Dindarların məsciddə öldürdüyü azərbaycan şairi – Maraqlı faktlar

Seyid Əzim Şirvani, şair

Seyid Əzim Şirvani, şair

20 may 2022
# 21:00

Bu gün dahi Azərbaycan şairi Seyid Əzim Şirvaninin anım günüdür. Kulis.az şair haqqında maraqlı faktları təqdim edir.

Seyid Əzim Şirvani Seyid Məhəmməd oğlu Mir Cəfərzadə Şirvani 1835-ci il iyul ayının 10-da Şamaxı şəhərində Qalabazar məhəlləsində, ruhani ailəsində anadan olub. Ona babası Əzimin adını veriblər.

***

Əzimin 7 yaşı olanda atası Seyid Məhəmməd vəfat etdiyinə görə, o, anasının himayəsində yaşayır. Daha sonra Dağıstanın Yaqsay kəndində yaşayan ana babası Molla Hüseyn qızını və nəvəsini yanına gətirir. Oğlu olmadığı üçün o, balaca Əzimə doğma bir bala kimi meyl salır və zirək, qabil uşaq olan nəvəsinə böyük qayğı göstərir.

***

Seyid Əzim ilk təhsilinin Dağıstanda alır. O, burada türk, fars və ərəb dillərini öyrənir. A. Zaxarovun yazdığına görə Dağıstanda yaşadığı müddətdə Seyid Əzim bir neçə Dağıstan dillərini də öyrənmişdi.
Dağıstanda Seyid Əzim 10 ildən artıq yaşayır. 1853-cü ildə 18 yaşında ikən o, anası Gülsüm xanım ilə birlikdə Şamaxıya qayıdır.

Gallery

20 yaşında ikən Seyid Əzim "təkmili-ülum" məqsədi ilə İraqa gedir. Bir neçə il Bağdadda qalandan sonra o, Şama köçür. Vətənə qayıdıb bir müddət Şamaxıda yaşadıqdan sonra, Seyid Əzim, ikinci dəfə yenə səfərə çıxır. Bu dəfə Məkkə və Mədinədən keçərək Misirə, Qahirə şəhərinə gedir.

***

Seyid Əzim 19 yaşında ikən anasının yaxşı tanıdığı Məşədi Mövsümün qızı Ceyran xanımla evlənir. 1856-cı ildə Seyid Əzimin oğlu Mir Cəfər anadan olur. Seyid Əzimin Mir Cəfərdən başqa Həcər və Fatma adlı qızları da olur.

***

1859-cu ildə Şamaxı şəhərində baş verən zəlzələdə Seyid Əzimin ailəsi də böyük zərər çəkib.

***

19-cu əsrin sonlarına doğru Seyid Əzim Şamaxıda yeni üsulla "Məclis" adlı bir məktəb açır. Seyid Əzimin bu məktəbində köhnə mollaxanalardan fərqli olaraq, şagirdlərə Azərbaycan, rus, fars dilləri öyrədilir və müasir elmlərdən ibtidai məlumat verilirdi.

Gallery

Mirzə Ələkbər Sabir məşhur yazıçı və pedaqoq Sultan Məcid Qənizadə və bir sıra başqa yazıçılar məhz onun məktəbində dərs alıblar. Zaqafqaziya tədris dairəsi Seyid Əzim Şirvaninin maarif sahəsindəki xidmətlərinin nəzərə alaraq, 1886-cı ildə onu gümüş medalla təltif edib.

***

Seyid Əzim bütün maddi və mənəvi çətinliklərə baxmayaraq, 18 ildən artıq öz məktəbində müəllimlik edib. Nəhayət, bir tərəfdən mövhumatçıların və ruhanilərin müxtəlif bəhanələrlə ona qarşı hücuma keçmələri, digər tərəfdən də o zaman Şamaxıda dövlət tərəfindən açılan şəhər məktəbinin təsiri nəticəsində get-gedə həmin məktəb artıq öz fəaliyyətini dayandırmağa məcbur olur.

***

1879-cu ildə Seyid Əzimin “ipə-sapa yatmazlığından” cana doymuş hökumət nümayəndələri ilə ruhanilərin işbirliyi sayəsində müəllimlikdən kənarlaşdırılır. Lakin bəzi maarifpərvər insanların səyləri sayəsində Seyid Əzimi müəllimliyə qaytarmaq mümkün olur.

***

Seyid Əzim maarifçi və tənqidi-satirik şeirlərilə mövhumatı, nadanlığı qamçılayır, bu səbəbdən də mövhumatçı dindarların kəskin müqaviməti ilə üzləşirdi, “Əkinçi”də yazmağa başladıqdan sonra isə nadan dairələrdə onu sevməyənlərin, ona düşməncəsinə münasibət bəsləyənlərin sayı daha da artdı.

Gallery

Seyid Əzim isə Şamaxıda açılmış həmin şəhər məktəbinə müəllim təyin edilib, ömrünün sonuna qədər orada Azərbaycan dili və ədəbiyyat dərslərini aparır.

***

Seyid Əzimin "Məcmueyi-asari-Hacı Seyid Əzim Şirvani" adlı dərs kitabından başqa "Tacül-kütüb" adlı dərslik də yazıb. Bu dərsliyə şairlərdən və müxtəlif ədəbi mənbələrdən etdiyi tərcümələri də daxil edib. Seyid Əzim həmin dərsliyi əlyazma şəklində o zamanlar Qori seminariyasının tatar şöbəsi müdiri A. O. Çernyayevskiyə göndərir və A. O. Çernyayevski də həmin kitabdan bir neçə hekayə alıb, tərtib etdiyi "Vətən dili" dərsliyində çap edir.

***

Ə. Haqverdiyev "Mirzə Fətəli Axundovun həyat və fəaliyyəti" adlı məqaləsində M. Axundovun Seyid Əzimlə əlaqələrindən bəhs edərək göstərir ki, "Mirzə o zamanın görkəmli şairləri - Zakir və Seyid Əzimlə ilə dostluq edir və yazışırdı".

***

Seyid Əzimin ölümü haqqında yazarkən bir qayda olaraq, “1888-ci il iyunun 1-də Şamaxıda vəfat edib” cümləsi ilə kifayətlənirlər. Halbuki onun 53 yaşında qəfil ölümü ilə bağlı iddialardan biri sui-qəsd nəticəsində dünyasını dəyişməsi ilə bağlıdır.

***

Böyük maarifçinin məscid qapısında yaradılan süni basabasda öldüyü deyilir. Bir variantda isə o, möhvumatçı insanlar tərəfindən qətlə yetirilib. Ancaq birinci ehtimal daha çox yayğındır.

***

Onun haqqında elə dedi-qodular gəzirdi ki, danışmağa adamlar ürək etmirmişlər.

***

S.Ə.Şirvaninin bu günə kimi 300 nəfərə qədər nəvə-nəticəsi olub. Bunlardan biri də filosof, rejissor Teymur Daimidir.

# 55443 dəfə oxunub

Müəllifin son yazıları

# # #