““Kulis.az”-da ədəbiyyat da, seks də, ailə də var””

 ““Kulis.az”-da ədəbiyyat da, seks də, ailə də var””
2 iyun 2011
# 13:02
Müsahibim Azərbaycanın ən populyar media rəhbərlərindən biri - Azəri-Press Agentliyinin (APA) direktoru Vüsalə Mahirqızıdır.

- Vüsalə xanım, istərdim ki, uğurlarınızın sirrlərini bizimlə bölüşəsiniz. Keçdiyiniz yol, qarşıya çıxan çətinliklər barədə danışardınız...

- Mənə elə gəlir ki, uğur bir az subyektiv məfhumdur. Yəni bəzi adamlar hesab edir ki, biz uğur qazanmışıq, bəzi adamlar isə hesab edir ki, bizim proyektlər uğursuzdur. Ancaq mən məmnunam ki, cəmiyyətin böyük əksəriyyəti bizim uğurlu bir media holding qurmağımızı qəbul edir. Bunun əsas sirri ondan ibarətdir ki, biz bunu istəmişik. İnsan bacardığı bir işi görmək istəyirsə, buna səy göstərirsə, sözsüz ki, uğur qazanır. Təbii ki, söhbət bacardığımız işlərdən gedir. Əlbəttə, mən bu gün kosmonavt olmaq istəsəm, bu çox vaxt aparacaq, bəlkə də alınmayacaq. Çünki bunun üçün müəyyən təcrübə, təhsil lazımdır. Uğur qazanmaq üçün hökmən bacardığımız işi görməliyik. Mənim qazandığım uğurlarda isə kollektivimizin böyük rolu var. Məncə, bizim sadiq və peşəkar kollektivimiz var. Bizim agentlik yaranandan bizimlə birlikdə olan insanlar var ki, bu işə ürək veriblər. Bəzi hallarda komandamız hətta məni bir rəhbər kimi bəzi işlərdən qoruyurlar. Mən daha çox idarəçilik, münasibətlərin qorunması, agentliyin qorunması, maliyyə məsələləri ilə məşğul oluram. Komandamız isə daha çox xəbərçilik prinsipini qoruyurlar. Bu isə daha bir uğurdur. Agentliyin başında mənim dayanmağıma baxmayaraq, komandamız bunu həm də özününkü hesab edir. Uğurumuzun ən önəmli səbəbi isə tərəfsiz xəbərçilikdir. Bu gün Azərbaycanda siyasi mənsubiyyətindən asılı olmayaraq, əsas mətbu orqanlar APA-nın istifadəçisidir. Bu da öz növbəsində mənim qeyd etdiklərimi bir daha təsdiq edir.

- Yeni media növləri köhnə vasitələri sıradan çıxarırmı? Hansı media vasitəsi daha çox dəbdədir?

- Bu istənilən sahədə belədir. Əvvəlcə qəzetlər media olaraq dəbdə idi. Daha sora radio yarandı. Radio qəzetləri media olaraq sıradan çıxara bilməsə də, daha cəlbedici oldu. Sonra televiziya yarandı və radiodan daha cəlbedici görünməyə başladı. İndi internet zamandır. İnternet bütün vasitələrdən daha cəlbedicidir. Ancaq bilmirik ki, texnologiya hansı şəkildə inkişaf edəcək və bizim qarşımızda hansı sürprizlər olacaq. Televiziya yarananda heç kəs düşünə bilməzdi ki, internet yaranacaq və televiziyanı demək olar ki, sıradan çıxaracaq. Hər vasitənin öz yeri, öz funksiyası var.

- Azərbaycanda kifayət qədər media qurumlarının, televiziya, radio, xəbər agentliklərinin olduğu bir vaxtda APA yarandı və böyük sıçrayışla önə keçməyi bacardı. Azərbaycan media təcrübəsində müşahidə olunur ki, müəyyən media qurumu müəyyən bir vaxtda çox populyar olur, sevilir, önə keçir və qəfildən də sanki dəbdən düşür. APA-nın “dəbdən düşmək” təhlükəsi varmı?

- Bütün media qurumlarının öz dövrü var. Bu 90 ildə ola bilər, 10 ildə, 60 ildə, 3 il də. Məsələn, Amerikada minlərlə yeni media qurumu yaransa da “Vaşinqton Post” və “Nyu York Tayms” öz aktuallığını qoruya bilib. Türkiyədə yeni media qurumları yaransa da, “Hürriyyət”, “Milliyyət” hələ də öz yerindədir. Ancaq Türkiyədə son illərdə “HaberTürk” yarandı və həm qəzet olaraq, həm televiziya olaraq illərin mediasının önünə keçə bildi. Təbii ki, hər şey kadr potensialına və resurslara bağlıdır. Bizim kollektivdə arxayınçılıq, “Biz APA-yıq, biz lider informasiya agentliyiyik, bizim çiynimizin arxasında heç bir nəfəs yoxdur” kimi fikirlər yoxdur. Mən kollektivimizin arxayınçılığını dağıtmaq üçün, alternativ qurumlar yaratdım. Biz “Lent.az” və “Vesti.az” qurumlarını bu səbəbdən yaratdıq. Populyarlığın daim bizə məxsus olması üçün öz rəqiblərimizi də özümüz yaratdıq. Bütün yeni layihələrimiz də bu məqsədə xidmət edir ki, biz gündəmdə qalaq və liderliyi qoruyaq. Heç vaxt rəqiblərimizin olduğunu unutmuruq.

- Rəqiblərdən söz düşmüşkən, ölkə mətbuatında APA-ya rəqib qurum varmı?

- Mən ölkədə özünü ən böyük informasiya agentliyi hesab edən qurumdan tutmuş ən kiçik informasiya agentliyinə qədər bütün qurumları APA-nın rəqibi hesab edirəm.

- Rəqibləriniz bacarıqlı rəqib ola bilirmi? Yəni APA ilə rəqabət apara bilirlərmi?

- Bunu mən deyə bilməyəcəyəm. Bunu gərək kənardan desinlər.

- İstərdim ki, sizin layihələrdən, daha doğrusu, son və ən uğurlu layihələrinizdən olan “Kulis.az”-dan danışaq.

- Mən bu saytı yaratmağı təxminən altı ay bundan əvvəl düşünmüşdüm. O zaman “Abzas.net” yarandı və biz Kulis.az-ın yaranmasını bir az ləngitdik. İnternetdə fəaliyyət göstərən bu cür layihələr daha çox inersiya ilə fəaliyyət göstərir. Yəni siz yazını yazıb göndərirdiniz və bu yazını sayta qoyurdular. Burda bir sistemli iş, redaksiya işi yox idi. Ədəbiyyat və mədəniyyət elə bir sahədir ki, onlarla bağlı layihə yaratmağa dəyər. Mən heç vaxt Azərbaycandakı siyasi partiyalarla bağlı bir layihə düşünmərəm. Çünki Azərbaycanda bu tip şeylər mövsümidir. Olur da, olmur da. Ancaq xalq, yəni Azərbaycan xalqı nə qədər varsa, onun mədəniyyəti və ədəbiyyatı da var. Daimi şeylərlə bağlı layihə yaratmaq olar. Mən heç vaxt mövsümi layihələrin tərəfdarı deyiləm.

Bu gün daha irəli düşüncəli, daha avanqard gənclik yaranıb. Bu artıq “90-cılar” ədəbi nəsli deyil. Ədəbi mətbuatda da, siyasi mətbuatda da daha çox oxunan, daha çox müzakirə olunan etiraf edək ki, bu gənclərdir. Ancaq bu gənclər heç biri öz əsas işi ilə məşğul deyildi. Müəyyən siyasi mətbuatda yazsalar da, onlar ədəbiyyatla məşğul olmağa vaxt ayıra bilmirdilər. Bunun çox sadə səbəbləri vardı. Onların yaşamağa, ailə dolandırmağa, müəyyən qazanc edib mövcudiyyətlərini qorumağa ehtiyac var idi. Bu baxımdan da onlara hansı sahədə maaş verilirdisə, həmin sahədə işləməyə məcbur idilər. Bir insanın mədəniyyət adamı, ədəbiyyatçı olmasından əvvəl pul qazanmaq və ailəsini dolandırmaq ehtiyacı var. Məhz buna görə düşündük ki, bu gənclərin ədəbiyyatla məşğul olmağa, bu məşğuliyyətlərindən pul qazanmaqlarına ehtiyac var. Bu səbəbdən də biz istədik ki onlar üçün yeni bir iş yeri yaradaq, normal maaş, normal qonarar verək.

- “Kulis.az”-da yazan müəlliflər, ədəbiyyatla məşğul olan gənclər haqqında nə düşünürsünüz?

- Bu gün bizdə belə bir düşüncə formalaşıb ki, ədəbiyyat adamları dünyaya çıxmaq üçün, Nobel mükafatı kimi yüksək ədəbi mükafatları əldə etmək üçün dövlətçilik əleyhinə nə isə yazmalı, nə isə etməlidir. Mən bununla razı deyiləm. “Evrovision” müsabiqəsində qalib gələn gənclər sübut etdilər ki, dövlətçiliyimizin əleyhinə getmədən də, ölkəyə mükafat gətirmək mümkündür. Bizdə kifayət qədər yenilikçi, intellektual gənc yazarlar var. Əgər biz onlara şərait yaratsaq, mane olmasaq, siyasi oyunlara çəkib kirlətməsək, onlar ədəbiyyatımızı dünyada layiqincə təmsil edib, ölkəyə Nobel mükafatını da gətirə bilərlər. Yetər ki, biz onlara mane olmayaq.

Bizim gənc yazarlar müasir texnologiyaları, müasir ədəbiyyatı, müasir dünyanı yaxşı bilirlər. Çünki özləri də müasir insanlardır. Düşündük ki, bu cür gəncləri bir araya gətirmək, bir ocaq yaratmaq lazımdır. “Kulis.az”-ı da məhz bu məqsədlə yaratdıq. Mən bilirəm ki, “Kulis.az”-dan yaxın vaxtlarda böyük reklam layihələri əldə etmək mümkün deyil. İstədik ki, Azərbaycan ədəbiyyatında bir qaynarlıq yaransın. Gənclərimiz yaşlı nəsillə diskusiya edə bilsin. “60-cılar” ədəbi nəsli də belə yaranıb. Onlar özlərindən əvvəlki ədəbi nəsli tənqid etdi, bu ədəbi nəsillə diskusiyalara getdi, yaşlı nəsil səbirli davrandı və nəticədə “60-cılar” ədəbi nəsli yarandı. Bu gün qəbul etsək də, etməsək də, ədəbiyyatımızda bizdən əvvəlki nəsil, “60-cılar” ədəbi nəsli var. Biz onlara isnad edirk. Bundan sonra gələn ədəbi nəsillərin ən gənclərinə, “90-cılar”a və ondan sonra gələn nəsilə yardım eləmək, onlara bir ocaq yaratmaq, şərait qurmaq bizim borcumuzdur.

- Ölkədə mədəniyyət, ədəbiyyat, teatr sahəsində saytlar, qəzetlər fəaliyyət göstərdiyi halda “Kulis.az” hansı ehtiyacdan yarandı?

- “Kulis.az”-ı ədəbiyyata və mədəniyyətə xidmət etmək məqsədi ilə biz yaratdıq. Çünki Azərbaycanda internetdən istifadə edənlər təkcə krimnal və siyasi xəbərlər oxumur, yalnız tanışlıq üçün internetdən istifadə eləmir. Ədəbiyyatla maraqlanan ciddi bir təbəqə var ki, onlar artıq qəzetlərdən, jurnallardan, televiziyalardan internetə “köçüblər”. Biz kulturoloji bir sayt yaratmağı qarşımıza məqsəd qoymuşuq. Bu gün bizim kulturologiyanın çox ciddi problemləri var. Biz bu sahəyə qatqıda olmağı hədəfləmişik. Biz “Kulis.az”-da dili də, ədəbiyyatı da, mədəniyyəti də, seksi də, ailəni də verəcəyik.

Layihə hələ ki yeni başlayıb, ancaq insanların marağı böyükdür. Biz yeni yaranan ədəbiyyatı da işıqlandırmaqda maraqlıyıq. Eyni zamanda “Kulis.az”-da “Qara qutu” adlı layihəmiz də var ki, bu layihədə göstərmək istəyirik ki, ədəbiyyatımızda, mətbuatımızda bunlar da var.
Məncə, “Kulis.az” layihəsi uğurlu alınıb. Bu saytda biz yeni ədəbiyyat nümunələrini, tərcümələri və s. nəşr etməyi planlaşdırırıq. Bir müddətdən sonra bu layihəni xarici dillərdə də yaratmağı düşünürük.

- “Kulis.az”-dan reklam gözləmədiyinizi vurğuladınız. Bilirik ki, sizin media holding ən uğurlu reklam layihələrinə nail olurb. Mümkünsə, Azərbaycan mətbuatının reklam bazarının vəziyyətindən danışardınız. Mövcud reklam bazarı mətbuatımızın istəyinə uyğundurmu?

- Reklam bazarımız ümumiyyətlə qənaətbəxş deyil. Məbuat bu reklam bazarına heç vaxt qane olmayacaq. Pul elə bir şeydir ki, nə qədər gəlsə, bir o qədər çox istənəcək. Reklam isə pul deməkdir. Bugünkü reklam bazarımız çox minimaldır. Bunun da səbəbləri var. Ölkədə orta sahibkarlğın inkişaf səviyyəsi artmasa, bu bazar da tam olaraq formalaşmayacaq. Bu rəqabət mühiti ilə də bağlıdır. Bunun digər səbəbləri də var. Təəssüf ki, bu gün Azərbaycan mətbuatına daha çox yaradıcı adamlar rəhbərlik edirlər. Media rəhbərləri daha çox menecer olmalıdır. Dəfələrlə demişəm ki, özümü jurnalistdən daha çox menecer hesab edirəm. Çünki mən aktiv jurnalistika ilə məşğul olmuram. Məsələn,. bu gün hansı baş redaktordan soruşsanız ki, hansı reklam firmasının rəhbəri ilə görüşüb, cavab verməkdə çətinlik çəkəcək. Və yaxud reklam qiymətlərini, “prays-list”ləri soruşsanız, sizə təqdim edə bilməyəcəklər. Əlbəttə, mən də bu sahəni peşəkar şəkildə bilmirəm. Ancaq oxuyuram, öyrənirəm. Eyni zamanda, bu, intuisiya məsələsidir. Mən qeyd etdim ki, “Kulis.az”dan böyük reklamlar gözləmirəm. Ancaq reklam gözləyirəm. Biz bu layihəyə reklam cəlb edəcəyik. Müəyyən qrantlar, kiçik reklamlar hesabına bu layihə özünü doğrultmalıdır. Ümumiyyətlə, bütün layihələrim özünü doğruldur. Özünü doğrultmayan layihələr bizi cəlb etmir. Bizim növbəti bir layihəmiz var. İndi adını açıqlamaq istəməsəm də, bu layihəyə də reklam məqsədi ilə başlayacağıq. Hesab edirəm ki, mediaya reklam vasitəsi kimi baxmağın vaxtıdır. Nə qədər ki, mediaya siyasi vasitə kimi, rupor kimi baxacağıq, bu özünü doğrultmayacaq. Reklam pul gətirir. Əgər pul yoxdursa, sən peşəkar jurnalistləri çalışdıra bilmirsən. Yaxşı jurnalist yaxşı pula işləyir. Mənim bir prinsipim var. Bizdə işləmək istəyən jurnalistdən ilk olaraq maaş tələbini xəbər alıram. Əgər jurnalist istənilən maaşa işləməyə hazırdırsa, mən onu işə götürmərəm. Özünün nə istədiyini bilməyən jurnalistin bizim üçün nə iş görə biləcəyi sual altındadır. Mediaya bir biznesmen düşüncəsi ilə yanaşmaq lazımdır. Bizdə hesab edirlər ki, mediaya reklamı siyasi mənsubiyyətinə görə verirlər. Müxalifət mətbuatının reklamsızlığından şikayətlənib bildirirlər ki, onlara siyasi mənsubiyyətlərinə görə reklam vermirlər. Ancaq hakim partiyanın qəzeti olan “Yeni Azərbaycan” qəzetinin də reklam bazarı yoxdur. Bəs hakimiyyət qəzetlərinə nə üçün reklam vermirlər? Məncə, bunun tamam başqa səbəbləri var. Şirkətlərin reklamla məşğul olan əməkdaşları çox peşəkardır. Bu gün savadlı reklam menecerlərinə, xaricdə reklam meneceri oxudub gətirməyə ehtiyac var. Bu gün mənim üçün reklam meneceri transfer eləmək, jurnalist transfer eləməkdən daha çox maraqlıdır.

- Belə çıxır ki, siz medaiya yalnız biznes kimi baxırsınız?

- Bəli. Mən bunu dəfələrlə demişəm. Mənim bu qrupu yaratmaqda əsas məqsədim biznesdir.

- Sizcə, bu Azərbaycan reallığına uyğundurmu?

- Uyğun oldu, olmadı, biz bu sahəyə mütləq bu düşüncəylə yanaşmalıyıq. Ədəbiyyata da bu cür yanaşılmalıdır. Çoxları Çingiz Abdulayevi inkar edir. Ancaq Çingiz Abdullayev Azərbaycanda əsərlərinin satışı ilə dolanan yeganə yazıçıdır. Ədəbiyyatında, mədəniyyətində, medianın da inkişafı bundan keçir.

- Media siyasətə qulluq etməlidirmi?

- Xeyir. Media siyasətə qulluq eləməli deyil. Media xəbər verməlidir. Media elə xəbər hazırlamalıdır ki, bu hamıya maraqlı olsun. Mən elə xəbər hazırlayıram ki, o yaxşı satılsın.

- Azərbaycan kimi ölkədə bu yanaşma uğur qazana bilərmi?

- Əlbəttə. Çıxış yolumuz budur. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb və KİV-lərə normal yardım edilir. Bu, çox uğurlu bir addımdır. Ancaq bu sonsuza qədər davam edə bilməz. Bu təcrübə dünyanın inkişaf etmiş ölkələrində də var. Bildiyimiz kimi, KİVDDF sırf Avstriya təcrübəsidir. Bu cür layihələr dünya təcrübəsində var, amma bu keçid dövrü layihəsidir. Azərbaycanda qəribə bir tendensiya var: kim özünü yaxşı jurnalist hesab edirsə, üç-beş nəfərlə əlaqəsi varsa, hesab edir ki, o, mütləq qəzet yaradıb baş redaktor olmalıdır. Bu təfəkkürdən uzaqlaşmaq lazımdır. Jurnalistika başqa, media menecerliyi başqa bir anlayışdır. Bu baxımdan internet layihələri uğurludur. Çünki internetdə fəaliyyət göstərən media holdinglərin rəhbərlərininin heç birinin böyük siyasətçi olmaq fikri yoxdur. Azərbaycanda qəzetçiliyə də bu cür, biznes layihəsi kimi baxılmalıdır.

- Sizcə, Azərbaycanda qəzetçilik internet mediasına uduzurmu?

- Bu, yalnız Azərbaycanda belə deyil. Artıq bir neçə ildir ki, bütün dünyada qəzetçilik internet mediasına uduzur. Mən Amerikada istehsalat təcrübəsində olarakən “Vaşinqton Post”-da danışırdılar ki, işçilərimizin 20 faizini ixtisar etmişik, çünki qəzet internetə uduzur. Bizdə də bu belədir. Ancaq qəzet dövrü hələ ki, keçməyib. Qəzet yerini televiziyaya vermədiyi kimi, internetə də verməyəcək. Ancaq internetin imkanları hətta televiziyadan da üstündür. Qəzetlər uduzmamağın yollarını tapmalıdır.

- Azərbaycan mediası haqqında ümumi nə düşünmək olar? Müstəqillik dövründə bir yerə qədər gəlib çıxmışıq. İnkişaf prespektivləri nə vəd edir? Təxmini proqnozlarınız…

- Azərbaycan mediasının müstəqillik dönəmindəki inkişafını müəyyən mərhələlərə bölmək olar. Müstəqilliyin ilk ilindən senzuranın ləğv olunduğu vaxta qədər olan dövr, senzuranın ləğv olunduğu vaxtdan milli mətbuatımızın 135 illiyini qeyd etdiyimiz vaxta qədər olan dövr və bundan sonrakı dövr. Bundan sonrakı dövrdə mən Azərbaycan mətbuatını yalnız müstəqil biznes strukturları kimi görürəm. Əgər buna gedə bilsək, əgər bu yolda dövlət bizə müəyyən mənada dəstək ola biləcəksə, müəyyən reklamların müstəqil mediaya yönəldilməsinə şərait yaradılsa, medianın inkişafından danışmaq olar. Əgər buna əməl edə bilməsək, inkişafda durğunluq olacaq, bu temp davam edəcək. İstənilən halda Azərbaycan mediasını yolundan saxlamaq mümkün deyil. İstər qəzetçilikdə, istərsə də internet mediada mediamızda azadlığa meyl, inkişaf var. İnkişafa tam nail olmaq üçün isə biznes təfəkkürü lazımdır.

Cəlil Cavanşir
“Mərkəz” qəzeti
# 2025 dəfə oxunub

Oxşar xəbərlər

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

13:00 23 noyabr 2024
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

12:23 23 noyabr 2024
Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
# # #