Kulis.az Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərovun Lent.az-a müsahibəsini təqdim edir.
- Rəşad bəy, teatr fəaliyyəti necə gedir?
- Bir çox tamaşalarımız var ki, artıq hazırdır. Əməkdar artist Nicat Kazımovun rejissorluğunda "Balaca kişilər", Əməkdar artist Nofəl Vəliyevin təqdimatında "Antiqona" və Xalq artisti Cənnət Səlimovanın quruluşunda "Qaraca qız" tamaşalarını təhvil vermişik. Bu tamaşaların hamısında bir-birindən maraqlı obrazlarım var. Məsələn, "Qaraca qız" tamaşasında çox sərt bir obrazım var...
- Sərt obraz demişkən, sərtlik sizə çox yaraşır. Bunu sizdə rejissor kəşf edib, ya özünüz fərqində olmusuz?
- O vaxt İrəvan Teatrında olanda dostum Müşfiq Əliyev deyirdi, özünü elə dartırsan ki... Sonradan yaxın olduq, tanıdı məni, dedi ki, tamam başqa adam imişsən. Kənardan vizuallıq o cür ola bilər, amma insanın daxili başqadır.
Mehriban Ələkbərzadənin quruluşunda "Kod adı V.X.A" tamaşası var. Demək olar ki, 2 ildən çoxdur o tamaşada komissar obrazındayam. Çox sərt və amansız bir obrazdır. Amma uşaq tamaşalarında "Şirin baba" oluram (gülür). Teatr mənim üçün başqa bir dünyadır. 2014-cü ildə mədəniyyət mərkəzlərindən birinə direktor təyin olunmuşdum. Lakin teatrdan uzaq dözə bilmədim, ərizəmi yazıb çıxdım. Ümumiyyətlə, teatr sahəsində çalışan insanlara seçilmiş kimi baxıram. Bəzən tamaşada keçidlər arasında bir detalı tapa bilmirəm. Evdə ailəmlə oturanda söhbət edirik, amma beynim orada qalır. Qəflətən qışqırıram: "Tapdım!"
- Arximed kimi...
- Bəli. Uşaqlar deyir, ata, camaat milyonlarla pul tapanda sənin qədər sevinmir.
- Həyat yoldaşınız da aktrisadır. Hazırda fəaliyyət göstərir?
- Bəli. Bakı Uşaq Gənclər teatrındadır. Əvvəl də fəaliyyət göstərirdi, lakin uşaqlar oldu, ona görə bir müddət fasilə verdi. Amma hazırda fəaliyyətdədir.
- Bayaq İrəvan Teatrı dediniz. İlk peşəkar çıxışınız orada olub. Niyə oradan ayrıldız?
- Mərhum sənətkarımız Vaqif Əsədov öz tamaşasına dəvət etmişdi, sonra "ilişib" qaldım orada. Fəaliyyət göstərdim. Lakin sonra müəyyən problemlərimiz yarandı, çıxası oldum.
- Necə problemlər?
- O teatrın bütün kollektivinə, rəhbərliyinə hörmətim var. Teatrdan icazə alıb çəkilişə getmişdim, lakin sonra Qobustanda çəkilişdən məni məşqə qaytarmaq istədilər. Bu da düz gəlmir axı. Amma aktyor hər bir halda məşqdə olmalıdır.
- "Şahnamə" tamaşasına hazırlıq necə gedir?
- Çox ağır və əzəmətli bir tamaşadır. Bunu boşuna vurğulamıram. Orada Rza xan obrazındayam. Rolumu, doğrudan, çox istəyirəm. Hər bir aktyor öz rolunu sevməlidir. Yoxsa birinci laqeydliyi özünə edəcəksən.
- Seriallara da çəkilirsiz. Teatr və serial arasındakı paraleli necə aparırsız?
- Teatrda qazandıqlarımızı serialda xərcləyirik. Teatrda bütün günü məşqlərdəyik. Bəzən serialda, filmdə qeyri-peşəkar biri ilə tərəf müqabili olanda inanın ki, çəkilmək istəmirəm. Çünki qarşındakı aktyordursa, səni dərk etməli, nə demək istədiyini tutmalıdır. Bəzi qeyri-peşəkarlar tellərini darayıb, saqqal saxlayıb olurlar "peşəkar aktyor". Amma teatr tam başqadır. Tamaşanı oynadıqca onun gedişini tamaşaçının duyğusundan, alqışından hiss edirsən. Di gəl, film elədir ki, hamı gəlib çəkilə bilər. Məsələn, gəlib iki kəlimə sözü əzbərləyir, 40-50 dubldan sonra alınır. Lakin teatrda belə deyil. Bir sözü səhv dedinsə, onu düzəltmə imkanın olmur. Teatr canlı bir sənətdir.
- Azərbaycan film, serialllarına tamaşaçıların barmaqarası baxışı var. Nədən qaynaqlanır bu?
- Hamısı ssenaridən irəli gəlir. Bunu normal yazsalar, tamaşaçı ona baxacaq. Bəzi ssenarilər olur, oxuyub zəng edirəm rejissora ki, bu nədir? Bir serialda mənim sözüm var idi: "Mən öz ağlıma uduzdum". Belə söz işlətmirik axı realda. Gedib filologiyanı bitirib başlayırlar ssenari yazmağa. Ağıllarına gələni yazırlar. Yetər ki, o ssenarini bitirsinlər. O qədər aktual mövzular var ki. Qarabağımızda şəhid olan əsgərlər var, onlardan yazın.
- Bizdə vətən, müharibə mövzusunda çəkilən filmlərin əksəriyyəti pafos doludur. Ona görə də, tamaşaçı filmlə arasında bir doğmalıq hiss etmir.
- Çünki hekayəni qura bilmirlər. Köhnə kinolarımıza hələ də baxıram. Şabanın filmlərini maraqla izləyirəm. Bəlkə də, dövrün ən köhnə kameraları ilə çəkiblər, amma ortada bir hekayə var. Bizdə nə var? O bunun arvadına ilişdi, bu onun arvadına söz atdı. Hara aparırlar bizi? Nəyi təbliğ edirlər? Yaza bilmirsən, dayan kənarda, qoy yaza bilənlər yazsın da. Axı burda rejissor, aktyorlar, prodakşın əziyyət çəkir. Artıq hər şey qalıb bir kənarda, seriala biznes gözüylə baxırıq. Bununla iş getmir axı. Gərək güclü ssenaristlər olsun. Ən azından kino dili olmalıdır. O qədər bədii, bər-bəzəkli sözlər işlədirlər ki. Məsələn, yazırlar, "Çıxarkən qapını ört" - biz belə demirik axı. Gülməli kinolara baxıb gülə bilmirəm. Ağlamalı kinoya baxıb gülürəm.
- Yumorun alt qatı, ictimai, siyasi, sosial yükü olmalıdır...
- Bəli. Yük doğuran komediyalar olmalıdır. Yoxsa dəymədüşərlik edirlər. Bizim bir ssenarist var idi, ancaq özü yazıb özü gülürdü. Əgər bu yumor yoxdursa, yazma da.
- Sovet dövründə filmlər ciddi izlənilirdi, sevilirdi. Niyə qırıldı bu bağ?
- Sovet dövründə ssenari yazılırdı, film çəkilirdi və gedirdi Moskvaya. Oradan rəy verilirdi. Senzura var idi. İstər məzmun, istər texniki cəhətdən baxılırdı filmə. Amma indi gedib fotoaparat götürüb düşürlər şəhərin canına. Hamı sosial şəbəkədədir. Xaricilərin çəkdiyi bəzi 2-3 dəqiqəlik videolara baxıram. Həqiqətən, güldürür insanı. Yoxsa düşürlər şəhərin canına, yolda insanı saxlayıb pul verir ki, gedib siqaret al.
- Bunlar dünyanın hər yerində var...
- Bəli, var, amma bu səviyyədə deyil axı. Bir xanım var, hər axşam sosial şəbəkədə canlı açıb yemək yeyir. Başlayır soğanı xarça-xarç yeməyə. İyrənclikdir bu. Soğan yeyən xanımdan ümumiyyətlə, zəhləm gedir(gülür). Bunu yeyirsən, evdə olanda ye. Bir dostum məni qonaqlığa çağırırdı. Sən demə, bunu altında başqa şeylər yatırmış. Nəysə, bir ay sonra getdim. Yemək-filan gəldi. Dedi ki, xahiş edirəm, bu məkanı reklam elə. Dedim, yox, mən özüm bunu edənləri tənqid edirəm. Nəysə, saqqızımı oğurladılar. Etdim. O videonu paylaşanda altından elə rəngarəng söyüşlər yazmışdılar ki... Düz də elədilər. İstədim yazam ki, çox sağ olun, uşaqlar, haqlısız (gülür). Düzgün deyil axı.
- Aktyorluğun maddi tərəfləri qane edir?
- Ölkə başçısı maaşlarımızı qaldırıb. Aktyorlarımıza Prezident Mükafatı təqdim edilir. Ötən il mənə də təqdim edilmişdi. Buna görə öz prezidentimə və Teatrımızın direktoru Naidə xanıma təşəkkürümü bildirirəm. Bu il başqa gənclər təqaüd alır. Ona da çox sevinirəm. Çünki buna layiqdirlər. Bunlar silsilə çox şəffaf formada davam edir. Maddiyat cəhətdən hər şeyimiz çox yaxşıdır. Bir çox teatrlarımız əsaslı təmir edilib. Prezidentimiz Azərbaycan filminə, teatrına daim pul ayırır. Biz də çalışırıq ki, bu etimadı layiqincə doğruldaq. Kim deyirsə ki, vəziyyətimiz pisdir, inanmayın. Keçən dəfə taksiyə minmişdim, sürücü danışır ki, bir nəfər aktyor sərnişini var imiş. Başlayıb "ağlamağa" ki, bəs pulum yoxdur-filan. Tanıyıram o aktyoru. Düşəndə dedim, qardaşım, inanma. Həmin o aktyorun bağında olmuşam. Dünyanın, Türkiyənin aktyorlarına baxanda çox aşağıdır. Amma ölkə baxımından yaxşıdır. Aktyor filmə, seriala çəkilir, tədbirlərə gedir, reklamlara çəkilir, hamısından qazancı olur. İnsan pul qazanmağı bacarmalıdır. Bacarmırsansa, sənin günahındır.
- Hansı rola çəkilməzsiz?
- Aktyor hər rola çəkilməlidir.
- Elə bir rol yoxdur sizin üçün?
- Məsələn, necə? İntim səhnələr? Bəli, çəkilərəm.
- Bəs homoseksual obraz?
- Yox. Ona çəkilmərəm.
- Bizdə intim səhnələrə, ümumiyyətlə, yer verilmir. Sizcə necə, olmalıdır?
- Azərbaycanda milli mentalitet çərçivəsindədir hamısı. Vaqif Əsədovun "Məhv olmuş günlər" tamaşasında Ədalətlə Anjelin intim səhnəsi var idi. Rejissor onu abstrak formada verdi. Pərdələrlə-filan. Hazırda müasirliyə doğru gedirik. Universitetə tələbələr hazırlayıram. Onlara deyirəm ki, toxunuşlara, təmasa hazır olun.
- Sizcə, bu maneələr aktyor, aktrisalar, ssenaristlər, rejissorlar tərəfindən aşılmalıdır, ya belə yaxşıdır?
- Aktyorlar tərəfindən bir problem yoxdur. Tamaşaçı qəbul etmir. Bir obrazım var idi. Şorgöz rəis obrazını oynayırdım. Çəkib paylaşmışdılar. Altından nələr, nə söyüşlər yazmışdılar. Azərbaycan tamaşaçısı belə şeylərə hazır deyil.
- Təsirinə düşdüyünüz rol olub?
- "Əcəl atı" adlı tamaşa var idi. Qarabağ mövzusunda. Tamaşada artıq ermənilər hücuma keçirdilər, kənd boşalırdı, insanlar qaçmağa məcbur idilər. Mən bir əyyaş obrazında idim. Sonradan bəlli olur ki, kəndin ən ağıllı adamı elə odur.
- Kefli İsgəndər kimi...
- Bəli. Orada bir ağlama səhnəsi var idi. Ağlayırdım ki, ay camaat, hara gedirsiz, axı bu torpaq bizimdir. Alınmırdı bu səhnə, tam o rola girə bilmirdim. Birdən gözümün önünə öz uşaqlarım gəldi. Düşündüm ki, ölmüşəm, ruhum kənardan uşaqlarıma baxır. Övladlarımsa erməni tankından qaçır. Hönkür-hönkür ağladım. Əllərim əsirdi. O parçanı oynayıb bitirəndən sonra da özümə gələ bilmirdim. Aktyor kor bağırsağından öldüsə, demək, o, aktyor deyil. Yox, ürəyinə görə öldüsə, demək, əsl aktyordur.
- Özünüzü rollarınızın təsirinə necə salırsız? Bunun üçün nəsə bir üsul var?
- Yas yerinə getmisiz. Molla mərsiyə deyir və hamı ağlayır. Sizcə, hamısı o ölüyə ağlayır?
- Xeyr, hərə öz ölüsünə...
- Bəli. Bu da o cürdür. Birincisi vəziyyətdir. Əgər vəziyyəti ələ aldınsa, olur. Bəzi aktyorluq kursları var. O kursdan bir tələbə çıxıb gəlmişdi yanıma. Ağlamaq lazım olan bir səhnə var idi. Həmin tələbə dedi ki, mən ağlamağın üsulunu bilirəm. Dedi, gözlərini qırpmadan bir nöqtəyə baxırsan, gözlərin yaşarır. Dedim, bunu bir də eşitməyim. Absurddur axı. Ağlamaq təkcə gözlərin yaşarmağı deyil. Bütün bədənin oynamalıdır. Əvvəlcə situasiyanı ələ almalısan. Hiss etməlisən. Bəzən elə olur ki, tamaşa zamanı hansısa söz yaddan çıxır, amma o vəziyyətin içində elə oluruq ki, onu öz sözlərimizlə əvəz edirik. Amma haşiyədən kənara çıxmadan.
- Tələbələr hazırlaşdırırsız. Necədir gənclərdən gözləntiləriniz?
- Çox sevinirəm ki, o tələbələrimlə eyni tədbirlərdə, tamaşalarda, filmlərdə tərəf müqabili oluram. Buna görə çox xoşbəxtəm. Bir tələbəm mənə zəng etmişdi ki, diplom işimə görə bir film hazırlayıram, istəyirəm siz də oynayasız. Dedim, sevə-sevə gələrəm. Gedib çəkildim. Fərəhlənirdim. O dərs vaxtı danladığım, hirsləndiyim tələbəmin rejissor kimi filmi çəkilirdi. Çox qürur duyurdum.
Tələbəylə işləmək çətin məsələdir. Bu işə qol qoydunsa, bütün xəstəliklərə razı olmalısan. Əsəb, hirs...
Müəllif: Rəhman Mirzəlizadə