Axşam kim olacaq evə əliboş dönən – ŞEİRLƏR

Axşam kim olacaq evə əliboş dönən – <span style="color:red;">ŞEİRLƏR
29 iyun 2017
# 21:00

Kulis.az Malik Atilayın şeirlərini təqdim edir.

Dodaqların toz tutub

Gecənin qaranlığını yumaq istəyir yağış

Dünyanın işıqları sönüb

Ovcunda içini çəkə-çəkə yanan siqaretin gücü çatmır qaranlığa

Nabələdsən bu şəhərin küçələrinə

Yadsan bu şəhərin qaranlığına

Büdrəyirsən hər addımda.

Sərxoşluğun heç kimə tanış olmayan dildə danışır yalnızlıqla

Bir kimsənin anlaya bilmədiyi dildə susmusan...

Uşaqlıqda evinizdəki köhnə xalçanın saçaqlarıyla oynayarkən

Necə sakit olurdunsa eləcə kirimisən

Dodaqlarını toz tutub,

Susmusan...

Yoxluğun himni

Hardasa çox uzaqda

Görməsəm də bilirəm

tərli güzgüyə baxıb kimsə şeir oxuyur

Bir də balaca uşaq yatmamaqçun ağlayır,

Anasının saçlarını yaylıq kimi tutub əlində

Əl-ayaq kəsilir həyətdən

Analarından qabaq,

Uşaqları evə səsləyir isti yeməyin qoxusu

Bir azca da uzaqda kimsəsiz qoca qalır,

İllərdir evinin tavanında gəzir itirdiyi yuxusunu

Hardasa çox uzaqda, görməsəm də bilirəm

Yoxluğun himnini bəstələyir saatın əqrəbləri

Əllərinə qədər

Səhər evlərin qapıları gərnəşib

Açılır küçələrə

Ehtiyacın ağzından

İnsanlar güllə tək atılır küçələrin sinəsinə...

Hər səhər

Hamının ağlında bircə sual olur

Axşam kim olacaq evə əliboş dönən

Qucağına almadığı körpəsindən kim utanıb qızaracaq

Arxasında gizlətdiyi

Əllərinə qədər...

Rəsm albomları

Yay-qış bacası tüstülənən,

Evlər qaldı

Rəsm albomlarında,

O kiçik evlərdə ilk sevgimiz,

O kiçik evlərdə ilk qorxumuz...

Biz qaldıq,

Gülüşümüz qaldı rəsm albomlarında,

Təbəssüm elə bil yeməyin yağı idi,

Sildik dodaqlarımızdan böyüdükcə

Heç nə dəyişməyəcək

Və hamı kimi mən də gedəcəm,

İnan ki, heç nə dəyişməyəcək

Günəş çıxacaq

Külək əsəcək

Yağış yağacaq

Çiçəklər gözlərin kimi açılacaq səhərə,

Gecə yenə öz vaxtında düşəcək

Ayla günəş

Postda bir-birini əvəz edən əsgərlər kimi

Yer dəyişəcək...

Ulduzlar da hər gecə gördüyün yerdə olacaq

Bəzən bulud da

İşığı tutmaq istəyən uşağın əli kimi

Keçəcək ulduzların qarşısına...

Və hamı kimi məndə gedəcəm,

İnan ki, heç nə dəyişməyəcək

Kollaj

İçərişəhər

Buludların arxasınca boylanan

Qız qalası

Antikvar dükanı

Ala-bəzək turistlər

Bulvar

Sahilə dişlərini ağardan Xəzər

İşıqforda dayanmış maşınlar kimi,

Bir cərgə ilə oturub öpüşənlər

Tarqovıy

Qapı arxasından qonaqlara baxan uşaqlar kimi,

Yeniliyə oğrun-oğrun baxan qədimlik

Azadlıq meydanı

Təkcə şəkillərdə,

Əli bayraqlı insanlarla dolu

Gördüyümüz yer

Elmlər Akademiyası

Tələbələr

Yuvaya yem daşıyan qarışqalara bənzəyir

Dərs çıxışında

Dağlı məhləsi

Kiçik dükanlar,

Balaca adamlara bənzəyən balaca evlər,

Tut ağacına çıxmış uşaqlar,

Ağacın altında

Əlində yun çubuğu tutmuş

Qoca qadın...

Sərxoş deyilsən, haqlısan

Sən sərxoş deyilsən,

Haqlısan,

Orda iki ağac var...

Sən yoxsul deyilsən,

çay-çörək

Siqaret və kibrit qutusu boyda pendir bəs edir sənə...

Sən dəli deyilsən,

Sadəcə heç kimin bilmədiklərini bilirsən,

Məsələn

İtlər ulduzlara hürürsə

Onları aralarında bölüşə bilmirlər demək...

Sən qorxaq deyilsən,

Hər gecə,

Çarpayının altından

qəribə səslər gəlir

Düz deyirsən!

Vicdanındı altında əzilir...

# 1365 dəfə oxunub

Müəllifin son yazıları

# # #