Bunu tərcümə edin:“O əjdaha yenə peyda olub”

<span style="color:red;">Bunu tərcümə edin :“O əjdaha yenə peyda olub”
21 yanvar 2015
# 17:08

“Tərcümə problemlərinin aktuallaşdırılması”-LAYİHƏ

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin dəstəyi və iştirakı ilə Kulis.az saytı “Tərcümə problemlərinin aktuallaşdırılması” adlı layihəyə start verir. Layihənin məqsədi tərcümə sənətinin problemlərini gündəmə gətirmək, bu sahəyə diqqəti artırmaq, mövcud problemlərin aradan qaldırılmasına çalışmaqdır.

Müzakirələr bir neçə paneldə keçiriləcək. Hər panelin müstəqil mövzusu və məruzəçiləri olacaq. “Türk dilindən tərcümə lazımdırmı?”, “Tərcümə sənətinin hazırkı problemləri”, “Müqayisəli tərcümə”, “Fəlsəfi mətnlərin tərcümə problemləri”, “Poetik tərcümənin çətinlikləri”, “İkinci dildən tərcümə problemi” kimi mövzular 6 panelin məruzəçiləri tərəfindən müzakirə ediləcək. Artıq “Türk dilindən tərcümə lazımdırmı?” və “İkinci dildən tərcümə problemi” mövzularının müzakirəsi ilə tanış olmusuz.

Üçüncü müzakirə mövzusu “Tərcümə mətinlərinin müqayisəli təhlili” adlanır. Mövzu üzrə məruzəçilər Qismət, Hamlet Qoca, Şahin Ələsgərov, Fərid Hüseyndir. Şahin Ələsgərovun məruzəsini təqdim edirik.

Tərcümə mətinlərinin müqayisəli təhlili

Məşhur lətifələrdən birində seminariya tələbəsinə latın dilində olan cümləni tərcümə etmək tapşırılır: “Spiritus quidem promptus est, caro autem infirma”. Bu, “İncil”də işlənən kəlamdır. Tələbə onu “Spirt yaxşıdır, amma ət iylənib” kimi tərcümə edir. Hərfi olaraq cümlənin tərcüməsi düzgün verilmişdir. Belə ki, bütün sözlər tərcümə olunan mənada işlənir. Lakin kəlamın verdiyi əsas məna tamamilə fərqlidir: “Ruhu cavan qalsa da, bədəni zəifdir”.

Məhz bu səbəbdən orijinaldan tərcümə zamanı problemlər üzə çıxdıqda əsərin digər dillərə tərcümə olunmuş variantlarından istifadə edilməlidir. Tərcümə mətinlərinin müqayisəli təhlili seçim etmək və onlardan hansının orijinala daha yaxın olduğunu üzə çıxarmağa imkanı verir, həmçinin çətinliklərlə üzləşdiyimiz zaman kömək üçün məhz hansı varianta müraciət edəcəyimizə bizi istiqamətləndirir.

“Не плачь, говорит, мужичок, до свадьбы заживет…”

“Don’t cry, little peasant,” she said, “it will heal in time for your wedding” (Ann Dunnigan)

“Don’t cry, little peasant,” says she, “it will be well in time for your wedding day” (Constance Garnett)

“Don’t cry, little muzhik,” she said, “it’ll get well in time for your wedding” (Kathleen Mary Cook and Ivy Litvinov)

“Ağlama, kəndçi balası, – dedi, – toya qədər yaxşı olar” (N.Rəfibəyli)

''Ağlama köylücük'' demişti; ''evleninceye kadar geçer...'' (Ataol Behramoğlu)

”لا تبكي أيها الفلاح الصغير, ستشفى قبل الزواج“ (أبو بكر يوسف)

Lopaxin uşaqlıqda atası tərəfindən döyülən vaxtı ona arxa durmuş Ranevskayanın sözlərini yada salır. Bəs nəyə görə iki tərcüməçi “little peasant” birləşməsindən istifadə etmişdir? Orijinal mətndə daha sonra yazılır: «Мужичок… Отец мой, правда, мужик был, а я вот в белой жилетке, желтых башмаках». Atası vaxtilə təhkimli kəndli olduğu halda o, indi tacir kimi tanınırdı. Burada aydın olur ki, «мужик» və «мужичок» sözləri «мужчина» sözünün kiçiltmə variantı (little man) deyil. “Kəndli övladı” mənasında işlənən bu sözün ən düzgün tərcüməsi elə “little peasant”dır.

Qeyd olunan söz ingilis dilinə olan üçüncü tərcümədə “muzhik” kimi tərcümə olunmuşdur. Yəni «ж» səsi “zh” səsi ilə əvəz edilmişdir. Lakin “muzhik” sözünə dair heç bir izah verilmədiyindən ingilis dilli oxucu mütləq lüğətə müraciət etməli olacaq.

Azərbaycan və türk dilində müvafiq olaraq “kəndçi balası” və “köylücük” kəlmələri orijinala yaxındır. Ərəb dilində olan “الفلاح الصغير” (“kiçik kəndli”) birləşməsi isə ingilis dilində olan I və II tərcümə ilə üst-üstə düşür.

Azərbaycan dilində olan “toya qədər yaxşı olar” cümləsi ingilis dilindəki II və III tərcüməyə uyğundur.

«Очень уж ты нежная, Дуняша. И одеваешься, как барышня, и прическа тоже. Так нельзя. Надо себя помнить».

Youre much too delicate, Dunyasha. You dress like a lady, and do your hair like one, too. It’s not right. You should know your place” (Ann Dunnigan)

“You’re a spoilt soft creature, Dunyasha. And dressed like a lady too, and your hair done up. That’s not the thing. One must know one’s place” (Constance Garnett)

“You are too delicate, Dunyasha, that’s wrong with you. You dress like a young lady, and look the way your hair’s done up. That won’t do. One must remember one’s station” (Kathleen Mary Cook and Ivy Litvinov)

“Sən çox nərmənaziksən, Dunyaşa, lap xanım qızlar kimi geyinirsən, saçını da elə darıyırsan. Bu cür yaraşmaz, gərək öz yerini biləsən” (N.Rəfibəyli)

“Pek çıtkırıldım olmuşsun. Giyimin küçük hanım giyimi. Saçın başın desen, öyle. Olmaz. İnsan kendini bilmeli” (Ataol Behramoğlu)

يا لك من رقيقة يا دونياشا. و تلبسين ثيابا كثياب السيدة, و تسريحتك أيضا. لا يصح. ينبغي أن تذكري من أنت (أبو بكر يوسف)

Qeyd olunan hissədə Lopaxin Ranevskayanın qulluqçusu Dunyaşaya müraciət edir. «Нежная» sözünün ingilis dilinə olan ikinci tərcüməsində “tender”, “gentle”, “delicate”, “fragile” və “soft” sözlərinin heç birindən istifadə edilməmiş, bunların əvəzinə pyesin məzmununa müvafiq olaraq “spoilt soft creature” (“ərköyün zərif məxluq”) birləşməsi verilmişdir. Lopaxin Dunyaşanın özünü qulluqçu kimi deyil, xanım kimi aparmasına irad tutur. Buna görə də, ingilis dilinə olan digər iki tərcümədə «нежная» sözü “too delicate” (“olduqca incə, zərif, aristokratik”) kimi tərcümə edilmişdir.

Qeyd olunan hissələrin Azərbaycan, türk və ərəb dillərinə olan tərcüməsi dəqiq verilmişdir.

“Albalı bağı” pyesində saysız-hesabsız frazeoloji birləşmələrdən də istifadə edilmişdir. Semantik zənginliyi, obrazlılığı və lakonikliyi baxımdan frazeolji birləşmələr dildə mühüm yer tutur. Bu birləşmələrin istənilən dilə tərcüməsi zamanı çətinliklər meydana çıxır.

«Экая прорва!»

“Greedy fellow!” (Ann Dunnigan)

“What a glutton!” (Constance Garnett)

“What a gobbler!” (Kathleen Mary Cook and Ivy Litvinov)

“Acgözlüyə bax a!” (N.Rəfibəyli)

“Ne işkembe!” (Ataol Behramoğlu)

”يا سلام! “ (أبو بكر يوسف)

«Экая прорва» frazeoloji birləşməsi ingilis dilinə yalnız bir variantda düzgün tərcümə olunmuşdur: “What a glutton!”. En Danniqanın istifadə etdiyi “greedy fellow” birləşməsi konkret tərcümə olmasa da, obrazın xarakterini tam aça bilir. Söhbət Pişşikin davranışından gedir. Həbləri alıb ovcuna səpir, üfləyir, ağzına qoyur və üstündən kvas içir. Üçüncü tərcümənin (“What a gobbler!”) ümumi məzmunla yaxından-uzaqdan bağlılığı yoxdur, çünki “gobbler” “hind toyuğu” deməkdir. Frazeoloji birləşmənin türk dilinə tərcüməsində “işkembe” sözündən istifadə edilmişdir. Bu isə “qarından hazırlanmış yemək” mənasını verir. Ərəb dilində isə “Aman Allah!” mənası verən “يا سلام” nidasından istifadə edilmişdir. Ən dəqiq tərcümə Azərbaycan dilinə olunmuşdur.

«Со свиным рылом в калашный ряд…»

“Like a pig in a pastry shop…” (Ann Dunnigan)

“Like a pig in a bun shop…” (Constance Garnett)

“A silk purse out of a sow’s ear…” (Kathleen Mary Cook and Ivy Litvinov)

“Amma donuzun burnunu, quyruğunu kəssən, yenə adı donuzdur” (N.Rəfibəyli)

“Gelgelelim, altın palan da vursan eşek yine eşektir...”

”من خفير إلى أمير“ (أبو بكر يوسف)

Tərcüməçilərin bir qismi qeyd olunan məsəlin tərcüməsinə qismən yaxın gəlmişlər. Burada xüsusilə, ingilis dilində olan III tərcüməni və türk dilinə olan tərcüməni göstərmək olar. “A silk purse out of a sow’s ear” (“donuz qulağından ipək çanta tikməzlər”) və “altın palan da vursan eşek yine eşektir” məsəlləri müvafiq olaraq ingilis və türk dillərində işlənir. Pyesin qəhrəmanlarından olan Lopaxinin özü haqqında dediyi sözlərdən məlum olur ki, o, ağ jilet və sarı çəkmə geyməsinə baxmayaraq, elə təhkimli kəndli balası olmaqda davam edir. Məsəlin ərəb dilinə “من خفير إلى أمير” (“qarovulçudan krala”) kimi tərcüməsi tamamilə fərqli məna verir. Digər tərcümələr isə hərfi xarakter daşıyır.

Nəticə olaraq qeyd etməliyik ki, tərcüməçi ilk növbədə əsərin orijinalına müraciət etməli, lakin lazım gəldikdə onun digər dillərdə olan variantlarından da istifadə etməlidir. Xüsusilə də, dini, tarixi, məhəlli xarakterli əhvalatların, həmçinin milli adət-ənənələrlə bağlı materialların tərcüməsi zamanı bu metoddan istifadə olunması əsərin düzgün dərk olunmasına kömək edir. Məsələn, qərb mətbuatında yazılan məqalələrdən birində deyilir:

Lost in the excitement of this “White Bronco Moment,” many have missed the elephant in the room: the “Great Game”-style geopolitical standoff between the U.S. and Russia underlying it all, and which may have served as the impetus for Russia to grant Snowden asylum to begin with. What’s at stake? Natural gas.

“Ağ Bronco”nun təqibi zamanı heç kim şahmat taxtasında fiqurların əsas hərəkət istiqamətinin müəyyən edilməsinə əhəmiyyət verməmişdir. Məsələ bundadır ki, məhz bu istiqamət ABŞ və Rusiya arasındakı qarşıdurmanın xarakterini açır. Məhz bu istiqamətdən çıxış edən Rusiya da Snoudenə sığınacaq verməyə məcbur oldu. Münaqişənin kökündə təbii qaz dayanır”.

Bu məqalənin yalnız rus dilində olan variantına müraciət etdikdən sonra “Ağ Bronco” dedikdə, əslində nəyin nəzərdə tutulduğunu və bunun hansı əhvalat olduğu üzə çıxır (Söhbət ABŞ-da O.C.Simpsonla bağlı olan səs-küylü hadisədən gedir. Həmin vaxt polis qeyd olunan şəxsin idarə etdiyi ağ rəngli Ford Bronco-nun arxasınca düşmüşdü. Bu səhnəni televiziyalar anbaan canlandırmış və ABŞ sakinlərinin hamısının bu hadisədən xəbəri olmuşdur).

Yaxud da hansısa mətndə “hə, o əjdaha yenə peyda olub” cümləsi işlənsə, əcnəbi dilin nümayəndəsi ola bilsin, digər dillərdə olan variantları müqayisə etmədən ortaya çıxan bu problemi aradan qaldıra bilməyəcək (Söhbət “Bəyin oğurlanması” filmindəki cümlədən gedir). Hər hansı avropalı bu obrazlı ifadəni tərcümə etmək üçün mütləq mətnin rus dilinə, yaxud da Azərbaycan dilinə ən yaxın dillərdən Türkiyə türkcəsindəki variantına müraciət etməyə məcbur olacaq.

# 1995 dəfə oxunub

Müəllifin son yazıları

# # #