Afaq Bəşirqızı qalmaqalının gizlinləri – Filoloq yazır...

Afaq Bəşirqızı qalmaqalının gizlinləri – Filoloq yazır...
21 aprel 2020
# 10:15

Kulis.az filologiya üzrə fəlsəfə doktoru Leyla Faiqqızının “Sevirəm səni – gözəl kəndimiz” yazısını təqdim edir.

Son günlər haqqında çox danışılan, müzakirə edilən və eyni zamanda qınanılan şəxslərdən biri aktrisa Afaq Bəşirqızıdır. Təxminən bir il öncə Afaq xanımı “xalq qəhrəmanı” hesab edənlər mövqeyini dəyişərək Afaq xanımı qınadılar, “kəndli-şəhərli” bölgüsü aparmaqda ittiham etdilər.

Məsələ bundadır ki, Afaq xanımın bu yanaşmasını hərə bir cür yozdu. Kənddən gəlib Bakıda işləyən qınadı, şəhərli isə “haqlıdır” – dedi. Zənnimcə, bu çıxışda bir qədər ziddiyyətli məqamlar var. Yəni, Afaq xanımla müəyyən məqamda razılaşmaq da olar, müəyyən məqamda razılaşmamaq da...

Əvvəlcə onu bildirim ki, Afaq Bəşirqızı mənim ən sevdiyim aktrisalardan biridir və ona olan hörmətim dəyişməz olaraq qalır. Afaq xanım görkəmli aktrisa, ziyalı və dəyərli insandır. Onun dediklərini qəbul etməyən bəzi insanlar isə dərhal onun Söylü obrazını yada saldılar. Ola bilsin ki, Afaq Bəşirqızı səhnədə, yaxud filmdə kəndli Söylü, İzzət Nəfislinin bacısı Suğra, alverçi Nisəxanım, falçı Zəhra və s. obrazlardadır, həyatda isə o, sadəcə Afaq Bəşirqızıdır – görkəmli aktrisadır, pedaqoqdur, valideyndir, professordur, sözü üzə deməyi bacaran insandır.

İlk növbədə düşünürəm ki, Afaq xanıma bu məsələlərlə bağlı sual ünvanlamaq lazım deyildi. Afaq Bəşirqızı aktrisadır və ona aktyorluq sənətindən, teatrın vəziyyətindən sual vermək daha düzgün olardı. Məsələ bundadır ki, Afaq xanım kəndi qoyub şəhərə axın edən yoxsul kütləni şəhərdə kasıb yaşamaqdansa, öz torpağında qalıb əkin-biçinlə məşğul olmağa səslədi. Bununla da Afaq xanım insanları əslində zəhmətsevərliyə, doğulduğu dədə-baba yurdunun, ev-eşiyinin qədrini bilməyə səslədi.

Bakıda yoxsul şəkildə kirayə yaşamaqdansa, öz torpağında qalıb kənd təsərrüfatı ilə məşğul olmağı məsləhət gördü. Lakin danılmaz bir həqiqət var ki, Bakıda ali təhsil alıb müəyyən ixtisasa yiyələnən kadrlar heç də həmişə öz kəndində, rayonunda məzun olduğu ixtisasa uyğun iş tapa bilmir. Bu insanlar paytaxtda qalıb öz profilinə uyğun iş axtarır.

Kənddə iş tapa bilməyən şəhərə gəlib “bir işin qulpundan tutmağa” məcbur olur. Nə etsinlər bu ailə başçıları? Əgər təsərrüfatdan gəlir əldə edə bilmirlərsə, ailəsi üçün paytaxta üz tutub təkər qaraltmağa, ofisiantlığa, şüşə silməyə, dərziliyə, dayəliyə, xadiməliyə, fəhləliyə razılaşırlar. Onlar oğurluq etmir, kiminsə malına göz dikmir, alın təri ilə ailə saxlayırlar.

Könül istərdi ki, hər kəs öz yurdunda şad-xürrəm həyat sürsün, lakin əgər bu, kənddə mümkün deyilsə, kəndli məcbur olub şəhərə üz tutacaq...

Ümumiyyətlə, şəhərli-kəndli bölgüsü aparmağa ehtiyac yoxdur, bizim “ayağı çarıqlı” çoxsaylı şəxsiyyətlərimiz, ziyalılarımız olub ki, ucqar bir kənddən olsa da, sonradan Azərbaycanı bütün dünyaya tanıtdırıb. Biz hamımız azərbaycanlıyıq, vəssalam!

Çobandan tutmuş ziyalıya qədər, kəndlidən tutmuş şəhərliyə qədər... “Padval”da dünyaya gələn şikəst övlad da xalqımızın nümayəndəsidir.

Digər məqam isə Afaq xanımın şikəst uşaq dünyaya gətirməklə bağlı fikirləridir ki, bu da ən çox müzakirə obyektinə çevrilən məqamdır. Bu həyatda heç kəs şikəst övlad dünyaya gətirməkdən sığortalanmayıb. Əgər yoxsul bir ailə şikəst övladı üçün yardım istəyirsə, bunu məcburiyyətdən edir. Əlbəttə, o ailənin maddi durumu yaxşı olsaydı, kimsədən kömək ummazdı. Şikəst övlad isə hər yerdə dünyaya gələ bilər; şəhərdə, kənddə, zirzəmidə, villada, malikanədə və s. İnsan övladının ayağı dəyə biləcəyi istənilən məkanda...

Bu həyatda qazanıla biləcək ən böyük firavanlıq isə xoşbəxt və isti bir yuvaya sahib olmaqdır. Bu isti yuva əgər kənddən gəlib şəhərdə ucuzvari evdə kirayə yaşayan, təkər qaraldan, şüşə silən, “fəhlə baba”nın ailəsində varsa, onun harada yaşamasının əhəmiyyəti yoxdur.

P.S. Yazı yazılandan sonra ARB kanalı ilə bağlı məlum qalmaqal barədə oxudum. Görünür, sevimli aktrisam bir az diqqətli olmalıdır.

# 9227 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər