Bakı qohumluğu öldürdü -Teymur Mahmudov yazır...

Bakı qohumluğu öldürdü -Teymur Mahmudov yazır...
22 fevral 2021
# 11:02

Kulis.az jurnalist Teymur Mahmudovun “Atamı xatırlarkən” adlı yazısını təqdim edir.

Atam bir ildir yoxdur aramızda. Aramızda nədir, başımızın üstündə. Dünyasını dəyişəndən sonra atam gözümə daha təravətli və işıqlı görünür. Sağlığında biz o işığı yetərincə sezə bilmirdik. Fikrimcə atam 30 il qabaq tarixin arxivinə qovuşan ictimai-siyasi formasiyanın ən xoş xatirələrini özündə toplamışdı. Çünki, 90-cı ildən bu yana nə danışırdıqsa ancaq xatirəydi. Sovetlər İttifaqı dövründə yaşadığımız günlərin xatirələri. Qəlbimizi işıqla dolduran xatirələr.

Atam tez-tez Bakıya, Tbilisiyə gedib bizə geyimlər almağı, bazarlıq etməyi xoşlardı. Qayıdanda hamı başına toplaşar, dolu gətirdiyi yol çantasını ələk-vələk edərdik. Nələr çıxmazdı bu xoş görünüşlü çantadan. Yevlaxda üzünə həsrət qaldığımız kolbasadan, "Nağıl" tortundan tutmuş, təzə ayaqqabılara, köynəklərə, corablara qədər hər şey. 30 il danışdıq bu xatirələri. Bu xatirələr hər zaman atamın şer söyləməsi ilə bitirdi.

Ömər Xəyyamın, Səməd Vurğunun, Rüfət Əhmədzadənin, Bəhmən Vətənoğlunun misralarını söyləməkdən xoşu gələrdi. Atam öz peşəsini çox sevirdi. Baytar həkimi idi. Baytar çantasını tez-tez açıb təmizlər, iynələri yuyar və səliqə ilə yerinə qoyardı. Mən "Qafqaz əsiri" filmində Morqunovun oynadığı obraza vurulan iynəyə bənzəyən o iynələrə həmişə təlaşla baxırdım. Sözə baxmayanda bizi o iynələrlə qorxutmaq atamın sevimli məşğuliyyətlərindən biri idi.

Atam əslən Zəngəzur mahalının Şəki kəndindən olmasıyla öyünərdi. 1918-ci ildə baş vermiş bu zorakı deportasiya faktı, Andranikin Zəngəzurda törətdiyi faciələr əslən həmin kənddən olan yazıçı Əyyub Abbasovun "Zəngəzur"adlı ikicildlik romanında öz parlaq əksini tapıb. Bir neçə dəfə təkrar oxuduğu həmin romanın süjetini atam hamıya danışar və sanki yaşamış kimi danışardı.

No description available.

Onun söylədiklərinə babam da kiçik uşaq yaşlarında yadında qalanları əlavə edərdi. Nəsil olaraq bircə təsəlliləri vardı. Zəngəzurdan özləri ilə gətirdikləri adət-ənənələri, məişət vərdişlərini on illər boyu yaşatdılar. Bura qadınların iməcilik halında yapdıqları lavaşdan tutmuş, halva bişirməyə, yorğan sırımağa qədər ən müxtəlif xeyir-şər adətlərini daxil eləmək olar. İcmaçılıq, qohumluq əlaqələri çox güclüydü. Qohumlardan kiminsə çətin maddi durumda yaşaması və ya hansısa qohumun övladının gec ailə qurması hamını narahat edirdi.

Uzun qış gecələri qohumlar bir sobanın ətrafına toplaşar, çay içər, çərtilmiş şabalıd qovurar, söhbət edər və bu kimi nəsil problemlərin həlli yollarını arayardılar. İllər keçdi, qohumlar dağılışdılar. Onların böyük əksəriyyəti Bakıya köçdü. İcmaçılıq yoxa çıxdı. Bakı qohumluq əlaqələrini əritdi. İndi, qohum nədi, bir ailəni bir yerə toplamaq olmur. İnternet, vatsap, facebook indi az qala ən böyük ailə dəyərinə çevrilib. Amma, təbii ailə dəyərlərinin yaşadığı , həyatın öz axarıyla davam etdiyi o günlərdə təəssüf edirdim ki, atam nə üçün ova getmir.

Hətta evində gördüyüm, gümüşü süsləmələrinə sığal çəkdiyim zəhmli ov tüfəngini babamın atama bağışlamasını arzulayırdım. Amma, atamın ova marağı yox idi. Atam sülhpərvər insan idi. İllər keçdi, məndə də ov marağı yoxa çıxdı. Sonra babamın tüfəngi yoxa çıxdı. Bilirdim ki, kimsə o tüfəngi babamı dilə tutaraq almışdı. İlk dəfə kağız pulu da atam mənə vermişdi. Parada hazırlaşanda. Gərək ki, orta məktəbin ikinci sinfində oxuyurdum.

Gecə bir neçə dəfə ayılıb əlimi bir manatlıq əskinasa toxundurmuşdum. İndiki nəsil bilməz, Zəhmətkeşlərin 1 May paradını biz uşaqlar böyük səbirsizliklə gözləyirdik. Sonralar atam mənə həftəlik xərclik üçün 1 manat kağız pul verirdi. Bir dəfə Şəkidən bizə qonaq gələn ana babam mənə 3 manat xərclik vermişdi. Dilim-ağzım qurumuşdu. Amma, bu barədə atama heç nə demədim. Sakitcə, mənə bolluca xərclik kimi görünən o pulu xərclədim getdi. 80-ci illər idi. Ölkədə kərə yağını əhaliyə hələ də talonla satırdılar. Amma, biz uşaqlarçün fərq etməz, işıqlı günlər idi. Sonra müstəqillik illəri, müharibə, məhrumiyyətlər və sıxıntılı günlər. Elektrikin, işığın saatla verildiyi günlər. Amma atamın işığı bizə bəs edirdi.

Sonra ali məktəb illəri, Bakı həyatı başladı. Aradakı 300 kilometrlik məsafə atamın bizə olan sevgisini azaltmadı. Bazarlıq gətirər, üzümdən öpər, xərclik verər və bir-iki gün paytaxtda dolaşıb rayona-işinə gücünə qayıdardı. Atamın ailəsinə olan sevgisini bayram günlərində daha yaxından hiss edərdik. Xüsusi canıyananlıqla hazırlaşırdı bayrama. Süfrədə əskikliyin olmasını heç sevməzdi. Bayram süfrəsinə əyləşərkən həyatda bizim üçün ən böyük dəyərin ata və ana olmasını bir daha şəfqətlə anlayırdıq. Həyatım, bizi ailə edən atam. Ötən ilin soyuq fevral günündə yaxınlarını tərk edib əbədi yolçuluğa çıxdın. Amma, mənə necə öyrətmisənsə, səni də o öyrətdiyin sevgiylə sevirəm!

# 3820 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #