“İlin hekayəsi” müsabiqəsinin qalibləri məlum oldu

“İlin hekayəsi” müsabiqəsinin qalibləri məlum oldu
26 dekabr 2022
# 20:25

Kulis.az-ın təşkilatçılığı, "İrshad Electronics” şirkətinin baş sponsorluğu, Mədəniyyət Nazirliyinin Kürdəmir Regional Mədəniyyət İdarəsinin dəstəyi, “LIBRAFF” kitab mağazaları şəbəkəsinin və “Pintravel” şirkətinin sponsorluğu keçirilən "İlin hekayəsi" müsabiqəsinin qalibləri məlum olub.

APA xəbər verir ki, qaliblərin adlarının açıqlanması və mükafatlandırma mərasimi "Libraff" kitab mağazaları şəbəkəsinin Park Akademiya filialında baş tutub.

Ümumilikdə 128 hekayənin mübarizə apardığı müsabiqədə ardıcıl olaraq, ilk iyirmilik və onluq elan olunub. Bu gün isə ilk onluq arasından ən yaxşı üçlük açıqlanıb.

Tədbiri giriş sözü ilə açan APA "Media Group"un rəhbəri Vüsalə Mahirqızı "İlin hekayəsi" müsabiqəsinin artıq ənənəyə çevrilməkdə olduğunu qeyd edib.

"Biz artıq bu müsabiqəni ənənəyə çevirməkdəyik. Müsabiqə ətrafında ümumi müzakirələr aparılır, tənqidi və təklif yönlü fikirlər səsləndirilir ki, bu da çox yaxşı haldır. Bizim Kulis olaraq nail olmaq istədiyimiz də məhz hazırda şahidi olduğumuz bu mühiti yaratmaq idi. Bu mənzərəni yaratmaq Kulisin missiyası idi. Mən şadam ki, Kulis bunu bacarıb, buna nail olub. Mənim ən böyük istəyim odur ki, Kulis bütün ədəbiyyatsevərlərin saytı olsun. Çünki Kulis düşüncə, fikir saytıdır".

Vüsalə Mahirqızı müsabiqənin bu cür müsabiqələrə stimul ola biləcəyini qeyd edib.

"Builki müsabiqəni təşkil edəndə "Ədəbiyyata biznes şirkətləri tərəfindən qayğı göstərilmir" fikirlərini, bir növ, sınaq elədik. Müəyyən şirkətlərə müraciət etdik və cəmi bir həftəyə müraciətlərimizə müsbət cavab ala bildik. Fürsətdən istifadə edib bu layihədə əməyi keçən bütün şirkətlərə təşəkkürümü bildirirəm. Hesab edirəm ki, bu təşəbbüs digər müsabiqələr üçün örnək olacaq".

Xalq yazıçısı Sabir Rüstəmxanlı Kulisi ədəbiyyatımızın təbliğatçısı adlandırıb: Kulis ədəbiyyatımızın təbliğatçısıdır. Zövqlüdür. Bu səbəbdən, Kulis bu gün ölkənin aparıcı ədəbiyyat saytı olmağı bacarıb. Bu müsabiqə isə Kulisin uğurlu layihələrindən biridir".

Xalq şairi Ramiz Rövşən gənc nəslin düşüncəsinə heyran olduğunu qeyd edib: "Bu məni çox sevindirir. Düzdür, bu gün müəyyən mənada ədəbiyyatın oxucu itkisi var. Amma ədəbiyyat sevənlər yenə də ədəbiyyata sadiqdir. Dünya dəyişib, indi olan təbliğat əvvəllər olmayıb. Bu mənada gənc nəslə və indiki dövrə nikbin baxdığımı deyə bilərəm".

"Ramiz Rövşən müsabiqə haqqında da fikirlərini bölüşüb: "XX əsrə, onun ədəbiyyatına ən böyük təsir edən, töhfə verən Kafka mükafat almayıb. Amma onun xidmətləri danılmazdır. O səbəbdən, müsabiqədə qalib olmayan müəlliflərin üzülməməli olduğunu düşürəm. Bu müsabiqə isə ədəbiyyatımız adına ciddi işdir".

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Kulisin Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən danışıb: "Müsabiqənin təşkilinə görə, Kulisə və şəxsən Vüsalə xanıma, Ulucay Akifə təşəkkürümü bildirirəm. Kulisin ədəbiyyatımız sahəsində əməyi, xidmətləri danılmazdır. Hesab edirəm ki, bu layihə davamlı olacaq və Kulis ədəbiyyatımıza faydalı olmaqda davam edəcək".

Kulisin baş redaktoru Ulucay Akif isə müsabiqənin gedişi barədə təəssüratlarını bölüşüb: "Münsiflərin səsvermə prosesi çox gərgin oldu. Bizim istədiyimiz də, əslində, bu idi. Yekun olaraq, 5 müəllif arasında gərgin mübarizə oldu. Məsələn, ilkin olaraq, birinci yerdə iki hekayə eyni bal toplamışdı. Bu da müsabiqədə iştirak edən müəllif və hekayələrin uğurlu və ciddi olması deməkdir".

Çıxışlar bitdikdən sonra müsabiqənin münsiflər heyəti açıqlanıb.

Münsiflər heyətinin üzvləri ədəbiyyatşünas Seyfəddin Hüseynli, ədəbi tənqidçi Elnarə Akimova, yazıçılar Seymur Baycan, Mirmehdi Ağaoğlu olub. Onlar da müsabiqə haqqında fikirlərini bölüşdükdən sonra qaliblərin adları açıqlanıb.

Beləliklə, müsabiqədə 3-cü yeri Xəyyam Rəfili "Üç dövrə" hekayəsi ilə, ikinci yeri Yaşar Bünyad "Quşlar qayıtdısa" hekayəsi ilə tutub.

Müsabiqənin qalib hekayəsi isə Nərmin Kamalın müəllifi olduğu "Ülvi küçəsi" olub. Birinci yerin qalibinə mükafatı təqdim edən Xalq yazıçısı Kamal Abdulla “İlin hekayəsi” müsabiqəsinin əhəmiyyətindən bəhs edib. O, daha sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycan Yaradıcılıq Fondunun təsis etdiyi “Ədəbiyyat adamı-2022” mükafatını bu il “İlin hekayəsi” müsabiqəsinin hər üç qalibinə təqdim ediləcəyini bildirib.

Həmçinin oxucular tərəfindən onlayn səsvermə də keçirilib. Burada isə Daşqın Məmmədovun "Ata Şuşa" hekayəsi qalib olub.

Müsabiqədə qalib hekayələr aşağıdakı formada mükafatlandırılıb.

I yerin qalibi – "İRŞAD"dan Notbuk, "Libraff"dan 200 AZN-lik kitab kuponu, "PİNTRAVEL" şirkətinin xüsusi hədiyyəsi,

II yerin qalibi – "İRŞAD"dan Smartfon, "Libraff"dan 100 AZN-lik kitab kuponu, "PİNTRAVEL" şirkətinin xüsusi hədiyyəsi,

III yerin qalibi – "İRŞAD"dan Poketbuk (planşet), "Libraff"dan 50 AZN-lik kitab kuponu, "PİNTRAVEL" şirkətinin xüsusi hədiyyəsi,

Onlayn səsvermənin qalibi isə Smart saat və xüsusi hədiyyələrlə mükafatlandırılıb.

# 4463 dəfə oxunub

Oxşar xəbərlər

Rəngkarlıq Muzeyində növbəti mühazirə

Rəngkarlıq Muzeyində növbəti mühazirə

12:50 9 sentyabr 2023
Əlamətlərə inanmaq lazımdırmı? - İlahə Ümidli

Əlamətlərə inanmaq lazımdırmı? - İlahə Ümidli

12:00 6 sentyabr 2023
Öldüyünü zənn edən yazıçının kitab təqdimatından  - Reportaj

Öldüyünü zənn edən yazıçının kitab təqdimatından - Reportaj

15:30 24 iyun 2023
˝Bir ömür, iki tale˝ kitabının təqdimatı və imza günü keçiriləcək

˝Bir ömür, iki tale˝ kitabının təqdimatı və imza günü keçiriləcək

21:41 19 iyun 2023
Yazıçı Nahidin yeni kitabı çap olundu

Yazıçı Nahidin yeni kitabı çap olundu

15:20 19 may 2023
˝LIBRAFF˝da İlbər Ortaylının kitab təqdimatı və imza günü keçiriləcək

˝LIBRAFF˝da İlbər Ortaylının kitab təqdimatı və imza günü keçiriləcək

10:58 19 may 2023
# # #