Bənövşə dərməyə gedən müəllimim - Fəridə yazır

Bənövşə dərməyə gedən müəllimim - Fəridə yazır
18 mart 2021
# 17:40

Şair Barat Vüsalın 70 illik yubileyinə şagirdi Fəridədən təbrik məktubu.

Hər il yaz aylarında bir sübh çağı yol qapısından boylanan nənəm bizə səslənirdi :

“Barat bənövşə axtarmağa gedir yenə”...

Barat müəllim bizə “İnsan və cəmiyyət” fənnini tədris edirdi. Başqa dərslərdən qaçmağa minbir bəhanə axtaran, doxsan faizi oğlanlar olan sinif uşaqları iki alandan əlaçısına hamı sevincək olurdu. Barat müəllimin dərsində “cıqqırımız” çıxmadan sakit, səssiz oturub onu dinləyirdik. O qədər astadan danışırdı ki, əlavə bir səs olanda nə dediyini eşitmirdik və Barat müəllim dediyi cümləni ikinci dəfə əsla təkrar etmirdi. Bizə gah hansısa dastandan danışırdı, gah bir filosofdan, gah İsmayıl Şıxlının romanlarından, gah da adını ilk dəfə eşitdiyimiz köhnə Azərbaycan filmlərindən.

Cibində köhnə qəzetlərdən kəsib gətirdiyi üç-dörd bəndlik şeirləri oxuyurdu. Qaçaq Kərəmdən, Qazaxın köhnə kişilərindən, Qarabağ atlarından, Hüseyin Arifin hansısa bir sütül şairə qoşduğu lətifələrdən danışırdı.

Xüsusilə, qış aylarında Barat müəllimin dərsini daha səbirsiz gözləyirdik. Bizim sevimli müəllimimiz fısıldayıb-tüstüləyən, yaş odunların alışmadığı sobamızı yandırmağa, soyuq və tüstülü sinif otağını qızdırmağa gəlirdi . Özüylə bir ovuc quru odun “kıxmıxı” ilə gəlirdi. Tüstüləyən odun sobasını atır-dağıdır, quru odunları alışdırır, əlində maşa sobanın kənarında oturur, danışır və biz qızlı-oğlanlı başına toplaşıb səsimizi udub onu dinləyirdik. Saz səsi kimi sehrinə alırdı bizi Barat müəllimin səsi, su səsi kimi ruhumuza yayılırdı. O danışırdı, biz qızınırdıq. O danışırdı, biz böyüyürdük...

Yazda bənövşə dərməyə gedirdi bir də görürdün dərələrdən.

Ya da, taxıl zəmilərinin yamyaşıl dövründə bir də baxırdın odey, uzaqdan bir bəstəboy, qıyıqgöz kişi gəlir. Qucağında bir dəstə al lalə...

Sizi ən çox belə xatırlayıram həmişə. Ya əlində maşa odun peçini yandırıb, sinfi qızdıran müəllim kimi, ya qucağında bir dəstə lalə çöldən gələn yolçu kimi ya da “Ox üzlü dəmir” şeirini qəhərlə, astadan oxuyub, Əskipara dərdinə alışan şair, eloğlum kimi...

Yetmiş illik yubileyinizdir indi sizin, Barat müəllim. O yerlərdən, o illərdən, o uşaqlıqdan çox-çox uzaqlarda bir şagirdiniz sizin bəmbəyaz saçlarınıza baxıb qəhərlənir burda. Artıq mənimçün xeyli uzaqlarda qalmış, hətta bir xeyli də ögeyləşmiş o xoş uşaqlıq-uzaqlıq illərimin ən gözəl xatirələrində sizin səsiniz, rəsminiz, qıyıq gözləriniz var həmişə. Məni o kəndə bağlayan doğmalarımdan başqa bir də siz varsınız.

Yubileyinizi təbrik edirəm, sizə sağlamlıq, uzun ömür diləyirəm, mənim sevimli müəllimim. Bu gün danışmağa bir ovuc sözüm varsa, haçansa gizli-gizli sizdən oğurladıqlarımdır, inanın. Doğum gününüz mübarək olsun, bahar oğlu.

Sizi həmişə ən gözəl xatirələrinin ünvanı kimi ağlında, beynində gəzdirən balaca şagirdlərinizdən biri – Fəridə Məmmədova.

# 3715 dəfə oxunub

Oxşar xəbərlər

Müğənni Rəqsanə ev dustaqlığına buraxıldı - Yenilənib

Müğənni Rəqsanə ev dustaqlığına buraxıldı - Yenilənib

18:45 19 noyabr 2025
Empiriokritisizmin qurucusu isveçrəli filosof - O, metafizikanı niyə qəbul etmirdi?

Empiriokritisizmin qurucusu isveçrəli filosof - O, metafizikanı niyə qəbul etmirdi?

17:45 19 noyabr 2025
ATV-nin keçmiş rəhbərinə 6 il həbs verildi

ATV-nin keçmiş rəhbərinə 6 il həbs verildi

16:37 19 noyabr 2025
Xalq artisti Roza Cəlilova dəfn olundu

Xalq artisti Roza Cəlilova dəfn olundu

16:35 19 noyabr 2025
Bakıda tanınmış özbək rəssamın sərgisi açıldı

Bakıda tanınmış özbək rəssamın sərgisi açıldı

15:46 19 noyabr 2025
Münhendə Azərbaycan musiqiçilərinin əsərləri təqdim olunub

Münhendə Azərbaycan musiqiçilərinin əsərləri təqdim olunub

15:03 19 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər