Hamam xatirələri qadınların işinə nə vaxt yarayır?

Hamam xatirələri qadınların işinə nə vaxt yarayır?
19 avqust 2014
# 11:50

Kulis.az Günay Ardanın “Ürəkşəkilli kartof” hekayəsini təqdim edir.

Barmaqları eyni hərəkəti təkrarlayırdı. Pəncərəni buxar bürümüşdü. Yenə də adının baş hərfini yazır, “ürək”lə çərçivələyirdi. Hər dəfə də biologiya dərsliyindəki ürək şəklini yadına salıb bir az əvvəl şüşədə çəkdiyi ürəklə müqayisə edirdi. Pəncərədəki ürəklə dərslikdəki ürək bir-birinə oxşamırdı. Amma deyəsən, özü də bilirdi ki, pəncərədəki “ürək” həqiqidir.

Otağın tavanından sallanan zəif işıqda axırıncı tapşırığı da oxuyub kitabı qatladı. Yuxu gözündən tökülsə də, oynaqlarının ağrısı yatmağa imkan vermirdi. Rütubət, nəm qoxusu da bir tərəfdən. Dörd ildən çox idi ki, nəm, kif, qonşuların qapılarının ağzında qalaqladığı çirkli paltar qoxusuna alışmağa çalışırdı. Amma alınmırdı ki, alınmırdı. Bütün çirkli paltar qoxularını bir-birindən ayırd edə bilirdi. Hər gün dərsdən qayıdanda yataqxananın qapısından girən kimi burnuna dəyən qoxudan hiss edirdi ki, Zərifə xala tikintidə fəhlə işləyən oğlunun kirli paltarlarını qapının ağzında qalaqlayıb. Sement, əhəng, tər qoxusunun qarışığı Zərifənin bu axşam hamamda birinci paltar yumaq üçün yataqxananın nəzarətçisi Hörmət arvadla əlbəyaxa olacağının ilk xəbərdarlığı idi. Hörmət arvad imkan düşən kimi yataqxana sakinlərini acılayırdı. Yataqxananın cəmi bir hamamı var idi. Yataqxanadakı 30 ailə bu hamamdan istifadə edirdi. Nə az, nə çox, 30 ailə eyni hamama girirdi. Yataqxananın bütün arvadları bir-birinin bədənindəki xalları əzbər bilirdi. Hamam xatirələri yataqxanada dava düşəndə işə də yarayırdı. Ümumi mətbəxdə hər səhər ərinə yemək bişirib işə göndərən Həqiqət hamını boğaza yığmışdı. Səkkiz aylıq körpəsinə horra bişirən Günel Həqiqətə başa sala bilmirdi ki, uşaq acından, ağlamaqdan göyərib. Həqiqət aram-aram əri Rövşənə firni qarışdırırdı. Vay o günə ki, firninin dibi tutaydı... Rövşənin səsi bütün yataqxananı başına götürərdi. Qonşular Rövşənin sayəsində Həqiqətin atasının, anasının, nənəsinin adını əzbər bilirdi. Rövşən söyməyə adətən, Həqiqətin anasından başlayardı.

Günel isə horra qabı əlində növbəsini gözləyirdi. Koridorun baş tərəfindən gələn uşaq bağırtısı onu hövsələdən çıxarırdı. Dava yavaş-yavaş qızışırdı. Davanın yaxşı yerində Günelin yadına Həqiqət haqqında hamamda gördüyü həqiqət düşürdü: “Oğraş ərinin firnisinə görə körpəmin ağlamaqdan bağrı yarıldı. Bişir ay bədbəxt. Bəlkə səni döymədi bu günlük. Bütün yataqxana döşünün göyündən danışır eyy. Yaxşı-yaxşı qarışdır ki, bu axşam əmcəyinə kəməri bir az da möhkəm vursun.” Həqiqət isə susurdu.

Yataqxanadakı otaqların bərbəzəyi demək olar ki, eyni idi. Bircə divarlara asılan xalçalardakı ölü şəkillərindən başqa. Hamı ölən qohum-əqrəbasının şəklini böyüdüb hörmət əlaməti kimi xalçanın üstünə asmışdı. Belədi ki, başqa variant da yox idi. Asmasan, pis, nankor övlad olardın. Ölüsünün qəbrini düşmənə qoyub gələnlərin yeganə təsəllisi Kəbənin fonundakı ölü fotoları idi. Ölənlərin heç biri Kəbədə olmamışdı. Ancaq ölənin oğul-uşağı şəkli yataqxananın həyətindəki “Fuad” foto studiyasına aparırdı. Burada isə bir qayda olaraq ölənin şəkli Kəbənin fonunda yenidən çap edilirdi. Beləliklə, ölən dolayısı ilə “Fuad” foto studiyasının sayəsində Kəbəni də ziyarət etmiş olurdu.

Bu səhər də səhər yeməyi yemək ona qismət olmadı. Hərgünkü kimi bu gün də üçüncü dərsə qədər mədəsinin curultusuna qulaq asmalı olacaqdı. Üçüncü dərs böyük tənəffüs vaxtı evdən gətirdiyi pendir çörəyi gizlincə yeyəcəkdi.

- Niyə yatmırsan a bala?

- Ayağım ağrıyır.

- Az qaç məktəbdə ora-bura.

- Nə qaçmaq ay nə... Bütün günü sinifdə olmuşam. Heç zəngdə də çölə çıxmadım.

- Bərk ağrıyır? Uzat yaylığımla sıxım.

Əzəmətlə nənəsi arasında eyni dialoq demək olar ki, hər gecə yaşanırdı. Arvad Əzəmətin ayağının ağrısına, ufuldamağına için-için ağlayırdı. Əlindən heç nə gəlmirdi. Onun hərtərəfli yetim nəvəsinə köməkəvəzi uzadacağı yeganə şey yaylığı idi. Aldığı təqaüd qızın üst-başına, qarnına güclə bəs edirdi. Yataqxanada hamının vəziyyəti demək olar ki, eyni idi. Kimdənsə kömək istəməyin yeri yox idi. Nəvəsinin ağrıları, yetimliyi, imkansızlıq arvadı içindən oyurdu. Əzəmətə elə gəlirdi ki, nənəsi hər gün balacalaşır. Arvad doğurdan da hər gün bir az da yığcamlaşırdı. Darısqal yataqxana otağında ayaq-baş yatan nənə-balanın daha əl-ayağı bir-birinə dəymirdi.

Əzəmət bu axşam da bir barmağı şüşədə anasını yadına salmağa çalışırdı. Ancaq ha çalışsa da, üzünü tam xatırlaya bilmirdi. Bircə anasının gözünün göylüyünü unutmamışdı. Hər dəfə Bakıya bahar gələndə - göyün üzü parıldayanda anasının gözləri buludlara hopurdu. Amma yadında idi ki, o, lap balaca olanda anası var idi. Bir dəfə gecənin qaranlığında anasının qışqırıqlarına oyandı. Atası onu maşına basıb rayon xəstəxanasına tərəf götürüldü. Sonra çadır, yas, qadınların şivəni, ağı səsləri...

Atasını isə axırıncı dəfə rayondan çıxdıqları gün görmüşdü. Qadınları, uşaqları avtobusa yığıb Ağdamdan Bərdəyə göndərirdilər. Əzəmətin atası bu dünyadakı yeganə sevincini bağrına basıb iyləyirdi. Anası ilə halallaşıb rayon arvadlarının ah-naləsi sədaları ilə kişilərin yığışdığı yük maşınına qalxdı. Əzəmət nənəsinə qısılıb yük maşınında uzaqlaşan atasına baxırdı.

Hər axşam divarlarından su axan otaqda yaxşı günləri yadına salmağa cəhd eləyirdi. Rütubətdən göyərmiş divarları xəyal gücünü işə salıb yamyaşıl həyətlərinə oxşatmağa çalışırdı. Ayağının ağrıları, nənəsinin için-için ağrıları yuxuya gedənə qədər hər gecə onu bir yaş böyüdürdü. Əzəmətə dünya elə nənəsi ilə birgə güclə sığışdığı darısqal yataqxana otağı boyda idi. İstəsə də, çalışsa da özünü böyük evdə təsəvvür edə bilmirdi. Rayondakı evləri yadından getdikcə çıxmağa başlamışdı. Başqa ev isə görməmişdi.

Dərsdən çıxıb yataqxanaya qayıtdı. Nənəsi otaqda yox idi. Mətbəxə yollandı. Həmişəki kimi Əzəmət arvad adaşının mətbəxə gəldiyini görüb dəli oldu. Qonşuların yanında üstünə çəmkirdi. Ancaq nəvəsini qova da bilmirdi. Buna izah verə bilməzdi. Arvad bu dünyada hələ də qalmağının yeganə səbəbkarını incidə bilmədi. Ancaq arvadın əl-ayağına dolaşırdı. İmkanı olsaydı, güllü tumanının ətəyi ilə Mətanətin qovurduğu ciyər tavasının üstünü bağlayardı. Həqiqət isə tənək yarpağına dolma bükürdü. Əzəmət arvad əl boyda tavasına doğradığı kartofa, bir də nəvəsinin üzünə baxırdı. Nənəsinin gözündəki günahkarlıq, yazıqlıq mətbəxdəki arvadların hay-küyünün fonunda heç cür silinib it-bat olmurdu. Nəvəsinin qolundan tutub bir əlində tava ümumi mətbəxdən çıxdı. Otaqdakı spiral plitəni qoşub alazımış kartofları plitəyə qoydu. Lal sükut, payızın axırı, Bakının boz küləyi, yataqxana qapısının həyasızcasına divara çırpılıb cəftəsindən çıxmamağı hər şeyi axarında saxlayırdı.

Ancaq Əzəmət arvad bu gün tullana-tullana mətbəxə gələn nəvəsindən qonşuların dolmasını, ciyər qovurmasını gizlədə bilməmişdi. Nəvə Əzəmət bu gündən bütün qonşuların hər gün kartof yediyinə inanmırdı. Əzəmətin pəncərəyə çəkdiyi ürək kartofa oxşayırdı.

# 2549 dəfə oxunub

Müəllifin son yazıları

# # #