Umberto Eko nəyə nifrət edirdi? - Həyat hekayəti

Umberto Eko, yazıçı

Umberto Eko, yazıçı

19 fevral 2022
# 21:00

Bu gün məşhur italyan yazıçısı Umberto Ekonun anım günüdür.

O ən məşhur italyan filosofu, ədəbiyyatçısı, yazarı və tənqidçilərindən biridir. Onu bütün dünya tanıyır, əsərləri elə Azərbaycanda da sevilərək oxunur. Romanlarının dili çətin olsa da, bütün dünyada bestseller olub və sevilərək oxunub.

Həyatı

Umberto Eko 5 yanvar 1932-ci ildə İtaliyanın şimalındakı Piemonte bölgəsində yerləşən Alessandriya şəhərində dünyaya gəlib. O, Turin Universitetində orta əsr fəlsəfəsi və ədəbiyyatından təhsil alıb. Gəncliyində “Katolik şagird hərəkatı”nın lideri olub. Ancaq 20 yaşlarında katolik kilsəsini tərk edib, Tanrıya inamını itirdiyi bildirərək ateizmi qəbul edib.

Eko 1962-ci ildən alman əsilli incəsənət müəlliməsi Renata Ramqe ilə evli idi. Cütlüyün Stefan və Karlotta adlı bir oğlu və bir qızı var.

Karyerası

1954-cü ildə universiteti bitirən Eko bir müddət İtaliyanın dövlət kanalı “RAI”-da, həftəlik “l'Espresso” jurnalında mədəniyyət və siyasət haqqında yazırdı. Tarixçi və filosof Eko Orta Əsrlər estetikasını dərindən bilirdi. Ceyms Coysla bağlı geniş araşdırmalar aparırdı.

1962-ci ildə Torino Universitetində dosent, 1969-cu ildə Florensiya Universitetinin, 1971-ci ildə isə Avropanın ən qədim universiteti olan Boloniyanın professoru olub. Bundan əlavə, Harvard, Kembric, Oksford universitetlərində də xüsusi dərslər verirdi. Akademik işləriylə mədəniyyəti bir araya gətirməyi bacaran Eko, “Özümü həftə sonları roman yazan ciddi professor olaraq görürəm” deyirdi.

Eko həm akademik savadı, həm də mədəniyyət sahəsində qazandığı uğurları ilə böyük hörmət qazanmağı bacarıb.

O, eyni zamanda Fransa Fəxri Legion Ordeninin “cəngavər” tituluna layiq görülüb.

Karyerası

Dilçilik, estetika və fəlsəfə ilə bağlı çoxlu sayda əsərləri olan Ekonun ilk romanı 1980-ci ildə nəşr olunan "Qızılgülün adı"dır. Əsər orta əsrlər monastırında sirli şəkildə cərəyan edən hadisələrdən bəhs edən fəlsəfi-detektiv romandır. Bu, müəllifin ilk kitabı olsa da, böyük uğur qazanıb. Kitab təxminən 30 dilə tərcümə edilib və dünya üzrə 10 milyondan çox satılıb. 3 il sonra uğur qazanan bu əsəriylə bağlı “Qızılgülün adı"na qeydlər” kitabçasını nəşr etdirib. Kitabçada əsərin yazılma texnikasından bəhs edilib.

1986-cı ildə “Qızılgülün adı" romanı əsasında rejissorluğunu Jan Jak Annonun etdiyi, baş rolda isə Şon Konnerinin oynadığı eyniadlı film çəkilib. Ancaq təəssüf ki, film əsərin özü qədər uğur qazanmayıb, hətta uğursuz film sayılıb. Buna görə Eko kitablarının bir daha ekranlaşdırılmasına qadağa qoyub.

Müəllif ikinci əsərini 1988-ci ildə nəşr etdirib. "Fukonun rəqqası" adlı roman əlkimyaya, cadugərlik nəzəriyyəsinə keçidlərlə boldur. Ancaq romanın dili həddindən artıq qəliz olduğu üçün "Fukonun rəqqası"nın lüğəti" adlı kataloq-lüğət hazırlanıb. Eko müsahibələrinin birində bu əsəriylə bağlı danışarkən deyib: “Çoxları fikirləşir ki, mən fantastik roman yazmışam, amma onlar yanılırlar - roman tamamilə realistdir”.

Image result for umberto eko

Eko daha sonra 1994-cü ildə "Bir gün əvvəlki ada", 2000-ci ildə “Baudolino”, 2004-cü ildə “Şahzadə Loananın sirli alovu” romanlarını nəşr etdirib. Ekonun sonuncu romanı 2010-cu ildə nəşr olunan “Praqa məzarlığı”dır. Roman bestseller olub. Amma bu əsərdən sonra Eko bir daha roman yazmaq istəmədiyini bildirib: “Hər dəfə roman yazanda düşünürəm: ən azı sonrakı iki il ərzində əlimə qələm almayacağam. Çünki roman uşaq kimidir. Onun qayğısına qalmalısınız. O, yeriməyə başlayır, sonra da danışır. İki aydan sonra 80 yaşım tamam olacaq. Yəqin ki, bundan sonra yeni romanlar yazmayacağam və bəşəriyyət də özünü təhlükəsiz hesab edəcək”.

Qeyd edək ki, "Bompiani" nəşriyyatında çap olunan 500 səhifəlik "Praqa məzarlığı" ölkə üçün nəhəng sayıla biləcək 200 min tirajla nəşr edilib. Kitab İtaliya, İspaniya, Meksika, Braziliya və başqa ölkələrdə ən çox satılan kitabların reytinqlərində lider olub. Eko 2011-ci ildəki bir söhbətində demişdi: “Bu günə qədər 6 roman yazdım və sonuncu beşi daha gözəldir. Amma hamı həmişə "Qızılgülün adı"ndan danışır. Mən buna nifrət edirəm, sanki lənət halına gəlib. Yeni kitabım çıxanda belə “Qızılgülün adı”nın satışları daha çox artır”.

Umberto Eko oxuması çətin kitablar yazmasına baxmayaraq, məşhur yazıçı olmağının sirrini açarkən deyib: “İnsanlar məndən həmişə, “Bu qədər çətin oxunan romanların necə belə müvəffəqiyyət qazanır?” – deyə soruşur. Mənsə bu suala cavab verməyə çətinlik çəkirəm. Deyirəm ki, bu sual bir qadına “Necə olur kişilər səninlə maraqlanır?” sualını verməyə bənzəyir”.

Ekonun sonuncu yazısı “Səhv edən vətəndaşlar” 12 yanvar 2016-cı ildə “L`Espresso”da dərc olunub.

Onun işləri 1960-cı illərin ortalarından etibarən avanqard əsərlərə, kütləvi mədəniyyətə yönəlib. Ömrünün sonlarında isə aktual hadisə və faktlarla bağlı işlər üzərində çalışırdı. Bu işlər arasında ədəbiyyat tənqidləri, tarix və ünsiyyət yazıları əhəmiyyətli yer tutur.

Eko tarixi məlumatlarla bəzədiyi əsərlərində böyük professionallıq nümayiş etdirib. Xüsusilə “Baudolino” adlı əsərində Bizans və IV Səlib yürüşü ilə bağlı povestləri diqqət çəkir. İstanbula geniş yer verdiyi bu əsərinin nəşrindən qısa müddət əvvəl, 1998-ci ildə İstanbulu ilk dəfə ziyarət edib. Beş gün davam edən ikinci səfərini isə sənət tarixçisi Sədat Bornovalı ilə birgə 2013-ci ildə həyata keçirib. Bu ziyarət zamanı Boğaziçi Universitetində yazıçı Orxan Pamukla da görüşüb. Həmin universitetdəki çıxışında Eko deyib: “Heç vaxt sevgi əhvalatlarını izah etmirəm. Çünki özəl şeyləri izah etməyi sevmirəm. Onun yerinə Napoleondan danışmağa üstünlük verirəm”.

Onun bir çox əsəri Türkiyədə nəşr olunub.

Image result for Kamal Abdulla və Eko

Kamal Abdullanın Eko ilə görüşü

Azərbaycanın dəyərli akademiki, yazıçı Kamal Abdulla da Eko ilə görüşüb. Görüşü 2014-cü ilin dekabrında Kamal Abdullanın "Yarımçıq əlyazma" əsərinin İtaliyadakı naşiri Sandro Teti təşkil edib. Nəşriyyat tərəfindən italyan dilində çap olunan "Yarımçıq əlyazma" romanını oxuduğunu bildirən Umberto Eko belə bir roman münasibətilə yazıçını təbrik edib və ona öz ürək sözlərini çatdırıb. Akademik bu görüşlə bağlı “Umberto Eko ilə birinci və sonuncu görüşüm” məqaləsini yazıb. Məqalə “Literaturnaya qazeta”nın 1-7 iyun tarixli sayında dərc olunub.

Ölümü

2005-ci ilin noyabrında və 2008-ci ilin iyununda ABŞ-dan “Foreign Policy” və İngiltərədən “Prospect” jurnalları internet üzərindən oxucu sorğuları ilə “Dünyanın ilk 100 intellektualı” siyahısını hazırlayıb. Eko bu siyahıda 2005-ci ildə ikinci, 2008-ci ildə on dördüncü sırada yer alıb. Yazıçı əsərlərində Dedalus adından da istifadə edib.

Bir müddət xərçəng xəstəliyindən müalicə olunan Eko 19 Fevral 2016-cı ildə, saat 23 radələrində, 84 yaşında evində dünyasını dəyişib. Onun vəfatı ailəsi tərəfindən İtaliyanın “La Republica” qəzetinə bildirilib. Ekonun ölümü İtalyan qəzetləri ilə yanaşı, dünyanın bir çox ölkələrinin mətbuatında əsas xəbər olub.

Bir cümə günü, 84 yaşında gözünü dünyaya əbədi yuman, əsərləri, elmi işləri və fikirləri ilə dünya tərəfindən sevilən dəyərli mütəfəkkirin Milan şəhərindəki “Castello Sforzesco”da dünyəvi ayinlərə uyğun cənazə mərasimi keçirilib. Mərasimdə Ekonun nəşinin yanına 41 il çalışdığı Boloniya Universitetində istifadə etdiyi professorluq cübbəsi də qoyulub. Eko ilə vida mərasiminə İtaliyanın mədəniyyət naziri Dariyo Françeskoni, Təhsil, universitetlər və tədqiqat naziri Stefania Giannini, doğulub-böyüdüyü, işlərini həyata keçirdiyi Alessandriya, Milan, Boloniya, Torino kimi şəhərlərin bələdiyyə başçıları və minlərlə adam qatılıb.

Eko ölümündən bir müddət əvvəl bir dostuna istəyini çatdırıb: “Ölümümdən sonra 10 il ərzində mənim adımdan istifadə edib tədbirlər keçirtməyin”.

# 9382 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #