir yerdə çay içək, çörək kəsək.

Gəlindən qorxurdum, elə bilirdim onun yanında ləngisəm, ona nəsə danışsam yaxamı polisə verəcək. Qaçıb yola çıxdım, evimizə tərəf götürüldüm. Küçəni burulub tünlüyə qarışanda soluğum genidi. Elə bu dəm qadın yenə qarşımda peydahlandı; nənəm demiş, Şam şamamasına, Əcəm almasına oxşayan göyçək gəlin deyəsən məndən asanlıqla qopmaq fikrində deyildi.

- Bax, sən kimliyini, dərdini demək istəmədin, qoy mən deyim: bilirəm ki, hansısa alçağın, oğraşın, arvadı qəhbənin zavalına gəlmisən, açıb-bükməyə qorxursan. Ver onun yaxasını əlimə, gerisiylə işin yoxdu. Onu bir yolla şirnikdirib cibinə nəşə atdıraram, başına itin oyununu açdıraram, ona sənin ayaqlarını öpdürərəm. And olsun yerə-göyə bunlar mənim əlimdə su içmək qədər asandı. Bir qadını incidən kişi görəndə əllərim gicişir, o cındırın evini başına uçurmaq istəyirəm.

Gözümdən yaş açıldı:

- Yox, məni heç kəs incitməyib, - dedim.

- İncidilməyən qadın o xarabanın qapısından içəri girməz. Məni də bir porsuq bu yola saldı. Əlimdə onlarla qızım var.

Dayanıb maddım-maddım onun üzünə baxdım.

- Qoy kəsəsinə başa salım səni. Mən o gördüyün polislərlə işləyirəm. Bir vaxt acından ölürdüm, indi hər şeyim var. On il ərdə oturdum, uşağım olmadı. Özümə bir il vaxt qoymuşam, bir ildən sonra yetimxanadan uşaq götürüb köçəcəm bu şəhərdən.

- Dərə-divanı demirəm, Allahdan da qorxmursuz? Halal çörək qazanmaq beləmi çətindi?

- Yer-göy haqqı, bir təmiz qızı-qadını yolundan azdırmamışam, üstümə gəlib məndən kömək istəyən, bu yola könüllü düşən qadınlara arxa durmuşam. Bu illər boyu nələr görmədim – təzə yetişmiş qızının əlindən tutub gətirən ana da gördüm, balasını bizim caynağımızdan qoparmaq üçün evini satan ana da gördüm.

Qadın iki daşın arasında bütün keçmiş-keçənini ovcuma qoydu.

- Adım Şəkərdi, düzlə düzəm, əyriylə əyri. Özüm yeyib özgələri ac qoymamışam. Nə vaxt dara düşsən, lap elə darıxsan məni axtara bilərsən.

Əlaqə nömrələrini, ünvanını bir kağıza yazıb cibimə basdı, məni basmarlayıb öpdü, sonra da maşınını sürüb getdi. Evə çatana qədər üzümü ovcaladım, elə bildim məni Şəkər yox, onun yaxasını əlində təsbehtək oynadan həmin o polis öpüb.

O gecə uzun-uzadı Şəkərin taleyini xəyalımdan keçirdim. Öz qorxaqlığıma, acizliyimə ağladım. Həmidi cəzasız qoyduğum üçün cəhənnəm tanrısından özümə cəza dilədim...

***

Yalan xəstəliyim gerçək olmağa başlamışdı. Mədəmdən tutan sancılar amanımı kəsirdi, belimin ağrısından addım ata bilmirdim. Canımı dişimə tutub özümü evin içində güclə-birtəhər hərləyirdim. Ürəyimi ağrılar, beynimi fikir əzirdi. Ağrıları olmasa da fikirləri bölüşməyə adam tapmaq olardı. Yenə ağlıma Sabir gəldi – nəhayət, onunla görüşüb qəziyyəmi danışa, ondan məsləhət ala bilərdim.

Zəng elədim, burnunda mızıldanıb:

- Anam xəstədi, başımı itirmişəm, - dedi, - yazılası dərddisə denən qəzetdə işıqlandıraq.

- Sən də elə hər şeyə qəzet materialı kimi baxırsan, - deyib telefonu qapadım.

Sonra birdən ağlıma Tahir əminin uşaqları gəldi – mənlə yaşıd oğlu rayonların birində polis rəisi işləyirdi, uşaqlığımız, yeniyetməliyimiz bir yerdə keçmişdi, hər sözümü-dərdimi ona deyə bilərdim. Bacısı Gülzardan telefon nömrəsini aldım, di gəl, özümdə güc tapıb Samirə zəng vura bilmədim. Bir də axı nə deyəcəkdim, düşdüyüm vəziyyəti ona nə təhər izah eləyəcəkdim? Üstəlik də kəkələyən dilimlə...

Elgün məni bu halda görəndə sarsıldı, şikəst dilim onun yaralı ürəyinə qançır saldı:

- Bircə xanım, noldu sizə, işdən sapsağlam çıxıb evə getmədinizmi? Bəlkə nədənsə qorxmusuz?

Onun üzünə baxıb başımı bulayırdım, dilim tutmayan samitlərlə başlayan sözlərdən qaçıb dilimə yatan kəlmələrlə fikrimi bildirməyə çalışırdım:

- Heç nə olmayıb, eləcə xəstələnmişəm.

İş o yerə çatdı ki, Elgün məni zorla həkim növbəsinə yazdırdı:

- Yaxşı klinikalara sığortamız var, bir qəpik də pulunuz çıxmayacaq.

Allah üzümə baxdı ki, Cavid iki ay da ləngiyəsi oldu. Məzuniyyətimdən on beş gün götürüb klinikada müalicə olunmağa başladım, gündüzlər prosedurlardan keçib axşamlar evə dönürdüm. Səməndər yenə qalın kölgəsini üstümə saldı. Dalağı sancmış Lalə ha dilə tutdusa Doneşin başıma açdığını demədim, bilsəydi yüz faiz qan salacaqdı.

***

Müalicəmin sona çatdığı günlərdə Həmidin bacıları hay-küylə qapıdan girdilər. Özlərini elə aparırdılar ki, guya olub-keçəndən onların da xəbəri yoxdu. Səməndər bacılara qaşqabaq tökdüyümü görüb dedi:

- Səni bu xanımlar azarlatmayıblar, adamın canı ağrıyanda təmkinini pozmaz, evinə düşməni də gəlsə ocağının başında ona pis üz göstərməz.


Zavallı qardaşım başıma gələni bilsəydi yəqin bu çağırılmamış qonaqları qapıdan da yox, eyvandan yola salardı. Ofeliya bir ləhzə dil boğaza qoymurdu:

- Ay Səməndər müəllim, biz bacılar Bircəni çox istəyirik. Gəlinimiz ifritənin üzündən vaxtlı-vaxtında qızdan xəbər tuta bilmirik.

Bunu deyib gəzməyə gedəndə Şəfanın çıxardığı pəstahanı bir-birinin sözünü kəsə-kəsə qardaşıma söyləməyə başladılar. Şəfanın onları saymadığını, qazancını gözəllik salonlarına dağıtdığını, evi zibilin içində ola-ola bütün günü bəzənib-bərtindiyini yana-yana danışdılar. Arada Həmid bunlara zəng vuranda bu gəlişin kəşfiyyat xarakterli olduğunu, bacıların evimizdəki ab-havanı, nə düşünüb-daşındığımızı öyrənməyə gəldiklərini anladım. Doneşin məndən beli bağlı deyildi, qorxurdu başıma gətirdiyini Səməndərə, Laləyə danışmış olaram.

Bacılar çıxandan az sonra qızı yedəyində Şəfa özünü içəri təpdi:

- Mən sənə neyləmişəm zəngimə cavab vermirsən, gəlirəm
qapını açmırsan?

Qardaşıma baxıb dilimi dişimin arasında sıxırdım, danışmağa qorxurdum. Şəfa haylı-küylü otaqları gəzdi, dərmanlarıma baxdı, qazanları yoxladı, Taylandan telefonu ala bilməyəndə özündən çıxdı:

- Yeməkləri yenə türk bişirir?

Səməndər sevincək dilləndi:

- Taylanın əli bizimkilərdən dadlıdı.

Şəfa telefonun qisasını alırdı:

- Biz bəyənmirik onun bişirdiyini.

Taylan məni qucaqlayıb dedi:

- Şəfa teyzə, annəm, dayım bəyənir, mənə yetər, siz bəyənməsəniz də olar. Bir də sizin mesaj yazmaqdan vaxtınızmı var yemək bişirəsiz?

Qapımız astaca tıqqıldadı. Şəfa heç kimə macal verməyib özünü dəhlizə atdı, cəftəni çəkib ərini içəri saldı. Həmid ağzını çuval kimi açıb Səməndərin sinəsinə yeridi:

- Ay müəllim, neçə gündü gəlmisiz, bizim də xəbərimiz yox. Bacılar deməsəydi yenə bilməyəcəkdik.

Səməndər mənim üzümdəki ifadəni sezib Həmidlə soyuq görüşdü. Gördü ona otur deyən də yoxdu, hıqqıldaya-hıqqıldaya özünü stula yıxdı. O gələnəcən qızlar, Taylan süfrəni şirniyyatla bəzəyib hamıya çay süzmüşdülər. Səməndər ha səslədisə heç kim yerindən dəbərib Doneşə bir stəkan çay gətirmədi.

Şümürhəng özü danışıb özü gülürdü, arada mənə tərəf dönüb deyirdi:

- Sənə noldu ki, belə xəstələndin? Hər gün ofisə zəng vururam, katibə deyir hələ işə çıxmır.

Onu qanlı-qanlı süzüb susdum. Bu dəm Xədicə əlində bir boşqab qaynar peraşki içəri girdi. Həmid qızı görəndə özünü öyümək istəyirmiş kimi göstərdi. Səməndər qalxıb yerini Xədicəyə verdi, boşqabı qabağıma itələdi:

- Adamın belə dostu ola, ona qaynar peraşki gətirə, o da özünü bükə yorğana. Qalx isti-isti birini ye baxım.

Xədicənin xoşbəxtlikdən üzü-gözü alışıb yanırdı, Səməndəri görüb lap ürəklənmişdi. Mənim kimi kəkələyə-kəkələyə dedi:

- Aaaanam gggönddərdi.

Səməndər öz çayını Xədicənin qarşısına qoyub dedi:

- Anana quzu kəsim, payı çox olsun.

Sonra peraşkinin birini dodağıma yapışdırdı:

- Dişlə görüm, tez ol.

Həmidin üzünü turşuyan görüb peraşkidən iri bir dişlək aldım. Mən isti peraşkini gəvələyib udduqca Həmid yerində qıvrıxırdı. Ona baxıb düşünürdüm: heç kimin şamı səhərəcən yanmayıb, bunun da şamını elə burdaca üfürüb söndürəcəm, iç üzünü açıb hamının yanında bədnam eləyəcəm. Di gəl, udduğum tikələrə sevinən qardaşıma baxanda içimi qarsan kin, nifrət öləziyirdi.

Səməndər ikinci peraşkini mənə uzadıb dedi:

- Suğranın dovğası yadındadı?

Özümü toplayıb onun üzünə güldüm:

- Hə, yadımdadı. Ona görə məni divara dirəyib yedizdirirsən?

Həmid qalxıb paçagərmə yerişiylə qızların otağına baş vurdu, axtardığını orda tapmayanda arvadını Cavidin otağından çıxarıb yanımıza gətirdi:

- Ay Səməndər müəllim, Xədicənin anasını görmüsüz?

Qardaşım üzümə sözlü-sözlü baxdı – onun nə demək istədiyini göydə tutmuşdu.

- Əlbəttə görmüşəm, ağbirçək arvaddı.

- Məni öldürsələr də o peraşkiləri yeyə bilmərəm.

Qardaşım sıpa minib sürməni gözdən çalan, evində dilənçi aşı bişməyən qayımgöz, qırıqboyun at canbazının içində qaynaşan xəbis duyğuları gözündən oxumuşdu. İndi oxuduqlarını onun üzünə oxumağın vaxtı, məqamı yetişmişdi.

Yanımda büzüşmüş Xədicəyə tərəf çönüb dedi:

- Get Firəngiz saçlarını qəşəng darasın, yuxarıdan yığsın.

Mənim peraşkiləri yediyimə əmin olandan sonra kefi kökəlmiş Xədicə qalxıb sallaq çiyinlərini ata-ata qızların otağına keçdi. Səməndər bu səfər üzünü Həmidə tutdu:

- Bağında gül var gül üzünə, bağında gül olmayanın kül üzünə demək olmaz. Kasıb küncündən, isti qazanından sənin adına pay tutan adam cənnət gülü dərən bəndədi. Onun nimdaş paltarına, xəstə balasına lağ eləyib gətirdiyi paydan iyrənən, ona ehtiyacı olmadığını pay sahibinə hiss elətdirən adam cəhənnəm tonqalında öz anasını bişirib yeyən şeytan şapalağıdı.

Qardaşım bunu deyib əlindəki peraşkini dişinə çəkdi. Doneş yerində qurcuxdu, qalxıb yenidən oturdu. Çöpəgülən bir ağız da şaqqıldayıb boşqabdakı peraşkilərdən birini götürüb yeməyə başladı. Həmid bilmirdi Səməndərə nə cavab versin:

- Bizim ailə dindar deyil, ay müəllim.

- Dindarlıqdan yox, adamlıqdan danışırıq. Sənin də, bacılarının da iyrəndiyi Xədicəyə baxın.

Doneş iş başında yaxalanmış oğru kimi üzümə kinli bir nəzər atdı:

- Kim deyir ki, biz Xədicədən iyrənirik?

- Özüm gördüm, bayaq mən peraşkini Bircəyə yedizdirəndə səni öyümə tutdu. O qızın yerinə özünü qoy, bacını, qızını qoy. Sənə hamı lağ eləyir, tikəndən iyrənir, evinə buraxmır – necə olarsan? Dünya dəvə deyil ki, bir göndə qala, onun dəlisi də var, xəstəsi də. Ağıllısı onları lağa qoysa dünyanı çiynində saxlayan qara öküz bir şıllağıyla hamımızı dəryada qərq eləyər.

Firəngiz öz kahasından başını uzadıb səsləndi:

- Dayı, Xədicəni nə deyib göndərmisən üstümə, mən onun tiftik saçlarından nə düzəldim axı?
Xədicə Firəngizi yarıb dəhlizə çıxmıışdı, maddım-maddım qardaşımın ağzına baxırdı.

- Saçı tiftik sənin nənələrindi, Xədicənin o gözəl tellərini burxan-burxan elə göndər yanıma, onunla şəkil çəkdirəcəm.

Firəngiz sevimli dayısına dilini çıxarıb dedi:

- Ay Xədicənin şəkli daşlara vurulsun, bıy Xədicəni qan qussun! Gəl görüm, aaazz, gəl görüm neyləyə billəm.

Həmid yenə qıvrıxdı:

- Səməndər müəllim, doğrudan Xədicəylə şəkil çəkdirəcəksiz?

- Əlbəttə, burda nə görkəzmə var ki! Qonşuluğumuzda Keçəl Suğra deyilən bir qarı yaşayırdı, qatığını, göyərtisini bizdən aparıb buladığı dovğadan bizə də pay verirdi. Hamımız o dovğanı bəh-bəhlə içirdik, - deyib mənə göz vurdu.

Dostum, burda qardaşım bir balaca şişirdirdi – Suğranın həvəslə gətirdiyi dovğanı ancaq Səməndər içirdi. Boşqabı yuyub arvada qaytaranda elə bilərdin qızıl yüklü dəvə verirsən ona. Getdiyi evlərin hamısında:

- Mənim bişirdiyim dovğanı Rəhimin təbərrik oğlu Səməndər bəyənir ey, - deyib sinəsinə döyürdü.

Qardaşım o dovğanı hər içib təriflədikcə qabına-qaşığına heç kəsin nəfsi keçməyən keçəl qarı cənnətdən bir gül dərirdi. Di gəl, nə qədər məsəl çəksə də, İrəm bağının qapılarını qarşısında taybatay açsa da böyründə oturmuş adama burdan-bura o gülüstandan tək bircə gül, bircə ləçək qoxulada bilmirdi.

- Bəlkə də Bircə danışıb – qoltuq ağaclarıyla birtəhər yeriyən, sidiyini saxlaya bilməyən, ağzından daim su axan qonşu oğlana mən əlifba öyrətdim, ona nağıllar oxudum, kitablar bağışladım. İndi atamgilə hər gedəndə ona pay aparıram, üzündən öpürəm. Yağınlıq olanda bizim Rüfət həmin oğlanı dalına alıb çayxanaya aparır, o biri cavanlar üzünü qırxırlar, onunla nərd oynayırlar. Eləsi sizin ailədə doğulsaydı belə görürəm adam arasına çıxa bilməzdi.

Səməndər onun zəif yerini nişan almışdı. Həmid həmişəki sayaq palaz qulaqlarının ətəyindən sallaşıb ağzıyla əcaib səs çıxardı, sonra masanı yavaşca döyəcləyib dedi:

- Ay müəllim, şükür ki, bizim nəsildə belə adamlar yoxdu. Neyləyim e, mənim də xasiyyətim belədi. Mən heç vaxt Xədicə kimisini evimə buraxmaram, hamamımda çimizdirmərəm. Axı mənim evimdə gül parçası kimi balam böyüyür.

Cin vurdu təpəmə:

- Bizim evlərimizdə böyüyən kimdi görəsən?
- Mənim qızım hamıdan seçilməlidi. Çox vaxt əlindən kitabı alıram ki, gözü xarab olmasın, axı onun gələcəyi var.

- Əlbəttə, otuz səkkiz bal yığıbsa onun gələcəyi parlaqdı. Qızın ali məktəbə qəbul olunsaydı sən yəqin yoluna çıxanı tapdayardın, - dedim. - Bir də axı səni bura kim çağırıb, niyə camaatın zəhləsini tökürsən?

Doneşin dəmbə gözləri quru göl qurbağasının gözü kimi bərəldi:

- Nolsun, onun mənim kimi atası var, getdiyi evin xanımı olacaq. Budu e, sizin Firəngiz oxumaqdan bir dəri-bir sümük qalıb.

Səməndər onun dilini qaytarıb boğazına dürtdü:

- Firəngizlə bütün nəsli öyünür. Savadsız qız savadsız da ana olacaq, uşağına heç nə öyrədə bilməyəcək, Xədicə kimi adamlardan iyrənəcək.

Həmid həddini aşıb öcəşməyə başladı:

- Sizin o tərifli Firəngiz iki telefon saxlayır, Xədicəni də lağa qoyur, hələ üstəlik əziz-xələf türkünüzü də döyür.

Bayaqdan heyranlıqla Səməndərin ağzını güdən Taylan yerindən atıldı:

- Ya dayı, adam yalan danışır! Firəngiz mənim köynəyimi ütüləyir, dərslərimi hazırlamağa yardımçı olur, ağılsız başıma ağıl qoyur, metroda boyuma alay eləyən uşaqların başına çanta vurur.

Taylan qəfil dilləndiyi kimi qəfil də susub Həmidin lap yaxınına getdi:

- Siz gizli telefonun bizim evə aid olmadığını hələ də bilmədinizmi?

Sual Doneşi ildırım kimi vurdu, qardaşım olmasaydı bəlkə də uşağa əl qaldırardı:

- Mənim qızımı deyirsənsə mən ona elə tərbiyə verməmişəm.

Səməndər gördü top meydandan çıxır, dedi:

- Cavan qızdı, saxlaya bilirsə lap üç telefon gəzdirsin, bunun tərbiyəyə nə dəxli var? Firəngizin halalıdı.

Həmid yenə Taylana cocudu:

- Sənin canın çıxır bizi bu evdə görəndə, həmişə paxıllığımızı çəkirsən.

Taylan ucadan güldü:

- Ya siz çayla çayırı bilməyən adamlarsınız, mənim sizlə nə işim?

Doneş yenə göyərməyə başlayanda Səməndər dedi:

- Taylan tək bizim evin-ailənin yox, ölkəmizin, dövlətimizin qonağıdı, onun xətrinə dəymək olmaz.

- Bacın onu hamıdan uca tutur, kim onun xətrinə dəyə bilər?

O, gəmidə oturub gəmiçiylə söz güləşdirdikcə dilimin kəkəşliyi bir az da artdı, neçə günlük müalicəm boşa getdi, canıma yeridilən özüm ağırlıqda iynə-dərman puça çıxdı. Səməndərə baxıb dilimi güclə döndərə-döndərə:

- Hacı Həsənin kök eşşəyi, yükləndi yorğan-döşəyi, - dedim, - sən kimə nə qandırmaq istəyirsən?

Qardaşım yenə sülhə çəkməyə çalışdı:

- Adam gələnə ev, gedənə yol olar, - dedi. - Qonaq girməyən ev xaraba qalar.

- Narahat olma, müəllim, bacın ev nədi, gələnə-gedənə yorğan-döşək olur, mənə də eşşək deyir. Abırlı-başlı adamların küçədə oynayan uşağına yemək verir. Mən olmasaydım polis gəlib bunları aparacaqdı.

Necə deyərlər, qarpız yeyən qurtulmuşdu, qabıq yeyən tutulmuşdu. Bu dəvədəlləyi indi də məni şərləyib qardaşımın gözündən salmaq istəyirdi. Yerimdən qalxıb onun çənəsinin altına yeridim:

- Sənin abırlı dediyin o qadın balalarını günün altında ac-susuz qoyub sülənməyə, sənin kimi abırlı kişilərlə görüşməyə gedirdi. Sonralar salonda rastlaşdıq, məndən yüz dəfə üzr istədi, boynumu qucaqlayıb ağladı, ay xəfənək.

- Yaxşı, onu qoydum kənara, küçədən tutub evə gətirdiyin arvadları niyə demirsən, səni kilsəyə apardıqlarını niyə danırsan?

Qardaşım qolumdan tutub məni yerimə oturtdu:

- O qadınlardan da, bacımın kilsəyə getdiyindən də xəbərim var,

- Səməndər yenə yalın əllə gediş eləyirdi, mən bu haqda ona hələ heç nə deməmişdim. – Gəzdiyim ölkələrin hansında kilsə olubsa hamısına baş vurmuşam. Aya-Sofiya məbədini üç gün gəzib dolaşmışam. Burda nə var ki?

Qardaşımın mənə qahmar çıxmağı Doneşi heyrətləndirmişdi. Sol əliylə bığını dartışdırıb dedi:

- Day mənim sizə sözüm yoxdu, deyəsən siz ailəlikcə qəribə adamlarsız. Laləyə dərdimi danışdım, mənə nə desə yaxşıdı?

Səməndər gözlərini geniş açıb soruşdu:

- Nə dedi?

- Dedi ki, kaş Taylanı mən tapaydım, mənim də Xədicə kimi bir Gülçimənim var (Bacımın qonşuluğunda bu adda bir huşsuz nənə yaşayırdı).

Adam utanmaq yerinə evimizin içində bizlə dimdik-dimdiyə durmuşdu. Səməndərdən keçib ona artıq-əskik demək istəmirdim. Amma ailə söhbətinə keçəndə susa bilmədim:

- Sənin hələ danışmağa dilin də var? Bir qadını dar vaxtı dənizin ortasında, küçə itlərinin arasında tək-tənha qoyub qaçan, şər çağı ayaqyalın yiyəsiz çöllərə salan kişi hansı ailədə, hansı nəsildə yetişə bilər? Hə, indi yenə kişilikdən danışacaqsan?!

Bayaqdan yırtıcıya dönmüş Həmid tez üzünə ayrı maska taxıb irişə-irişə əlini boğazına atdı – yəni mən ölüm dinmə.

- Deyəsən kino danışırsan?

- Hə, özün yazdığın ssenariylə özün çəkdiyin kinodan danışıram.

Səməndərin üzü qəfildən çöndü:

- Seçə-seçə düşdün heçə. Yanbızının ətini ye, müxənnətin tikəsinə əl uzatma. Mən bayaqdan sənin xətrinə dəymək istəmirdim, ancaq sən hələ mənim yanımda belə eləyirsən, gör indi mən olmayanda nə hoqqalardan çıxırsan! Nə vermisən ala bilmirsən bu qızdan, istəyirsən cəngə çıxaq səninlə?

Həmid məzlum gözlərini neçə kərə atıb-tutdu, birində də gözləri çuxuruna qayıtmadı, devikib dörd yanına baxındı ki, görsün qardaşımin dediklərini daha kim eşidir.

- Vallah, ay müəllim, mən sizin bacınızı düz yola gətirməyə çox çalışdım, olmadı. Yalan danışmağı tərgitmədi, telefonunu daim kilidli saxladı, cürbəcür kişilərlə dostluq elədi.

- Mənim bacım iyirmi yeddi yaşında dul qalsa da adına söz dedirtməyib. Mənim də dostlarımın çoxu ziyalı xanımlardı – qadınla kişinin dostluğu ələ düşməz. Bircənin sənin ağlına ehtiyacı yoxdu, onun səni namusuna qarovulçu tutası vaxtı çoxdan keçib. Qanacağın çatır sən də kişi oğlu kişi kimi dostluq elə, çatmır – süpürül həyatımızdan!

Həmid iynə görmüş cin kimi yerindən sıçradı:

- Hanı mənim qızım, yoldaşım?

Taylan qara böcək gözləriylə qımışıb dilləndi:

- Solmaz qızların yanında, Şəfa xala Cavidin otağında telefonla danışır.

Doneş ona dişlərini qıcadı:

- Sənə deməmişəm mənim ailəmi güdmə?!

- Güdmür, olanı deyir. Sən namus-qeyrət məsələsini əvvəl öz evində həll elə.

Taylanın gülləsi Səməndərin şilləsindən ötə olmuşdu. Həmid şişmiş ayaqlarını ayaqqabıya dürtə-dürtə dəhlizdən arvadıyla qızını hayladı:

- Gəlin gedirik, bir də bu evə ayağınız dəyməyəcək!

Solmaz qızların kahasından başını uzadıb gileyləndi:

- Eee, papa, getmirəm, Firəngiz Xədicənin saçlarını burur, hamı şəkil çəkdirəcək.

Çöpəgülən Cavidin otağından çıxıb qızların yanına təpildi, Xədicənin bir yanı buruq saçlarını görəndə cingiltiylə qəhqəhə çəkdi:

- Xədicəyə lap tamahım düşdü, - dedi, - mən də getmirəm.

Həmid bizə sarı baxmadan qızının, arvadının üstünə çımxırdı, hər ikisinin biləyindən tutub qapıya dartdı:

- Sizə geyinin demədim?

Şəfayla Solmaz onun qırımını görüb ayaqqabılarını geydilər. Onlar qapıdan çıxhaçıxda Firəngiz yenə dilini saxlamadı:

- Bir azdan qonum-qonşudakı siçan-pişikləri çağırıb toy eləyəcəyik. Həmid dayı ölür çaqqal toyundan ötrü, getsə də qayıdacaq.

Solmaz toy adını eşidəndə sallaşdı anasından. Şəfa arxalarınca örtülmüş qapını aralayıb başını içəri soxdu:

- Bunu azdırıb qayıdacağıq, biz gəlincə heç nəyə başlamayın.

Qardaşım üzümə məlul-məlul baxıb başını buladı:

- Ağacdan maşa, sarsaqdan paşa olmaz, - dedi, - sənin bu kür taleyinin gözünə ox batsın...

ardı var

# 11092 dəfə oxunub

Oxşar xəbərlər

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

13:00 23 noyabr 2024
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

12:23 23 noyabr 2024
Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
#
#
# # #