Salam, Dar ağacı! Əleyküm-salam - Günün şeiri

Salam, Dar ağacı! Əleyküm-salam - Günün şeiri
12 sentyabr 2023
# 16:00

Bu gün tanınmiş şair Rüstəm Behrudinin doğum günüdür.

Kulis.az bu münasibətlə "Günün şeiri" layihəsindən onun "Salam, dar ağacı!" şeirini təqdim edir.

Yolumu gözlədin hər səhər-axşam,
Salam, Dar ağacı!
Əleyküm-salam.
Əcəllə ölməyə doğulmamışam,
Salam, Dar ağacı!
Əleyküm-salam.
O hansı millətdir, taleyi sirdir?
Yüz adla bölündü, yenə də birdir!
Məni hüzuruna bu dərd gətirdi,
Salam, Dar ağacı!
Əleyküm-salam.
Xəzəri, Baykalı, Aralı gördüm,
Gördüm can üstədir, yaralı gördüm.
Tanrını bəndədən aralı gördüm,
Salam, Dar ağacı!
Əleyküm salam.
Çarxı tərs fırlanır fələk qarının,
Turan kölgəsində budaqlarının.
Rəngi bayrağımda yarpaqlarının,
Salam, Dar ağacı!
Əleyküm salam.
Əvvəlin axırı, sonun əvvəli
Buymuş, bilməmişəm bunu mən dəli.
Qorxum yox! Nə olsun boyun göy dəlir?!
Salam, Dar ağacı!
Əleyküm-salam.
Danış, Əmir Teymur, bu son nəydi bə?
Boynumda ağ kəfən, dilimdə tövbə...
Dərsini tərs bilən, mənimdi tövbə!
Salam, Dar ağacı!
Əleyküm-salam!
Səni mən əkmişəm...Mənə sən qənim,
Səni suvarmağa halaldı qanım;
Yarpağın rəng alsın qanımdan mənim,
Salam, Dar ağacı!
Əleyküm-salam!
Ey darın ağacı! Kimdən kəməm, kəm?!
Ya səni yendirrəm, ya sənə yennəm.
Ya da budağında yarpağa dönnəm,
Salam, Dar ağacı!
Əleyküm-salam.
Qırğızam, özbəyəm, qazax, türkmənəm,
Başqırdam, kərkürəm, elə görk mənəm.
Sənin gözlədiyin qərib türk mənəm!
Salam, Dar ağacı!
Əleyküm-salam.
Qəbul et, növbəti qurbanın mənəm,
Mənim canım səndə, bil, canın mənəm.
Elə qürrələnmə, hər yanın mənəm,
Salam, Dar ağacı!
Əleyküm-salam.

# 1715 dəfə oxunub

Müəllifin son yazıları

# # #