Azərbaycanın baş naziri necə öldürüldü?

Azərbaycanın baş naziri necə öldürüldü?
21 iyun 2013
# 07:45

Kulis.Az şair Əli Tudənin Azərbaycan Demokrat Firqəsinin rəhbəri, 1945-ci il Dekabr ayının 12-də 21 Azər hərəkatının qələbəsi ilə əlaqədar fəaliyyətə başlamış Azərbaycan Milli Məclisinin qərarı ilə Azərbaycan Milli Hökumətinin Baş naziri təyin edilmiş Seyid Cəfər Pişəvəri haqda “Ədəbiyyat və incəsənət” qəzetində çap olunmuş məqaləsini təqdim edir.

Seyid Cəfər Pişəvəri Bakıda yaşayanda şəhər içinə az-az çıxardı. O qədər işləri vardı ki... Sadə geyinərdi, heç bir əlamətiylə başqa adamlardan seçilməzdi. Özü də piyada gəzərdi. Halbuki iki xarici markalı maşını vardı. O maşınlardan birini S. C. Pişəvəriyə milli hökumət vermişdi. Birini də fədailər öz pulları ilə alıb bağışlamışdılar. O, maşınlara minməzdi. Minməyə məcbur olanda da qısılardı. Çünki bu maşınlar yoldan keçənlərin marağına səbəb olardı. Yolçular dayanardılar. Maşınlara heyran-heyran baxardılar. Sonra maşınlar dayananda ətrafına toplanardılar. Sürücülər maşınları mühasirədən zorla çıxarardılar. S. C. Pişəvəri isə bu vəziyyətdən narahat olardı.

1947-ci ilin isti yay günlərinin birində mən Yazıçılar İttifaqından evə gəlirdim. Yolda S. C. Pişəvəriylə rastlaşdım. Görüşdük. O, Yazıçılar İttifaqına gedirdi. S. C. Pişəvəriyə orda bir otaq ayırmışdılar. O nəsə yazırdı. Deyəsən, 1941-45-ci illərdə Cənubi Azərbaycanda təlatümə gəlmiş milli azadlıq dalğalarının unudulmaz lövhələrini qələmə alırdı. Doğrusu, mən bu görkəmli inqilabçının geyiminə baxanda kövrəldim. Başına parusin kepka qoymuşdu. Əyninə ucuz parçadan yüngül kostyum geymişdi. Bəli, o geyimi ilə də marağa səbəb olmaq istəmirdi. Mən S. C. Pişəvərinin üzünə baxdım. Sanki qəfil ayrılığın təşvişindən kişinin üzü avazımışdı. Bəli! Ağ üzü daha da ağarmışdı. Bu azadlıq bahadırının üzü öz xalqının yanında həmişə ağ idi. İndisə geniş alnında iki dərin qırış açılmışdı. Biri vətəndən ayrılığa uzanan yol idi. Biri də ayrılıqdan vətənə qayıdan yol... İndi S. C. Pişəvəri bu ayrılıqdan vətənə qayıdan yol haqqında düşünürdü. Yadıma Təbriz düşdü. Azərbaycan milli hökumətinin himnini istedadlı bəstəkarımız Cahangir Cahangirov bəstələmişdi. Təbriz radiosu açılan gün birinci himn çalınmalı idi. Ancaq çalınmamışdan qabaq milli hökumətin baş naziri tərəfindən imzalanıb təsdiq olunmalı idi. C. Cahangirov Təbriz radiosu açılmamışdan bir gün qabaq radio komitəsinin sədri Mirqasım Çeşmazərlə baş nazir S. C. Pişəvərinin yanına getdi. Dedi ki, yoldaş Pişəvəri, qanuna görə gərək himn radioda çalınmazdan əvvəl siz imzalayıb təsdiq edəsiniz. S. C. Pişəvəri güldü. C. Cahangirova dedi ki, sizin bəstələdiyiniz himni zaman özü imzalayıb təsdiq edibdir. Dünyada zamandan ədalətli imza atan yoxdur. Daha mənim imzama nə ehtiyac? Ancaq madam ki, qanun belə məsləhət görür, mən də imzalayıram. Sonra himnin mətnini (Mir Mehdi Etimad yazmışdır – Ə. T.) C. Cahangirovdan alıb imzaladı. Səhəri Təbriz radiosu bu himnin əzəmətli sədaları altında açıldı.

Firudin İbrahimi mehriban, təmiz, xeyirxah bir adam idi. İnsan hüquqlarını da yaxşı bilirdi. Tehran universitetinin hüquq fakültəsində oxumuşdu. Milli hökumətin baş prokuroru idi. Bir gün də yaraşıqlı çöhrəsindən işıqlı təbəssüm əskik olmazdı. Ancaq bir gün mən Firudinin çöhrəsində fikir buludlarının qalandığını gördüm. Səbəbini soruşdum. O dedi ki, Təbrizdə məşhur bir lotu var. Eşitməmiş olmazsan. Qarnı yırtıq Kazım! İndiyə qədər bu adam neçə-neçə cinayət törədib. Amma şah hökuməti bu lotuya gözün üstdə qaşın var deməyib. Bu günlərdə o tip yenə də bir ağır cinayət törədib. Yəqin elə bilib ki, milli hökumət də elə şah hökumətinin tayıdır. Ona heç nə deməz. Mən isə qarnı yırtıq Kazımın işinə baxıb onu ölüm cəzasına məhkum etmişəm. Qoy bu ölüm neçə-neçə lotuya ibrət dərsi olsun! Fikirli olduğumun da səbəbi budur. Axı, Kazım tək deyil. O biriləri məndən qisas ala bilər.

Firudini qınamalı deyildi. Axı, hər işin başlanğıcı çətin olur. Qarnı yırtıq Kazımın işi də Firudinin ilk işi idi. Özü də ölüm işi! S. C. Pişəvəri o günlərdə öz silahdaşına mübariz duyğular aşılayırdı. O, Firudinə deyirdi: - Dünyada zirvəyə asan qalxan kimdir? Qəhrəmanda təşviş hissi olmayır, - deyənlər yalan deyirlər. Qəhrəman da insandır. İnsanda qürur hissi də, sevinc hissi də, təşviş hissi də, kədər hissi də, dözüm hissi də olmalıdır! Yoxsa o insan yarımçıq insan adlanar.

Təəssüflər olsun ki, milli hökumət yaşaya bilmədi. Yox! Yaşamağa qoymadılar. Yoxsa milli hökumətin yaşamağa iqtidarı da, bacarığı da, ləyaqəti də vardı. Deyirlər, milli hökumətin taleyi həll olunduğu günlərdə S. C. Pişəvəri tez-tez bu taya keçib müəyyən adamlarla görüşürmüş. Fikir mübadiləsi edirmiş. Axı, hər gün Tehrandan Cənubi Azərbaycana hücum gözlənirdi. Tehranın arxasında isə Vaşinqton, London, Paris, Madrid, Roma dayanmışdı. S. C. Pişəvərinin görüşdüyü adamlardan biri də Mircəfər Bağırov idi. Son görüşdə M. C. Bağırov S. C. Pişəvəriyə guya sülh naminə şah qoşunlarına müqavimət göstərməməyi, silahı yerə qoymağı, lazım gələrsə bu taya keçməyi məsləhət görür. S. C. Pişəvəri M. C. Bağırovla razılaşmır. M. C. Bağırov əsəbiləşir. S. C. Pişəvəriyə: - Axı, siz kimə arxalanırsınız? – deyir. S. C. Pişəvəri qürurla: - Biz İran xalqlarına arxalanırıq! Bu xalqların içərisində şah səltənətinin barışmaz düşməni olan farslar da, kürdlər də, türkmənlər də, giləklər də, talışlar da, ərəblər də, asorilər də vardır. Biz İran xalq partiyasına inanırıq! O partiyanın sıralarında şah qoşunlarının yüksək rütbəli zabitləri də vardır. Biz sizdən heç bir kömək gözləmirik. Siz də bizim işimizə qarışmayın – deyir. S. C. Pişəvəri bu həqiqət nəfəsli sözləri M. C. Bağırova deyəndə özünün vətən, xalq, firqə qarşısında necə ağır məsuliyyət daşıdığını dərindən dərk edir. S. C. Pişəvərinin inkaredilməz dəlilləri M. C. Bağırovun köpünü alsa da, içindəki qəzəb odunu söndürə bilmir. O, S. C. Pişəvərinin dediklərini ya dərk etmir, ya da dərk etmək istəmir. Ancaq sonrakı hadisələr S. C. Pişəvərinin uzaqgörənliyini təsdiq edir. Mənə danışdılar ki, Ərdəbil fədailəri o taydakı Astaradan bu taydakı Astaraya keçərkən Ənzəlidən gələn şah qoşunları ilə rastlaşırlar. Məlumat almaq üçün gizli tədbirlə iki fars əsgəri ələ keçirirlər. Əsirlər başlarını təəssüflə bulaya-bulaya fədailərə: - Biz sizi Tehranda gözləyirdik. Siz isə bizi burda əsir alırsınız. Bəli! Bizim məqsədimiz Tehranı Təbrizə təslim etməkdi. Siz isə Təbrizi Tehrana təslim etdiniz, - deyirlər. Sən demə, bu əsgərlər İran Xalq Partiyasının üzvləri imişlər.

Yeri gəlmişkən deyim ki, S. C. Pişəvəri Təbrizdə yazıb “Azərbaycan” qəzetində çap etdirdiyi odlu-alovlu məqalələrində Təbrizin Tehrana da şahlıq zülmündən nicat verməyə qadir olduğunu dəfələrlə düşmənlərə bildirmişdi. Özü də qürurla, fəxrlə, inamla bildirmişdi!

Yadıma bir əhvalat düşdü. 1947-ci ilin əvvəlləri idi. Filarmoniyada yığıncaq vardı. Mən də Aşıq Hüseyn Cavanla o yığıncağa getmişdim. Yığıncaq qurtarandan sonra foyeyə çıxdıq. Bir dəstə cənubi azərbaycanlının M. C. Bağırovu əhatəyə aldığını gördük. Biz də onlara yaxınlaşdıq. M. C. Bağırov Aşıq Hüseyn Cavanı gördü. O, görkəmli sənətkara təkəbbürlə: - Bilirsən, - dedi, - Təbrizdə qalsaydın, sənə neynəyəcəkdilər? Aşıq Hüseyn Cavan bu cavabı məlum olan sualı laqeyd sükutda qarşıladı. M. C. Bağırov minnət dolu qətiyyətlə: - Ətini şişə çəkəcəkdilər, - dedi. Aşıq Hüseyn Cavan yenə də dinmədi. M. C. Bağırov yoxlayıcı nəzərlə mənə baxdı. Mən də dinmədim.

Bir gün dəhşətli bir xəbər o taydan bu taya keçmiş bütün siyasi mühacirləri sarsıtdı. Dedilər ki, Seyid Cəfər Pişəvəri meşələrdə hərbi təlim keçən fədailərə baş çəkməyə gedərkən yolda maşını qəzaya uğrayıb. Maşında dörd nəfər varmış: sürücü, S. C. Pişəvəri, Qulam Yəhya, Nuri Quliyev. Sonuncu nəfər dövlət təhlükəsizliyi nazirliyinin əməkdaşı idi. Milli hökumət zamanı Sovet İttifaqının Təbrizdəki baş konsulunun müavini vəzifəsində işləyirdi. S. C. Pişəvəri sürücünün yanında əyləşibmiş. Qəza nəticəsində S. C. Pişəvəri əzilib, Qulam Yəhya ilə Nuri Quliyev isə yaralanıb. Sürücü də yoxa çıxıbdır. Xəsarət alanları xəstəxanaya aparıblar. S. C. Pişəvərinin bədənində cərrahiyə əməliyyatı aparılmalı imiş. O təkidlə ətrafındakı adamlara deyir ki, mənim qardaşım həkimdir. Özü də Bakıda yaşayır. Çağırın gəlsin. Mənim bədənimdə aparılacaq cərrahiyə əməliyyatında yaxından iştirak etsin. Ancaq S. C. Pişəvərinin qardaşını onun yanına buraxmırlar. Danışırdılar ki, S. C. Pişəvəri son nəfəsdə: - Qəvamın (Qəvaməssəltənə - İranın keçmiş baş naziri) evi yıxılsın! – deyib gözlərini yumubdur. Bəli! Minlərlə cənubi azərbaycanlının evini məhz Qəvam yıxmışdı. Özü də namərdliklə! O, təpədən-dırnağa qədər məkrə bürünərək neçə-neçə diplomatı aldada bilmişdi. Qəvam uzun illər topladığı diplomat təcrübəsiylə Stalini də aldatmışdı. Stalin Qəvamın qara eynək dalında sevincdən par-par parıldayan gözlərində gizlənən hiyləni görə bilməmişdi...

Danışırdılar ki, S. C. Pişəvəri qəzadan bir neçə gün əvvəl AKP MK-nın büro iclasında təkəbbürlü bir generalla sözləşibmiş. Cənubi Azərbaycana aid olan hansı məsələ üstəsə mübahisə edibmiş. O qədər həyəcanlanıbmış ki, yerindən ayağa qalxıbmış. İnandırıcı dəlillərlə generalın fikrinin səhv olduğunu göstəribmiş. Bu zaman M. C. Bağırov hiddətlənibmiş. Üzünü S. C. Pişəvəriyə tutub hörmətsizliklə: - Əşşi, otur yerində, - deyibmiş. Sonra gözlərindən eynəyi çıxarıb dəsmalla silibmiş... Sanki bu, S. C. Pişəvərinin yer üzündən silinməyinə bir işarə olubmuş...

Bütün ömrünü doğma vətəninin səadəti uğrunda mübarizəyə həsr edən S. C. Pişəvərini, nədənsə Buzovna qəsəbəsində ayrıca bir yerdə dəfn etdik (cənazəsi Buzovna qəsəbəsindən Bakı şəhərindəki Fəxri xiyabana sonralar köçürüldü). Mən bu inqilab qartalının hələ üstündə ot bitməyən təzə məzarına baxa-baxa düşündüm ki, biz yalnız böyük bir insanı yox, neçə-neçə arzumuzu dəfn etdik. Mən mənzilə qayıtdım. Milli hökumətin süqutundan aylar keçsə də, Tehran, Vaşinqton, London, Paris, Roma radioları yenə o unudulmaz xalq hakimiyyətinə böhtanlar yağdırırdılar. Ağaların şəxsi ədavətlərinin odu hələ tamam sönməmişdi. Yanğılı nəfəsləriylə hələ də közərirdi. Mən masa üstdəki “Ural” markalı radionu açdım. Milini dalğalar üstdə gəzdirə-gəzdirə Londonun üstə saxladım. Elə bu zaman London radiosunun diktoru fars dilində kinayə ilə: - Cənubi Azərbaycan kommunistlərinin rəhbəri S. C. Pişəvəri Bakıda öldürülüb, - dedi. Radionu bağladım. Ayağa qalxıb otaqda gəzinməyə başladım.

# 6228 dəfə oxunub

Müəllifin son yazıları

# # #