Kulis Təhminə Yusifovanın “30 il doğma səhnədə” yazısını təqdim edir.
Yenə də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının divarları arasındayam. Dostlarımdan biri deyir ki, Bakı Dövlət Universiteti və Mirzə Fətəli Axundovun adını daşıyan Milli Kitabxana ilə yanaşı ən çox sevdiyim məkandır bura.
Mənim isə Bakı Dövlət Universitetinin divarları arasında keçirdiyim ən gözəl illərə rəng qatan, bəzən sevə-sevə, bəzən isə həvəssiz üz tutduğun Milli Kitabxanadan çıxan zaman içimə dolan yorğunluğa bir sakitlik gətirən məkandır bura! O məkan ki, kənardan baxanda belə divarlarının doğmalığını hiss edirəm. O məkan ki, kandarından ayağımı basanda xəyallarım səhnədə dolaşır. O məkan ki, məni bir neçə saatlıq olsa belə, bu dünyadan ayırır. Özümü yalqız hiss etdiyim zaman mənə öz qucağını açır. Bir də ki... Bir də ki, mənə bu məkanı sevdirən insanlar var. Hər dəfə bilet almaq üçün kassaya yaxınlaşanda üzündə heç zaman dəyişməyən təbəssümlə boş yerlərin siyahısını bir-bir xatırladan xanımlar, fikrim uzaqlarda dolaşa-dolaşa qapıya çatanda əlimdəki biletin başını nə vaxt kəsdiyindən xəbərim olmadan mənə “keçin” deyən yaşlı qadın, üst geyimlərimi verib ikinci mərtəbəyə qalxan zaman arxamca “Qızım, nömrəniz qaldı, götürün” - deyən qarderobçu, zalın qapısı qarşısındakı geniş foyedə var-gəl edən, tamaşaçıların yerləşməsinə nəzarət edən Əli müəllim, qarşı tərəfdə stolların üzərinə şirniyyat və su düzüb satan kişi, hər zaman səliqəli görünüşü və diqqəti ilə seçilən bələdçi xanımlar da mənə çox doğmadır. Ən sehrli aləm isə səhnənin o tərəfidir. Dəfələrlə o aləmi seyr edə bildiyim üçün özümü xoşbəxt tamaşaçı adlandıra bilərəm. Orkestr üzvlərindən başlamış dirijora qədər, səhnə işçilərindən başlamış suflyorlara qədər, balet artistlərindən xor artistlərinə qədər, epizodik rolların ifaçılarından baş qəhrəmanlara qədər hər kəsi sevirəm. Teatrın baş rejissoru Hafiz müəllim isə (Hafiz Quliyev - red.) hər dəfə məni görəndə gülə-gülə “Ən sadiq tamaşaçımızsan, deyəsən axırda sənə də burada bir rol verəcəyik” - deyərək mənə bu məkanı daha da doğmalaşdırır.
Bu sevginin səbəbləri və səbəbkarları barədə danışdım. Bir də əsas səbəbkar var. İllərdir məni bu məkana “gətirən” bir insan var - Məcnun. Bəli, məhz Məcnun. İki böyük dahinin can verdiyi, ruh verdiyi Məcnun. Məcnunu isə sevdirən böyük sənətkarımız, xalq artisti, professor, “Şöhrət” ordenli Mənsum İbrahimov. İlk dəfə bu qapıya onun səsinin sehrinə gəlmişəm. Bu binanı da, bu divarları da, insanları da onun sayəsində sevmişəm.
Mənsum müəllim ilk dəfə səhnəyə Zeyd rolunun ifaçısı kimi çıxıb və 8 il bu kiçik, bununla yanaşı vacib obrazlardan sayılan rolu ifa edib. Səbrlə, addım-addım öz “Məcnunu”na yaxınlaşıb. Və günlərin bir günü o möhtəşəm an gəlib çatıb. Deyəsən səhnədə 8 Leyli ilə tərəf müqabili olub. Məcnun kimi ilk tamaşasını Gülyaz Məmmədova ilə oynayıb. Böyük sənətkarlarımız Səkinə İsmayılova, Qəndab Quliyeva, Simarə İmanova, Gülüstan Əliyeva Mənsum İbrahimovun Leyliləri sırasındadır. Daha çox birlikdə ifa etdiyi Leylilər isə Nəzakət Teymurova və Aygün Bayramovadır. Onun səhnədəki Leylisi olmaq saədətini yaşamışlar sırasında Gülyanaq Məmmədova var. Bu ilki ilk tamaşasını Mənsum müəllim Gülyanaq xanımla ifa edib. Bir də bir arzusu var - Respublikanın xalq artisti, dünya şöhrətli sənətkarımız Zeynəb Xanlarova ilə tərəf müqabili olmaq. Bu yerdə sevimli şairimiz Nəriman Həsənzadənin “Nərdivan” şeiri yadıma düşür:
Görüşdük pillələrdə, yolun yarısında biz.
O qalxırdı bu dəmdə, mən enirdim xəbərsiz.
Onu arzularına qaldırırdı nərdivan,
Məni xatirələrə endirirdi bu zaman...
Mənsum İbrahimovla Zeynəb xanımın Opera fəaliyyəti toqquşmadı, ancaq bir şeyi çox istəyəndə Allah həyata keçirir deyirlər. Möcüzələr onları heç gözləmədiyimiz zamanda gəlir. Biz də bu arzuya qoşulaq, bəlkə bir gün gerçəkləşər.
Mənsum İbrahimov Məcnunu dünyaya tanıdan sənətkardır. O, öz ifası ilə YUNESKO səhnəsində soyuqqanlı avropalıların gözlərini yaşla doldurmağı bacarıb. Orta Asiya xalqlarının mədəniyyətində xüsusi yer tutan “Leyli və Məcnun” əfsanəsini elə bu ölkələrdə bir daha oxucuya, tamaşaçıya sevdirib. O Məcnunu ucaldıb, Məcnun da onu...
Mənsum müəllim deyir, adi həyatda bəzən çaşıb onu Məcnun deyə çağırırlar. Bu da ona xoş gəlir. Sənətkarın yaşatdığı obrazla tanınmasını təqdirəlayiq hal hesab edir. Çünki o Məcnunu oynamır, yaşayır. Yaşayır və yaşadır. Yadımdadır, ilk dəfə 11 il əvvəl- Universitetin 2-ci kursunda oxuyarkən gəlmişdim Opera və Balet Teatrına. O zaman səhnədə Mənsum İbrahimovla Nəzakət Teymurova idi. Hadisələrin gedişatını tam xatırlamıram. Yadımda qalan odur ki, tamaşanın ortasında “mürgüləmişdim”. Bu “günah”ı bir də heç zaman təkrarlamadım. 11 ildir gözümü qırpmadan tamaşa edirəm bu əsərə. Bir neçə üzrlü məqamı nəzərə almasaq, Mənsum müəllimin ifa etdiyi tamaşaların demək olar ki, hamısını izləmişəm. Hər dəfə eyni zövqlə, eyni məhəbbətlə, eyni həvəslə can atıram bu tamaşaya. Bu gün də o günlərdən biridir. 22 ildir məni və mənim kimi yüzlərlə, minlərlə gənci bu teatra “gətirən” Mənsum müəllim yenə səhnədədir. Özü də özünün qeyd etdiyi kimi, tamaşalarının 80 faizini birlikdə ifa etdiyi gözəl sənətkarımız, Respublikanın xalq artisti Nəzakət Teymurova ilə. Elə bil ötən illər Nəzakət xanımın “məktəbli” simasından, məzlum çöhrəsindən heç nəyi alıb aparmır. İllər öncə bu obraza necə imza atıbsa, bu gün də tamaşaçısı onun “faciəsinə” eyni ürək ağrısı ilə üzülür. Mənsum İbrahimovdan danışarkən, hər zaman onun yanında olan, illərdir çiyin-çiyinə çalışdığı sənət dostlarını xatırlamasaq günah olar. Respublikanın əməkdar artistləri, virtuoz sənətkarlar Elçin Həşimov və Elnur Əhmədov bütün işlərdə olduğu kimi, teatr səhnəsində də onunla bərabərdirlər. Onların qəlbi titrədən ifası Üzeyir bəyin musiqisini bir az da təsirli edir.
Zal həmişəki kimi, adamla doludur. Mənsum müəllimin ifa etdiyi tamaşaların özəlliyi də bundadır. Tamaşaya hətta 10 gün qalmış artıq kassalarda bilet tapmaq mümkün olmur. Demək bu gün burada olan insanlar şanslı tamaşaçılardır. Hər kəs öz yerini tutub səbirsizliklə tamaşanın başlamasını gözləyir. Vaxtın tamamında həmişəki kimi pərdə açılır və hamı səhnədədir. Qəhrəmanların üzərində var-gəl edən işığın müşayiəti ilə Məhəmməd Füzulinin “Məni candan usandırdı...” qəzəli səslənir. Ardınca məşhur “görüş” pərdəsi... Leylinin anası ilə söhbəti, Məcnunun elçilərinin “yox” cavabı alması, “şam” səhnəsi, İbn Salamın Leylinin atasından razılıq almağı kimi səhnələrin ardından pərdə enir. Fasilə zamanı insanları müşahidə edirəm. Yemək yeməyə qaçan kim, şəkil çəkdirən kim, baş verənləri müzakirə edən kim, çoxdandı bir-birini görməyən insanların qarşılaşma səhnəsini xüsusi zövq verir insana. Belə bir mədəniyyət ocağınını insanları birləşdirdiyinə sevinirsən. Fasilədən sonra hadisələr daha ağır məcrada davam edir. Leyli ilə İbn Salamın toyu, Məcnunun səhraya düşməsi, Leylinin xəstəliyi, ölümü və nəhayət, Məcnunun Leylinin qəbri üstündə haqqa qovuşması... Bəli, Məcnun həyatı ilə, məhəbbəti ilə kamillik zirvəsinə ucalır, haqqa qovuşur... Ümumilikdə Füzulinin “Leyli və Məcnun”u sufi məhəbbətin, ilahi eşqin ən gözəl nümunəsidir. Bu barədə ədəbiyyatşünaslar çox yazıb. Bu mövzuya məqalələr deyil, monoqrafiyalar həsr olunub. Bu gün isə Üzeyir bəyin əvəzsiz musiqisi ilə, Mənsum müəllim və Nəzakət xanımın füsunkar ifası ilə bu məhəbbət tamaşaçılara da yansıyır. Səhnədəki hıçqırtıları, nalələri ilə insanları bir-birini sevməyə, Allahı sevməyə, Haqqa aşiq olmağa çağırırlar. Məcnunun Leylidən imtina etməsini və sonuncu ölüm səhnəsini isə bu eşqin ən ali nöqtəsi hesab etmək olar. Beləcə, başladığı kimi - “Şəbi-hicran...”la bitən tamaşanın sonunda zalda olan sükutu tamaşaçıların zəif hıçqırtıları və göz yaşları içərisindəki səngimək bilməyən alqışları pozur. Özü ilə bərabər, tamaşaçısını da həqiqətə bir addım da yaxınlaşdırır...
O, Opera və Balet Teatrında ailə qurdu, bu teatrda ata oldu. Baba olmaq sevincini də burada yaşadı Mənsum müəllim. Həyatının ən gözəl 30 ilini bu binada keçirdi, ən böyük uğurlarının sevincinə bu divarlar şahidlik etdi. Bundan sonra daha neçə yubiley tamaşalarınızı izləmək arzusu ilə...
Yubileyləriniz mübarək!