Nanənin ağlatmaqlığı

Nanənin ağlatmaqlığı
16 avqust 2011
# 14:00
Nanə Ağamalıyeva o aparıcılardandır ki, onun haqqında savadsız, cahil, zövqsüz demək olmaz.

O, ali təhsilli həkimdir, müəyyən bilgiləri var, azərbaycan dilində çox aparıcılardan daha yaxşı danışır, müsahibi ilə söhbəti qurmağı bacarır.

Bir sözlə, onda aparıcılıq potensialının işartıları vardı. Hər halda teleməkana gəldiyi ilk illərdə onu ciddi proqramların aparıcısı kimi görürdüm...

Amma gözləntilərimə uyğun olaraq, N.Ağamalıyeva ATV də daxil olmaqla, bütün telekanalların yürütdüyü şou bataqlığının içərisinə yuvarlandı.

Və nəhəng şou siyasətin qurbanına çevrildi.

İndi o, “Ulduz oldun” proqramında bütün enerjisini adamın zəhləsini tökən, göz yaşları ovuclarının içində olan şou əhlinin zırıltısını, şivənini ekrandan evlərə tökməsinə xərcləyir.

Əminəm ki, N.Ağamaliyeva indiki statusundan çox razıdır. Bu elə efirdən onun özündən razı davranışlarından da aydın görünür.

Bəlkə də özünü nəinki bizim parıltısız ulduzcuqlardan, hətta Anjelina Colidən də çox ulduz kimi hiss edir.

Əslində yuxarıda “o, müsahibləri ilə söhbət qurmağı bacarır” ifadəsini keçmiş zamanda işlətməliydim.

N.Ağamalıyeva indi söhbət qurmur, onun bütün siyasəti nəyin bahasına olursa-olsun müsahiblərinin gözündən yaş axıtmaq, onların yaralı yerini axtarıb tapmaq, bir həkim incəliyi ilə yaranı qurdalamaq üzərində qurulub.

Özü də fikir vermişəm, müsahibləri ağlayanda, onun gözəl gözləri (“gözəl” sözünü səmimi deyirəm- Nanə doğrudan simpatik xanımdır) parıldayır, şikarını ələ keçirən ovçu kimi sifətində xəfif məmnunluq ifadəsi duyulur.

Srağagün verilişin Aygün Kazımova ilə olan təkrar buraxılışına baxırdım. Təbii ki, o, A.Kazımovanı ağlatdı.

Sonra da şəstlə “Aygün xanım kövrəldi” dedi.

Onun “Aygün Kazımova kövrəldi” intonasiyasının və publikaya meydan oxuyan baxışlarının altında “görürsüz də, mən onu ağlatmağı bacardım” sevincini sezmək çətin deyildi.

Ümumiyyətlə, kimisə ağlatmağa çalışmaq və bu qəhrəmanlığından qürur duymaq, zövq almaq, antihumanizmdir, daha sərt desək, sadizmdir.

Jurnalistikada qəhrəmanlıqlardan biri jurnalistin, aparıcının hansısa məmurdan, siyasətçidən, ictimai xadimdən cəmiyyət üçün əhəmiyyətli ola biləcək informasiyanın qoparılması sayılır.

Nanəyə aidiyyatı yoxdu təbii. Elə-belə xatırladıram.

Bir də ki, A.Kazımovanı ağlatmaq elə də qəhrəmanlıq deyil. Çünki o ağlamaq üçün himə bənddir.

Bundan əvvəl isə Nanənin qonağı gənc müğənni Arzum idi. Arzum uşaqlıqda autizm xəstəlyyindən əziyyət çəkməsindən bir –iki kəlmə deyib üstündən keçmək istəyirdi ki, aparıcı fürsəti fövtə vermədi, təkrar-təkrar bu barədə sual verdi. Suallar isə “ağla, ağla” mənasına gəlir.

Nanənin söhbəti yenidən autizmin üzərinə gətirməsi Arzumu elə həddə çatdırdı ki, o, verilişi tərk etdi.

Yəqin ki, Nanənin təsəvüründə bu onun ən uğurlu verilişi idi.

Bunlar bir tərəfə, ən gülməlisi Nanənin tipik hind aktrisaları sayağı emosional, bəsit üz ifadələridir: “kədəri”, “dramatizmi”, “gülüşü”, və saxta səmimiyyəti.

Nanə bütün müğənnilərlə eyni səmimiyyətlə danışır, hamısına eyni sevgiylə, heyranlıqla onların şəxsiyyətini, mahnılarını sevdiyini deyir. Bütün verilişlərində dəvət etdiyi adamlara eyni dozada heyran –heyran baxır.

Axı, necə hamının heyranı olmaq, hamiya eyni “sevgiylə” eyni sözləri demək mümkündür?

Hərçənd, Nanəyə afərin! O, bunu bacarırsa demək ki, pis aktrisa deyil.

Amma ultra hindsayağı olmaması üçün demirəm ki, Şarlotta Ginzburqun və ya İzabel Yupperin rollarına baxıb təkmilləşsin. Onun üçün çox ağır olar.

Elə bədəbəddə milli tamaşalardan da yararlanmaq mümkündür.
# 6068 dəfə oxunub

Oxşar xəbərlər

Məryəm Ələkbərlinin rəsmlərindən ibarət sərgi keçiriləcək

Məryəm Ələkbərlinin rəsmlərindən ibarət sərgi keçiriləcək

18:04 12 fevral 2026
“Yeni ədəbiyyatı tanıyaq” layihəsində “Rəng mühəndisi”  romanı müzakirə ediləcək

“Yeni ədəbiyyatı tanıyaq” layihəsində “Rəng mühəndisi” romanı müzakirə ediləcək

17:25 12 fevral 2026
Kortasarın ölümünün arxasındakı dəhşətli sirr – İllər sonra açılan QİÇS qalmaqalı

Kortasarın ölümünün arxasındakı dəhşətli sirr – İllər sonra açılan QİÇS qalmaqalı

17:10 12 fevral 2026
Xalq yazıçısı Elmira Axundovanın yaradıcılıq gecəsi keçirildi - Foto

Xalq yazıçısı Elmira Axundovanın yaradıcılıq gecəsi keçirildi - Foto

16:06 12 fevral 2026
Enes Batur saxlanıldı

Enes Batur saxlanıldı

15:30 12 fevral 2026
"Ya rüşvət verməliyəm, ya da fahişəlik etməliyəm..." – Stalinə yazılan məşhur məktubun gizlinləri

"Ya rüşvət verməliyəm, ya da fahişəlik etməliyəm..." – Stalinə yazılan məşhur məktubun gizlinləri

14:50 12 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər