Niyazi, Rəşid Behbudov və Zeynəb Xanlarovanın gizli fəaliyyəti

Niyazi, Rəşid Behbudov və Zeynəb Xanlarovanın gizli fəaliyyəti
19 mart 2018
# 13:25

Dilqəm Əhmədin “Mühacirlərin dönüşü” kitabı haqqında qeydlər...

Dilqəm Əhmədin son kitabının təqdimatından az bir zaman keçib. Həmin təqdimata mən də qatılmışdım. Müəllifi qiyabi olsa da tanıyırdım, amma şəxsi tanışlığım yox idi. Kitab təqdimatından 1 həftə öncə müsahibim olan müəllifin işləri ilə yaxından tanış olmaq imkanım oldu. Bu məni müəlliflə, onun işləri ilə yaxından tanışlığa bir xeyli dərəcədə həvəsləndirdi.

Müəllif olur ki, işini ancaq qazanc üzərində fokuslayır, qazanır, amma yenidən kitab yazmağa iştahası olmur. Fikrimcə, belə müəlliflər işini içdən, zövqlə görsələr, nə bu işdən iştahaları küsər, nə də bu işdən doyarlar...

Dilqəm Əhməd işinin ac ustası və zövqlü yaradıcısıdır. Müəllifin kitablarını oxuyanlar bunu təsdiq edə bilərlər. Kitab gözləniləndən bir qədər kiçik həcmlidir, müəyyən araşdırmalar qısadır, lakin məlumatlar bir-birindən uzaq deyil, məsafə etibarilə məlumatları tapmaq, yenidən axtarmaq oxucunun gücü xaricində deyil.

Mühacirət ədəbiyyatı gizli qatlardan, sirli bölmələrdən ibarətdi. Müasir insan təfəkkürünün məkan və zaman anlayışları keyfiyyət baxımından fərqlidir. Bu kitabın oxucu kütləsi isə həm müasir, həm də ötən əsrin məkan və zaman çalarlarını görə bilər.

Kitab Azərbaycan Cümhuriyyət tarixinin, o dövrün görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığının tədqiqatçıları üçün unikal mənbədir. Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə, Abbasqulu Kazımzadə, Əbdülvahab Yurdsevər, Məmmədəli Rəsulzadə, Almas İldırım, Mustafa Vəkiloğlu, Əziz Alpoud, Səməd Ağaoğlu kimi şəxsiyyətlərə aid materiallar müəllifin yeni araşdırmaları nəticəsində əldə edilib və oxuculara ilk dəfə təqdim olunur. Bütün bunlar mühacirlərin şəxsi həyatı ilə birbaşa bağlı olduğuna görə xüsusi maraq doğurur. Bəzilərinin şəxsi arxivləri və ya onlara aid materialların yer aldığı digər arxivlər müxtəlif elmi mərkəzlərə, universitetlərə, muzeylərə verilib, bir çoxlarının zəngin irsi əldən-ələ düşüb, dağılıb, məhv olub, başqalarınınkı isə bu sahənin tədqiqatçılarının üzünə uzun müddət bağlı qalıb.

Kitabın əsas hərəkətverici qüvvəsi, yəni bəhs olunan bölmələr arasında şübhə və sual yaradan məqamlar ikiləşir. Belə ki, tarix başqa yöndən yazılıb təqdim olunur, tədqiqatlarda isə bəzi tarixi lövhələrdə təqdim olunan faktları inkar olunur. Bu baxımından “Mühacirlərin dönüşü” kitabı tarixin həqiqət üzünün açılmasına, oxucunun dəqiq və yeni informasiya ilə təmin olunmasına kömək edir. Prosesin başqa bir tərəfi. Bir tərəfdən yetmiş il ört-basdır edilən tarixi faktlar, digər tərəfdən bu illər ərzində susmaq bilməyən həqiqətlər...

Həmişə olduğu kimi susmaq bilməyən həqiqətləri eşitməmək mümkün deyil. Zamanın qulağı o qədər kar deyil ki, bu həqiqətləri duymamış olsun. Belə olan təqdirdə isə araşdırmaçı yazarlar, tədqiqatçılar zamanın pas atmış düşüncə tərzinə daş atmış olur, onu kirlənmiş təfəkkürdən təmizləmiş olurlar. Dilqəm Əhməd də belə tədqiqatçılardandı. Ona görə də bu həqiqətlər kitabda susmaq bilmir, hamının eşidə biləcəyi gücdə oxuculara səslənir...

Dilqəm Əhməd öz tədqiqatında XX əsrin əvvəllərindən etibarən bu günümüzə qədər mövcud olan mühacirlərin izlərini araşdırır. Bəzən bu izlər silinmək üzrə olur. Məsələn, Almas İldırım bu yola xanımı və körpə uşağı ilə çıxmışdı. Atası Zivər xanıma icazə vermirmiş ki, sən getmə, Almas getsin, o da razı olmur. Və ya bizim ilk mühacirlərimizdən Əhməd bəy Ağaoğlu İstanbuldan xanımı Sitarəyə yazır ki, uşaqları yanıma göndər, amma sən gəlməyə bilərsən, səni Vətənindən ayırmağa haqqım yoxdur, xanımı Sitarə isə ona belə cavab yazır ki, sən haradasansa, mən də oradayam. Və ya bəziləri sonradan ailələrini də yanlarına gətirə bilir. Nağı bəy Şeyxzamanlı kimi...

Bildiyimiz kimi Azərbaycan mühacirətə ilk maraq məhz SSRİ dağıldıqdan sonra başladı. Ola bilsin ki, o dövrə qədər müəyyən tədqiqat işləri üçün cəhdlər olmuşdu. Amma bu işin geniş şəkildə vüsət alması məhz dediyimiz dövrə təsadüf edir. O dövrdə Mövsüm Əliyev, Xanlar Bayramov, Vilayət Quliyev bu sahədə ilk yazıları, kitabları yazdılar. İndi yenidən maraq başlayıb.

Kitabda Rəsulzadənin fəaliyyəti, Polşada yaşadığı müddətdə yazdığı məktublar diqqət çəkir. Tarix baxımından olduqca vacib olan bu məqamları müəllif çox böyük həssaslıqla araşdırır. Təbii ki, bu anda vətəndaşlıq mövqeyi, vətən həsrətini duymamaq mümkün deyil. Bu mənada müəllifin işi ancaq arxivi nümayiş etdirmək deyil, həm də bu arxivlərdə öz hiss və həyəcanını oxucuya ötürməkdir. Oxucu bu hissi, bu həyəcanı müəlliflə birgə yaşamalıdır...

Kitabda sovet dövründə mühacirlərin gizli əlaqələrindən, arzu və istəklərindən vaz keçməməklərindən danışılır. Müəllifin özü bu barədə qeyd edir: “Rəsulzadənin İstanbulda çıxardığı qəzet Lənkərana qədər gedib çıxırdı. Geniş şəbəkə qurulmuşdu. Hətta Rəsulzadə "Əsrimizin Səyavuşu" əsərinin əlyazmasını Lahıcdan İstanbula gətizdirə bilmişdi. 1960-cı illərdə mühacirlərin övladları ilə əlaqələr Sovet Azərbaycanının məşhur sənətçiləri üzərindən qurulurdu. Məsələn, maestro Niyazi bu sahədə çox aktiv idi. Sonrakı illərdə Rəşid Behbudov, Zeynəb Xanlarova da bu sahədə müəyyən işlər görüblər. Almas İldırımın ailə üzvlərinin bir-birini tanımasına Zeynəb Xanlarovanın ansamblı yardımçı olub. Niyazi Türkiyəyə gedəndə mühacirlərdən İsmayıl Saryalın evinə gedirmiş. Və ya Sovet dönəmində bizim YUNESKO-da diplomatımız olan Ramiz Abutalıbov Parisə göndərilən nümayəndə heyətimizin sonuncu sağ qalan üzvü Məmməd Məhərrəmovla görüşmüşdü. Məhərrəmov Ramiz bəyi Topçubaşovun məzarına aparmışdı.”

Tədqiqat kitabları tarix üçün hissdən uzaq, məntiqdən isə kənar olmamalıdır. Müəllif bu yöndə maraqlı bir tədqiqat əsərini ortaya qoymağı bacarır. Özünün də qeyd etdiyi kimi: “Tarixə hisslərlə yanaşmaq lazım deyil. Türkiyə yunanlarla, ingilislərlə savaş apararaq qalib gəlmiş bir dövlət idi. Qandinin bir sözü var: "Atatürk ingilisləri məğlub edənə qədər, Tanrını da ingilis zənn edirdim". Türkiyə belə bir savaşdan çıxmışdı. O zaman Türkiyənin yeganə müttəfiqi vardı: Sovetlər. Ona görə də Türkiyə ilə SSRİ-nin münasibətləri yüksələn xətlə inkişaf edirdi. Bir müddətdən sonra SSRİ artıq Türkiyədən onun əleyhinə fəaliyyət göstərən şəxslərin ölkədən çıxarılması, mətbuat fəaliyyətlərinə qadağa qoyulmasını istəyir. Türkiyə də məcbur olub bununla razılaşır. Bu, təkcə Azərbaycanla bağlı deyil. Digər türk millətlərinin də mühacirlərinə aid idi. Lakin Rəsulzadəyə Türkiyənin Rumıniya səfiri olmuş Həmdullah Sübhi bəy yardım edirdi. İkinci Dünya müharibəsindən sonra Rəsulzadənin Türkiyəyə qayıtmasına da dostlarının sayəsində izn verilir.”

Bir qədər də kitabın tərtibatı haqqında qeyd etmək istərdim ki, son vaxtlar kitab dizaynında, keyfiyyətində fərqlənən kitablar sırasındadı. Axı kitab həm də əmtəə məhsuludu. Buna görə də “Mühacirlərin dönüşü” kitabı həm də bir əmtəə məhsulu kimi də nəfisi tərtibatlı, gözoxşayan fonda hazırlanıb. Nəzərə almaq lazımdır ki, oxucu həm də zövqlü tərtibatı da seçir, onu görüntü də özünə cəlb edir.

Son olaraq kitabın tədqiqat sahəsində önəmini, müəllifin zəhmətini oxucular tərəfindən layiqincə qiymət veriləcəyinə inanıram...

Tural Cəfərli

# 1809 dəfə oxunub

Müəllifin son yazıları

# # #