12 yaşında nişanlandı, otağından cadu tapıldı, evi özündən xəbərsiz satıldı – Ötən gün vəfat edən Zeynəb Dostəliyeva haqqında maraqlı faktlar

12 yaşında nişanlandı, otağından cadu tapıldı, evi özündən xəbərsiz satıldı – Ötən gün vəfat edən Zeynəb Dostəliyeva haqqında maraqlı faktlar
6 fevral 2023
# 12:25

Kulis.az ötən gün vəfat edən tanınmış müğənni Zeynəb Dostəliyeva haqqında maraqlı faktları təqdim edir.

Zeynəb Əhmədəli qızı Dostəliyeva Bakı şəhərində aşıq ailəsində anadan olub. Ailədə dörd qardaş, iki bacı olublar. Atası Şirvan ərazisində çox tanınan aşıqlardan biri olub.

***

Müğənninin qardaşlarından biri erkən yaşda dünyasını dəyişdiyindən sonralar ailədə doğulan dördüncü qardaşa vəfat edən qardaşı Ağaəlinin adı qoyulub.

Musiqi mühitində böyüyən Zeynəb xanım yeniyetməlik illərində həkim olmaq istəsə də, sonradan musiqi sahəsinə istiqamətlənir. Erkən yaşdan toy şənliklərinə gedir və qısa zaman ərzində Bakı məclislərində məşhurlaşır.

***

Çox erkən yaşda ailə quran müğənninin iki qızı, bir oğlu olub. Qızlarının biri ilk nikahından, digər qızı və oğlu isə ikinci evliliyindən olub. Ancaq iş elə gətirir ki, müğənninin ikinci həyat yoldaşı erkən yaşda vəfat edir. Bundan sonra Zeynəb xanım ailə qurmur. Bu barədə müsahibələrinin birində deyir:

“O, elə bir adam idi ki, ondan sonra ailə qurmaq mənə yaraşmazdı. Mənim sənətdən uzaqlaşmağıma səbəb bir az da, o oldu. Onun xasiyyətinə görə mən sənətdən uzaqlaşdım, övladlarımın, yoldaşımın itaətində durdum. Ondan sonra mənə sevgi elan edənlər olub. Amma indiki insanlara güman yoxdur. Bir də ki, uşaqlarım artıq böyükdürlər. Ona görə də, belə şeylərlə maraqlanmıram”.

***

İllər əvvəl Zeynəb xanım evini satmaq qərarına gəlir. Qonşuluğunda olan xanım ona evini satmaqda, ya da dəyişməkdə kömək edəcəyinə söz verir. Bir aylıq etibarnamə əldə edəndən sonra isə o, müğənninin evini satıb yoxa çıxır. Bir ildən sonra tapılan qonşu pulunun olmadığını dilə gətirir. Evsiz qalan müğənni kirayələrdə yaşamağa məcbur olur. Onun haqqında isə müxtəlif şayiələr yayılır. Deyilənlərə görə, müğənni evini sevgilisi olan bir gənc oğlan üçün satdığından evsiz qalır. Ancaq Zeynəb Dostəliyeva bu fikirləri təkzib edərək deyir:

“Əlimi Qurana basıb deyərəm ki, belə bir fakt olmayıb. Mənim başıma çox hadisələr gəlib. Bir dəfə köməkçim evimdən bir bağlama tapdı, gətirdi verdi mənə. Cadu idi. Gördüm qorxur, dedim, qorxma, o mənim evimdən çıxıbsa, sənə yox, mənə olunub. Bağlamanı göndərdim molla yanına. Molla mənə zəng vurub dedi ki, Zeynəb xanım, siz kimə nə pislik etmisiniz ki, sizə belə cadu ediblər? Mənim qarşıma o qədər şlaqbaumlar çəkildi ki. Qara siyahılar tutuldu, o siyahılarda adım getdi. O siyahıdan heç kimin xəbəri yoxdu. Amma mən bilirəm, olub. Niyə olub, bilmirəm. Yəqin kimlərəsə sərf edib ki, mən kanallara çıxmayım”.

Məşhurluğunun pik vaxtında Bakı məclislərinin birində olanda, Zeynəb xanıma bir qız yaxınlaşır. Deyir, mənim valideynlərim yoxdur, toyumu da bacım edir. Mən özümə mətbəx mebeli almayacam, onun pulunu sizə verəcəm, mənim toyuma gəlin. Zeynəb xanım bu sözlərdən mütəəssir olur. Deyir, qızım, get bütün mebellərini al, mən pulsuz gəlib sənin toyunu oxuyaram. İş elə gətirir ki, həmin qızın toy gününə müğənninin imkanlı qohumlarından biri də öz toyunu salır. Müğənniyə nə qədər təkid etsələr də, o, gələ bilməyəcəyini, başqa toya söz verdiyini deyir. O, dediyi kimi də edib kimsəsiz qızın toyunu aparır.

***

Zeynəb xanımın atası İkinci Dünya müharibəsinin iştirakçı olub. Yaxşı atıcılıq qabiliyyəti olduğuna görə ona müxtəlif orden və medallar verilib. Bu xüsusiyyət Zeynəb xanıma da keçib. Müğənni Atıcılıq Federasiyasının üzvü olub.

Xalq artisti Nazpəri Dostəliyevanın bacısı olan Zeynəb xanım bacısından çox-çox əvəllər müğənnilik fəaliyyətinə başlasa da, sonralar sənətdən uzaqlaşır. Həmin ərəfədə Nazpəri xanım populyarlıq qazanır. Yenidən səhnəyə qayıdan Zeynəb Dostəliyeva əvvəlki məşhurluğunu əldə edə bilmir. Kənardan iki bacının arasını vurmaq istəyən insanlar Zeynəb xanıma bacısının onun kanallara, verilişilərə çıxmağına mane olduğunu deyirlər. Beləcə araları dəyən hər iki bacı uzun müddət küsülü qalırlar. Onlar bir də 2014-cü ildə barışırlar.

***

İki dəfə ailə quran müğənni müsahibələrinin birində deyir:

"Böyük qızım təzə olmuşdu. Qızımın 1 yaşı var idi, mən ikinci həyat yoldaşım Tofiqlə görüşürdüm. Evləndik də. Bu, mənim ikinci evliliyim idi. Birinci alınmadı nə isə. Əmim oğlu idi, istəmirdim onu. Uşaq idim, məktəbdə oxuyurdum, nişanladılar məni. Məktəbə getmişəm sevincək, konfet paylayıram uşaqlara. Üzüyü qızlara sevinə-sevinə göstərirdim. 5-ci sinifdə oxuyurdum o zaman. 5 il nişanlı qaldım. Əmim oğlu elə yaxşı insan idi, quzu da. Amma ağlım kəsəndən sonra anladım ki, mənə çəkinəcəyim bir insan lazımdır. O insan gözəl insan idi. Mən səhərlər duranda görürdüm ki, səhər yeməyini hazırlayırdı. Yavaş-yavaş qapını döyürdü ki, "Əmi qızı, dur gəl". Sonralar öz qızlarımı da tez ərə verdim, qoymadıq ki, uşaqlar oxusunlar. Qızlarımı verəndə birinin 15, digərinin də 16 yaşı var idi”.

***

Zeynəb Dostəliyeva 5 fevral 2023-cü ildə qaraciyər serrozundan dünyasını dəyişib.

# 20823 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #