“Bugünkü Azərbaycan üçün Nərimanova borcluyuq” – POLEMİKA

“Bugünkü Azərbaycan üçün Nərimanova borcluyuq” – POLEMİKA
11 iyun 2015
# 11:53

Bu günlərdə Kulisdə yayımlanan “Nəriman Nərimanov millətçi idimi?” məqaləsi ilə bağlı polemika davam edir. Mövzuya yazar-tədqiqatçı Teyyub Qurbanlının münasibətini təqdim edirik. O, söhbətə Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin “Nəriman Nərimanov millətçi deyildi” fikrinə münasibət bildirməklə başladı:

“Araz Əlizadə gah o yana əsir, gah bu yana... Millətçi olmayan siyasi xadim millətinə xeyir verə bilməz. Mən bu məsələlərdən son kitablarımda da bəhs etmişəm. Azərbaycan adlı dövlətin adı nə vaxt çəkilir? 1918-ci ildə. Onacan heç nə yox idi. Hər yer Rusiyaya aid idi. İlk dəfə Azərbaycanı yoxdan var eləyən Rəsulzadə oldu. Ölkəmizin sonrakı taleyi isə Nəriman Nərimanovla bağlıdır. Nəriman Nərimanov Məşədi Əzizbəyov, Əliheydər Qarayev kimi kommunist deyildi. O, “Hümmət”çi idi. Sizə bütün ciddiyyətimlə deyirəm, Nərimanov olmasa, Azərbaycan adlı dövlət olmayacaqdı”.

Zəngəzur torpaqlarının Ermənistana verilməsində Nərimanovun rol oynaması məsələsindən bəhs edən alim-yazar bunları söylədi:

“Tamamilə uydurmadır. Mən neçə ildir arxivlərlə işləyirəm, belə bir sənədə rast gəlməmişəm. Zəngəzur Ermənistana veriləndə Azərbaycan adlı bir dövlət yox idi. Rusiya vardı və Pyotrun vəsiyyətləri vardı. Konstantinopolu Rusiyanın paytaxtı etmək istəyirdilər. Rusiyanın xaçpərəstləri Qafqaza yerləşdirmək adlı böyük bir siyasəti vardı. Lenin Bakını ermənilərə vermişdi. Yeri gəlmişkən deyim ki, 20-ci əsrdə Azərbaycanın Lenin qədər böyük düşməni olmayıb. Çar Rusiyası da belə deyildi. Lenin Şaumyanı Zaqafqaziyaya rəhbər təyin eləmişdi. Bugünkü müstəqil Azərbaycanın ərazisini Rəsulzadədən sonra Nəriman Nərimanov saxlayıb. Elə bilirsiniz Azərbaycan adlı müttəfiq respublika yaratmaq asan idi? Bircə fakt deyim sizə. 100 nəfər cümhuriyyət tələbəsi ki vardı, Rəsulzadə dövləti qurmaq üçün onları xaricə oxumağa göndərmişdi, cümhuriyyətin süqutundan sonra onların təqaüdü kəsildi. Nərimanov 1922-ci ildə həmin təqaüdü bərpa elədi. Amma 1925-ci ildə dünyasını dəyişəndən sonra – Kirovun vaxtında onları ölkəyə buraxmadılar. Həmin adamların taleyini araşdırmışam. Məsələn, onların içində Əhməd Rəcəbli də vardı...”

T.Qurbanlı Nəriman Nərimanovun zəhərlənməsi ilə bağlı gəzən söz-söhbətlərdən də danışdı:

“Arxivlərdə belə bir fakt yoxdur. Əgər həqiqət olsa, hökmən rast gələrdik. Düşmənləri çox idi, aydındır. Əsasən də Mikoyan və bütün digər ermənilər, Bakı Kommunası və s. Hələ 1922-ci ildən onun məhkəmələri gedirdi. Millətçilikdə ittiham edirdilər, deyirdilər, erməniləri sevmir və əslində bu ittihamların real əsası vardı. Sonra Moskvaya apardılar, böyük vəzifə verdilər, SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri seçildi.”

Söhbətinin sonunda Teyyub müəllim Nəriman Nərimanovu bir şəxsiyyət kimi bu sözlərlə xarakterizə etdi:

“Nərimanov Rəsulzadədən sonra Azərbaycanın müqəddəratını həll edən çox böyük ictimai-siyasi xadimdir və bugünkü müstəqil ölkəmiz üçün ona borcluyuq.”

# 1596 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #