Qurban oyunu – HEKAYƏ

Qurban oyunu – HEKAYƏ
13 oktyabr 2014
# 11:48

Kulis.az Çingiz Özügürün “Qurban qovurması” hekayəsini təqdim edir


Şəkər ustanın telefonuna Nuruşdan zəng gələndə orta barmağını “no” düyməsinin üstünə qoyub “adboy” verdi. Zəngin məqsədi bəlli idi. Nuruş aşağıda olduğunu bildirirdi. Şəkərin 3 yaşındakı oğlu Təhməz, axşamdan hər kəlməbaşı dediyini atasının dizinə sırmaşıb, bir də təkrar elədi: “Dədə, qovuyma gətiy aa, qovuymaaa.” Şəkər onu qaldırıb üzündən öpdü :“-Baş üstə oğul. Əlbəttə gətirəcəm”- deyib, yerə qoydu. Kostyumunu geyinəndə yoldaşına dönüb, bayaqdan bir neçə dəfə verdiyi tapşırığı , bir də verdi. “Eşitdin də, nə dedim? Tanımadığın adama qapını açma, bura sənə nə həyət evi deyil, nə də kənd.” Pilləkənləri düşərkən, qapı arxasından Təhməzin hələ də səsi gəlirdi: “Dədə, gətiy aa, yadınnan çıxmasın”

Nuruşnan görüşüb-öpüşüb, bayramlaşdılar. Şəkər usta Nuruşun danışmağına imkan vermədən sözə başlayıb, kəskin soyuyan havadan, yağan qardan danışmaq istədi, amma alınmadı. Maşında yerini rahatlaya bilməmiş, Nuruş gözlənilən cümləni dedi:

- Gördün də, xalaoğlunu. Mən sənə dedim axı, o, pul verən deyil.

Usta başını təsdiq mənasında bulasa da, ürəyində “bunun da, bu çürükçülüyü olmaya daa..” - dedi.

Qurban bayramı idi bu gün. Onların kəndlərində, lap sovet hökumətinin ən pis vaxtlarında da, bu bayram hər il qeyd edildiyindən, hər ikisində bu günlə bağlı çox xoş xatirələr var idi. Kəsilən qurbanlar, qurban ətinin bütün kəndə paylanmasında iştirak etmələri, hər dəfə o ətdən bişirilən yemək yeyildikdə xüsusi pafosla deyilən “Allah qəbul eləsin” kəlamı, uşaqlıq yaddaşına qazılmışdı sanki. Bir tərəfdən də qovurma. Qovurma bütünlükdə rayonun həm ən ləziz yeməyi, həm də qışa tədarükü sayılırdı. Qovurma bişiriləndə bütün ailə birlikdə olmalı, ən əziz adamlar qonaq çağırılmalı idi. İldə bir dəfə, payız fəsli baş tutan bu “ailəvi ayin”i, uşaqlar daha səbirsizliklə gözləyərdilər.

Təklif Nuruşdan gəlmişdi. Şəkər ustaynan Nuruş dost idilər. Demək olar ki, bütün boş vaxtlarında birlikdə idilər. Nuruş yaxşı oğlandı. Dünyagörüşlü, savadlı, həm də ağıllı uşaq idi. Burada lisey bitirdikdən sonra, ali təhsilini Türkiyədə almış, bir xeyli ölkə gəzmişdi. Burda oxuduğu lisey də, orda oxuduğu ali məktəb də, bütün dünyada məşhur olan “Aman camaatı”nın idi. Məktəbi bitirdikdən sonra da, o camaatla əlaqələri sıx idi. Nuruş bunu heç vaxt gizlətmirdi. Olduğu bütün məclislərdə, oturub-durduğu hər yerdə “Aman camaatı”nı , rəhbərlərini təbliğ edirdi. Elə indi getdikləri tədbiri də, “camaat” təşkil etmişdi. Nuruşun təklifi ilə Şəkər usta da bu işə qoşulmuşdu. Qoşulmuşdu deyəndə, Nuruş demişdi ki, hər il İmamabad kəndindəki xüsusi yerdə yüzlərlə heyvan kəsilir, minlərlə kasıbın, imkansızın qarnı doyur. Bu savab işə qoşulmaqçün çox da əziyyət çəkmək lazım deyildi. 150-200 manat arası pul verirsən, qalan hər şey özlüyündə həll olunur. Özün də orda yeyirsən, axşam da evə gedəndə yaxşı bir qazan qovurma aparırsan uşaqlar yeyir. Şəkər, evdə elə beləcə də demişdi, demişdi ki, sizə qovurma gətirəcəm. Amma sonra, dediyinə peşman olmuşdu. Oğlu qovurmanın nə olduğunu bilməsə də, o gündən bu günə, hər gün heç olmasa 10 dəfə atasına “Dədə, qovuyma nooydu bəs?” deyə soruşurdu. Şəkər də, “Ata qurban, gətirəcəm. Qoy Nuruş əmin gəlsin, onnan gedib gətirəcəm” – deyib Təhməzi sakitləşdirirdi. İndi uşağa söz verdiyini yadına salanda, özü də bilmədiyi bir narahatçılıq hissi Şəkəri bürüdü, bədəni ürpəşdi.

Ustanı fikirdən Nuruşun səsi ayırdı.

- Gördün də xaloğlunu? A kişi, mən sənə dedim, o, verməz!!!

- Əşşi yox da, Nuruş. Elə də demə. Kişi sənə dedi ki, pul lazımdı gəl götür. Şəkər söhbəti bitirmək üçün qısa cavab verdi. Ama, ölmüşdü Nuruş ki, dayana. Xasiyyəti üzrə, tez-tələsik davam elədi.

- Sən ona pul vermək deyirsən? Dedi, sənə lazımdı gəl götür, mən axı ona dedim ki, qurban kəsirik, müqəddəs işlər görürük. Kasıbları doyururuq. Qurban budu daa. Yox bir, özüm kəsəcəm, əlil uşaqlar evinə verəcəm. Əşşi, sən də xaloğlunu müdafiə eləmə dəəə. Yaxşı oğlandı, ama pulu vermədi. Bizim adam deyil ee... bizim adam deyil.

Hadisə belə olmuşdu ki, Nuruş Şəkəri razı saldıqdan sonra, onun xaloğlusu Aydına zəng vurmuşdu. Aydınla da, münasibətləri pis deyildi. Ama bilirdi ki, Aydın, “Aman”çıları sevmir, çətin razı ola. Hər ehtimal zəng eləmişdi.

- Mübarək, salam! (Amançıların müraciət forması idi bu).

- Salam, qardaş. Necəsən, nə var nə yox?

- Yaxşılıqdı. İşim düşüb sənə.

- Buyur, qardaş. Nə problemdir? Sənin mənə işin düşübsə, onda gör mən nə gündəyəm - Aydın müəllim zarafatından qalmamışdı.

- Pul lazımdı.

- Nə qədər?

- 170 manat pul lazımdı. Elə bil ki, mənə borc verirsən…

- Elə bil ki, niyə? Harda deyirsən çatdırım.

- Ə yox eee, qaytarmayacam. Sən o pulu verirsən, sənin adından bir dənə yaxşı qoç kəsirik, özün də gəlib iştirak eliyirsən. Orda kasıblara-zada paylayırıq. Gedəndə də, bir qab yığ, apar qovurmadan.

- Mənim adımdan siz niyə kəsəsiz? Siz kimsiz? Amançı nə bilir, qovurma nədi?

- Nə dəxli var e, amançı nəyi bilir, nəyi bilmir. Sən öz adından danış. Sən qurban kəsmək istəmirsən? Yetimi, kasıbı doyuzdurmaq istəmirsən?

Söhbət yarızarafat getsə də, qarşılıqlı ittihamlar başlamışdı. Bu dəfə də müəllim özünə xas üsulla “hücum elədi.”


- Ay Nuruş, axı bu məsələlər reklamnan olmur. Sən nə bilirsən ki, mən qurban kəsirəm, ya yox? Kəsirəmsə kimə verirəm, hara aparıram? Axı bunlar bilinməməlidi. Siz müsəlmansızsa, İslamda var ki, sağ əlin elədiyini, sol əl bilməməlidi. Elə deyil??

- Deməli verməyəcəksən də pulu? Mən bilirdim sən pul verən deyilsən. Gəl səni aparım bayramda, gör qurban kəsmək necə olur.

- Nuruş, sənlə qovurma yeməyə bir yerə gedə bilərəm, o da kəndimizə. Salamat qal!

Sağollaşmışdılar. O gündən Nuruş bunu bəlkə də 50 dəfə demişdi. İndi də maşına oturandan İmamabad kəndinə çatana qədər iki dəfə dedi, qarlı havada maşını sürmək diqqət tələb eləməsə, yəqin, iki-üç dəfə də deyəcəkdi.

- Usta, düş görək.

Nuruş maşını saxlayıb Şəkərə səsləndi. Şəkər maşından düşəndə ətrafda xeyli adam olduğunu gördü. Amançılar hamısı burdaydı, kimin kimə ərki-sözü keçmişdisə, gətirmişdi. Arada imkansız adamlar da gözə dəyirdi. Bir ucdan heyvanlar kəsilir, qazanlar qaynayırdı. Kim hardan kamera, fotoaparat, jurnalist tapmışdı, götürüb gətirmişdilər. Hansı TV kanalına, internet saytına gücləri çatırsa, hamısında xəbər getməliydi ki, Bakının, Sumqayıtın nə qədər kasıbı, yetimi, acı var, hamısını doyuzdurmuşuq. Həm də, haraya, kimə aid olduğu bəlli olmayan kameralar vardı. Durmadan, dayanmadan çəkirdilər. Şəkər usta məəttəl qalmışdı, yadına kənddə sakitcə, bir kənarda kəsilib bütün kəndə paylanan qurbanlar düşmüşdü.

“Bunlar kino çəkir, ya qurban kəsir” - pıçıldadı öz-özünə. Nuruş uzaqdan bu pıçıltını eşitmiş kimi yaxınlaşdı.

- Usta, nə məsələdi, elə bil nəsə dedin?

- Ay Nuruş, bəs mənim heyvanım hanı? Gətirib kəssinlər, mən də gözümnən görüm. Duasını eliyim...

- Əşşi, sən də elə bil uşaqsan ee, burda sənin-mənim yoxdu, hamı kasıblar üçün əlləşir dəə. Sənin qurbanın da hamınındı, hamınınkı da sənindi.

- Baxma, yenə də...

Şəkər usta sözünün dalını gətirmədi.

Hava da qəribəydi bu gün. Gah yağış yağır, gah qar yağır, gah da külək əsirdi. Ocağın üstündəki qazanlara yaxınlaşdı. Bir tərəfdən bişən ət, elə hey harasa daşınırdı. Uşaqlıq günlərini xatırlayıb qazandan bir tikə götürmək istədi, gözü Nuruşa sataşdı və fikrindən vaz keçdi. Qazanlarda olan isə, Nuruşun bəh-bəhlə təqdim elədiyi qovurma yox, adicə qaynadılmış ət idi. Usta öz-özünə fikirləşdi ki, yəqin kasıb-kusub çoxdu, mən yeməsəm də olar. Əsas odu ki, ilboyu ət üzü görməyənlər yesin. Amma gərək evə gədəndə uşağa aparam, söz vermişəm.

İçəriyə keçdilər ki, yağışın altda qalıb islanmasınlar. Neçə saat idi ki, burdaydılar. Şəkər usta utandığından nə qazanlara tərəf getmişdi, nə də ona yemək təklif edən olmuşdu. Həm havanın soyuğu, həm də aclıq ustanı əldən salmışdı. Nuruşsa, bir dəqiqə belə dayanmır, o tanışının yanından o birinin yanına keçir, birindən söz soruşub, o birinə cavab verirdi. Elə bil heç Usta Şəkəri o gətirməmişdi bura. Saatdan, yarım saatdan bir, “Usta, darıxmırsan ki?”-deyib, səslənirdi , vəssalam. Kəsilən ətlərin, bişən yeməyin hara getdiyi Usta Şəkər üçün sirr olaraq qalırdı. Əslində, Usta yeməkdən də, qovurmadan da elə təzəcə bura düşəndə gördüyü mənzərədən sonra əlini üzmüşdü. Əvvəldən burda, şəhərin ortasında, kənd qovurması gözləmirdi. Aydın düz demişdi, buralarda qovurmanın nə olduğunu düz-əməlli bilən yox idi. Amma, ta bu qədər olacağını da düşünməmişdi. İndi burda qalmaqda yeganə məqsədi, uşağın yanına üzüqara getməməsi idi. Amma belə ki, gedirdi əlini üzməli olacaqdı...

Hava yavaş-yavaş qaralırdı. Əsəbindən yerə-göyə sığmayan Şəkər usta, birtəhər özünü saxlayırdı. Bilirdi ki, dillənsə Nuruş deyəcək ki, verdiyin pula görə belə eləyirsən. O tərəfdən də Nuruşnan bir maşında gəlmişdilər, gedəndə də bir gedəcəkdilər. Savab iş gördüyünü , qurban bayramını, kasıblara paylanacaq ətin onları sevindirəcəyini düşünən Şəkər usta hövsələsini basıb gözləyirdi. Eşikdə isə vəziyyət elə səhərki idi, dəyişməmişdi. Kəsilən heyvanlar, daşınan ətlər, qaynayan qazanlar...

İndi Şəkər fikirləşirdi ki, əslində xaloğlu Aydın düz deyir. Belə qurban olmaz axı. Yadına yenə kəndləri düşdü. O vaxtlar kəndçiləri Uçbarmaq İbrahim tutulanda ailəsi çox əziyyət çəkirdi. Bütün rayonda əzazilliyi ilə ad çıxarmış “Raypo” Vəli Üçbarmağın ailəsinə bir neçə dəfə sürücüsü ilə un, ət, yağ göndərib. Amma elə edib ki, heç kəs bilməsin. Söhbəti sürücü açmışdı çox sonralar. Üçbarmaqla bağlı başqa bir söhbəti isə Aydın müəllim danışmışdı Şəkərə. Türmədən xəbər gəlir ki, Üçbarmağın vəziyyəti pisdi, dərman-zad almaq lazımdı. Qərara alınır ki, yoldaşlardan hərə iki “şirvan”dan yığıb göndərsin. Kəndin ən pulsuz fəsli – yayın ortasıymış. Hamı “kömək etmək lazımdı” desə də, bir-iki nəfərdən başqa heç kəs yaxın durub pulu ortaya qoymur ki, vallah yoxumdu. Bu vaxt Aydının dostu Ağ Hüseyn qayıdır ki, a kişi, sabah bu İbrahim ölsə, gətirsələr, hamınız borc da olsa, iki “şirvan” tapıb onun yasına yazdıracaqsız. Yoxdu, gedin borc eləyin, gətirin verin, elə bilin, yasa yazdırdınız. Gərək ölə?

Söz gülüşlə qarşılansa da nəticəsi olmuşdu. Üçbarmaq da, şükür, hələ sağ-salamatdı. İndi Şəkər usta bunları fikirləşdikcə, həm də bir suala cavab axtarırdı ki, görəsən bu Aman camaatı o vaxt onların kəndində olsa, kəndin o çətin vaxtlarında kiməsə kömək edər, əl tutardımı?

- Mübarək, nə deyirsən, gedək?

Nuruşun səsi, Şəkər ustanı həm xəyallardan ayırdı, həm də axşam olduğunu, getmək vaxtı çatdığını xatırlatdı. Bütün günün yorğunluğu, aclığı öz yerində, uşağa verdiyi sözü yerinə yetirə bilməyəcəyi Şəkər ustanın əməllicə əsəbiləşdirdi. İki dünya bir olsa da, kiməsə ağız açıb qovurma istəyəsi deyildi. “Qovurma yee... Birdən qovurma olar xəbərim olmaz eee... “Aman”çı qovurması...” - ürəyində deyinə-deyinə qalmışdı.

Yol boyu gözü ət axtarırdı ki, hardasa görsə alsın, evə aparsın. İndi Təhməz yatmış olardı. Oyanana kimi nəsə bir şey hazırlayıb, qovurma adına vermək olardı uşağa. Uşaqdı da, nə bilir axı qovurma necə olur. Binanın qarşısında düşəndə Nuruş heç nə olmamış kimi:

- Səhər gəlim gedək çay içək - deyəndə, əsəbi halda dilinin ucuyla - Həəə, gələrsəəən – dedi. Ürəyində isə, Aman camaatının rəhbərini Amerikadan axşamın bu qaranlığında Sumqayıta gətirib, sonra da qaytarıb aparıb qoydu Amerikaya. Bu pilləkənləri, hələ belə ağır-ağır çıxmamışdı. Ağır bir yükü təkcənə, kürəklərində yuxarı daşıyırdı, sanki.

Subay vaxtı elədiyi etinasız hərəkətlərə görə, atasının dediyi “-Dalınla qapı açmamısan hələ, dilin isti yerdən çıxır. Aç, onda danışarıq ” sözləri yadına düşdü. Bir dəfə kişinin bu sözündən sonra, durub arxası ilə qapını vurub açmışdı. “Açdım, dı hııı...” . Hələ də, qohum -qəbilədə bunu deyib gülənlər vardı. Ama indi, hər pilləkəndə o sözlər ağır yük olub üstünə gəlirdi...

Qapının açar səsinə içəridən gələn ilk reaksiya Təhməzin ayaq səsləri oldu. “Dədəm gəyydi, dədəm gəyydi!!!”

Yatmayıb, gözləmişdi uşaq, sevincək Şəkər ustanın üstünə qaçdı. Usta o qədər çətin vəziyyət yaşayırdı ki, bunca dəqiqə, övladını düşünməsə, Allahdan ölüm arzulayardı. İkinci kəlmənin nə olacağını gözəl bilirdi. Yoldaşı Şəkərin əlinin boş olduğunu içəri girən kimi görmüş, sifətindən ifadədən vəziyyətin nə yerdə olduğunu anlamışdı. Özünü toplayıb Təhməzi əlləri ilə yuxarı qaldırdı, üzündən-gözündən öpdü. Yerə qoymağı ilə suallar güllə kimi üstünə yağdı:

- Dədə, qovuymaa gətiydin? Qovuyyma istiyiyəm, quyyban qovuyması. Dedin axı gətiyəcəm. Gətiydin? Dedin axı Nuyuş əmiynən gedib gətiyəcəm. Nuyuş əmi hanı bəə? Qovuyma hanıı???

Boğazı qurumuşdu. Ömrü boyu rastlaşdığı ən çətin suallar qarşısında qalmışdı...


- Təhməz, gəl bura. Budu ha, atan gətirib qovurmanı.

Yoldaşı əlində böyük bir qabda ət soyutması otağa keçdi, Təhməz də onun dalınca qaçdı. Bir anda Şəkər usta quruyub qalmışdı. Bu hardan çıxdı? Düzdü, evdə həmişə ət olurdu, soyuducu elə indi də dolu idi. Amma dünən axşam, soyuducudan ət götürüb, donu açılsın üçün çölə qoymaq istəyən yoldaşına çımxırmışdı ki:

- Neynirsən əziyyət çəkib? Sabah gətirəcəm dəə.

Ona görə indi məəttəl qalmışdı. Amma sual vermək vaxtı deyildi. Yaradanın Ustaya yazığı gəlmişdi elə bil. Ağır daş götürmüşdülər üstündən elə bil. Bir tərəfdən də indi yadına düşdü ki, özü möhkəm acdır, səhərdən heç nə yeməyib. Əllərini yuyub stola keçdi.

- Allah qəbul eləsin... Yeyib qurtaranda yoldaşının dediyi sözə diksindi birdən-birə.

- Bu nə ətdi? Nə “Allah qəbul eləsin”di? Nə məsələdi axı?

Az qalırdı pıçıltıyla danışa ki, o tərəfdə oynayan Təhməz eşitməyə.

- Qurban ətidi .

- Nə qurban, nə ət? Hardan gəlib? Kim göndərib?

- Bilmirəm kim idi. Tanımıram heç. Qapını döydü...

Usta yoldaşının sözünü ağzında qoydu:

- Necə yəni tanımıram? Sənə deməmişəm...

Amma özü də davam eləyə bilmədi. Demək istəyirdi ki, niyə tanımadığın adama qapı açmısan. Sözün yarısında ağlına gəldi ki, yoldaşı qapını yaxşı ki, açıb, açmasaydı, nələr olardı? Sözünü sona yetirməsə də, yoldaşı onun nə demək istədiyini gözəl bilirdi.

- Açmadım qapını. Bir qadın idi. Nə qədər xahiş elədi, açmadım. Dedim, sizi tanımıram aça bilmərəm. Dedi, bala, tanımağın lazım deyil, qurban əti gətirmişəm. Biz elə tanımadığımız, bilmədiyimiz adamlara paylayırıq qurbanı. Gördü açmayacam, dedi, onda qapının arxasına qurban payınızı qoyuram. Mən gedəndən sonra açıb götürərsən.

Sözlər ustanı ağırlığıyla əzib keçirdi. Kənddən, rayondan xatırladığı əl tutma, kömək etmə adətləri, sürətlə bir-birini əvəz edirdi. Heç birində nə video çəkiliş vardı, nə şəkil vardı, nə reklam! Xatirələrin yerini beyninə böyük hərflərlə yazılmış sözlər əvəzlədi. Şəkər usta, hardansa oxuyurmuş kimi, aram-aram pıçıldadı

- Qurban olasız, o arvada...



# 2196 dəfə oxunub

Müəllifin son yazıları

# # #