Əsəd Cahangir: “Nigar Köçərli çox gülür”

Əsəd Cahangir: “Nigar Köçərli çox gülür”
3 iyun 2015
# 07:30

“Əli və Nino” Kitab Evinin sahibi Nigar Köçərli Qafqazinfo.az saytında müsahibəsində tənqidçi Əsəd Cahangirlə bağlı münasibət bildirərək həmişə onun fikirlərini oxuyub güldüyünü deyib. Məsələ ilə bağlı Əsəd Cahangirin açıqlamasını təqdim edirik.

Nigar Köçərlinin Qafqazinfo.az saytına verdiyi müsahibəni oxudum, mənim doğrudan da gülməyim gəldi. Çünki amerikanpərəstlik etmək və təxribat törətməklə bağlı söylədiyim ittihamlara qarşı deyir ki, mənim buna gülməyim gəlir. Ümumən götürəndə Nigar Köçərlinin həddindən artıq çox gülməyi gəlir. Onun fəaliyyətinin bu və ya digər məqamları ilə bağlı etiraz irəli sürən, irad bildirən hər kəsə onun gülməyi gəlir.

Nigar Köçərliyə deyirlər ki, sən ədəbiyyatla bağlı Milli Kitab Mükafatı təşkil etmisən, amma Azərbaycan dilində danışa bilmirsən, onun gülməyi gəlir. Nigar Köçərliyə deyirlər ki, sənin Millik Kitab Mükafatında əsərlərə qiymət verilərkən niyə bədii-estetik tərəflər deyil, başqa amillər nəzərə alınır, tutaq ki, dostbazlıq, şəxsi tanışlıq, antimilli amillər nəzərə alınır, onun buna gülməyi gəlir. Nigar Köçərliyə deyirlər ki, niyə sənin MKM-nin münsifləri ədəbiyyata bilavasitə aidiyyəti olmayan, digər sənət sahələrinin üzvləridir - teleaparıcılardır, kinoşünaslardır, siyasətçilərdir, iqtisadçılardır, sənin dostlarındır, tanışlarındır, qohumlarındır, onun buna gülməyi gəlir. Nigar Köçərliyə deyirlər ki, nəyə görə sən ancaq “Qanun” nəşriyyatının nəşr etdiyi kitabları öz mağazalarında satırsan, rəflərində ancaq “Qanun” nəşriyyatının kitablarına yer tapılır, başqalarına yox, onun buna gülməyi gəlir. Və ən nəhayətdə, sonuncu məsələ ilə bağlı Nigar Köçərlidən soruşurlar ki, Qan Turalının kitabına niyə sənin mağazanın vitrinlərində yer tapılmır, onun hətta buna da gülməyi gəlir.

Nigar Köçərli, açıq-aşkar danır ki, guya onun kitablarının nəşrindən imtina etməyib, Qan Turalı kitabları gətirsə onları satarlar. Doğrudan da belə olacaqdısa bəs bir həftəlik qalmaqal nə üçün idi?

Deməli, o, məsələnin şişdiyini, böyüdüyünü, ümummətbuat səviyyəsində müzakirə predmetinə çevrildiyini görərək diplomatik üsula əl atmaq istəyir, bir həftə əvvəl satışından imtina etdiyi kitabı satmağa razı olduğunu bildirir. Əgər o kitabı satmağa razı deyildisə öz sözünün üstündə axıra kimi duraydı və deyərdi ki, kitab məni qane etmədiyi üçün satmaq istəmirəm.

Amma ictimai təzyiq qarşısında geri çəkilib satmağa razılıq verirsə artıq bunun özü çox gülməlidir. Onu deyim ki, Nigar Köçərlinin təkcə kitab satışı ilə bağlı deyil, fəaliyyətinin başqa sahələri ilə bağlı da problemləri var. Onun bu fəaliyyətinin bir hissəsinə MKM də daxil idi.

Bir vaxtlar Aqil Abbas ona kəskin etiraz etmişdi ki, özəl mağaza sahibəsi ümummilli səviyyədə ədəbiyyat müsabiqəsinin təsisçisi ola bilməz. Onda biz hamımız bu sözü loyallıqla qarşılamışdıq. Amma üstündən bir-iki il keçəndən sonra Aqil müəllimin bu sözü yadıma düşür və mən onun bu sözləri necə uzaqgörənliklə dediyini indi görürəm.

Sözün bütün mənalarında Nigar Köçərli ilə heç bir əməkdaşlığım olmayıb. Nə ekspert kimi, nə jüri kimi, nə yazıçı kimi, nə tənqidçi kimi, nə də kitab sahibi kimi. Və Nigar Köçərlidən fərqli olaraq mənim onun fəaliyyətinə, onun durumuna ağlamağım gəlir. Nigar Köçərli bu xalqın nümayəndəsi olaraq onun əleyhinə mənəvi təxribat aparır. Onun ədəbiyyatına qarşı təxribat aparır. Bir adam ki, özünü bu xalqın, bu torpağın nümayəndəsi hesab eləməyə, bu ölkənin sərhədlərindən kənarda olan müəyyən qaynaqlara xidmət edə, ordan maliyyələşə, ordan mənəvi güc ala, bax bunun özü heç gülməli deyil artıq, ağlamalıdır. Bu insan üçün çox böyük tragediyadır. Ona görə də mən inanıram ki, bu ağlamalı durumuna görə Nigar Köçərlinin gələcəkdə çox şeyə “gülməyi” gələcək. Nigar Köçərli nədəsə ona irad tutulan zaman “Mənim buna gülməyib gəlir” deyə hələ çox üzünə optimist maska taxmalı olacaq. Amma Nigar Köçərli bir şeyi unudur ki, “Əli və Nino” əsərində belə bir söz deyilib: “Çox gülən axırda ağlayar”.

# 1441 dəfə oxunub

Müəllifin son yazıları

# # #