Kulis.az Anatoli Nağıyev haqqında Qızıldiş Mamedin xatirələrini təqdim edir.
Yenicə İrkutsk vilayətindəki 17 saylı zondan Komidəki peresılkaya gətirilmişdim. Məni sumqayıtlı Tahirlə iki gəncəli oğlan qarşıladı. “Taxo” (Tahirin ayaması) paylama məntəqəsində artıq dörd aya yaxın idi bit əzir, yatab gözləyirdi. Dörd ay müddətində özünə blat qazanmış Tahirin ətrafında bir neçə otrisala, sportsmen cəmləşmişdi. Çifirdən qurtumlayaraq sakitcə söhbət edirdik.
- Anatoli Nağıyev haqqında bir şey eşitmisən?- Tahir “Zolotoye runo” siqaretinin qutusunu mənə uzadaraq soruşdu və başının işarəsi ilə bizə süfrə hazırlayan oğlanı göstərərək: - Bunun atası bərk xəstədir. O da Nağıyev kimi pobeq etməyi planlaşdırıb, – pıçıldadı.
- Məsləhət görmürəm, - dedim. - Tolikin iki nadzoru qətlə yetirib zondan pobeq etdiyini təfərrüatı ilə bilirəm.
Onu güclü idmançı kimi hələ Bakıdan tanıyırdım. Orta məktəblərindən birində bədən tərbiyəsi müəllimi işləyirdi. Sonra isə tanışları vasitəsilə o vaxtlar Bakıda yenicə yaranmağa başlayan gizli sexlərdən birində ekspert kimi çalışırdı. Çoxları onun qısa müddətdə irəli getdiyinə, velosipedi “Moskviç-412”yə dəyişdiyinə həsədlə baxırdı. Əsas vəzifəsi gizli yolla istehsal edilən malları ittifaqın iri şəhərlərinə aparmaq, lazımi yerlərə çatdırmaq, pulları yığmaqdan ibarət idi.
Xruşşovun hakimiyyətinin sonlarında “qanuni oğru” anlayışı həbsxanalardan fərqli olaraq azadlıqda demək olar ki, unudulmaqda idi. Brejnevin hakimiyyətə gəlişi ilə başlayan durğunluq, iqtisadiyyatda yaranan problemlər “defisit” anlayışını yenidən leksikona gətirdi. İstehsalla tələbatın uyğunsuzluğu təşəbbüskar, işgüzar adamları fəaliyyət göstərməyə həvəsləndirdi. Baltikyanı respublikalarda, Gürcüstan, Azərbaycan və Ermənistanda defisit malların istehsalı ilə məşğul olan gizli sexlər yağışdan sonra göbələk kimi artdı. Sexovşiklər, alverçilər, möhtəkirlər yuxarı dairələrin korrupsiyaya qurşanmasından sui-istifadə edərək, qısa müddətdə varlanmağa nail oldular.
Qara pulların sexovşiklər, qanuni oğrular və rüşvətxor məmurlar arasında bölüşdürülməsi öz axarı ilə, problemsiz keçdi. Qara pulların tüğyan etdiyi həmin dövrdə ittifaq məkanında daha qətiyyətli “oğru” nəsli meydana gəldi. Pula münasibət büsbütün dəyişdi. “Monqol” Rafik “Savo”, Paşa “Tsirul”, İvankov “Yaponçik”, “Ded Xasan” və sair kimi oğruların birləşdiyi bu yeni nəsil “klassik oğru qanunları”nın çoxuna sahib çıxdı. Əgər əllinci illərin sonlarında “qanuni oğru” adına sırf oğrular, cibgirlər, aferistlər layiq görülürdüsə, yeni nəsil, əsasən, reket və quldurluqla məşğul olanlardan ibarət idi.
Tolik Nağıyev də həmin zümrənin nümayəndələrinə xidmət edirdi.
Tolikin çalışdığı sexdə nə istehsal olunduğunu deyə bilmərəm, amma Nağıyevin əsas mal apardığı şəhərlər Odessa, Kişinyov və Voronej idi. Bu işin arxasında şübhəsiz ki, həm Bakıda, həm də həmin şəhərlərdə çox yüksək vəzifəli adamlar dayanırdı. 60-cı illərin ortalarında "sexovşiklər əməliyyatı" ilə əlaqədar böyük bir dəstənin həbs edilməsini çoxları yaxşıca xatırlayır.
Anatoli Nağıyev
Tolikin bu işə cəlb edilməsi və ən məsuliyyətli vəzifələrdən birinin ona tapşırılması heç də təsadüfi deyildi. Həvalə edilmiş istənilən məsələni şübhəsiz yerinə yetirə bilmək bacarığından başqa, o, həm də fiziki cəhətdən qüvvətli olması ilə diqqəti cəlb etmişdi. Az vaxtda Tolik müəllimliyi ataraq bu yolla özü üçün yaxşı şərait yarada bilmişdi. Lakin bu hal uzun çəkmir, gizli sexdə istehsal olunan mallar Odessa və Kişinyovda tutulur. İstintaq zamanı ağır işgəncələrə baxmayaraq Tolik bütün cinayəti öz boynuna götürür. Amma çox çəkmədən iştirakçıların hamısı məsuliyyətə cəlb edilir. Sonda vəziyyət belə alınır ki, əsas təşkilatçılar küllü miqdarda rüşvət sayəsində sudan quru çıxmağı bacarırlar. Nəticədə məhkəmə qarşısında təkbaşına cavab verən Tolik “pol çervon” həbs cəzasına məhkum edilir.
Onun cinayətkarlıq yolunu tutmasına ailədə maddi çatışmazlıqdan yaranan narazılıqlar səbəb olmuşdu. Dəbdəbəli həyat tərzi yaşamağa adət etmiş, milliyyətcə rus olan zövcəsinin daimi tələb və tənələri Toliki sexovşiklərə qoşulmağa vadar etmişdi.
Həbs cəzası müəyyən edildikdən sonra onu Sibirə, deyəsən Omsk guşələrindən birinə etap göndərirlər. Cəza müddətinin üç ilini başa vurduqdan sonra ona məlumat çatdırılır ki, arvadı başqa yola düşüb, özü də həmin sexovşiklərlə...
Xəbər çatan andan onun ən iztirablı məhbəs həyatı başlayır. İstintaq zamanı verilən işgəncələrdən yaranan ağrılara dözmək, beynini cırmaqlayan indiki iztirablardan daha yüngül idi. Həmin andan düşərgədən qaçış planı cızan Tolik Bakıya qayıdıb övrətinin cəzasını vermək fikrinə düşür. Nəhayət ki, buna nail olur - zonda iki zabiti qətlə yetirərək, qaçmağa imkan tapır.
Tolik zondan qaçdıqdan sonra gəlib Bakıya çıxa bilsə də, mentlər Nataşkanı bu barədə xəbərdar edərək, qaçmağına şərait yaradırlar. Bir müddət Bakıda gizlənərək, onun izinə düşmək üçün xeyli kəşfiyyat aparsa da, burada qalmağın təhlükəli olduğunu anlayıb geriyə, Rusiyaya qayıtmaq qərarına gəlir. Barəsində ümumittifaq axtarışı elan olunduğundan Tolikə gizlənmək üçün etibarlı sığınacaq lazım idi. Beləcə, o bir vaxtlar “qastrol”lara gəldiyi Voronej şəhərini seçir.
Axtarışda olmasına baxmayaraq, Anatoli bütün “vahiməli azadlığı” dövründə ardıcıl cinayətlər törədir. Nataşkanın ona qarşı etdiyi xəyanətdən sonra Tolya bütün qadınlara qarşı sonsuz nifrət hissiylə yanaşır. Yaraşıqlı, boy-buxunlu, qüvvətli, dilli-dilavər olduğu üçün qadınlarla asanlıqla ünsiyyət qurur, bir gecə yaşadıqdan sonra onları öldürür, mənzili şmon eləyib aradan çıxırdı.
Tolikin həbsi öz səhvi ucbatından baş verir… Bütün İttifaqı - Moskvadan tutmuş Sibirin ucqar şəhərlərinədək - vəlvələyə salmış bir adamı qadın hiyləsiylə ələ keçirmişdilər...
Hər hərəkətində son dərəcə ehtiyatlı, diqqətli olan Nağıyev “qadın düşkünlüyü” sayəsində sayıqlığını itirir. Uzun izləmələrdən sonra, nəhayət ki, onun koordinatlarını müəyyənləşdirirlər.
Gənc qızla onun guya təsadüfən görüşünü təşkil edirlər. Milis leytenantı olan gözəlçə, şübhəsiz ki, onun görüşünə mülki paltarda gəlmişdi. Bütün təfərrüatlar dəfələrlə diqqətdən keçirildikdən sonra Tolikin həbs planı təşkil edilir.
Uzun müddət axtarışda olan təhlükəli caninin tutulması ağlasığmaz dərəcədə rahat həyata keçirilir. Qızın şəraba qatdığı yuxu dərmanı öz işini görür. Mürgüləyən Nağıyevin kirpikləri qovuşan kimi qapının arxasında gözləyən mentlər otağa soxulurlar.
Voronejdən Rostova gətirilərkən onu müşayiət edən konvoyların əlindən çıxmağa imkan tapmır. Lakin elə Rostovda türməyə salındıqdan sonra haqqında ölüm hökmü çıxarılacağını yəqinləşdirən Nağıyev son dərəcə ümidsiz qaçış cəhdi edir. Bunu görən konvoylar xəbərdarlığa məhəl qoymadığını görüb, onu gülləylə tutur, lakin öldürmürlər. Tapşırıq beləydi. O ayağından, qolundan yaralanır.
Xeyli müddət xəstəxanada yatdıqdan sonra Nağıyev yenidən mühakimə edilir və ölüm hökmü çıxarılır.
Hökm az müddət sonra icra olunur…
Bəhram Çələbi