Günahkarsa biz olduq, biz - Vaqif Səmədoğlu

Vaqif Səmədoğlu, Xalq şairi

Vaqif Səmədoğlu, Xalq şairi

7 avqust 2022
# 13:00

Kulis.az Vaqif Səmədoğlunun "Büdrəmələr" poetik silsiləsini təqdim edir.

Sağ çiynim Qərbə dəyir,
büdrəyirəm,
sol çiynim Şərqə dəyir,
büdrəyirəm,
sağ əlimdən Şimal çıxır,
büdrəyirəm,
sol əlimdən Cənub çıxır ,
büdrəyirəm...
Büdrəyirəm başım göylərə dəyəndə,
büdrəyirəm yerin yükü belimi əyəndə,
yıxılıram, yıxılıram,
dörd tərəfdən sıxılıram,
yerdən, göydən sıxılıram...

Dünyaya yağış yağır,
buludlar baxır dünyaya,
dünyaya baxış yağır,
gilə-gilə yağış yağır,
gilə-gilə baxış yağır,
bəlkə sevinc,
bəlkə qara qarğış yağır?..
Yağış suyundan
əcaib xəritələr çəkilir
pəncərənin şüşəsində.
Böyüyür, kiçilir qitələr,
qitələrdə yamyaş ölkələr,
bir damla kənd, bir damcı şəhər.
Qurumur pəncərə şüşəsinin gözü,
qurtarmır nəm sözü,
yağışsa yağır, yağır,
gecə, səhər, gecə, səhər,
sənsə bağır, bağır,
gecə, səhər, gecə, səhər...
Nə olub mənə?
Birtəhərəm, birtəhərəm, birtəhər...

Uludan da ulu babam,
mənə namə yazan babam,
Qobustanda qayaları cızan babam,
yaxşı-yaxşı yadına sal,
qayalarda xəyala dal,
utanma, çəkinmə,
nədən, kimdən utanırsan?
Sümüklər danışıb gülə bilmədikləri kimi,
utanıb qızara da bilmirlər!
Yadına sal o yağışı...
Yadındamı, leysan yağış yağırdı
o səhər? Yadına sal
yağışdan mağaraya qaçdığını,
sinəni zülmətə açdığını...
Mağara səni yağışdan qurtardı,
ancaq qorxunu bir az da artırdı.
O gündən sonra,
qaçdınsa, getdinsə hara,
yadına düşdü,
çağırdı səni o mağara.
Sən olanda Allah hələ yox idi,
qaraltılar, təhlükələr çox idi.
Nədir, nədir,
dünya nədir bilmirdin,
gedir, gedir,
kimdən, nədən gedir bilmirdin.
Kimin, kimin nəyinə gərəkdi
sənin harada yaşadığın?
Ancaq
sənin kimilərlə doluydu
solun, sağın.
Bölməyə başladız
dağların içini,
dağların içində
ölməyə başladız.
Bir gün də yer üstə
öldürdülər səni.
Mağara kəfənin,
dağ məzarın oldu,
uludan da ulu babam,
uçan evim, sönən sobam!
İndi Allah var,
indi üzümü ona tutub,
ondan rəhmət diləyirəm sənə...
Xoşbəxt adam idin, inan mənə.
Yadıma düşürsən hər gecə
əlimdən yerə düşəndə oxunmuş qəzetlər,
mağarada, zülmətdə
hələ də tökülən qanlardan xəbərlər.
Qızara bilmir sümüklər,
bəxtəvərsən, bəxtəvər...

Qapılar, qapılar...
Qapılarınız axşam üstü,
isit yay günündə döyülərkən,
ürəkləriniz də,
döyünürdü hələ.
Hələ ümidə keçirilmişdi
ürəklərin cəftəsi.
Sonra
cəftə qarışıq,
ümid qarışıq
çıxdı yerindən ürəkləriniz.
Günahkarsa biz olduq, biz.
İndi qapılarınızdan düşmüş
qıfılların, kilidlərin, açarların üstüylə
gedirik ömrün sonuna.
Girdiyimiz otaqların içindən keçib
gedirik sona.
Nədənsə utana-utana...
Nədən utanırlar
analarımız, bacılarımız, arvadlarımız?
Axı bir gün
Dünyanın da qapısından düşəcək açar,
Dünyanın da qapısı çıxacaq cəftəsindən!
Taybatay açılacaq Dünya pəncərəsi.
Lüt, çılpaq qalacaq görünəcək Dünya!
Saçları bir-birinə dolaşmış
çılpaq lüt Dünyanı görəcəyik.
Qız qarımış bu Dünyanı!
Bizim günəşimiz yox, iraq,
Allahın səhəri açılan gün...

Bizim günəş doğdu,
açıldı bizim səhər.
Açdım gözlərimi,
salam yuvam, salam azadlığım, Otaq,
salam qandalım, salam məhbəsim, Otaq!
Divarların möhkəm,
daşların əlbir,
ömrün uzundur.
Dünyada divarlar yaşayır,
Dünya daşlar dünyasıdı,
sevincimiz daş sevinci,
kədərimiz divar yasıdır,
bunu bilirsən, Otaq...
Əbədi yaşayanlar,
əbədi sakinlər, əbədi əhali.
Onlara nə dil gərəkdir,
nə ağıl.
Əbədi ömürdə
ünsiyyət gərək deyil,
onunçün susurlar daşlar.
Bilirsən bunu, Otaq...
Bilirsən beşgünlüyümüzü,
bilirsən gedəcəyimizi.
Divarlarının rəngləriylə,
üstünə mıxlanmış fotoların gözləriylə
baxırsan, görürsən bizi.
İçində ora-bura sürürsən bizi,
yuxudan ayıqlığa,
ayıqlıqdan yuxuya verirsən bizi.
Küçəyə atırsan bizi,
bəzən ikiəlli tutursan bizi.
Fəqət bəzən
ya bir quş səsi,
ya Moskvaya getmək arzusu
ayırır bizi səndən.
Onda da özün sərxoş,
ayıq, qürbət şəhərdə
qəflətən yada düşür vətən...
Vətən deyib, yenə,
yenə dönürük dörd divarın içinə.
Bunu bilirsən.
Bilirsən.
Sən
müdrik, müdriksən...

Tarıma çəkilib təbiət,
zildən də yuxarıdır meşənin səsi,
amma qorxma, sınmaz nəfəsi...
İndi torpaq dırnaqla vurulan qaval
kökə gəlib, kökdədir maral.
Gözlər qıpqırmızı,
durmadan titrəyir burun,
burnunun aralanmış pərələri.
İndi maral oxudur yamacları, dərələri,
zirvələrə hay verir maral,
zirvələrə pay verir maral,
tay olub zirvələrə maral.
Sinəsinə məhəbbət dolub,
gözlərində rənglər solub,
qulaqları bütün səslərə tutulub.
Bircə səsdən savayı.
Maral bir səs eşidir:
“Əbədi, qorxulu, əziz...”
Addımlayır
dişi marala sarı
iy-iy, iz-iz...
Buynuzlar şaha qalxıb,
maral gedir,
göy üzünü buynuzlarına taxıb.
Ancaq onu
başqa maral öldürəcək bəlkə.
Qarşılayacaq, yolunu kəsəcək bəlkə
başqa buğanın şaxələnmiş buynuzları.
Cəhənnəmə ki!
Ona sarı, ona sarı,
yalnız, yalnız ona sarı...
Bəlkə məğlub ölkə bayrağıtək
cırılacaq, parça parça olacaq
onun baharla dolmuş sinəsi,
bəlkə əbədi kəsiləcək boğuq səsi,
savaşda qaralacaq nəfəsi...
Cəhənnəmə ki!
Maral gedir,
gedir inamla
onun,
onun,
onun səsinə...
Böyüyür ağac kölgələri,
günəş var göy üzündə
həmişəkindən böyük,
həmişəkindən qat-qat isti!
İşıqlanır
ağacın
maral buynuzlarıyla didilmiş,
cırmaqlanmış gövdəsi,
və oxunur
ölümə gedən maralın
son məktubu kimi...
İrəlidə ya məhəbbət,
ya ölüm.
İrəlidə ya O,
ya Bu.
İrəlidə həyat.
Yaşayıb ölməyə gedir maral,
ölüb yaşamağa gedir maral!
Kökə gəlib təbiət.
Ayağa qalx,
Allah himn oxuyur,
ölənəcən ayaq üstə qal!

Dağıdardılar, qırardılar budaq-budaq,
soyardılar, dərərdilər yarpaq-yarpaq
bir-birini ağaclar,
sularda batardılar ağaclar...

Ancaq kökləri dərin, möhkəm,
torpaq güclüdən güclü.
Bir ağac da sağ ikən
dəyişə bilmir yerini...
Odur,
qorxusuz gəzərlər
laqeyd ağacların arasında
sarılıqları boza çalan,
can verib, can alan
canavarlar...
Ətraf
insan girməyən cəngəllik,
insan yoran məsafə.
Qarşıdasa
ağacların arasından
süzülən qoxu.
Canavar yuxusu,
maral qoxusu,

maral qorxusu...
Və hər yanda
müttəfiq ağaclar.
Kollar, izlər,başqa ağaclar...
Qan axar qarın üstünə,
axar qarın ağına,
yumşağına hopana qədər.
Qar qan çəkər pambıq kimi...
O başdan don vurar,
donar qara hopmuş qan.
Bir-bir,
sürətlə
keçərlər canavarlar
insan yolundan.
Beşi əlli adamı
dövrəyə ala bilər!
Ancaq həmişə
uzaq gəzib dolanarlar bizdən.
Qorxudan yox, yaşamaq üçün...
Günəş batandan,
meşə qaranlıqla dolandan,
gecə çökəndən sonra
başbaşa, burun-buruna
yatarlar canavarlar.
Yatarlar
eşikdə quyruq,
bayırda qulaq qoymayıb...
Oyadar onları
səksəkəli yuxudan
uzaqdan ötən qatarın səsi.
Yayılar aləmə
nəyinsə himni kimi
canavarlar ulaşması.
Xışıldayar yarpaqlar,
qımıldanmaz ağaclar.
Göy üzünə ay çıxar,
göy üzündən ay baxar.
Sabah,
Allah qoysa,
yaşamağa bir gün də var...

Küçə gedir, küçə dönür,
hər gün, hər gün
gözlərimə küçə, küçə görünür...
Sən
müdrik, müdriksən!
İnsan,
maşın,
it-pişik səslərinin vəhdəti,
vitrindəki alyanaq manekenlərinin
qıpqırmızı təbəssümləri,
pəncərələrinin tozu,
divarlarının qarası, sarısı, ağı, bozu,
səkilərinin mini, yüzü,
içindəki insanların milyon üzü,
kütlənin simasızlığı, şəxsiyyət qəbirstanlığı,
sənin qüvvən iradən, canındır, Küçə!
Əhsən!
Sən müdrik, müdriksən...
Maşınların sürətini, adamların özlüyünü
alırsan əllərindən bir anda,
o yanda, bu yanda...
Maşın tormozlarının ətkəsən səsi,
üzüqoylu üstünə yıxılan sərxoşlar,
gecənin nəhəng kölgəsinə çıxan fahişələr
sənin yüngül məzəndir.
Küçə,
sənin üstündən keçmədən
nə doğula bilir,
nə ölə bilir insan oğlu insan!
Köksün üstə atılmış
əzik siqaret qutuları,
onların üstündən sürünən kölgələr,
insan kölgələrinin kimsəsizliyi
sənin əqidən,
sənin fəlsəfəndir, Küçə...

Səndən taksiyə minərkən
açılıb görünən qadın ayağı da,
tramvay relslərinin paraleli də
yenilməz məntiqindir.
Özümə hər gün, hər gün
eşitdirdiyin
addımlarımın səsiylə:
- Öləcəksən, öləcəksən!
- deyirsən.
Sən,
müdrik, müdriksən...
Kefinin ən saz çağlarında
əsgər addımlarına qarışan
marş sədaları,
yersiz yağışdan islanıb,
bir anda adi əski tək sallanan bayraqlar,
gecədən ütülənmiş şalvarlar,
rəngli şarlar
üstünlə axar, axar, axar,
pəncərələr tanklara,
tanklar pəncərələrə açılar, baxar.
Sonra
ağlını itirmiş
bir sərxoşun
yalqız nəğməsini
pişiklərdən savayı
kimsə eşitməz.
İşini bilənsən, Küçə!
Sən
müdrik, müdriksən...

Sən müdrik, müdriksən, Qadın!
Bir gün yer üzünün
yeganə sakinləri
köhnə qəzetlər olsa,
dünya
qaçqın evitək
boşluqla dolsa,
olumla ölüm arasındakı
yollar açılıb,
hər küçə, hər dalan
ölümə burulsa,
sən həmişə özlüyündə yaşayacaq,
özlüyündə qalacaqsan.
Beş-on salamat qalmış
divarların birindən
aləmə baxacaq
mavi, ala, qara gözlərin,
təbəssümünün öpüşdüyü,
çılpaq ayaqlarının
boş dünyada
mənasız olmuş konturu.
Nə bir şüşə konyak,
nə vaqonlarının ikiyerli kupesi,
nə sönmək üçün işıq,
nə də erkək qalacaq, Qadın.
Sən
müdrik, müdriksən!
Ancaq yer üzündə
alçaq kreslolar, küləkli küçələr,
dar liftlərdə
insanın insana yaxınlığı,
pəncərə işıqlarıyla
deşik-deşik olmuş gecələr
hələ var ikən
sən həm mərdə,
həm namərdə,
şaha da, nökərə də,
nadana da, dahiyə də,
yeganə ümid,
erkək ömrünün yeganə mənasısan.
Bunu bilirsən, sən,
müdrik, müdriksən, Qadın!
Sən dayandığın
hər bir yer çarpayı,
oturduğun hər yer
açılmamış yorğan-döşəkdir.
Sənin təbəssümün
qatil cibindən bıçaq çıxarar,
başlanar müharibə
bircə gülüşündən.

Təpədən-dırnağa qədər
günahlarla dolusan, Qadın,
amma bağışlanır
bütün günahların
bətnindən çıxan körpənin
ilk səsiylə.
Qadın-günah,
Ana-Allahdır.
Bunu bilirsən.
Sənin varlığın
dünyanın sevinci,
Allahın qüvvəsidir.
Əllərim əsir...
Sən
müdrik, müdriksən!


Gecədir...
Evimə arzuların
gələcəyindən qorxuram,
qorxuram ümidlər dolar otağıma.
Pəncərələrimin ikisi də bağlı,
köhnə şeirlərimə baxıram.
Küçədə
gündüzə çalan
fanarlar yanır,
küçədə kimsə insan səadətinə inanır.
Görəsən neçə il, neçə gün yaşayacağam?
Arvadım, uşağım, kitabım olacaqmı?
Məndən sonra bu dünyada
bircə şeirim qalacaqmı?
Gecədir...
Əllərim əsir...
İçimdə ölüm həsrəti oyanır,
amma yenə
ölümlə arama girib,
qarşımda sənin bədəninin
çılpaq iradəsi dayanır...
Sən,
müdrik, müdriksən...

Gecədir.
Vaxta qulaq as.
Allaha qulaq as!
İşıqların qapısı bağlı,
qaranlıqlar pəncərəsiz.
Allah
dünyanı bağlayıb
gedən gündən
bir dəfə də çalınmayıb
qapımızın zəngi.
Gəlsə də kim gələcək?
Rastına çıxan hər insanla
ümidlər çıxır əlimizdən əlcək-əlcək...
Vaxtı eşit,
Allahı eşit...

Buludlar gəlir üstümə,
göy üzü bağırır yuxarıdan:
“Əllər yuxarı!”
Yanır ayaqlarımın altı,
aşağıdan qışqırır torpaq:
“Əllər yuxarı!”
Ötən günlər arxadan,
gələn günlər irəlidən
çığırırlar əlbir olub:
“Əllər yuxarı!”
Ömür olub təngnəfəs,
yorulmuşam
hər gün bugündə gizlənməkdən...
Bilirəm,
bir gün bezib, təngə gəlib,
çıxacağam
gizləndiyim bugünün
zülmət qaranlığından,
çıxacağam
yuxarı qaldırıb əllərimi.
Və bağıracağam sinə dolusu:
“Təsliməm, İlahi!”

1967

/litpark/

# 3407 dəfə oxunub

Müəllifin son yazıları

# # #