Qısa hekayə: Merac

Qısa hekayə: Merac
8 aprel 2021
# 14:35

Kulis.az Nurlan Rüstəmovun “Merac” adlı qısa hekayəsini təqdim edir.

Saçı dümağ olmuş qocanın üzündəki qırışlar, susuzluqdan cadar-cadar olmuş torpaq kimi sevincə həsrət qalmışdı. Artıq öz ömrünü başa vurmaqda olan, tərpənəndə kobudcasına cırıldayan, səsi hətta qonşudan da eşidilən stulunda oturub “Xocalıya ədalət!” gözləyirdi.

Əllərinin qabarına baxanda, əkib-becərdiyi, ayaq aldıqca uzanan zəmilərin üstündən əsən külək sanki üzünə toxundu. Əlini uzadıb qrafindən özünə su süzdü. İçdiyi qurtum boğazında düyünlənib qalan sonuncu həqiqəti də yuyub apardı.

Çox yorğun olmağına baxmayaraq, özündə güc tapıb yerindən qalxdı və əyilib yerə səpələnən səbrini bir-bir yığmağa başladı. Döyənəyi daş-kəsəkdən xıncımlanmış, dəstəyi “naqan”dan düzəldilmiş əl ağacı ilə səbrini üst-üstə toplayanda nərdivan kimi düz göyə qədər uzandı. Əl ağacını kənara tullayıb nərdivandan möhkəm-möhkəm yapışdı. Gözləri sual dolu qocaya maraqdan elə bir güc gəldi ki, üzü yuxarı birnəfəsə qalxdı. Qalxıb gördü ki, Allahı qətlə yetiriblər...

# 2190 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #