Əhməd Arslan
Fəlsəfənin faydası və ya zərurəti, onun ictimai-mədəni funksiyası və fəlsəfənin tarixi inkişafı ilə əlaqədar olaraq bir neçə söz söyləmək istəyirik. Mongolfier qardaşları icad etmiş olduqları şarla ilk uçuşlarını etmək istədikləri zaman, bu nümayişi izləmək üçün meydanda toplaşmış tamaşaçılar arasından biri, yanında olan şux görünüşlü, yaşlı bir şəxsə üzünü çevirərək sadəlövh bir rəftarla bu sualı soruşur: “Yaxşı, bu nə işə yarayır?” Haqqında danışdığımız şəxs -ki o sıralarda Fransanı ziyarət etməkdə olan məşhur Amerikalı alim və siyasətçi Benjamin Franklin'dir- xoş bir şəkildə gülümsəyərək bu cavabı verir: “Yaxşı o zaman, yeni doğulmuş bir körpə nə işə yarayır?”
Bu cavab, fəlsəfənin və əslində daha ümumi olaraq digər əhəmiyyətli təməl mədəni tədbirlərin “təhlildə nə işə yaradıqları” sualına verilə biləcək ən gözəl və mənalı bir cavabdır. Mövzuya tam bir “işə yarama” baxımından baxdığımızda ən çox işə yaradığını düşündüyümüz bəzi fəaliyyətlərimiz, məsələn elm belə hər zaman bir işə yaramaz. Çünki, tibb elmi sayəsində xəstəliklərimizi sağaldıb, ağrılarımızı azaltdığımız bir həqiqətdir; bəli, tibb bu baxımdan faydalıdır və sağlamlığımızı qorumağımıza kömək edir. Amma kainatın keçmişdə nə qədər zaman əvvəl, necə meydana gəldiyi, kosmosda, haralarda, hansı qalaktikaların olduğunu, dinazavrların günümüzdən nə qədər əvvəl və hansı səbəblərə görə məhv olduqlarını bilməyimizin, dar mənada “bizim işimizə nə xeyri var?”.
Bəlkə riyazi elm, alver eləyəndə nə qədər pul xərcləyəcəyimizi, ehtiyaclarımızı ən qənaətcil şəkildə necə ödəyəbiləcəyimiz üçün faydalı ola bilər; amma kosmosda bir nöqtədən bir yerə birdən çox paralel çəkilib, çəkilə bilməyəcəyinə bağlı olaraq həndəsədə əsrlər boyu edilmiş olan bütün o həndəsi “müzakirələr nə işə yarayır?”.
Nümunələri çoxaltmaq mümkündür, amma ehtiyac yoxdur. Elmin uzun zaman, hətta çox vaxt işimizə yaradığı bir həqiqətdir. Amma elm adamı və ya elm adamlarının çoxu, araşdırma edərkən, edəcəkləri araşdırmaların bir işə yarayıb yaramayacağını sualını özlərindən soruşmurlar. Elm adamının məqsədi, Aristotelin söylədiyi kimi, hər şeydən əvvəl və əsl olaraq “insanın təbii olaraq sahib olduğu bilmə arzusunu doyuzdurmaqdır”. Bir elmi araşdırmanı tezləşdirən şey, çox vaxt praktik bir problemə həll tapmaq məqsədi deyil, bir başqa elmi iş və bu elmi işin ortaya qoyduğu başqa bir elmi problemdir.
Eyni şəkildə sənətin və ya sənət əsərinin bizə bir fayda təmin etdiyini söyləmək, hardasa sənətin varlıq məqsədini inkar etməkdir. Evimizdə istifadə etdiyimiz bir oturacağın var olma səbəbi, üzərində oturma imkanını təmin etməklə bizə fayda verməsidir. Pencəyimizi asdığımız bir asqı da pencəyimizin buruşmamasını təmin etməklə bizə fayda verir. Amma oturacağın özünün XVI. Louis stilli bir oturacaq olması və ya asqının, deyək ki, məşhur bir heykəltaraş tərəfindən hazırlanmış bir asqı olmasının, az öncə söylədiyimiz mənada fayda verməsi müzakirə mövzusu deyil. Bu son iki vəziyyətdə fayda xaricində və ondan tamamilə ayrılmış bir dəyər işin içinə qarışmaqdadır ki, o da “gözəl olanla” estetik baxımdan həzz verici, həyəcan verici olanla əlaqədar bir dəyərdir. Kantın estetik dəyərin xüsusiyyətini ifadə etdiyi dörd məşhur düsturundan birincisini, sənətin əsas anlayışları olan estetik həzzlə, onun mövzusu olan gözəlin nə olduqlarına bağlı düsturunu burada xatırlamağımız tam yerinə düşəcəkdir: "Estetik həzz, bir obyekt və ya bir təmsil formasını heç bir mənfəət güdməyən bir xoşlanma və ya xoşlanmama duyğusuyla mühakimə etmə bacarığıdır. Bu xoşlanma duyğusunun mövzusu olan şeyə də gözəl deyilir ".
Əxlaqa gələk: Onun bir işə yaraması bir tərəfə, həqiqətən əxlaqlı davranan üstün bəzi insan nümunələrində olduğu kimi (məsələn Sokrat, Hz. İsa, Budda), bu davranışları sərgiləyən insanlara həyatları boyunca əza, cəfa, möhnət, hətta ölüm gətirmiş olduğu faktiki bir həqiqətdir. O halda əxlaqi davranmanın insana alışılan, normal mənada bir fayda, bir zövq vermədiyi də açıqdır.
Nəhayət, bütün bunlara bənzər bir şəkildə fəlsəfə də özü etibarilə və son təhlildə bir işə yaramaz; məgər ki, insanın özünü əhatə edən kainatı, insan həyatının bir mənası olub olmadığını, insan taleyinin nə olduğunu, insanın hansı hərəkətləri ilə nə dərəcədə alın yazısını dəyişdirə və öz seçimlərinin sərhədləri daxilində, hansı hərəkət və səylərin arxasından qaçması lazım olduğunu, nə cür bir həyatın istər fərdi, istər ictimai olaraq ən yaxşı həyat olduğunu və.s bilməyə çalışmasının insan üçün çox yararlı, çox faydalı bir şey olduğunu söyləmiş olmayaq. Fəlsəfi araşdırmanın şübhəsiz daha əvvəl işarə etdiyimiz kimi başqa planlardan başqa faydaları vardır, məsələn elmlərə köməyi ola bilər, dinlərə köməkçi olmuşdur və s. Ancaq onun arxasında olan ən təməl motiv, ən yaxşı şəkildə Sokratın bu cümləsində ifadə edilmiş olan motivtir: "Sorğulanmayan, üzərində düşünülməyən bir həyatı yaşamağa dəyməz". İnsan, öz həyatını araşdırma qabiliyyətlidir. Bu olmadan o, heçdir. Fəlsəfə, insanı insan edən və bir heç olmaqdan qurtaran araşdırma, sorğulama ruhunun, mənalandırma, şərh və qiymətləndirmə fəaliyyətinin, əhəmiyyətli suallar soruşma və onlara ciddi olaraq cavablar axtarma xüsusiyyətinin, ərdəmli olma və qısaca müdrikliyə çatma həsrətinin ən həqiqi və bəlkə də tək ifadəsidir .
Tərcümə: Hacıağa Əliyev