Bu gün Kəbəmiz Qarabağdır – Filosof yazır...

Bu gün Kəbəmiz Qarabağdır – Filosof yazır...
1 oktyabr 2020
# 08:55

Kulis.az filosof Rahid Uluselin “Vətən olmaq” essesini təqdim edir.

Tarixin yalnız müstəsna çağlarında o an yetişir ki, dövlətin bütün vətəndaşları birləşib Vətən olur. Torpaqla İnsanın bir də heç zaman bir-birindən üz döndərməyəcəklərinə əhd bağlayıb and içdikləri an.

Ruhunun minilliklərdən gələn gur axınları ilə, yaddaşının dalğa-dalğa oyanışları ilə Torpaq İnsana, İnsan Torpağa müqəddəs enerjisini ötürür. Azərbaycan torpağı hər tərəfindən tərpənib, titrək təkanları ilə ürəyi çırpınan insanları Vətənin Qəlbinə – Qarabağa tuşlayır. Bu gün bütün Azərbaycanın tuşlandığı, ətəklərindən yüksəkliyinə can atdığı bir Zirvə var – Qarabağ.

Bu gün Kəbəmiz – Qarabağ.

Dünya tarixini, dünya siyasətini əyri-üyrü göstərən hiyləgər güzgü-zamanlardan imtina etmişik. Saatlarımız Qarabağ vaxtına qurulub. Əqrəbləri üstündə, torpaqlarımızın hər qarışını ala-ala Qələbəyə doğru irəliləyirik. Bizə sırınan “status-kvo” zamanını yox, öz Zamanımızı yaşayır və yaradırıq.

Biz artıq İnsan-Vətən, Dövlət-Vətəndaş tamlığında özümüz olmuşuq.

Dövlət başçısının Rusiyada qətiyyətlə səsləndirdiyi “Qarabağ Azərbaycandır!” sözünün sonundakı nida da sadəcə durğu işarəsi deyil, Həqiqətin Şəhadət Barmağıdır. Qarabağı bizim varlığımızdan qoparacaq bir qüvvə yox yerüzündə.

Görün nə qədər təmiz, pak olmuşuq, ruhən və cismən nə qədər sağlam olmuşuq. Ürəyimizdən qara qanlar yox, Al Qanlar axır. Gənclərimizin üzündən ərdəmlik və müdriklik yağır, qocalarımız, ahıllarımız dirçəlib, qıvraqlaşıb, cavanlaşıb. Azərbaycan bu gün müqəddəslik, saflıq qoxuyur. Vətən uğrunda savaş insanı bunca duruldur.

Daşan səbrimiz indi təmkinlə bu ağır savaşın yükünə sarılır. Böyük Vətən Müharibəmiz tez bir zamanda da başa çata bilər, uzana da bilər. Buna görə də içimizdəki bütün çılğın savaşların gücünü bu Müharibənin səbrinə bağlamaq gərəyindəyik.

Kökü tarixin dərinliklərinə işləyən Vətən Müharibəmiz yeni çağda otuz ildən çoxdur ki, davam edir: cəbhədə vuruşan əsgərlərimizin çoxunun yaşı bu müharibədən azdır.

Vətən o torpaqdır ki, əbədi sağ qalmaq, qüdrətli olmaq üçün üzərindəki hər nəsil dalğasından güc istər, nəfəs istər.

Heç mümkünmü, Azərbaycan xalqının beşdə biri qədər olan ermənilər torpaqlarımızın beşdə birini əlimizdən alsın?! Vətən Müharibəmizi qələbəyə yetirməliyik ki, bizi heç zaman tərk etməyəcək bu sual-nizələrə sancılmayaq. Ona görə “Hey! Qazan xan, gəldim!” deyərək ayağa qalxmışıq. Vətən nəinki qayaları, çəngə-çəngə torpağı, çınqıl-çınqıl daşları ilə arxamızdadır.

Bizə düz baxanlar da, çəp baxanlar da indi gözünü bizə zilləyib. MBT-nin Təhlükəsizlik Şurası, NATO, Avropa İttifaqı, beynəlxalq təşkilatlar və dünyanın aparıcı media qurumları Qarabağ savaşına fokuslanıb.

Ancaq bir həlledici məqam var: bizim beynəlxalq siyasəti silkələyən “zəlzələmizdən” sanki heyrətə gəlmiş dünya üçün müəmmalı olan – indi bizim üçün tam həqiqətdir.

Bu həqiqəti tanıtmağın bir yolu var: Qarabağı Azərbaycanın bağrına qaytarmaq.

Tarix bəzən gözlənilməz nöqtəsindən səmtini dəyişir. Bizim onu dəyişməmiz – onu sapdığı yoldan qaytarmağımız, düz istiqamətə yönəltməyimizdir. Qarabağı Azərbaycanın bağrına qaytarmaq – həmişə öz maraqlarını yeridən hegemonların Qafqazdakı toqquşdurucu siyasətini dayandırmaq, bütün Qafqaz geopolitikasında yalnız bu bölgədəki suveren dövlətlərin mənafeyinə uyğun tarixi dönəmi başlatmaq deməkdir.

Bax o şərəfli an yetişir. Vətənpərvərliyi və vətəndaşlığı qovuşanların Vətəni – parçalanmaz Dövlət olur.

Bu gün Azərbaycanın ən ucqar kəndindəki həyətdə ot çalan Atadan Murovdağ yüksəkliyində istehkam quran Oğuladək Azərbaycan vəhdətdədir, bir can, bir bədən, bir ruhdur.

Qarabağ uğrundakı Böyük Vətən Müharibəsindən yeni bir Azərbaycan doğulacaq! Sübhün mübarək, Vətən!

Bu Vətənin ərdəmli oğlusansa əgər sən –
Bu Dövlətin Ruhunu canında hiss edirsən.
Ona dəyən hər zərbə səni doğrayır, kəsir,
Vətən süzülüb sənə, iliklərində gəzir.
Xəritəsi qazılıb kürəyinə, sinənə –
Vuruşduqca yolunda, dönəcəksən Vətənə!

30 sentyabr 2020

# 3604 dəfə oxunub

Oxşar xəbərlər

"Dörd kitab oxuyan beşincini özü yazmaq istəyir, amma..." - Ulucay Akif

"Dörd kitab oxuyan beşincini özü yazmaq istəyir, amma..." - Ulucay Akif

17:50 3 noyabr 2025
"Rənglər mən öləndən sonra da yaşayacaq" - Anri Matisin son duası nə idi?

"Rənglər mən öləndən sonra da yaşayacaq" - Anri Matisin son duası nə idi?

17:27 3 noyabr 2025
Bakıda "Baku Steel Art 2025” sərgisi açıldı

Bakıda "Baku Steel Art 2025” sərgisi açıldı

17:25 3 noyabr 2025
Məşhur aktrisa doğum günündə vəfat etdi

Məşhur aktrisa doğum günündə vəfat etdi

16:42 3 noyabr 2025
Tanınmış dizayner  nüfuzlu mükafata layiq görülüb

Tanınmış dizayner nüfuzlu mükafata layiq görülüb

16:40 3 noyabr 2025
Rusiyanın Xalq artistinin çıxışına qarşı piket keçirildi

Rusiyanın Xalq artistinin çıxışına qarşı piket keçirildi

16:15 3 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər