Kulis.az Qismət Rüstəmovun "Avropa qeydləri" silsiləsindən IV yazısını təqdim edir.
...Barselonadakı üçüncü günümüzdə bir də baxdıq ki, beş gün Romada, üç gün də İspaniyada yolları yora-yora bütün paltarlarımızı sıradan çıxarmışıq, qarşıda isə hələ bir neçə gün var. Qaldığımız mehmanxananın yaxınlığında bir camaşırxana tapdıq. Bu adamsız yerin yaradıcı, "lavaş"la söz oyunu üstündə qoyulmuş adı vardı: "La wash". Paltaryuyanlardan birində neçə dəqiqə yumaq istədiyimizi seçdik, ödənişimizi etdik, maşın işə düşdü. Təmizlik ərzində çıxıb yaxınlıqda gəzmək istəyirdik, ancaq gözlənilməz bir yağış başladı. Əyləşdik, yağışa baxa-baxa susduq. Paltaryuyanların çarxı bir-birinə qarışan paltarlarımızdan günlərin tərini silməyində olsun, hərənin öz yaddaş çarxı da işə düşdü.
Corc Oruel "Kataloniyaya salam" kitabında Barselonanın əsas simvollarından olan, Antoni Qaudinin şedevri "Müqəddəs ailə" kilsəsi (La Saqrada familia) haqqında neqativ tonda yazırdı ki, bu, nəsə mumdan düzəlmiş əcaib bir şeydir. Sevdiyim yazıçılardan, estetlərdən öyrəndiyim bir formul var: dünyanı ancaq sosial münasibətlər müstəvisində dərk eləyən yazıçıların (Oruel kimi nəhəng olsa belə) estetik məsələlərlə bağlı fikrinə həmişə şübhəylə yanaşmalı; özün görmədən, özün oxumadan, özün dinləmədən inanma! Barselonada dəfələrlə sınaqdan çıxardığım bu qənaəti bir daha təsdiqləmiş oldum.
Barselona adının köklərini Karfagen kralı, Hannibalın atası Hamilkar Barka ilə bağlayırlar, sonra romalılar şəhərə Barsino deyiblər. İspaniyada sənaye inqilabı məhz burada - Barselonada başlayıb. XIX əsrdə şərabçılıqda, tekstildə baş verən yüksəliş, varlanan burjua sinfi katalon modernizminə təkan verib. Deyəsən, hər yerdə hekayə eynidir: iqtisadi yüksəliş, rifah şəhərin çöhrəsini dəyişir, sənəti çiçəkləndirir, yeniliyə dayaq olur.
Ötən əsrin ilk 25 ilində Barselona anarxiyanın, millətçilərlə cümhuriyyətçilər arasındakı qanlı münaqişələrin, terrorun, xaosun mərkəzi olub. 1936-cı ildə Franko səhnəyə çıxır, üç il çəkən savaşdan sonra hakimiyyəti ələ alır, düz 1975-ci ilə qədər çəkən basqı dövrü başlayır. Bu gün dünyanın əsas turistik mərkəzlərindən olan, hamının görmək istədiyi, simvollarını əksəriyyətin tanıdığı Barselona 1992-ci ildə Olimpiadanın burada keçirilməsindən sonra yaranıb desəm, elə bilirəm, mübaliğə etmiş olmaram. Olimpiadaya görə şəhərin çöhrəsi tamam dəyişib, əvvəllər yanından qatarlar keçən, görüntüsü beton-dəmir arxasında görünməz olan çimərliklərdən tutmuş küçələrin, muzeylərin, nəqliyyat sisteminin yenilənməsinə qədər çoxsaylı urbanistik addımlar atılıb.
Barselonada mərkəzi nöqtə "La Rambla" küçəsidir; vaxtilə Federiko Qarsiya Lorka bu küçə haqqında belə deyib: bu, dünyada bitməməsini istədiyim yeganə küçədir. Əgər "La Rambla"nı mərkəzi nöqtə kimi götürsək, turistik əşya satan küçə satıcılarıyla, xudmani və zövqlü kafeləriylə zəngin bu küçə boyu addımladıqca, istər üzü sahilə doğru - Xristofor Kolumbun əzəmətli abidəsinə tərəf düşün, istər sağa-sola burulan küçələrdəki gözəllikləri görmək üçün ayaq saxlayın, fərq etməz, burada hər addımbaşı maraqlı, yaradıcı nəsə görəcəksiniz. Məsələn, turistlərin ən çox tamaşasına durduqları muzey kimi bazar olan "Mercat de La Boqueria", yaxud adi yaşayış binalarının içindən adama gəl-gəl deyən Qaudinin binadan əsərləri - Bayo evi (Casa Batllo) və Mila evi (Casa Mila).
"Bayo evi"nin dizaynını əfsanəvi memar, Barselonanı Barselona etmiş Qaudi 1904-1906-cı illər arasında verib. Çöldən görüntüsünə, fasadındakı obrazlara görə, bu evə "sümüklər evi", "əsnəyən evi", "maskalar evi" də deyirlər. "Bayo evi" indi muzey kimi fəaliyyət göstərir. Bu yığcam binanın içində Qaudinin rəngli, ziqzaqlı, bənzərsiz təfəkkür dünyasını əks etdirmək üçün çağdaş texnologiyanın imkanlarını da işin içinə qataraq qeyri-adi bir muzey yaradıblar. Muzeyin girişində hər ziyarətçiyə bir planşet verirlər, həmin planşetdə həm seçdiyiniz dildə səsli bələdçi var, həm də otaqları gəzdikcə rastınıza müəyyən simvolları planşetə tutan otağın adi görüntüsü altındakı metaforik görüntüsü ortaya çıxır. Məsələn, planşeti havalandırma sisteminə tutanda əmələ gələn görüntü hava axını istiqamətində üzən mavi balıqlardır - Qaudi hava axınını mavi balıq kimi təsəvvür edirmiş... Girişdə ziyarətçilərə bir plastik moneta verirlər, muzeyin bir hissəsi var ki, orada həmin moneta ilə kefinə görə, ya meyvə şirəsi, ya da şampana qonaq ola bilərsən. "Bayo evi"ndə ən maraqlı hissəsi zirzəmidə təqdim edilən instalyasiyadır: burada çağdaş türk sənətçisi, data analiz ilə süni zəkanı birləşdirərək bənzərsiz sənət performansları yaradan Rəfiq Anadolun Qaudiyə həsr olunmuş bir işini görə bilərsiz. Rəfiq Anadol dünyada "süni zəka sənəti" deyilən istiqaməti başladanlardan sayılır. Rəfiq Anadolun yaratdığına "yaşayan arxitektura" deyirlər, sənətçi Qaudinin bütün arxivlərindən dataları birləşdirərək onun yaradıcı zehninin vizual xəritəsini çıxardığı bir instalyasiya yaradıb. Bənzərsiz, ağlasığzmaz bir iş alınıb. Rəfiq Anadolun bu qeyri-adi işi sənətin gələcəyi ilə bağlı da insana çox informasiya verir.
Qaudinin əsas işi "La Saqrada Familia"dır. Bura Barselonanın ən turistik nöqtəsidir. Kilsənin dizaynı qeyri-adidir, Qaudi təbiətə məxsus simvollarla (simvolik meyvələrlə) xristianlığa aid rəmzləri birləşdirməyə çalışıb. Çalışıb deyirəm ki, çünki kilsənin tikintisi bu gün də davam edir, ona məcazi mənada "əbədi tikinti" də deyirlər. Romanın məndəki həndəsi qarşılığı nədənsə yumru, dəyirmi idi, Barselonada isə hər şey sırsıra kimidir: növbə gözləyənlərin sırası da sırsıradır, kilsənin şiş uclu minarələri də sırsıradır, səliqəli şəkildə bir-birinin kəsən küçələr də, xiyabanlar da sırsıradır...
"La Saqrada Familia"nın tarixçəsi maraqlıdır. 1882-ci ildə ixtiyar kitabçı Joze Mariya Bokabella ianə yığaraq "Müqəddəs Ailə" kilsəsini tikdirmək işinə girişir. Memarı Fransisko de Paula del Vilar olur - o, Qaudinin müəllimlərindən biridir. Pul-para işində razılığa gəlmirlər, Vilar istefa verir, yerinə tələbəsi Qaudi gəlir və bugünkü əfsanəvi nəticə alınır. Ancaq Qaudinin taleyi nakam olub, 74 yaşında tramvayın altında qalıb, bir neçə gün sonra xəstəxanada ölüb. Qaudinin tikdiyi binalar Barselonada adamın qabağına hədiyyə kimi, sürpriz kimi çıxır. Hə, deyəsən, Barselonanın bir üzü budur: şəhər yeni olanı tarix kimi təqdim etməyi bacarır.
...Paltarlarımız yuyuldu, indi ikinci addıma keçmək olardı, azman görünüşlü qurutma maşınında onları qurutmaq. Yağış yavaş-yavaş səngiyirdi, ancaq biz hələ bir müddət də fırlanan çarxların qarşısında fikrə dalmalı, arxivi ancaq yaddaşda olan, xatirə qovluğunda yığılanları çək-çevir etməli, birinci dəfə yaşanarkən yığılan pazlın hissələrini uşaq sevinciylə dağıdıb yenidən yığmalıydıq...
"Don Kixot"un ikinci hissəsinin sonlarında maraqlı bir yer var. Artıq hər yanda çıxan Don Kixotlardan çaş-baş qalmış don Alvaro Tarfe həqiqi Don Kixotdan soruşur ki, necə bilim, sən həqiqisən. Məhzun üzlü cəngavərimiz cavabında təxminən belə deyir: mən eşidəndə ki, uydurma Don Kixot Saraqosadakı yarışda iştirak edəcək, saxtakarı aşkara çıxarmamaq, onu pis vəziyyətdə qoymamaq üçün ora getmədim, əvəzində birbaşa Barselonaya yollandım - şadlığın, əyləncənin məskəninə, qapısı özgələrə açıq olan, kasıblara daldalanacaq verən igidlərin vətəninə, əsl dostluğun ocağına, yerlə göyün birləşdiyi şəhərə... Don Kixotun dediklərinin üstündən 410 il keçib, ancaq Barselona elə həminki ünvandır.
Barselonada yolların darısqallaşan, dondurmaların rəngli kollajlara çevrildiyi küçələrdən birində "Pikasso muzeyi" var. Burada Pikassonun erkən dövr yaradıcılığından da nümunələri görmək olar. Bu, çox dəyərlidir; çünki başa düşürsən ki, Pikassonun da, belə demək mümkünsə, əruz dövrü, heca dövrü olub, birbaşa, göydəndüşmə tanıdığımız sərbəst Pikasso olmayıb. Məsələn, muzeydəki bir otaq bütövlükdə Dieqo Velaskesin dünyaca məşhur "Meninlər" (Las Meninas) tablosuna Pikassonun çəkdiyi variasiyalardır. Vaxtilə Mişel Fuko "Kəlmələr və şeylər" kitabında bu məşhur tablonu dəbə mindirib. Velaskesin tablosu kral IV Filipin və arvadının portretinin çəkilmə anını göstərir. Sənətşünasların fikrincə, bu tablo "rəsm sənətinin öz fərqinə varmasının" ifadəsidir. Bu tabloda Velaskes özü də əsərin içində var. Pikasso həmin tablonu hər dəfə bir elementini dəyişməklə yenidən istehsal edib; bir dəfə qapıda duran adamın yeri başqadır, bir başqasında it daha qabarıqdır, o birində hansısa nəsnənin yeri dəyişib... Beləliklə, tablonu öyrənmək üçün onu söküb-yığıb, hər hissəsiylə bağlı alternativləri yoxlayıb. Muzeyin bu hissəsi əyani sənət laboratoriyasıdır.
Barselonada yuxarı mərtəbəsindən şəhərin 360 dərəcə göründüyü, yəhudi məhəlləsinin düz ətəyində, "Las Arenas" adlı dəyirmi bir alış-veriş mərkəzi var. Bura 126 il bundan qabaq öküz döyüşdürülən yer olub. Onunla üzbəüz, Barselonanın ən məşhur sənətçilərindən biri olmuş Mironun adına salınmış park var; parkın ortasında hamının ayaq saxlayıb şəkil çəkdirdiyi Mironun məşhur "Qadın və quş" heykəli. Bura əvvəl sallaqxana olub, korrida keçirilən yer üçün aydın məsələdir.
Qat-qatdır Barselona, bütün mərtəbələrinə çıxmaq və enmək mümkün deyil. Düz "Las Arenas"ın yanında "Tapa tapa" adlı çox dadlı tapaslar verilən bir məkan tapdıq; bu, məşhur şəbəkənin bir filialı imiş. "Tapas" sözü ispancadakı "tapar" feilindən gəlir, mənası "üstünü örtmək"dir. Bura məsələnin də maraqlı bir tarixçəsi var. İspanların yeyib-içmək məclisləri bizim kimi uzun çəkir; deyilənə görə, vaxtilə içki bardaqlarının içinə nəsə düşməsin deyə üstünü balaca boşqabla örtürmüşlər, sonra get-gedə bardağın üstündəki boşqaba da yüngül qəlyanaltılar, çərəzlər qoymağa başlayırlar. Buradan da "tapas" deyilən çox dadlı qəlyanaltı, çərəz estetikası yaranıb.
...Maşın paltarlarımızı qurutdu, buludlar ürəyini boşaldıb sözü yenidən günəşə verdilər. Qarşıda bu gözəl şəhəri kəşf etmək, tanımadığımız küçələrində azmaq, yağışında islanıb, günəşində yanmaq üçün hələ bir neçə günümüz vardı.